Məhkəmə qərarları › İş №2(105)-2401/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2401/2020

08.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2401/2020 08.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və X13 ibarət tərkibdə, məhkəmə iclas katibi X6, X3, Cavabdeh nümayəndəsi X2 iştirakları ilə açıq məhkəmə iclasında Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-238/2020 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-238/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Almaz Süleymanova) X3 Cavabdeh qarşı uşağın bioloji atası olmadığının müəyyən edilməsi və atalıq qeydinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, X11 xx.xx.2011-ci il təvəllüdlü X7 atası olmadığının müəyyən edilməsi və doğum akt qeydində dəyişiklik edilərək ata haqqında məlumatların ləğv edilməsi qət edilmiş, cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, X17 iddia ilə məhkəməyə müraciət edərək onun xx.xx.2011-ci ildə Sumqayıt şəhərində anadan olmuş Şirinzadə Natiq adlı uşağın bioloji atasının olmadığının müəyyən edilməsi, atasının X11 göstərilməsi barədə Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən xx.xx.2011-ci il tarixdə aparılmış doğum haqqında qeydiyyat yazısının ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, o, 2003-2005-ci illər ərzində Cavabdeh ilə bir neçə dəfə görüşmüş və bu münasibətlərindən xx.xx.2004-cü il təvəllüdlü Fərid adlı övladları vardır. 2010-cu ilin fevral ayında Cavabdeh Türkiyə Respublikasına getmiş və bundan sonra o, cavabdehlə görüşməmişdir. Ancaq Cavabdeh Türkiyədən qayıtdıqdan sonra ondan hamilə olduğunu bildirmişdir. xx.xx.2011-ci ildə Natiq Şirinzadədünyaya gəlmişdir. Həmin vaxtlar o, cavabdehin səmimiyyətini qəbul edərək uşağın ondan olduğuna inanmışdır. Bir müddət sonra söhbət əsnasında Cavabdeh anası ona bildirmişdir ki, uşağın atası o deyildir, Arifə onu aldatmışdır.O ailəlidir, həmin nikahından 3 uşağı vardır. xx.xx.2011-ci ildə anadan olmuş Natiq Şirinzadə onun övladı deyildir. İş üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnaməni qeyri obyektiv və əsassız sayır. X17 ilə qeyri rəsmi ər-arvad kimi yaşamış və münasibətlərindən iki övladları anadan olmuşdur. X11 uşaq dünyaya gələndən sonra hansısa şübhələri olsa idi, atalığını könüllü etiraf etməzdi. O, məhkəmə-tibbi ekspertizasının keçirilməsinə ona görə etiraz etmişdir ki, hazırda həbsdədir, himayəsində olan xx.xx.2011-ci il təvəllüdlü oğlu Natiq Şirinzadə 9 yaşında onsuz da kifayət qədər sarsıntı keçirmişdir və bu ekspertiza övladına daha ağır bir zərbə vura bilər. X11 bu iddiası atalıq məsuliyyətindən və alimentdən yayınmaq üçündür. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasıxahiş olunmuşdur. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X4 apellyasiya şikayətində qeyd edilənlərə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, o, heç vaxt xx.xx.2011-ci il təvəllüdlü nəvəsi Natiqin atasının Elburus Şirinov olmadığını deməmişdir, bu iddiaçının uydurmasıdır. İddiaçı aliment ödəməmək üçün bu iddianı vermişdir. Əgər iddiaçının dediyi hal doğru olsaydı, atalığını könüllü etiraf etməz, 10 ilə yaxın müddətdə bu iddianı qaldırardı. X5 məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi və əlavə olaraq göstərdi ki, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2013-cü il tarixli qətnaməsi ilə xx.xx.2004-cü il təvəllüdlü X8 və xx.xx.2011-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanması üçün ondan hər ay hər uşağa görə 75 manat olmaqla, cəmi 150 manat sabit pul məbləğində aliment Cavabdeh xeyrinə tutulmuşdır. O, həmin qətnaməni 2019-cu ilin sentyabrınadək, yəni hazırki iddia ilə məhkəməyə müraciət edənədək icra etmişdir, bundan sonra isə ancaq birinci uşaq üçün 75 manat aliment ödəyir. Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Sumqayıt şəhər Qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, cavabdehin məhkəmə iclasına gətirilməsi mümkün olmadığından və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, məhkəmə qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin edilməməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X14 xx xxxxxx 2011-ci ildə anadan olmuşdur, atası kimi X17, anası kimi Cavabdeh yazılmışdır. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 237 saylı, xx xxxxxxx 2018-ci il tarixli sərəncamının surətindən görünür ki, X4 nəvələri X12, X8 və ŞirinzadəNatiq Elburus oğlunun üzərində qəyyum təyin edilmişdir. Məhkəmə kollegiyası tərəfindən Sumqayıt şəhər Qeydiyyat şöbəsindən tələb edilərək işə əlavə edilmiş xx xxxxxx 2011-ci ildə anadan olmuş X19 oğlunun doğum haqqında akt qeydi üçün əsas olan sənədlərin surətlərindən görünür ki, xx xxxxxxx 2012-ci il tarixdə Cavabdeh və X17 atalığın müəyyən edilməsi haqqında birgə ərizə ilə Sumqayıt şəhər Qeydiyyat şöbəsinə müraciət edərək xx xxxxxx 2011-ci ildə anadan olmuş Natiqin atalığının müəyyən edilməsinin qeydə alınmasını, bununla əlaqədar doğum haqqında akt qeydində uşağın soyadının Şirinzadə, ata adının Elburus yazılmasını və doğum haqqında yeni şəhadətnamə verilməsini xahiş etmişlər. Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən bu barədə xx xxxxxxx 2012-ci il tarixdə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 625 nömrə ilə qeydiyyat aparılmış və atalığın müəyyən edilməsi haqqında şəhadətnamə verilmişdir. Məhkəmə kollegiyası tərəfindən Sumqayıt şəhər İcra Hakimiyyətindən tələb edilərək işə əlavə edilmiş Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 237 saylı, xx xxxxxxx 2018-ci il tarixli sərəncamının verilməsi üçün əsas olan sənədlərin surətlərindən görünür ki, X4 ərizə ilə Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciət edərək qızı Cavabdeh birinci nikahdan 3, ikinci nikahdan 2 övladı olduğunu, qızının keçmiş həyat yoldaşının 2014-cü ildə vəfat etdiyini, ikinci dəfə ailə qurduğu Elburus Şirinovdan ayrıldıqdan sonra 5 uşağı ilə ona sığındığını, uşaqların ikisinin yetkinlik yaşına çatdığını, qızı Cavabdeh Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə 9 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyini, bu səbəbdən də uşaqların himayəsiz qaldığını göstərərəknəvələri X12, X8 və ŞirinzadəNatiq Elburus oğlunun üzərində qəyyum təyin edilməsini xahiş etmişdir. Həmin sənədlərdə olan X11 imzası xx.xx.2018-ci il tarixdə notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, xx.xx.2004-cü il təvəllüdlü oğlu Şirinzadə FəridElburus oğlunun və xx xxxxxx 2011-ci il təvəllüdlü oğlu ŞirinzadəNatiq Elburus oğlunun nənələri-X2 qəyyumluğuna verilmələrinə etiraz etməmişdir. İş materiallarına əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2013-cü il tarixli, 2(060)-2954/2020 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh X15 qarşı sabit pul məbləğində alimentin tutulması tələbinə dair iddiası qismən təmin edilmiş, xx.xx.2004-cü il təvəllüdlü X8 və xx.xx.2011-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdeh X9 xx.xx.2013-cü il tarixdən başlayaraq hər ay hər uşağa görə 75 manat olmaqla, cəmi 150 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi iş üzrə məhkəmə tibbi-genetik ekspertizasının təyin edilməsini, mübahisələndirilən fakt üzrə obyektiv həqiqətin müəyyən edilməsi üçün ekspert rəyinin sübutetmə predmetinə daxil olan mötəbər sübut əhəmiyyəti kəsb etməsini, lakin cavabdeh tərəfindən dəfələrlə ekspertizanın keçirilməsindən imtina edilməsini, bu tərəfin (uşağın) iştirakı olmadan ekspertiza keçirilməsinin mümkünsüz olmasını, nəticədə həqiqətin müəyyən edilməsinə maneə törətməsini, cavabdeh tərəfin iddiaya etirazının heç bir sübuta əsaslanmamasını və cavabdehin ekspertiza keçirilməsindən imtina etməsinin şübhə doğurması ilə bağlı halları, habelə iddiaçının sübutetmə vəzifəsindən çıxış edərək məhkəmə tibbi-genetik ekspertizanın keçirilməsinə razılığını, dəfələrlə ekspertiza keçirilməsində könüllü iştirakını təmin etməsini nəzərə alaraq iddia təmin edilməsi nəticəsinə gəlmiş, gəldiyi nəticəni Azərbaycan Respublikası MPM-nin 97.5-ci maddəsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanunsuz və əsassız olmaqla, işin faktiki hallarına uyğun deyildir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.2-ci maddəsinə əsasən valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. İşin mübahisə edilməyən hallarından görünür ki, xx xxxxxxx 2012-ci il tarixdə Cavabdeh və X17 atalığın müəyyən edilməsi haqqında birgə ərizə ilə Sumqayıt şəhər Qeydiyyat şöbəsinə müraciət edərək xx xxxxxx 2011-ci ildə anadan olmuş Natiqin atalığının müəyyən edilməsinin qeydə alınmasını, bununla əlaqədar doğum haqqında akt qeydində uşağın soyadının Şirinzadə, ata adının Elburus yazılmasını və doğum haqqında yeni şəhadətnamə verilməsini xahiş etmişlər. Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən bu barədə xx xxxxxxx 2012-ci il tarixdə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 625 nömrə ilə qeydiyyat aparılmış və atalığın müəyyən edilməsi haqqında şəhadətnamə verilmişdir. Digər tərəfdən, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 237 saylı, xx xxxxxxx 2018ci il tarixli sərəncamı ilə X4 nəvələri X12, X8 və ŞirinzadəNatiq Elburus oğlunun üzərində qəyyum təyin edilərkən X17 imzası xx.xx.2018-ci il tarixdə notarial qaydada təsdiq edilmiş ərizə ilə müraciət edərək xx.xx.2004-cü il təvəllüdlü oğlu Şirinzadə FəridElburus oğlunun və xx xxxxxx 2011-ci il təvəllüdlü oğlu X7 nənələri-X2 qəyyumluğuna verilmələrinə etiraz etmədiyini bildirmişdir. X22 Məhkəməsinin xx xxxx 2013-cü il tarixli, 2(060)-2954/2020 saylı qətnaməsi ilə xx.xx.2004-cü il təvəllüdlü X8 və xx.xx.2011-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün X9 xx.xx.2013-cü il tarixdən başlayaraq hər ay hər uşağa görə 75 manat olmaqla, cəmi 150 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh verilməsi qət edilmişdir. Qeyd edilən qətnamə qanuni qüvvəyə minmiş, icraya yönəlmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2013-cü il tarixli, 2(060)-2954/2020 saylı qətnaməsi ilə müəyyən edilmişdir ki, Cavabdeh ilə X17 2003-cü ildə faktiki nikaha daxil olmaqla ailə qurmuş, faktiki nikahlarından xx.xx.2004-cü il tarixdə X16 və xx.xx.2011-ci il tarixdə X14 anadan olmuş, lakin sonradan tərəflər arasında ər-arvad münasibətləri pozulmuş və uşaqlar Cavabdeh himayəsində qalmışlar. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə kollegiyasının iclasında X5 həmin qətnaməni 2019-cu ilin sentyabrınadək, yəni hazırki iddia ilə məhkəməyə müraciət edənədək icra etdiyini, bundan sonra isə ancaq birinci uşaq üçün 75 manat aliment ödədiyini göstərmişdir. Göründüyü kimi, X17 xx xxxxxx 2011-ci ildə anadan olmuş Natiqin atası olduğunu könüllü surətdə etiraf etmiş, 7 ilə yaxın müddət ərzində atalığa dair mübahisə açmamış, X2 nəvələri üzərində qəyyum təyin edilərkən notarial qaydada təsdiq edilmiş ərizəsində də Natiq Şirinzadənin onun oğlu olduğunu bildirmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2013-cü il tarixli, 2(060)-2954/2020 saylı qətnaməsi əsasında 6 ildən artıq X1 üçün aliment ödəmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 47.1-ci maddəsinə görə bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşma çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. Həmin Məcəllənin 47.2-ci maddəsinə əsasən bu Məcəllənin 46.2-ci maddəsinə əsasən uşağın atası kimi yazılmış şəxs qeydlər zamanı özünün uşağın hüquqi valideyni olmadığını bilirdisə, onun atalığa dair mübahisə açma haqqında tələbi təmin oluna bilməz. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən yuxarıda qeyd edilən halları nəzərə almamış, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, bu isə iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olmuşdur. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.2-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi əsasdır. Həmin Məcəllənin 385.1.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, məhkəmə qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərəkiddia təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-238/2020 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. X3 Cavabdeh qarşı uşağın bioloji atası olmadığının müəyyən edilməsi və atalıq qeydinin ləğv edilməsi barədə iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Zaur Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar