Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2402/2021 07.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Pərvin Fəxrəddin oğlunun katibliyi ilə, cavabdeh Qusar rayonu Samur bələdiyyəsinin vəkili Vəkil Çərkəz oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Qusar rayonu Samur bələdiyyəsinə qarşı əmək haqqı tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin 2(029)-384/2021 saylı, 29 aprel 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Qusar Rayon Məhkəməsinin 2(029)-384/2021 saylı, 29 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim Adil Vəliyev). Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİ N H A L L A R İ : İddiaçı Qusar rayonu Samur bələdiyyəsinə qarşı əmək haqqı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 2018-ci ilin mart ayından 2019-cu ilin dekabr ayına kimi onun adına hesablanmış cəmi 5635 (beş min altı yüz otuz beş) manat 14 (on dörd) qəpik məbləğində əmək haqqının alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Şİ K A Y Ə T İ N İ N DƏ L İ L L Ə R İ İddiaçı Edik qızı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, qtnaməni qanunsuz və əsassız hesab edir. Belə ki, o, 01 mart 2015-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən Qusar rayonu Samur Bələdiyyəsinin sədri vəzifəsinə təyin edilmiş, həmin vəzifədə 2020-ci ilin yanvar ayının 14-ə kimi işləmişdir. Səlahiyyət müddətinin başa çatması ilə əlaqədar bələdiyyənin sədri vəzifəsindən azad olunmuşdur. Samur bələdiyyəsinin sədri vəzifəsində işlədiyi dövr ərzində ona 2018-2019-cu illər ərzində cəmi 5635 (beş min altı yüz otuz beş) manat 14 (on dörd) qəpik məbləğində əmək haqqı hesablanmış, lakin ödənilməmişdir. Bir neçə dəfə Samur Bələdiyyəsinin yeni seçilmiş sədrinə 2018-2019-cu illər üzrə ona hesablanmış, lakin ödənilməmiş əmək haqqının ödənilməsini xahiş etmiş, hər dəfə ona əmək haqqının bələdiyyənin hesabına vəsait daxil olduqda ödəniləcəyinə söz verilmiş, lakin hal- hazıra kimi əmək haqqı ödənilməmişdir. Axırıncı dəfə Samur bələdiyyəsindən əmək haqqını 2020-ci ilin may ayında rəsmi qaydada poçt vasitəsi ilə ərizə göndərib tələb etmişdir, lakin həmin ərizəyə də hal-hazıra kimi cavab verilməmişdir. 2018-2019-cu illər üzrə onun adına hesablanmış, lakin ödənilməmiş əmək haqqının aylar üzrə məbləği haqqında arayış da cavabdeh tərəfindən ona hətta vəkil sorğusu göndərilməsinə baxmayaraq belə təqdim edilməmişdir. Lakin Qusar Rayon Məhkəməsi 29 aprel 2021-ci il tarixli, 2(029)-384/2021 saylı qətnaməsini qəbul edərkən tərəfindən irəli sürülmüş iddia tələbi üzrə işin hallarını araşdırmaq, yəni 2018-2019-cu illər üzrə hesablanmış əmək haqqının hansı səbəblərdən ona ödənilməməsi məsələsini araşdırmamışdır. Bunun əvəzinə Qusar Rayon Məhkəməsi 29 aprel 2021-ci il tarixli, 2(029)-384/2021 saylı qətnaməsini qəbul edərkən cavabdeh tərəfindən iddiaya qarşı verilmiş etirazın üstündə ətraflı dayanmış, həmin etirazın dəlillərinin onun iddiası ilə heç bir əlaqəsinin olamamasına varmadan iddianı əsassız olaraq rədd etmişdir. Qusar Rayon Məhkəməsi 29 aprel ci il tarixli, 2(029)-384/2021 saylı qətnaməsinin əsaslandırma hissəsinin qısa məzmunu bundan ibarətdir ki, Qusar rayonu Samur Bələdiyyəsinin sədri vəzifəsində işlədiyi zaman guya onun və bələdiyyənin mühasibi tərəfindən Qusar rayonu Samur Bələdiyyəsinin maliyyə vəsaitləri məqsədsiz xərclənmiş, bələdiyyə büdcəsindən pul məqsədsiz silinmişdir və bu səbəbdən hesablanmış əmək haqqı ödənilə bilməz. Buna etiraz olaraq bildirir ki, Qusar rayonu Samur Bələdiyyəsinin sədri vəzifəsində işlədiyi zaman onun və bələdiyyənin mühasibi tərəfindən Qusar rayonu Samur bələdiyyəsinin maliyyə vəsaitləri tam qanuni əsaslarla xərclənmiş, bələdiyyənin hesabından ayrılan bütün vəsaitlər üzrə bələdiyyə üzvlərinin iştirakı ilə qərarlar qəbul edilmiş, həmin pul vəsaitlərinin ayırıldığı məqsədlər üçün istifadə olunması haqqında hər dəfə müvafiq aktlar tərtib olunmuşdur. Bütün bu sənədlər onun və bələdiyyənin mühasibi tərəfindən tikilmiş, nömrələnmiş şəkildə Qusar rayonu Samur Bələdiyyəsinə təhvil verilmişdir. Bələdiyyənin vəsaitlərinin tərəfinzdən qanunsuz, məqsədsiz istifadə edilməsi haqqında cavabdeh tərəf heç bir sübut təqdim edə bilməz. Digər tərəfdən tələbi hesablanmış, lakin ödənilməmiş əmək haqqının cavabdeh Qusar rayonu Samur Bələdiyyəsindən alınıb ona qaytarılmasıdır. Bu tələbin bələdiyyənin maliyyə vəsaitlərinin onun tərəfindən qanunsuz xərclənməsi məsələsi ilə heç bir əlaqəsi yoxdur. Yəni bələdiyyənin maliyyə vəsaitlərinin onun tərəfindən qanunsuz xərclənməsi məsələsi bu iddia çərçivəsində araşdırılmalı məsələ deyildir, əgər belə hallar mövcuddursa bunu hüquq mühafizə orqanları araşdırmalıdır. Ona görə də Qusar Rayon Məhkəməsi tərəfindən bu əsasla iddianın rədd edilməsi tam qanunsuz və əsassızdır. Qanunun bu göstərişinə uyğun olaraq iddia müddətini ötürməmişdir, çünki o, 2020-ci ilin yanvar ayında işdən azad olunmuş, Əmək haqqının ödənilməsi barədə Qusar rayonu Samur bələdiyyəsinə bir neçə dəfə şifahi müraciət etmiş, hər dəfə ona əmək haqqının bələdiyyənin hesabına vəsait daxil olan kimi dərhal ödəniləcəyi bildirilmişdir. 2020-ci ilin may ayında isə əmək haqqının ödənilməsi barədə Qusar rayonu Samur bələdiyyəsinə rəsmi ərizə ilə müraciət etmişdir. Həmin ərizəyəə cavab verilmədikdən sonra o, artıq hüquqlarının pozulduğunu bilmişdir. Bundan sonra artıq həmin iddia üzrə iddia müddətinin axımı başlamış, o, da qanunla müəyyənləşdirilmiş 1 il müddətində iddia qaldırmış və iddia müddətini buraxmamışdır. Ona görə də Qusar Rayon Məhkəməsi tərəfindən bu əsasla da mənim iddiamın rədd edilməsi tam qanunsuz və əsassızdır. Odur ki, Qusar Rayon Məhkəməsinin 2(029)-384/2021 saylı, 29 aprel 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsini xahiş edir. PROSES İŞ T İ R A K Ç İ L A R İ N İ N İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında cavabdeh Qusar rayonu Samur bələdiyyəsinin vəkili Vəkil Çərkəz oğlu apellyasiya şikayətini qəbul etməyib göstərdi ki, qətnamə qanuni və əsaslıdır. Belə ki, İddiaçı Qusar Rayon Məhkəməsinin 04 dekabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 178.2.3 və 313-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 4500 manat məbləğində cərimə edilmişdir. İddiaçı məhz bələdiyyə sədri vəzifəsində işlədiyi müddətdə vəzifə saxtakarlığı və dələduzluqlar etmiş, buna görə də məhkum olunmuşdur. Bundan başqa, İddiaçı bələdiyyə sədri vəzifəsində işlədiyi müddətdə vəzifə saxtakarlıqları etməsi və bələdiyyənin büdcəsini mənimsəməsi faktı üzrə Qusar rayon prokurorluğunda hal-hazırda araşdırma aparılır. Bu, isə təsdiq edir ki, İddiaçı işlədiyi müddətdə bələdiyyənin büdcəsinə xeyli miqdarda ziyan vurmuş, gəlirləri mənimsəmiş, büdcə vəsaitlərini düzgün idarə etməmiş, ciddi qanun pozuntularına yol vermişdir. Odur ki, apelyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. P R O S E S S UA L MƏSƏLƏLƏR: İddiaçı Edik qızı məhkəməyə teleqram vuraraq ailə vəziyyəti ilə əlaqədar məhkəmə iclasına gələ bilməyəcəyini, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası iş üzrə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, cavabdehin vəkilinin çıxışını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 372.1 və 372.7-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında tam mahiyyəti üzrə baxır, şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Belə ki, işdə olan İddiaçı məxsus ******* saylı 27.02.2015-ci il tarixli əmək kitabçasının surətindən görünür ki, o, Qusar rayonu Samur bələdiyyəsinin 27.02.2015-ci il tarixli 02 saylı iclas protokoluna əsasən həmin bələdiyyənin sədri vəzifəsinə təyin edilmiş, bu barədə həmin tarixdə 09 saylı əmr qəbul edilmişdir. İşdə olan 26.08.2016-cı il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, İddiaçı 01.03.2015-ci il tarixli müddətsiz əmək müqaviləsinə əsasən Qusar rayonu Samur bələdiyyəsinin sədri vəzifəsinə təyin edilmişdir. İşdə olan Qusar rayonu Samur bələdiyyəsinin tarixi göstərilməyən, İddiaçı və Rasim Şahnamazoviç tərəfindən imzalanmış arayışından görünür ki, İddiaçı həmin bələdiyyənin sədri vəzifəsində işləyərək hesablanmış, lakin ödənilməmiş əmək haqqı borcunun 2018-ci ilin mart ayından dekabr ayınadək 1862,20 manat, 2019-cu ilin yanvar ayından dekabr ayınadək 3772.94 manat olmaqla, cəmi 5634.14 manat təşkil etdiyi göstərilmişdir. İşdə olan Qusar rayonu Samur bələdiyyəsinin 18 sentyabr 2019-cu il tarixli 09 saylı iclas protokolunun surətindən görünür ki, 2019-cu il üçün bələdiyyənin ştat cədvəli 3 (üç) nəfər olmaqla aşağıda göstərilmiş əmək haqları ilə təsdiq edilməsi qərara alınmışdır: 1 - Bələdiyyə sədri-330.0 manat, 2- Mühasib 320.0 manat, 3- Vergi müfəttişi 250.0 manat. İşdə olan Qusar rayonu Samur bələdiyyəsinin 21 aprel 2021-ci il tarixli 71 saylı arayışından görünür ki, 2018 və 2019-cu illərin mövcud müxbirləşmə sənədləri üzrə aparılmış daxili araşdırma nəticəsində maliyyə vəsaitinin məqsədsiz xərclənməsi və bələdiyyə büdcəsindən pulun silinməsi halları aşkar edilmişdir. Belə ki, 2018-ci il üzrə cəmi 5884.80 manat, 2019-cu il üzrə 2120.00 manat məbləğində pul xərclənmişdir. Yuxarıda qeyd olunan hesablaşmalardan Samur bələdiyyəsi üzrə 2018-2019-cu illər üzrə büdcədən cəmi 8005.00 manat pul vəsaitinin nağd olaraq çıxarıldığı və məqsədsiz istifadə edildiyi, hesabdan silindiyi müəyyən edilmişdir. İşdə olan Qusar rayonu Samur bələdiyyəsinin 28 aprel 2021-ci il tarixli 73 saylı arayışından görünür ki, həmin bələdiyyə tərəfindən 2018-2019-ciu illərdə təsərrüfat məsrəfləri hesabına cəmi 8004.80 manat məbləğində pul xərclənmişdir. Həmin pulun 1435.0 manat hissəsi ilə bağlı bələdiyyə qərarı mövcud deyildir. Maliyyə vəsaitinin təsərrüfat məsrəflərinə yönəldilməsi barədə mövcud bələdiyyə iclaslarının protokolları Kargüzarlıq Haqqında Azərbaycan Respublikası Qanununa və kargüzarlığın aparılmasına dair Təlimatın tələblərinə uyğun deyildir. Həmin protokollar bələdiyyə üzvləri tərəfindən təsdiqlənməmişdir. Birinci instansiya məhkəməsi Əmək Məcəlləsində əmək haqqının ödənilməsi barədə mübahisələrə dair 1 il qısaldılmış iddia müddəti nəzərdə tutulmasını, İddiaçı 2019cu ilin dekabr ayında tutduğu vəzifədən azad olunsa da və həmin vaxtadək əmək haqqının verilməməsini, bununla da onun əmək hüquqlarının pozulduğunu güman etsə və ya güman etməli olsa da həmin vaxtdan 1 ildən artıq müddət keçdikdən sonra-yəni təxminən 1 il 3 ay keçdikdən sonra hazırkı iddianı qaldırmasını müəyyən edərək iddianı təmin etməmiş, gəldiyi nəticəni də “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikası Qanununa, MPM-nin 372-ci maddəsinə istinad edərək əsaslandırmışdır. “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin 1-ci hissəsinə əsasən yerli büdcə bələdiyyə statusuna uyğun olaraq özünüidarəetmə prinsiplərini reallaşdırmaq, Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyənləşdirilmiş bələdiyyə səlahiyyətlərini həyata keçirmək üçün formalaşan və istifadə olunan maliyyə vəsaitidir. Həmin Qanunun 8-ci maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən yerli büdcələrin xərclərinin həcmi və istiqamətləri bələdiyyələr tərəfindən müəyyənləşdirilir. Yerli büdcə bələdiyyənin idarəetmə xərcləri, sosial-məişət, yaşayış, mədəniyyət və idman obyektlərinin, habelə əhalinin ümumi istifadəsində olan küçə, həyət və bağların saxlanması xərcləri nəzərə alınmaqla bələdiyyələrin müəyyən etdiyi xərc normativləri əsasında formalaşdırılır. Yerli büdcələrdə həmçinin yerli sosial müdafiə, sosial və iqtisadi inkişaf, habelə ekoloji proqramların maliyyələşdirilməsi üçün xərclər nəzərdə tutula bilər. Bələdiyyələrin ərazisində qəbiristanlıqların salınması, saxlanılması, qorunması, idarə olunması, abadlaşdırılması və bələdiyyələrin ərazisində yaşayan əhalinin aztəminatlı təbəqəsindən olan mərhumların dəfn və yas mərasimlərinin təşkilinə yardım məqsədi ilə yerli büdcədə zəruri xərclər nəzərdə tutulur və təyinatı üzrə sərf edilir. Yerli büdcənin xərc istiqamətləri müəyyən edilərkən əməkhaqlarına ayırmalar ümumi büdcənin əlli faizindən çox ola bilməz. Bələdiyyə büdcəsindən pul vəsaiti yalnız bələdiyyə iclasının qərarı ilə ayrılır və bu qərarda həmin vəsaitin təyinatı, məqsədi və dəqiq miqdarı göstərilməlidir. Həmin Qanunun 9-cu maddəsinin 3-cü hissəsinə əsasən yerli büdcə layihəsinin tərtibi prosesi növbəti büdcə ilinə 11 ay qalmış başlanır və büdcə layihəsinin bələdiyyə iclasına təqdim edildiyi günədək davam edir. Yerli büdcə layihəsinin tərtibinə və bələdiyyə iclasına təqdim edilməsinə bələdiyyə sədri cavabdehdir və bu məqsədlə o, bələdiyyənin daimi və başqa komissiyalarını, bələdiyyə qulluqçularını və mütəxəssisləri cəlb edə bilər. Həmin Qanunun 13-cü maddəsinin 1-ci hissəsinə əsasən yerli büdcənin icrasına, o cümlədən sərf edilən vəsaitin təsdiq edilmiş büdcə göstəricilərinə uyğunluğuna bələdiyyə nəzarət edir və bu məqsədlə ildə bir dəfədən az olmayaraq müstəqil auditorları cəlb edir. Yerli əhalini tanış etmək məqsədi ilə auditin nəticələri onların bələdiyyəyə təqdim edildiyi gündən bir ay müddətinə bələdiyyə binasının qarşısında xüsusi lövhələrdə yerləşdirilir. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin 1-ci hissəsinə əsasən bələdiyyənin sədri yeni seçilmiş bələdiyyənin birinci iclasında bələdiyyə üzvləri sırasından açıq və ya gizli səsvermə yolu ilə seçilir. Bələdiyyənin sədri bələdiyyə üzvlərinin yarısından çoxunun səsini topladıqda seçilmiş hesab olunur. Həmin Qanunun həmin Maddəsinin 4-cü hissəsinə əsasən bələdiyyənin sədri əmr və sərəncamlar verir, bələdiyyənin qərarlarını imzalayır. Göründüyü kimi, bələdiyyənin yerli büdcəsinin tərtib edilməsi, onun icrasına nəzarət edilməsi, o cümlədən büdcədən pul vəsaitlərinin ayrılması, o cümlədən bələdiyyənin aparatının idarə edilməsi, işçilərin əmək haqlarının ödənilməsi birbaşa bələdiyyə sədrinin səlahiyyətinə aiddir. Bundan başqa, bələdiyyənin büdcəsində pul vəsaiti yalnız bələdiyyənin qərarı ilə ayrılmalı və qərarda həmin vəsaitin təyinatı, məqsədi və dəqiq miqdarı göstərilməlidir. İddiaçı əmək haqqı tələb etdiyi dövrlərdə Qusar rayonu Samur bələdiyyəsinin büdcəsinin təşkil edilməsi, onun idarə edilməsi, gəlir və xərclərin müəyyən edilməsi, büdcədən pul vəsaitlərinin ayrılması, o cümlədən əmək haqlarının ödənilməsi məhz həmin şəxsin vəzifəsi olmuşdur. Lakin, müəyyən edilmişdir ki, İddiaçı bələdiyyə sədri vəzifəsində işlədiyi 2018-2019-cu illər üzrə bələdiyyə büdcəsindən pul vəsaitlərini götürsə də, bu barədə yuxarıda göstərilən məlum hüquq normalarının tələblərinə əməl edilmədən qərarlar qəbul edilmiş, bəzi hallarda isə büdcədən qərarsız pul vəsaitləri götürmüşdür. Həmin pul vəsaitlərinin təyinatı və məqsədi isə məhz həmin şəxs tərəfindən pozulmuşdur. Həmin dövrlər üzrə bələdiyyənin büdcəsindən təsərrüfat məsrəfləri kimi pul vəsaitləri götürülərkən bələdiyyə işçilərinin əmək haqlarının ödənilməsi də məhz həmin şəxsin vəzifəsi və borcu olmuşdur. Belə olan halda, İddiaçı 2018-ci ilin mart ayından etibarən əmək haqqı almadan Qusar rayonu Samur bələdiyyəsinin sədri vəzifəsində işləməsi və səlahiyyət müddəti bitdiyinə görə tutduğu vəzifədən azad olunanadək bələdiyyə büdcəsindən əmək haqqı almaması barədə dəlillərini məhkəmə mötəbər və inandırıcı hesab etməyərək qəbul etmir. Bu səbəbdən də, məhkəmə iddianın əsassız olduğu qənaətinə gələrək hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Həmin Məcəllənin 373.4-cü maddəsinə əsasən tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 382-ci maddəsinə əsasən iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. İddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172-ci maddəsinin 1-ci hissəsinə əsasən aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Həmin Məcəllənin 178-ci maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir. Həmin Məcəllənin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Bundan başqa, Əmək Məcəlləsində əmək haqqının ödənilməsi barədə mübahisələrə dair 1 il qısaldılmış iddia müddəti nəzərdə tutulmuşdur. İddiaçı 2019-cu ilin dekabr ayında tutduğu vəzifədən azad olunsa da və həmin vaxtadək əmək haqqının verilməməsini, bununla da onun əmək hüquqlarının pozulduğunu güman etsə və ya güman etməli olsa da, həmin vaxtdan 1 ildən artıq müddət keçdikdən sonra-yəni təxminən 1 il 3 ay keçdikdən sonra hazırkı iddianı qaldırmışdır. Beləliklə, İddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. Odur ki, məhkəmə hesab edir ki, hazırkı iddia tələbi üzrə iddia müddəti tətbiq edilməli və həm də həmin əsasa görə iddia rədd edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia əsaslı sayıla və təmin edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticədə əsaslı olmuşdur. İş materiallarından müəyyən edilir ki , İddiaçı 2019-cu ilin dekabr ayında tutduğu vəzifədən azad olunmuş, lakin iddia ərizəsi ilə məhkəməyə 31.03.2021-ci il tarixdə, yəni işdən azad olunduğu vaxtdan 1 il 3 ay sonra müraciət etmişdir. Bununla da iddia müddəti ötürülmüşdür. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas sayıla bilməz. Belə ki, iddiaçı ilk əvvəl ərizə ilıə bələdiyyəyə müraciət etməsini, müraciətinə cavab verilmədikdən sorna məhkəməyə müraciət etməsini, bu səbəbdən iddia müddətini ötürməməsini bildirsə də məhkəmə kollegiyası qeyd edir ki, qanunveiciliyin tələblərinə görə şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür. Bu mənada hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası qeyd edir ki, qanunun tələbinə görə iddia müddətinin axımı o hallarda kəsilir ki, yalnız məhkəmədə iddia qaldırılmış olsun. Bu səbəbdən də iddiaçının məhkəmədən başqa digər orqanlara müraciət etməsi iddia müddətinin axımını dayandırmır. Bundan əlavə məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçı özünün bələdiyyə sədri, qurumun rəhbəri vəzifəsində işlədiyi müddət ərzində özünün əmək haqqı almaması barədə dəlilləri ağlabatan sayıla bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan, mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392-393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Qusar Rayon Məhkəməsinin 2(029)-384/2021 saylı, 29 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı apelyasiya şikayəti təmin olunmasın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər, qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-2402/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2402/2021
07.09.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver