Məhkəmə qərarları › İş №2(105)-2453/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2453/2020

30.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2453/2020 30.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X3, İddiaçı, Cavabdeh iştirakı ilə Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(027)-511/2020 saylı qətnaməsindən Cavabdeh verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(027)-511/2020 saylı qətnaməsi ilə (hakim İ.A.Məmmədov) İddiaçı Cavabdeh qarşı alimentin tutulması tələbinə dair iddiası qismən təmin edilib, Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması və qətnamənin dərhal icraya yönəldilməsi qət edilmişdir. Cavabdeh apelyasiya şikayəti verib, Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(027)-511/2020 saylı qətnaməsininin dəyişdirilərək xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 75 manat sabit pul məbləğində alimentin təyin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə qeyri-rəsmi ailə qurmuş, birgə münasibətdən xx.xx.2016-cı il təvəllüdlü Əfsanə adlı bir nəfər uşaqları doğulmuşdur. Ailə qurduqdan sonra bir müddət normal yaşasalar da, sonradan bu münasibətləri pisləşmiş, uzun müddətdir ki, birgə təsərrüfat iradə etmirlər. Hazırda himayəsində olan azyaşlı qızı ilə atasına məxsus evdə yaşayır, heç bir yerdə işləmir və maddi vəziyyəti yaxşı deyildir. Bu səbəbdən uşağın saxlanmasında maddi cəhətdən çətinlik çəkir. Cavabdeh özündən ayrı yaşayan uşağının saxlanması üçün ona heç bir maddi yardım göstərmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də, Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 200 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİNDƏLİLLƏRİVƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHATİ: Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Quba Rayon Məhkəməsi xx xxxxxx 2020-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, heç bir yerdə işləmədiyi halda ondan hər ay 170 manat məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilmişdir, onun həmin məbləği ödəməyə imkanı yoxdur. Bundan başqa onun xx.xx.2016-cı il təvəllüdlü övladı X1 başqa əvvəlki nikahdan da xx xxxxxx 2003-cü il təvəllüdlü Kənan və xx xxxxxx 2008-ci il təvəllüdlü Seyfəddin adlı iki nəfər uşaqları var və həmin uşaqların da maddi tələbatlarını ödəyir. Əfsanə adlı uşağına görə aliment ödəməkdən imtina etmir, lakin, 170 manat məbləğində alimenti ödəməyə maddi imkanı yoxdur. Birinci instansiya məhkəməsi alimentin miqdarını müəyyən edərkən 2020-ci il üzrə ölkədə yaşayış minimumunun uşaqlar üçün 170 manat müəyyən edilməsi ilə əsaslandırmışdır. Halbuki hər bir uşağın yaşayış minimumunun təmin edilməsi yalnız atanın deyil, həm də ananın borcudur. Bundan başqa, alimentin miqdarı müəyyən edilərkən onun hansı gəlirlərinin olması araşdırılmalı, onun maraqları da nəzərə alınmalı idi. Lakin birinci instansiya məhkəməsi bu barədə heç bir araşdırma aparmamış, yalnız ölkədə müəyyən olunmuş yaşayış minimumunu nəzərə almaqla aliment təyin etmişdir. Bundan başqa Rusiya Federasiyasının vətəndaşıdır, xx xxxx 2020-ci il tarixdə Azərbaycana gəlmiş, birinci instansiya məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin mövcudluğundan xəbəri olmamış, yalnız xx xxxx 2020-ci il tarixdə bu barədə məlumat əldə etmiş və qətnamənin surətini almışdır. Cavabdeh apelyasiya şikayətini Azərbaycan Respublikası MPM-nin 385.1.1-385.1.4, 386,387.1-ci maddələrinə istinad edərək hesab etmişdir ki, birinci instansiya məhkəməsi işi hərtərəfli, tam və obyektiv tədqiq etməmiş və nəticədə əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Apelyasiya şikayətinin məzmunundan görünür ki, apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə yönəlmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsininin dəyişdirilərək xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 75 manat sabit pul məbləğində alimentin təyin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apelyasiya şikayətini müdafiə edib, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədə saxlanmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Belə ki, iş materiallarında olan “atalığın müəyyən edilməsi haqqnda şəhadətnamə”nin surətindən görünür ki, Cavabdeh xx.xx.2016-cı il tarixdə anadan olmuş X2 atası hesab edilmişdir. Quba rayon Qeydiyyat şöbəsi tərəfindən xx xxxxxx 2019-cu il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.2016-cı il tarixdə Quba rayonunda anadan olmuşdur, şəhadətnamənin ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeydi aparılmışdır. Azərbaycan Respublikası Konstıtusiyasının 17-ci maddəsinin İİ-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbryə etmək valideyinlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinin İV-cü bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. «Uşaq hüquqları haqqında» Konvensiyasının 27-ci maddəsinə əsasən, hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşaqların barəsində bərabər hüquq və vəzifələri vardır. Uşaq qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi hüquqlarının təmin etdirilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1 və 78.2-ci maddələrinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm-dəyişən olarsa, ya da qazancı (gəliri) natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı qərarının 17-ci bəndinin mənasına görə heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideyinləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideyinlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideyinlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib hüquqi vəzifələridir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx xxxx 2016-cı il tarixli Qərarından görünür ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Qanunvericiliyin göstərilən müddəalarına əsasən yetkinlik yaşına çatmayan uşaqların mənafeyi, normal qida rasionlarına uyğun şəkildə qidalanması, fiziki cəhətdən inkişafı, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutulmalıdır. Göründüyü kimi istinad olunan qanunvericilik aktlarının əsas istiqaməti ona yönəlmişdir ki, heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin hər ikisinin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Məhkəmə kollegiyası işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalı və qətnamə dərhal icraya yönəldilməlidir. Lakin apelyasiya şikayətinə əlavə olunmuş Cavabdeh pasportunun surətindən görünür ki, o, Rusiya Federasiyasının vətəndaşıdır. Birinci instansiya məhkəməsi İddiaçı aliment tələbinə dair işə baxarkən onun məhkəmə icalasında iştirakını təmin etmək məqsədi ilə heç bir rəsmi sənəd mövcud deyil və cavabdehin məhkəmə iclasında iştirakını təmin etmək və ya onun tələbə münasibətini öyrənmək istiqamətində heç bir tədbir görməmişdir. Rəsmi qaydada verilməli olan məhkəmə sənədlərinin siyahısı göstərilmiş Azərbaycan Respublikası MPM-nin 134.1 və 134.1.5-ci maddələrinə əsasən birinci instansiya məhkəməsinin, apelyasiya və kassasiya məhkəmələrinin aktları işdə iştirak edən şəxslərə məhkəmə tərəfindən rəsmi qaydada verilməlidir. Məhkəmə aktlarının da daxil olduğu məhkəmə sənədlərinin rəsmən verilməsi anlayışını açıqlayan Azərbaycan Respublikası MPM-nin 135-ci maddəsinə əsasən,sənədin rəsmən verilməsi məhkəmənin göndərdiyi rəsmi sənədlərin çatdırılmasıdır. Məhkəmə sənədlərinin çatdırılması və rəsmi qaydada verilməsi Azərbaycan Respublikası MPM-nin 135.1 və 135.2-ci maddələrinin tələbinə görə bu məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədlərinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxslərin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlamış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsində işə baxılarkən Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş və onun iştirakı olmadan işə baxılmışdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddiaçının tələbinin əsaslı hesab olunması barədə gəldiyi nəticə işin faktiki hallarına uyğun deyildir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 387.2 və 387.2.2-ci maddələrinə əsasən işə işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməldir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Sadalanan halları nəzərə alaraq məhkəmə kollegiyası heab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilib, iş üzrə yeni qətnamə qəbul edilməli və İddiaçı Cavabdeh qarşı alimentin tutulması tələbinə dair iddiası qismən təmin edilib, Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməli və qətnamə dərhal icraya yönəldilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393, 402- 403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh verdiyi apelyasiya şikayəti qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(027)-511/2020 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı alimentin tutulması tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icraya yönəldilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar