Məhkəmə qərarları › İş №2(105)-245/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-245/2024

16.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-245/2024 16.01.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı alimentin təyin edilməsi tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X12 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin təyin edilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)-3978/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı ilə Cavabdeh xx.xx.2013-cü il tarixdə nikaha girərək ailə qurmuşlar.

2. Tərəflərin birgə nikahından xx.xx.2013-cü il təvəllüdlü X10 və xx.xx.2014-cü təvəllüdlü X8 anadan olmuşdur.

3. Cəbrayıl Rayon Məhkəməsinin xx.xx.2016-cı tarixli qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmuş və tərəflərin birgə nikahından olan uşaqların ananın himayəsində saxlanılması qət edilmişdir.

4. Abşeron Rayon Məhkəməsinin 2(012)-5433/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə cavabdeh X4 xx.xx.2013-cü il tarixdə anadan olmuş X7 və xx.xx.2014-cü il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən hər ay hər uşaq üçün 117 manat sabit pul məbləğində alimentin tutulub X3 verilməsi qət edilmişdir.

5. İddiaçı ərizəsinə əsasən icra sənədi üzrə icraata xitam verilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladları yetkinlik yaşına çatmayan 06 oktyabr 2013-cü il təvəllüdlü X11 və 26 dekabr 2014-cü il təvəllüdlü X2 üçün hər ay hər uşağa görə 220 manat olmaqla, cəmi 440 manat məbləğində alimentin cavabdeh X4 tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə göndərərək, övladları yetkinlik yaşına çatmayan 06 oktyabr 2013-cü il təvəllüdlü X10 və 26 dekabr 2014-cü il təvəllüdlü X1 üçün hər ay hər uşağa görə 220 manat olmaqla, cəmi 440 manat məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə 30 sentyabr 2013-cü ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Tərəflərin birgə nikahlarından 06 oktyabr 2013-cü il təvəllüdlü X10 və 26 dekabr 2014-cü il təvəllüdlü X8 dünyaya gəlmişdir. Cəbrayıl Rayon Məhkəməsinin qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmuş, uşaqların analarının yanında qalması qət edilmişdir. Abşeron Rayon Məhkəməsinin qətnaməsi ilə hər ay hər uşağa görə 117 manat alimentin tutulması qət edilmişdir. Lakin tərəflər barışdıqlarından, aliment işinə xitam verilmişdir. Lakin sonradan yenidən nikahları pozulmuşdur. Hazırda cavabdeh taksi işləyir. Uşaqlar böyüdükcə ehtiyaclar artmış, tələbatları çoxalmışdır. Lakin iddiaçı tək qadın olaraq bu ehtiyacları ödəməkdə çətinlik çəkir.

9. Cavabdeh məhkəmə iclasında izahatında bildirmişdir ki, o, hərbiçi olmuş və pensiya almışdır. Sonradan isə pensiyası dayandırılmışdır. Əvvəlcə aliment 117 manat təyin olunmuş, lakin daha sonra alimentlə bağlı icra işinə xitam verilmişdir. Odur ki, onun hər ay hər uşağa görə 125 manat olmaqla cəmi 250 manat aliment ödəməyə maddi imkanı çatır.

10. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)-3978/2023 nömrəli qətnaməsi ilə (hakim Elman Məmmədov) iddia qismən təmin edilərək, xx.xx.2023-cü il tarixindən başlayaraq 06 oktyabr 2013-cü il təvəllüdlü X10 və 26 dekabr 2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün hər ay hər uşağa görə 190 manat olmaqla, cəmi 380 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq, İddiaçı verilməsi, Cavabdeh 65,60 (altmış beş manat altmış qəpik) manat dövlət rüsumunun tutularaq dövlət nəfinə keçirilməsi qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Ailə Məcəlləsinin 75.1, 75.4, 78.1, 78.2-ci, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarının tələbləri ilə əsaslandırmış, qətnamədə qeyd etmişdir ki, məhkəmə alimentin tələb olunan miqdarda cavabdehin ödəmək iqtidarında olması ilə bağlı sübutların müəyyən edilmədiyini, həmçinin uşağı saxlamaq vəzifəsinin hər iki valideynin üzərinə düşdüyünü nəzərə alaraq belə nəticəyə gəlir ki, 06 oktyabr 2013-cü il təvəllüdlü X10 və 26 dekabr 2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün hər ay hər uşağa görə 190 manat olmaqla, cəmi 380 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq, İddiaçı verilməlidir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

12. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa görə 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Qətnamə tamamiə ədalətsiz və qanunsuzdur. Uşaqların artan bu günkü maddi ehtiyyaclarını təkbaşına qarşılaya bilmir. İddia tələbində hər uşaq üçün 220 manat aliment tələb etsə də, faktiki olaraq uşaqların yaşı artdıqca onlarında ehtiyacları artaraq orta hesabla 350-400 manata kimi gəlib çatmışdır. Cavabdehdən hər dəfə uşaqların maddi ehtiyaclarının artması səbəbindən onların saxlanmasında ona köməklik etməsini istəsə də ona “məhkəmə qətnaməsi ilə uşaqların saxlanaması üçün hər uşağa 117 manat müəyyən edilib məhkəmə almenti nə zaman artırsa mən onda ödəyəcəyəm” deyərək uşaqların saxlanmasında köməklik göstərmir. Uşaqlar hal-hazırda orta məktəbdə təhsil alırlar, onların təhsil almaları, yol xərci, geyim, dəftər, qələm və s. gündəlik tələb olunan maddi tələbatlarını ödəmək üçün maddi imkanı çatmır. Cavabdehin də onunla bərabər uşaqların maddi ehtiyaclarını birlikdə ödəmək vəzifəsi vardır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı, iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etdilər.

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Ailə Məcəlləsi:

17. Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.2. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. 75.3. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 75.5. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir.

18. Maddə 78. Uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 78.3. Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

19. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

20. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

21. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

22. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

23. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)

24. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

25. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin edilməyən hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı qeyd edilən hissədə yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

27. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli qərarında qeyd edilir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir.

28. Cavabdehdən uşağın saxlanılması üçün hər ay sabit pul məbləğində tutulacaq alimentin miqdarı məsələsini müzakirə edərkən, məhkəmə kollegiyası tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları əsas tutaraq, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin hallarına uyğun olaraq əsaslı və qanuni hesab edir.

29. Belə ki, iddiaçı cavabdehin gəlirləri, eləcə də öz gəlirləri barədə məhkəməyə sübut təqdim etməmiş, cavabdehin iki uşağa görə hər ay 220 manat olmaqla 440 manat sabit pul məbləğində aliment ödəmək iqtidarında olması barədə tələbini əsaslandırmamış, göstərilən hallara dair məhkəməyə sübut təqdim etməmişdir.

30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas sayıla bilməz.

31. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil.

32. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasından baxıldıqda dəyişdirmədən, apellyasiya şikayətini təmin etmədən saxlanması üçün əsasdır.

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)-3978/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar