Məhkəmə qərarları › İş №2(105)-2448/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2448/2021

01.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2448/2021 01.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Əliyev Əliağa Vahid oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-260/2021 saylı, 15 aprel 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-260/2021 saylı, 15 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim Əfqan Ələkbərov), iddianın qismən təmin edilərək, Cavabdeh 1890 manat məbləğində sığorta ödənişi və ödənilmiş 16,9 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqının tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, məhkəmə ekspertizası tədqiqatının dəyəri olaraq "xxxx" ASC-dən 22 manat, Cavabdeh 28 manat tutularaq dövlət büdcəsinə X3, kod 210005, VÖEN **********, Müxbir hesab АZ41NABZ********************, SFİFT BİK - CTREAZ22 hesaba köçürülməsi və iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı ödənilmiş sığorta ödənişinin geriyə tələb edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 8360 manat sığorta ödənişinin 3360 manat hissəsinin, ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 manat bank xidməti haqqının Cavabdeh tutularaq "xxxx" ASC-ə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə X6 arasında 05.04.2019cu il tarixdə sığorta müqaviləsi bağlanaraq ** PN *** dövlət qeydiyyat nömrə nişanlı, “Ravon Nexia” markalı avtomobil, OMİ-014334 nömrəli şəhadətnamə üzrə 3 il müddətinə 16000 manat məbləğində sığortalanmışdır. Həmin avtomobil 26.06.2019-cu il tarixdə Nəsimi rayonu ərazisində hərəkət edərkən, mülkiyyət hüququ əsasında Cavabdeh tərəfindən idarə olunan ** CA *** dövlət qeydiyyat nişanlı, “Volkswagen Tiguan” markalı avtomobil ilə toqquşmuş və nəticədə sığortalanmış avtomobilə zərər dəyərək sığorta hadisəsi baş vermişdir. Yol nəqliyyat hadisəsində Cavabdeh təqsirli bilinmişdir. Qüsur aktına əsasən avtomobilə dəymiş zərər 8360 manat müəyyən edilmişdir. 8360 manat sığorta ödənişi X4 ödənilmişdir. Cavabdeh tərəfindən idarə olunan ** CA *** dövlət qeydiyyat nömrə nişanlı, “Volkswagen Tiguan” markalı avtomobil "xxxx" ASC tərəfindən sığortalanmışdır. Ona görə də "xxxx" ASC tərəfindən "xxxx" ASC-yə 5000 manat ödəniş edilmişdir. Yerdə qalan 3360 manat ödənilməmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdeh apellyasiya şikayəti verərək, Sumqayıt şəhər Məhkəməsinin 2(060)- 260/2021 saylı, 15.04.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-260/2021 saylı qətnaməsi qanunsuz və əsassızdır. Məhkəmə tərəfindən işin halları tam araşdırılmamış və qətnamə çıxarılarkən düzgün qənaətə gəlinməmişdir. Belə ki, o, avtomobildə olan defarmasiyaları könüllü olaraq düzəltmək istəmiş və bundan imtina etməmişdir. Lakin cavabdeh əsasız olaraq bundan yayınmış və ondan ağlasığmayacaq dərəcədə əlavə pullar tələb etmişdir. Məhkəmə prosesinin gedişində o, hadisə vaxtı ziyan dəymiş avtomobilə zərərin çox hesablanmasını bildirsə də məhkəmə bunada məhəl qoymayaraq işi ekspertizaya göndərmişdir. Ekspertlər onun iştirakını təmin etmədən 6890 manat məbləğ müəyyət etmiş və bu barədə rəy vermişlər. Halbuki, həmin avtomobil hissələri ekspert tərəfindən bazar qiymətinə uyğun olmayan şəkildə tam şişirdilmiş şəkildə hesablanmışdır. Bazar qiymətlərinə və ustaların xidmət haqqlarına nəzər yetirsək kifayət qədər aşağı məbləğə həmin avtomobilin təmiri başa çatar və tam normal hala gətirilər. Bütün bu reallıqlara diqqət edilməmiş məhkəmə isə işin bu halını tam araşdırmamış ekspet rəyini əsas götürərək iddianı 6890 manat hissəsində təmin etmişdir. Həmin pulun 5000 manatı ödənildiyi üçün yerdə qalan 1890 manat, dövlət rüsumu olaraq 16,9 manat və 0,40 manat xidmət haqqı "xxxx" ASC-nin xeyrinə tutulması müəyyən edilmişdir. Ekspert rəyi tam əsas olduğu üçün təkrar ekspertiza təyin edilməlidir. Apelyasiya baxışı zamanı məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2 apelyasiya şikayətinə etiraz etdi və onun rədd olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclaslarına təkrar gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta şəhadətnaməsindən görünür ki, "xxxx" ASC tərəfindən X4 məxsus ** PN *** dövlət qeydiyyat nömrə nişanlı, “Ravon Nexia” markalı avtomobil 05.04.2019-04.04.2022-ci ilədək sığortalanmışdır. Yenə işdə olan 16.12.2019-cu il tarixli qüsur aktının surətindən görünür ki, ** PN *** dövlət qeydiyyat nişanlı, “Ravon Nexia” markalı avtomobilə 8360 manat zərər dəymişdir. Yenə də işdə olan KSK 2530/2019 saylı, 31.10.2019-cu il tarixli sığorta aktından görünür ki, X4 8360 manat sığorta ödənişi edilmişdir. İş materiallarına əlavə edilmiş inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 60 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Yenə işə əlavə edilmiş AD 130883 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən “Volkswagen Tiguan” markalı, **-CA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sahibi Cavabdehdur. Xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdeh borcun ödənilməsi barədə iddiaçı tərəfindən bildiriş göndərilərək xəbərdar olunmuşdur. İş üzrə keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının 03 mart 2021-ci il tarixli, 9/5714 saylı rəyindən görünür ki, iş materiallarında olan 16.12.2019-cu il tarixli qüsur aktı məlumatlarına əsasən 2017-ci il buraxılışlı, mühərrik tutumu 1485 sm3 “Ravon Nexia R3” markalı ** PN *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən bu cür müəyyən edilir. O cümlədən: 1. Dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 7336,00 manat. O cümlədən: Dəyişilməli hissələrin qiyməti – 5841,00 manat; Təmir-bərpa işlərinin qiyməti – 1495,00 manat. 2. Dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 6890,00 manat. O cümlədən: Dəyişilməli hissələrin qiyməti – 5395,00; Təmir-bərpa işlərinin qiyməti – 1495,00 manat müəyyən edilmişdir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçı "xxxx" ASC tərəfindən mübahisələndirilməməsini nəzərə alıb, MPM-nin 372.6-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, yəni Cavabdeh apellyasiya şikayətinhin dəlillərinə uyğun olaraq yoxlanılmalı və hüquqi qiymət verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “Konstitusiya məhkəməsinin Plenumu bir daha onu vurğulayır ki, dispozitivlik və çəkişmə prinsiplərinə əsasən şəxsin xüsusi maraqları və hüquqları yoxlamanın predmetini və həddini müəyyən edir. Xüsusilə nəzərə alınmalıdır ki, nə qədər ki, dispozitivlik prinsipinə uyğun olaraq tərəflər prosesin taleyini həll edir, icraat işdə iştirak edən şəxslərin təşəbbüsü ilə başlanılır və dayandırılır, işə baxılmanın düzgünlüyü məsələsi yalnız maraqlı şəxslər tərəfindən verilən şikayətlərdə mübahisələndirilir və şikayət maneəsiz olaraq geri götürülə bilər, ərizəçinin maraqları ikinci plana keçirilə bilməz. Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına almayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhəkməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda apellyasiya instansiya məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır”. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hüquqi qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən, apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-260/2021 saylı, 15 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, "xxxx" ASC ilə X6 arasında 05.04.2019-cu il tarixdə sığorta müqaviləsi bağlanaraq ** PN *** dövlət qeydiyyat nömrə nişanlı, “Ravon Nexia” markalı avtomobil, OMİ-014334 nömrəli şəhadətnamə üzrə 3 il müddətinə 16000 manat məbləğində sığortalanmışdır. Həmin avtomobil 26.06.2019-cu il tarixdə Nəsimi rayonu ərazisində hərəkət edərkən, mülkiyyət hüququ əsasında Cavabdeh tərəfindən idarə olunan ** CA *** dövlət qeydiyyat nişanlı, “Volkswagen Tiguan” markalı avtomobil ilə toqquşmuş və nəticədə sığortalanmış avtomobilə zərər dəyərək sığorta hadisəsi baş vermişdir. Yol nəqliyyat hadisəsində Cavabdeh təqsirli bilinmişdir. Qüsur aktına əsasən avtomobilə dəymiş zərər 8360 manat müəyyən edilmişdir. 8360 manat sığorta ödənişi X4 ödənilmişdir. Cavabdeh tərəfindən idarə olunan ** CA *** dövlət qeydiyyat nömrə nişanlı, “Volkswagen Tiguan” markalı avtomobil "xxxx" ASC tərəfindən sığortalanmışdır. Ona görə də "xxxx" ASC tərəfindən "xxxx" ASC-yə 5000 manat ödəniş edilmişdir. Yerdə qalan 3360 manat ödənilməmişdir. İşə baxan birinci instansiya məhkəməsi cavabdeh tərəfindən iddiaçı "xxxx" ASC-yə maddi ziyan vurulması və vurulmuş ziyanla cavabdehin təqsirli, hüquqa zidd hərkətləri arasında səbəbli əlaqənin olmasını sübuta yetirilmiş hesab etmiş və dəymiş ziyanın məbləğinin ekspertin rəyi ilə müəyyən olunmuş 6890 manat təmir-bərpa xərcindən 5000 manat sığorta ödənişi çıxıldıqdan sonra qalan 1890 manat həddində müəyyən etmiş, ona görə iddianın qismən təmin etmişdir. Məhkəmə kollegiyası işə baxan məhkəmənin gəldiyi yuxarıda qeyd olunan nəticəsi ilə razılaşır və yaranmış mübahisə ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Yenə həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Yenə həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Yuxarıda sadalanan normaların tələbindən də görünür ki, vurulmuş zərərə görə məsuliyyəti biləvasitə zərərvuran daşıyır və məhkəmə işin hallarına uyğun olaraq zərərin əvəzini ondan tutur. Hazırki iş üzrə baş vermiş yol-nəqliyyat hadisəsindən doğan hüquq münasibətlərinə görə iddiaçı tərəfindən 8360 manat sığorta ödənişi X4 ödənilmişdir. Cavabdeh tərəfindən idarə olunan ** CA *** dövlət qeydiyyat nömrə nişanlı, “Volkswagen Tiguan” markalı avtomobil "xxxx" ASC tərəfindən sığortalandığına görə "xxxx" ASC tərəfindən "xxxx" ASCnə 5000 manat ödənildiyindən qalıq qalan ziyan məbləğini tələb etmək hüququ (Subroqasiya hüququ) "xxxx" ASC-yə keçmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.1-ci maddəsinə əsasən, sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. AR MM-in 926.1-ci maddəsinə əsasən, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Həmin Məcəllənin 1108.1-ci maddəsinə görə isə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enercisindən, atom enercisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 36.3-cü maddəsinə əsasən yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, baş vermiş yol-nəqliyyat hadisəsinə görə təqsiri məhkəmə qaydasında müəyyən olunmuş Cavabdeh zərərin əvəzinin ödənilməsi ilə əlaqədar mülki hüquqi məsuliyyət daşıyır. Mülki Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Həmin Məcəllənin 936.1 və 936.2-ci maddələrində isə müəyyən edilmişdir ki, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. «Sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Mübahisənin həlli ilə əlaqədar olaraq yuxarıda göstərilən qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə ilk növbədə iddiaçının öz tələbini əsaslandıran bütün faktları və halları məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onların təsdiqi kimi təqdim etdiyi sübutlara və nəhayət iddia tələbinin hüquqi əsası kimi istinad etdiyi qanunvericilik müddəalarına əsasən iddia tələbi təmin ediləndir. Məhkəmə kollegiyası Cavabdeh apelyasiya şikayətinin avtomobildə olan defarmasiyaları könüllü olaraq düzəltmək istəməsi və bundan imtina etməməsi, lakin cavabdeh əsasız olaraq bundan yayınması və ondan ağla sığmayacaq dərəcədə əlavə pullar tələb etməsi, ekspertlərin avtomobilə dəymiş ziyanın bazar qiymətinə uyğun olmayan şəkildə tam şişirdilmiş şəkildə hesablamalarına dair dəlillərinə qiymət verərək hesab edir ki, həmin dəlillər iş materiallarında olan məhkəmə əmtəəşünaslıq ekspertizasının 03 mart 2021-ci il tarixli, 9/5714 saylı rəyi və 16.12.2019-cu il tarixli qüsur aktı məlumatları ilə təkzib olunan dəlillər olmaqla, həmin dəlillər yüksək təhlükə mənbəyindən istifadə etməsi nəticəsində vurduğu zərərin əvəzini ödəməyə borclu olan cavabdehin mülki məsuliyyətdən azad olunması üçün qanuni əsas kimi qəbul oluna bilməz Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh verdiyi apelyasiya şikayətinin əsaslarına dair istinad etdiyi halları sübut edə bilməmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, şikayətdə göstərilən dəlillər formal mülahizələrdir və apelyasiya şikayətinin təmin edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 382, 384.0.1, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-260/2021 saylı, 15 aprel 2021-ci il tarixli qətnaməsi Cavabdeh apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün Cavabdeh ödədiyi dövlət rüsumu onun özünə aid edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar