Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2416/2021 28.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X2, İddiaçı, Cavabdeh iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 04 may 2021-ci il tarixli, 2(060)-360/2021 saylı qətnaməsindən Cavabdeh verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 04 may 2021-ci il tarixli, 2(060)-360/2021 saylı qətnaməsi ilə (hakim E.A.Abdullayev) İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia təmin edilib, vurulmuş maddi ziyanın əvəzi olaraq 1009 (min doqquz) manat pul və 10 (on) manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı verilməsi, 20 (iyirmi) manat dövlət rüsumu və aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pulun Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Cavabdeh apelyasiya şikayəti verib, Sumqayıt Şəhər Məhkəməsinin 04 may 2021-ci il tarixli, 2(060)-360/2021 saylı qətnaməsininin ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, 42-ci məhəllə, ev 6, mənzil 18 mülkiyyət hüququ ilə ona məxsusdur. Sözügedən mənzildə 2015-ci ildən ailəsilə yaşayır. Cavabdeh ondan üst mərtəbədə (3-cü mərtəbə), yəni ünvan 1 ünvanında yaşayır. Cavabdehin mənzilindən bir neçə ildir ki, onun mənzilinə su axıdılır. Cavabdehin təqsiri üzündən onun mənzilinə 500 manatadək maddi ziyan dəymişdir. Lakin, cavabdeh tərəfindən heç bir tədbir görülməmişdir. Məsələ ilə əlaqədar ərazi üzrə fəaliyyət göstərən 8 saylı Mənzil-İstismar İdarəsinə müraciət etmiş, sonuncunun əməkdaşları tərəfindən mənzilə baxış keçirilmiş və 28.07.2020-ci il tarixdə akt tərtib edilmişdir. Ona görə də, Cavabdeh vəsaiti hesabına mənzilin təmir edilməsi və mənzilinə suyun axıdılmasının qarşısının alınaraq son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edib, mənzilinə dəymiş ziyanın əvəzinin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi 04 may 2021-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, iddiaçının mənzilinə axıdılan su onun deyil, ondan yuxarıda 4-cü mərtəbədə yerləşən mənzildə yaşayan X1 mənzilindən axıdılmışdır. Onun iddiaçının mənzilinə ziyan vurulmasında heç bir təqsiri yoxdur. 8 saylı MKS-nin mühəndisi və sahə ustaları tərəfindən tərtib edilmiş aktdan görünür ki, iddiaçının yaşadığı mənzilə baxış keçirilərkən müəyyən edilmişdir ki, iddiaçının qeydiyyatda olduğu 42-ci məhəllə, ev 6, mənzil 18-ə suyun axması baş vermiş və mənzilə ziyan dəymişdir. Həmin aktda sızan suyun başlanğıc mənbəyinin hansı mənzildə olduğu qeyd olunmamışdır. Bu bir faktdır ki, iddiaçının mənzilinə su axmış, mənzilə ziyan dəymişdir. Bu halı məhkəmə araşdırmamış, suyun axma, başlanğıc mənbəyinin haradan olmasını aydınlaşdırmamışdır. X1 mənzilinə 8 saylı MKS-nin əməkdaşları, həmçinin ekspert tərəfindən baxış keçirilməsi lazım gəlirdi ki, suyun axıdılmasının mənbəyi müəyyən edilsin, lakin sadalanan halların heç biri araşdırılmamışdır. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apelyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak dən şəxslərin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Belə ki, 8 saylı Mənzil Kommunal Sahəsinin 04.08.2020-ci il tarixli, 1122 saylı arayışına əsasən İddiaçı Sumqayıt şəhəri, 42-ci məhəllədə yerləşən 6 saylı evin 18-ci mənzilində yaşayır. 8 saylı Mənzil Kommunal Sahəsinin 04.08.2020-ci il tarixli, 1124 saylı arayışına əsasən Cavabdeh Sumqayıt şəhəri, 42-ci məhəllədə yerləşən 6 saylı evin 20-ci mənzilində yaşayır. 8 saylı Mənzil Kommunal Sahəsinin mühəndisi Elxan Qasımov, sahə ustaları Rəbiyət Məmmədova və Həqiqət Səmədova tərəfindən tərtib edilərək imzalanmış və həmin MKS-in möhürü ilə təsdiq edilmiş aktda göstərilmişdir ki, iddiaçının yaşadığı mənzilə baxış keçirilmiş və müəyyən edilmişdir ki, iddiaçının mənzilinə suyun axması baş vermiş və mənzilə ziyan dəymişdir. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Sumqayıt şəhəri, 42-ci məhəllədə yerləşən 6 saylı evin 18-ci mənzili iddiaçının mülkiyyətindədir. İş materiallarına iddiaçıya məxsus mənzilə aid olan fotoşəkillər əlavə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26.02.2021-ci il tarixli, 10/4108 saylı ekspert rəyi ilə mübahisəli mənzilin divarlarında yaranmış qüsurları, divarlardakı və tavandakı su sızma izlərini, eləcə də mülki iş materiallarında olan 8 saylı MKS-in əməkdaşları tərəfindən tərtib edilmiş 28.06.2019-cu il tarixli aktın məlumatlarını nəzərə alaraq, 18 saylı mənzilə Sumqayıt şəhəri, 42-ci məhəllədə yerləşən 6 saylı evin 20-ci mənzilindən su sızması baş verdiyi müəyyən olunmuş, lakin sonuncu mənzilin su və kanalizasiya xətləri gizli şəkildə olduğundan, su sızmanın texniki səbəbini konkret olaraq müəyyən etmək mümkün olmamışdır. Tədqiq olunan mübahisəli mənzildə su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 1009 manat məbləğində müəyyən olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər bir kəsin mülkiyyət hüququ vardır və hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqularından ibarətdir. Konstitusiyanın 60-cı maddəsinin birinci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Qeyd edilən hüquq normalarına görə mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. İddia ərizəsinin təmin edən birinci instansiya məhkəməsi gəldiyi nəticənin əsası kimi hesab etmişdir ki, iddiaçı onun mənzilinə suyun ondan yuxarı mərtəbədə yerləşən 20 saylı mənzildən axıdıldığını bildirir. Cavabdeh 20 saylı mənzildə qeydiyyatda olmaqla orada yaşayır. Lakin, cavabdeh iddiaçının mənzilinə suyun onun yaşadığı mənzildən axıdılmadığını bildirir. Qeyd edilən halın müəyyən edilməsi üçün məhkəmə tərəfindən məhkəmə tikintitexniki ekspertizası təyin edilmiş və ekspert rəyində isə iddiaçının yaşadığı mənzilə 20 saylı mənzildən su axıdıldığı və mənzilə 1009 manat məbləğində maddi ziyan dəydiyi müəyyən edildiyindən iddia tələbi həmin həcmdə təmin edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir. Cavabdeh apelyasiya şikayətinin dəlillərini təsdiq edən heç bir sübut təqdim etməmiş və həmin halları sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olub, başqa sübutla öz təsdiqini tapmamış və toplanmış sübutlarla təkzib olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında dəyişdirilmədən, apelyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Ona görə də, apelyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh verdiyi apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 04 may 2021-ci il tarixli, 2(060)-360/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-2416/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2416/2021
28.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver