Məhkəmə qərarları › İş №2(105)-241/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-241/2021

29.04.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-241/2021 29.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkili X2 iştirakı ilə açıq məhkəmə iclasında Abşeron Rayon Məhkəməsinin 03 iyun 2020-ci il tarixli, 2(012)-245/2020 saylı qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayətlərinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin 03 iyun 2020-ci il tarixli, 2(012)-245/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Habil Əhmədov) İddiaçı Cavabdeh qarşı kredit müqaviləsinin etibarsız hesab edilərək ləğv edilməsi barədə ilk iddiası təmin edilməmiş, Cavabdeh İddiaçı qarşı borcun ödənilməsi barədə qarşılıqlı iddiası qismən təmin edilmiş, 05 oktyabr 2018-ci il tarixli kredit müqaviləsi üzrə 64600 manat borc, 08 oktyabr 2018-ci il tarixli qəbz üzrə 18000 ABŞ dolları borcun qətnamənin icra olunduğu günə manat məzənnəsi ilə və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin İddiaçı tutularaq Cavabdeh xeyrinə ödənilməsi, qarşılıqlı iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmiş, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qətnamədən apellyasiya şikayətləri vermişlər. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə aralarında 05.10.2018-ci il tarixdə Bakı şəhəri 6 saylı notariat kontorunda bağlanmış, 3M-2025 reyestr nömrəsi ilə qeydə alınmış kredit müqaviləsinin etibarsız hesab edilərək ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə onun arasında 05.10.2018-ci il tarixdə Bakı şəhəri 6 saylı notariat kontorunda kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən guya o, 05.10.2018-ci il tarixi ilə 20.11.2018-ci il tarixi arasında 64600 manat məbləğində pulu Cavabdeh verməyi öhdəsinə götürmüşdür. Bu müqavilə tamamilə formal xarakterli olmuşdur. Belə ki, əslində o, cavabdehin qardaşı X8 ilə bankda gecikmədə olan avtomobillərin alqı-satqısı biznesi ilə məşğul olmağı planlaşdırmışdılar. Həmin müqaviləni də aralarındakı ticarətin təminatı kimi nəzərdə tutaraq bağlamış və aralarında real olaraq heç bir pul alış-verişi olmamışdır. Hafiz Novruzov hazırda Rusiya Federasiyasında həbsxanada olduğundan o, müqaviləni formal olaraq Cavabdehla bağlamışdır. Lakin müqavilə bağladıqdan sonra cavabdeh onun banka ödədiyi pullara və ziyanına şərik olmadığına görə şərikliklərini pozmaq fikrinə gəlmişdir. Çünki ziyanına şərik olmayan adama o, gələcəkdə qazancının müəyyən hissəsini verə bilməzdi. Eyni zamanda müqavilə 05.10.2018-ci il tarixi ilə 20.11.2018-ci il tarixindəki qısa zaman kəsiyini əhatə edir, yəni 45 günlük müddət ərzində guya o, cavabdehə 64600 manat məbləğində pulu qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin formal və uydurma olması buradan açıq-aşkar görünməkdədir. Belə ki, bu qədər qısa vaxt ərzində onun bu məbləği qaytarmağı və əslində heç bir yaxın münasibətləri olmayan birinin ona belə yüksək məbləği təminatsız verməsi ağlabatan olmamaqla yanaşı, həm də bu müqavilənin uydurma olmasını göstərir. Ən vacib məqam isə ondan ibarətdir ki, həmin məbləği real olaraq almamışdır. Bunu notariusun özü də təsdiqləyə bilər. Bütün bunlar cavabdehlə aralarında bağlanmış kredit müqaviləsinin tamamilə uydurma və əhəmiyyətsiz əqd olduğunu göstərir və qanunun tələblərinə əsasən bağlandığı andan etibarsızdır. Cavabdeh qarşılıqı iddia ilə məhkəməyə müraciət edərək İddiaçı borc verdiyi 100950 manat, həmin puldan qazanc kimi ödəməli olduğu 8000 manat, borc aldığı pulu uzun müddət qanunsuz saxlayaraq qaytarmaqdan boyun qaçırmaqla ondan faydalandığına görə 30000 manat və dövlət rüsumu kimi ödədiyi 30 manat pulun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və qarşılıqı iddia tələblərini onunla əsaslandırmışdır ki, İddiaçı onunla aralarında bağlanmış 05 oktyabr 2018-ci il tarixli kredit müqaviləsinin ləğvinə dair iddiasını qəbul etmir. Belə ki, Bakı şəhəri 6 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş 05 oktyabr 2018-ci il tarixli kredit müqaviləsindən görünür ki, həmin gün İddiaçı ondan 64600 manat pulu tam şəkildə almasını öz xətti ilə yazmış, imzası ilə təsdiq etmiş və 20 noyabr 2018-ci il tarixədək borcunu qaytarmağı öhdəsinə götürmüşdür. Göstərilən müqavilə heç də İddiaçı iddia etdiyi kimi, qardaşı ilə aralarında olan ticarət əlaqələrinin təminatı üçün bağlanmamışdır. İddiaçı həmin pulu maşın alverində istifadə etmək üçün ondan almış, ona bu alverdən qazanc olaraq 5000 manat pul verəcəyini vəd etmişdir. İddiaçı ondan borc pulu aldıqdan bir neçə gün sonra yanına gəlib nəzərdə tutulduğundan bahalı maşın almalı olduğu üçün daha 18000 ABŞ dolları borc istəmiş və o, İddiaçı 3-cü mikrorayonda Ceyhun Talıbov adlı tanışının yanında məzənnəsi 30600 manat olan 18000 ABŞ dolları borc vermişdir. Lakin 2-3 gün sonra əlavə pul lazım olduğunu deyən İddiaçı xahişi ilə yenə Ceyhun Talıbovun yanında İddiaçı məzənnəsi 4250 manat olan 2500 ABŞ dolları və 1500 manat pul vermişdir. İddiaçı buna görə ona daha 3000 manat qazanc vəd etmişdir. Əvvəlki borc müqaviləsini notarial qaydada bağladıqlarından borc verdiyi sonrakı pullar barədə müqavilə bağlamamışdır. İddiaçı ondan aldığı cəmi 100.950 manat pulu və vəd etdiyi 8000 manat qazancı vaxtında qaytarmadığına görə o, pullarının ödənilməsini tələb etməyə başlamışdır. İddiaçı pulu olmadığını bildirib ona borcun əvəzinə, özünün Nərimanov rayonu ərazisində “Sipark” yaşayış kompleksində qardaşı X4 adına aldığı 87,6 kv.metrlik sahəsi olan 2 otaqlı mənzilini verə biləcəyini, həmin mənzilə görə 41188 manat ödədiyini bildirmiş və bu barədə olan müqavilə və mədaxil xəzinə orderlərinin surətini ona vermişdir. Lakin o, həmin sənədlərə baxıb müqavilə üzrə ödənilməli olan 105120 manat pulun qalan hissəsini ödəməyə imkanı olmadığını bildirmişdir. İddiaçı ona gözləməyi məsləhət görüb aldığı pulları qaytaracağına söz vermişdir. Lakin İddiaçı borcunu qaytarmaq əvəzinə, başqa yol tutmuşdur. İddiaçı ondan borc aldığı 100950 manat pulu qanunsuz saxlayaraq uzun müddət maşın alverindən qazanc əldə etmiş, borc aldığı pulu qaytarmaqdan boyun qaçırmaqla, ödənilməsini digər şəkildə gecikdirməklə ondan faydalandığına görə həmin vəsaitin məbləğindən ona 30000 manat ödəməlidir. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə çıxarılmış, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün mühüm əhəmiyyəti olan hallar sübut edilməmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflər arasındakı münasibətlər üzrə qismən düzgün nəticəyə gəlməmiş, sübutlar əlaqəli şərh edilməmişdir. Birinci instansiya məhkəməsi ilk növbədə iş üzrə məhkəmə baxışının prinsiplərinə riayət etməyərək həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamaqla Azərbaycan Respublikası MPM-nin 14-cü maddəsinin tələblərini pozmuşdur. Belə ki, İddiaçı ondan 2500 ABŞ dolları və 1500 manat pul almasını təsdiq edən şahidlər Ceyhun Talıbov və X9 məhkəmə iclasına gəlsələr də, məhkəmə həmin şəxslərin ifadələrini almamışdır. Həmin xüsusatın araşdırılması üçün izahatının mühüm əhəmiyyət kəsb etdiyi İddiaçı məhkəmə iclasında iştirakı təmin olunmamışdır. Əslində birinci instansiya məhkəməsi bu mühüm xüsusatı tam, ətraflı araşdırmadan səhv nəticəyə gəlmişdir. Odur ki, məhkəmənin onun göstərilən xüsusatla bağlı sübutları təqdim etməməsi və onların mövcud olmaması fikri ilə razılaşmaq mümkün deyildir. Bununla yanaşı, məhkəmə İddiaçı avtomobil ticarətindən qazanc kimi vəd etdiyi 8000 manat pulu tələb etməsini tərəflərin müqavilənin şərtinə uyğun olaraq kreditin faizsiz verilməsini şərtləşdirdiklərinə görə əsassız hesab etməsi barədə nəticəsi ilə də razılaşmaq olmaz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı bağlanır. İddiaçı özü onunla şifahi əqd bağlayaraq, borc pul verdiyinə görə avtomobil ticarətindən ona əvvəlcə 5000 manat, sonradan verilmiş əlavə borclara görə daha 3000 manat, cəmi 8000 manat verəcəyini öhdəsinə götürmüşdür. İddiaçı belə öhdəlik götürməsini sonuncu dəfə 2500 ABŞ dolları və 1500 manat pulu alarkən Ceyhun Talıbov və Famil Novruzovun iştirakı ilə bir daha təsdiq etmişdir. Bundan başqa, İddiaçı borc aldığı pulu uzun müddət qanunsuz saxlayaraq qaytarmaqdan boyun qaçırmaqla faydalandığına görə onun 30000 manat pul tələb etməsini məhkəmə onun borc verdiyi pul vəsaitinin cavabdeh tərəfindən qaytarılmadığı müddətdə əldə etdiyi gəlirlər, bu gəlirin həcmi barədə məhkəməyə sübut təqdim etməməsi ilə əlaqələndirmişdir. Məhkəmə bu məsələdə də səhvə yol vermişdir. Belə ki, qarşılıqlı idda ərizəsində göstərdiyi kimi, İddiaçı borc aldığı pulun bir hissəsini Bakı şəhəri, Nərimanov rayonu ərazisində “Sipark” yaşayış kompleksində qardaşı X4 adına aldığı 87,6 kv.metrlik sahəsi olan 2 otaqlı mənzilə görə ödədiyini bildirmişdir. Bundan başqa, İddiaçı həmin puldan faydalanaraq qardaşı Rauf Mahmudovun adına Bakı şəhəri, Buzovna qəsəbəsi, ev 3-50B-yə görə də pul ödəmişdir. Məhkəmə bu faktların araşdırılması üçün İddiaçı məhkəməyə gətirilməsini təmin etməmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin qarşılıqlı iddianın təmin olunmayan hissəsində ləğv edilməklə qarşılıqlı iddianın tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə ilə razı deyildir. Cavabdeh özünü haqlı çıxarmaq məqsədilə hər hansı bir hüquqi əsası olmadan qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsində heç bir əsaslandırıcı fakt öz təsdiqini tapmamışdır. Buna baxmayaraq məhkəmə tərəfindən qanunsuz olaraq qarşılıqlı iddia ərizəsi təmin edilmişdir. Halbuki birinci instansiya məhkəməsi işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdıraraq ədalətli qətnamə qəbul etməli idi. Məhkəmə isə yalnız qarşılıqlı iddia ərizəsində göstərilən və heç bir hüquqi əhəmiyyət daşımayan şəxsi mülahizə xarakterli məlumatları hüquqi fakt kimi nəzərə alaraq qətnamə çıxarmışdır. Cavabdeh qarşılıqlı iddia ərizəsində əsassız olaraq göstərilən müqavilənin qardaşı ilə onun arasında olan ticarət əlaqələri ilə bağlı olmadığını, guya real olaraq həmin pulun ona verildiyini göstərmişdir. Halbuki bu qədər böyük bir məbləğin hər hansı bir təminat olmadan ona verilməsi heç də inandırıcı deyildir. Bundan əlavə, uydurma olaraq bağlanmış müqavilədə guya 64600 manat məbləğində pulun 45 gün kimi qısa bir müddət ərzində onun tərəfindən geri ödənməsi göstərilmişdir. Yalnız bu xüsusata nəzər saldıqda belə bağlanmış müqavilənin uydurma olması və hüquqi əhəmiyyət daşımaması açıq-aşkar müşahidə olunmaqdadır. Məhkəmə isə onun iddia ərizəsində göstərilən heç bir faktı nəzərə almamış, formal olaraq tərtib olunmuş qarşılıqlı iddia ərizəsini təmin etmişdir. Halbuki birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları, təqdim olunmuş sübutları və sübut əhəmiyyəti olan faktları obyektiv araşdırmalı və ədalətli məhkəmə qətnaməsi qəbul etməli idi. Məhkəmə isə yalnız qarşılıqlı iddia ərizəsində göstərilən şəxsi mülahizə xarakterli məlumatları sübut qismində qiymətləndirmiş və bununla da qeyri-obyektiv qətnamə qəbul etmişdir. Halbuki məhkəmə tərəfindən obyektiv araşdırma aparılsaydı, onun iddia ərizəsi təmin edilərdi. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək ilk iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkili X5 qarşılıqlı iddia üzrə iddiaçının apellyasiya şikayətini müdafiə edərək ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayətinin dəlilləri ilə razılaşmadığını göstərdi. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 6 saylı notariat ofisi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, tərəflər məhkəmə iclasına gəlmədiklərindən, üçüncü şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin etmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayətləri təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının apellyasiya şikayəti qarşılıqlı iddianın təmin olunmayan hissəsində ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan 5 oktyabr 2018-ci il tarixdə Bakı şəhəri 6 saylı notariat kontorunda təsdiq edilmiş kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh İddiaçı 64600 manat məbləğində borc pul vermiş, İddiaçı krediti 20.11.2018-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan əlyazmadan görünür ki, İddiaçı 8.10.2018-ci il tarixdə Cavabdeh 10.11.2018-ci ildə qaytarmaq şərti ilə borc olaraq 18 min dollar almışdır. İş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının 19.02.2021-ci il tarixli, 4/119 saylı rəyindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış 5 oktyabr 2018-ci il tarixli kredit müqaviləsinin “Borc alan” qrafasında “Mahmudov” yazısı və imza-eyni şəxs, İddiaçı tərəfindən icra olunmuşdur. İşdən görünür ki, birinci instansiya məhkəməsi hazırki mübahisəyə Azərbaycan Respublikası MM-nin 324.1, 337.1-ci maddələrini tətbiq edərək ilk iddianı rədd etmişdir. Azərbaycan Respublikası MM-nin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. İlk iddia ərizəsindən, iş materiallarından görünür ki, İddiaçı ilk iddia tələbini Cavabdeh ilə aralarında bağlanmış 05 oktyabr 2018-ci il tarixli kredit müqaviləsinin uydurma əqd olması ilə əsaslandırmışdır. Azərbaycan Respublikası MM-nin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Azərbaycan Respublikası MM-nin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. İşin müəyyən edilmiş hallarından görünür ki, tərəflər 5 oktyabr 2018-ci il tarixdə iradə ifadələrini nümayiş etdirərək kredit müqaviləsi bağlamış, tərəflərin hüquq və vəzifələri imzaladıqları həmin kredit müqaviləsində aydın şəkildə nəzərdə tutulmuş, həmin müqaviləyə əsasən Cavabdeh İddiaçı 64600 manat məbləğində borc pul vermiş, İddiaçı aldığı pul məbləğini 20.11.2018-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüş, müqaviləni imzalayıb soyadını yazmaqla yanaşı, pulu tam şəkildə aldığını da müqavilədə qeyd etmişdir. Həmçinin iş üzrə keçirilmiş 19.02.2021-ci il tarixli, 4/119 saylı ekspert rəyi ilə müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 5 oktyabr 2018-ci il tarixli kredit müqaviləsinin “Borc alan” qrafasındakı “Mahmudov” yazısı və imza-eyni şəxs, İddiaçı tərəfindən icra olunmuşdur. Məhkəmə kollegiyası sadalanan maddi hüquq normalarının tələblərini hazırki mübahisəyə tətbiq edib, hesab edir ki, 05 oktyabr 2018-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi üçün əsaslar olmadığından birinci instansiya məhkəməsi ilk iddia üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə kollegiyası yuxarıda sadalanan maddi hüquq normalarının tələblərini tətbiq edib, hesab edir ki, İddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən, yəni 64600 manatı və 18000 ABŞ dolları məbləğində pulu Cavabdeh qaytarmadığından birinci instansiya məhkəməsinin qarşılıqlı iddianın qismən təmin edilməsinə dair gəldiyi nəticə qanuni və əsaslıdır. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh İddiaçı 64600 manat və 18000 ABŞ dolları məbləğində pul borc vermiş, İddiaçı isə 64600 manatı 20.11.2018-ci il, 18000 ABŞ dolları məbləğində pulu 10.11.2018-ci il isə tarixədək Cavabdeh qaytarmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə tərəflər tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan proses iştirakçılarının üzərinə qoyur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də, qarşılıqlı iddianın təmin edilməmiş hissəsinin sübutetmə yükü Cavabdeh üzərinə düşür. Məhkəmə kollegiyası hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsas şübhədən kənar standartlar tətbiq edilir. Cavabdeh İddiaçı 2500 ABŞ dolları və 1500 manat pul tələb etsə də, onun tələbinin əsası kimi istinad etdiyi hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 740.2-ci maddəsinə görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Göründüyü kimi, Azərbaycan Respublikası MM-nin 740.2-ci maddəsi imperativ normadır və borcun məbləği 3000 manatdan çoxdursa, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Tərəflər arasında isə 2500 ABŞ dolları və 1500 manata dair yazılı formada borc müqaviləsi bağlanmamışdır. Cavabdeh qarşılıqı iddiasında və apellyasiya şikayətində İddiaçı borc verdiyi puldan qazanc kimi ona 8000 manat ödəməli olduğunu göstərmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında belə bir razılaşmanın olmasına dair işdə heç bir sübut yoxdur. İşdən görünür ki, Cavabdeh İddiaçı pulun vaxtında ödənilməməsi səbəbindən əldən çıxmış fayda qismində 30000 manat tələb edir. Belə olan halda hazırki tələbin bu hissəsinin hüquqi əsasını Azərbaycan Respublikası MM-nin 449-cu maddəsi təşkil edir. Azərbaycan Respublikası MM-nin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Məhkəmə kollegiyası hesab edir ki, pul öhdəliyinin yalnız vaxtında və ya lazımi qaydada icra edilməməsi faktı özü-özlüyündə Azərbaycan Respublikası MM-nin 449.1-ci maddəsinin tətbiqi üçün əsas sayıla bilməz. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Mülki Məcəllənin 449-cu maddəsinin mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Qeyd olunmalıdır ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan “istifadə hüququna” həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərardakı hüquqi mövqeyinə görə borclu şəxsdən Azərbaycan Respublikası MM-nin 449-cu maddəsinə əsasən, o halda özgənin pul vəsaitindən faydalanmağa görə pul tutula bilər ki, borclu şəxs həmin puldan gəlir əldə etmiş olsun. Hazırki işdə isə Cavabdeh pulundan İddiaçı gəlir əldə etməsi halı müəyyən edilməmişdir. Halbuki qeyd edilən normanının tətbiq üçün əsas şərt də bu halın müəyyən edilməsidir. Cavabdeh apellyasiya şikayətində İddiaçı borc aldığı pulun bir hissəsini Bakı şəhəri, Nərimanov rayonu ərazisində “Sipark” yaşayış kompleksində qardaşı X4 adına aldığı 87,6 kv.metrlik sahəsi olan 2 otaqlı mənzilə və qardaşı Rauf Mahmudovun adına Bakı şəhəri, Buzovna qəsəbəsi, ev 3-50B-yə görə ödədiyini göstərmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, “Sipark” yaşayış kompleksində mənzil alınmasına dair X7 ilə “xxxx” MMC arasında müqavilə 02 mart 2018-ci il tarixdə, yəni 05 oktyabr 2018-ci il tarixli kredit müqaviləsi bağlanmamışdan 7 ay əvvəl bağlanmışdır. Eləcə də İddiaçı borc aldığı pulun bir hissəsini qardaşı X4 adına aldığı Bakı şəhəri, Buzovna qəsəbəsi, ev 3-50B-yə görə ödədiyinə dair işdə hər hansı bir sübut yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətlərində göstərilən dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusuna hüquqi qiymət verib, apellyasiya şikayətlərində sadalanan digər dəlilləri də araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayətləri təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 127 manat ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tutularaq tutularaq X3, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, hesab nömrəsi AZ43CTRE********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 olan hesabına köçürülməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayətləri təmin edilməsin. İş üzrə Abşeron Rayon Məhkəməsinin 03 iyun 2020-ci il tarixli, 2(012)-245/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 127 (bir yüz iyirmi yeddi) manat ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tutularaq tutularaq X3, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, hesab nömrəsi AZ43CTRE********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 olan hesabına köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Səyyad Qafari

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar