Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2460/2021 02.08.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X8 Tağızadənin sədrliyi və məruzəsi, X3 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi, İddiaçının nümayəndəsi və vəkili: X2 iştirakı ilə, İddiaçı cavabdeh X5 qarşı alimentin miqdarının azaldılması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 20 may 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 20 may 2021-ci il tarixli qətnaməsi ilə (hakim E.A.Abdullayev) İddiaçı cavabdeh X5 qarşı Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 3064/2020 saylı, 06 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddiaçıdan hər ay hər uşağa görə 35 manat olmaqla, cəmi 70 manat sabit pul məbləğində tutulan alimentin ləğv olunması barədə iddiasının təmin edilməməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı (bundan sonra - iddiaçı) X5 (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 3064/2020 saylı, 06 noyabr 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş əmək haqqı və pensiya məbləğindən sonrakı sabit pul məbləğində hər ay hər uşağa görə 35 manat olmaqla, ümumilikdə 70 manat alimentin ödənilməsi hissəsinin ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 3064/2020 saylı, 06 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddiaçı ilə cavabdeh arasındakı nikahın pozulması, 30.09.2011-ci il təvəllüdlü X6 və 08.08.2017ci təvəllüdlü X1 üçün qazancının və digər gəlirlərinin 1/3 hissəsi və əlavə olaraq hər ay hər uşağa görə 35 manat olmaqla, cəmi 70 manat sabit pul məbləğində alimentin iddiaçıdan tutularaq cavabdehə verilməsi qət edilmişdir. Məhkəmə həmin qətnaməni qəbul edərkən iddiaçının əmək haqqı 280 manat, pensiyasının miqdarı isə 233 manat idi. Hazırda iddiaçı hazırda 800 manat əmək haqqı alır. Qazancı övladlarının normal saxlanmasına kifayət edir. İddiaçının nümayəndəsi məhkəmə iclasında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 53-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 3064/2020 saylı, 06 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddiaçıdan hər ay hər uşağa görə 35 manat olmaqla, cəmi 70 manat sabit pul məbləğində tutulan alimentin ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh övladları ilə Rusiya Federasiyasının Moskva şəhərində yaşayırlar. Onlar məhkəmə iclasında iştirak etmədiyi halda bu öhdəliyi o, üzərinə götürmüşdür. 2021-ci ilin yanvar ayında vəziyyət dəyişmiş, onun əmək haqqı 878 manat olmuşdur. Belə olduğu halda sabit pul məbləğində hər uşaga 35 manat tutulmasına lüzüm qalmamışdır. O, anadan olduğu gündən lal-kardır, 18 yaşı tamam olduqda isə birinci qrup əlillik almış, əlilliyinə görə də hal-hazırda ayda 233 manat pensiya alır. Məhkəmə səhv nəticəyə gəlmişdir. O, hər uşağa yaşayış minimumdan artıq məbləğ ödəyir. Sumqayıt Şəhər Məhkəməsinin 20 may 2021-ci il tarixli 2(060)- 3185/2021 saylı qətnaməsinin ləğv olunması, iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili A.Ş.Qulamov apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, ona uyğun izahat verdi, onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə cavabdeh S.T.Musayeva məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə yaxud məhkəmə tərəfin icraatı qəsdən yubatdırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəfin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini rədd edərkən, iddiaçının bir ata kimi uşaqların saxlanılmasında borclu olduğuna istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3064/2020 saylı, 06 noyabr 2020-ci il tarixli qətnaməsi ilə tərəflər arasındakı nikahın pozulması, birgə nikahdan olan 30.09.2011-ci il təvəllüdlü X6 və 08.08.2017-ci təvəllüdlü X4 cavabdehin yanında saxlanmaları və uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay iddiaçının qazancı və gəlirlərinin 1/3 hissəsi miqdarında və əlavə olaraq hər ay hər uşağa görə 35 manat olmaqla, cəmi 70 manat sabit pul məbləğində alimentin iddiaçıdan tutularaq cavabdehə verilməsi qət edilmişdir. "xxxx" MMC tərəfindən verilmiş 12.01.2021-ci il tarixli arayışda göstərilmişdir ki, iddiaçı həmin müəssisədə aşpaz kimi fəaliyyət göstərir və aylıq əmək haqqı 878,21 manat təşkil edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinə (bundan sonra – Ailə Məcəlləsi) əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar (75.1.). Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.4.). Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (78.1.). Azərbaycan Respublikası Ailə Məcəlləsində həmçinin nəzərdə tutulmuşdur ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər (112.1.). Hazırkı iddiada iddiaçı ondan cavabdehin xeyrinə tutulan alimentin məbləğinin azaldılmasını xahiş edir. Buna əsas kimi aylıq əmək haqqının vergi və sığorta haqqı çıxılmaqla 878 manat təşkil etdiyini və həmin məbləğin 1/3 hissəinin iki uşağın saxlanması üçün kifayət etdiyini göstərir. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununda uşaqlar üçün yaşayış minimumu 175 manat müəyyən edilmişdir. İddiaçı ondan cavabdehin xeyrinə tutulan alimentin məbləğinin azaldılmasını xahiş etsə də, ondan alimentin tutulması barədə qətnamə qəbul edildikdən sonra maddi vəziyyətində hər hansı dəyişikliyin olması (maddi vəziyyətinin pisləşməsi) barədə sübut təqdim etməmişdir. Əksinə, iddiaçı əmək haqqının əvvəllər daha az olduğunu qeyd etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının əvvəllər əmək haqqının az olduğu zaman ondan hər ay iddiaçının qazancı və gəlirlərinin 1/3 hissəsi miqdarında və əlavə olaraq hər ay hər uşağa görə 35 manat olmaqla, cəmi 70 manat sabit pul məbləğində aliment tutulduğu halda, hazırda əmək haqqının daha çox olması səbəbindən alimentin azaldılması ədalətli hesab edilə bilməz. Belə ki, iddiaçının aylıq əmək haqqısının 1/3 hissəsi təxminən 292 manat təşkil edir ki, bu da hər uşaq üçün 146 manat alimentin tutulması deməkdir. Hər uşaq üçün tutulan 35 manatı da həmin məbləğlə topladıqda hər uşağa təxminən 181 manat aliment düşür ki, məhkəmə həmin məbləği bir uşğın saxlanması üçün normal hesab edir. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyə əsasən uşaqlarını saxlamaq valideynlərin vəzifəsidir. Valideynlərdən aliment uşaqların mənafeyi üçün tutulur. Alimentin tutulmasında məqsəd valideynlərin öz vəzifələrini yerinə yetirməsi və uşaqların normal həyat səviyyəsinin təmin edilməsidir. Bu səbəbdən məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini nəzərə alaraq iddiaçıdan Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi ilə uşaqların yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay iddiaçının qazancı və gəlirlərinin 1/3 hissəsi miqdarında və əlavə olaraq hər ay hər uşağa görə 35 manat olmaqla, cəmi 70 manat sabit pul məbləğində alimentin iddiaçıdan cavabdehin xeyrinə tutulmasını qanuni və ədalətli hesab edir. Azərbaycan Respublikası MPM-nin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahmisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır, apellyasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə 20 may 2021-ci il tarixli 2(060)-3185/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-2460/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2460/2021
02.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver