Məhkəmə qərarları › İş №2(105)-2403/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2403/2021

23.09.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2403/2021 23.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Ağayeva Elnarə Nəriman qızının katibliyi, İddiaçı, cavabdehin vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı əmək haqqı tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2(029)-385/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Qusar Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim A.Vəliyev) İddiaçı Qusar rayonu Samur bələdiyyəsinə qarşı əmək haqqı tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Qusar rayonu Samur bələdiyyəsinə qarşı əmək haqqı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 2018-ci ilin mart ayından 2019-cu ilin dekabr ayına kimi onun adına hesablanmış cəmi 5489 (beş min dörd yüz səksən doqquz) manat 62 (altmış iki) qəpik məbləğində əmək haqqının alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 01 yanvar 2016-cı il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən Qusar rayonu Samur bələdiyyəsində mühasib vəzifəsinə təyin edilmiş, həmin vəzifədə 2019-cu ilin dekabr ayının sonuna kimi işləmişdir. Bu barədə əmək müqaviləsinin bağlanması ilə əlaqədar əmək müqaviləsi bildirişində müvafiq qeydiyyat aparılmışdır. Samur bələdiyyəsində mühasib vəzifəsində işlədiyi dövr ərzində ona 2018- 2019-cu illər ərzində cəmi 5489 (beş min dörd yüz səksən doqquz) manat 62 (altmış iki) qəpik məbləğində əmək haqqı hesablanmış, lakin ödənilməmişdir. Bir neçə dəfə Samur bələdiyyəsinin sədrinə 2018-2019-cu illər üzrə ona hesablanmış, lakin ödənilməmiş əmək haqqının ödənilməsini xahiş etmiş, hər dəfə ona bələdiyyənin hesabına vəsait daxil olduqda ödəniləcəyinə söz verilmiş, lakin hal-hazıra kimi əmək haqqı ödənilməmişdir. Sonuncu dəfə Samur bələdiyyəsindən əmək haqqını 2020-ci ilin may ayında rəsmi qaydada poçt vasitəsi ilə göndərdiyi ərizəsi ilə tələb etmiş, lakin həmin ərizəsinə hal-hazıra kimi cavab verilməmişdir. 2018-2019-cu illər üzrə adına hesablanmış, lakin ödənilməmiş əmək haqqının aylar üzrə məbləği hesablanmaqla bu barədə arayışın verilməsi 18.02.2021-ci il tarixli, 07/21 saylı vəkil sorğusuna əsasən Samur bələdiyyəsindən tələb edilsə də, həmin sorğuya bu günə kimi cavab verilməmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Qusar Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayət verərək, qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prossesual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Qətnamə əsassız və qanunsuzdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdehin vəkili X2 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdıraraq, məruzəçini və tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsini iddiaçının iddiasının əsası kimi istinad olunmuş hallar sübuta yetirilməməsi, həmçinin iddia müddətini ötürməsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab edir. İşdən görünür ki, iddia tələbi əmək haqqının ödənilməsi barədədir. İşin mübahisələndirilməyən halı ondan ibarətdir ki, iddiaçı 01.01.2016-cı il tarixli müddətsiz əmək müqaviləsinə əsasən Cavabdeh mühasibi vəzifəsinə təyin edilmiş və həmin vəzifədə 2019-cu ilin dekabr ayının sonuna kimi işləmişdir. İddia tələbinin qanuni əsasını isə Əmək Məcəlləsinin 172-ci maddəsi təşkil edir. Qeyd olunan maddəyə uyğun olaraq aylıq əmək haqqı ayda iki dəfə (avans və qalan hissəsi məbləğində), əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayaraq ödənilir. İşdən göründüyü kimi tərəflər arasındakı əmək münasibətlərinə 2019-cu ilin dekabr ayında xitam verilsə də, iddiaçı mövcud tələblə məhkəməyə bir ildən artıq müddət keçdikdən sonra müraciət etmişdir. Bununla da qanunvericilikdə nəzərdə tutulmuş bir illik iddia müddətini ötürmüşdür. Halbuki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Göründüyü kimi qanunvericilik işçiyə pul və digər əmlak tələbləri, o cümlədən ziyan vurmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün hüququn pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində müraciət etmək hüququ nəzərdə tutmuşdur. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il, X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları və s.). Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətləri iki növə bölünür – ümumi və xüsusi. Ümumi iddia müddəti nə hüquq münasibəti subyektlərinin hüquqi statusundan, nə də mülkiyyətin formasından və növündən asılı deyil. (Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli qərarı). İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır (Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1., 372.2-ci maddələri). Ümumi iddia müddəti on il təşkil edir. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər (Mülki Məcəllənin 373.1., 373.4. maddələri). Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (Mülki Məcəllənin 375.2. maddəsi). Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı iddia müddətini ötürməklə məhkəməyə müraciət etdiyindən, iddia tələbini müddətin ötürülməsi əsası ilə rədd etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizədən ibarət olmaqla, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ Apellyasiya şikayəti təmin edilməsin. Qusar Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar