Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2462/2020 21.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Lətifə Məhyəddin qızı Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi, İddiaçı: İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili: X1 iştirakları ilə, İddiaçı cavabdeh Şıxıyeva (Vəliyeva) Aynur Nüsrət qızına qarşı uşaqla ünsiyyət qaydasının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim Ə.Q.Ələkbərov) iddianın qismən təmin edilməsi, İddiaçı xx xxxxx 2016-cı il təvəllüdlü X3 ilə hər həftənin şənbə günü saat 10.00-dan bazar günü saat 18.00-dək və tətil, bayram, toy-nişan və ad günlərində 4 saat olmaqla 14.00-dən saat 18.00-dək görüş təyin edilməklə ünsiyyət qaydasının məyyən edilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı cavabdeh Şıxıyeva (Vəliyeva) Aynur Nüsrət qızına qarşı Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, xx xxxxx 2016-cı il təvəllüdlü X3 ilə hər həftənin şənbə, bazar, tətil, bayram, toy-nişan və ad günlərində saat 10.00-dan növbəti gün saat 18.00dək müddətinə yanında qalması və ünsiyyətdə olmaqla valideynlik hüququnun həyata keçirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh ilə xx xxxxxxxx 2014-cü il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş və birgə nikahlarından xx xxxxx 2016-cı il təvəllülü Fərid adlı bir uşaqları doğulmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(060)-4100/2019 nömrəli qətnaməsinə əsasən aralarında olan nikahın pozulması, uşağın cavabdehin himayəsinə verilməsi və hər ay 160 manat alimentin tutulması qət olunmuşdur. Hesab edir ki, övladı cavabdehin himayəsinə verilsə də, gələcəkdə uşağının bir şəxsiyyət kimi formalaşması üçün onun da bir valideyn kimi tərbiyəsində, təhsilində iştirakı, habelə uşaqla ünsiyyətdə olmağı vacibdir. Cavabdeh isə valideynlik hüququndan sui-istifadə edərək, uşağın onunla ünsiyyətdə olmaq hüququnu pozur. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh (Vəliyeva) apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, iddianı qismən qəbul edir. İddiaçının uşağı ilə hər həftənin şənbə günü saat 11-00-dan 20-00-dək ünsiyyətdə olmasına heç bir etirazı yoxdur. Məhkəmə kifayət qədər çox görüş vaxtı müəyyən etmişdir. Uşaq azyaşlı olduğundan onun gecə atasının yanında qalması əsassızdır. Bununla qəti şəkildə razılaşmır. Həmçinin, iddiaçı uşağı ilə ünsiyyətdə olduğu zaman onun iştirakı təmin olunmalı və iddiaçı onun iştirakı ilə uşaqla görüşməlidir. Məhkəmə bütün bunları nəzərə almalıdır. Məhkəmə işə onun iştirakı olmadan baxmışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(060)-914/2020 saylı qətnaməsini dəyişdirərək, İddiaçı övladı xx xxxxx 2016-cı il təvəllüdlü X3 ilə hər həftənin şənbə günü saat 11-00-dan 20-00-dək onun iştirakı ilə ünsiyyətdə olmaq hüququnun müəyyən olunması barədə qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili S.E.Qasımov apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, eyni məzmunlu izahat verdi, apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, iddia ərizəsinə uyğun izahat verdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə Sumqayıt şəhər İH-nin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməlidir, apellyasiya şikayəti isə qismən təmin edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini qismən təmin edərkən, cavabdeh tərəfindən iddiaçının uşağı ilə ünsiyyətə mane olmasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı deyil, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğun olmamışdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4100/2019 saylı iş üzrə çıxartdığı xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan nikahın pozulması, birgə nikahdan doğulmuş xx xxxxx 2016-ci il təvəllülü X2 anası Cavabdeh yanında qalması, xx xxxxx 2019-cu il tarixdən etibarən Fəridin yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay sabit pul məbləğində 160 manat miqdarında aliment tutularaq Cavabdeh (Vəliyeva) verilməsi qət edilmişdir. Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası xx xxxx 2020-ci il tarixli 44 saylı rəyi ilə komissiya İddiaçı xx xxxxx 2016-cı il təvəllüdlü Fərid Şıxıyevin hər həftənin şənbə günü saat 10-00-dan bazar günü saat 18-00dək və tətil, bayram, toy-nişan və ad günlərində 4 saat olmaqla 14-00-dan saat 18-00-dək ünsiyyət müddətinin müəyyən edilməsini məqsədə uyğun hesab edir. Göründüyü kimi, tərəflərin nikahı pozulduqdan sonra xx xxxxx 2016-cı il təvəllüdlü F.İddiaçı anası Cavabdeh yanında qalmış, tərəflər arasında uşaqla görüş və valideynlik hüququnun həyata keçirilməsi barəsində saziş bağlanmamış, tərəflər valideynlik hüququnun həyata keçirilməsinə dair öz aralarında razılığa gələ bilməmişlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.2-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 50-ci maddəsinə əsasən uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir. Valideynlərinin nikahının pozulması və ya etibarsız sayılması, valideynlərinin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir. Valideynlər ayrı yaşadıqda uşaq onların hər biri ilə ünsiyyət hüququna malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1. maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. Uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir. Göründüyü kimi, hər iki valideynin uşaqla ünsiyyətdə olmaq hüququ, onun tərbiyəsində iştirak etmək hüququ və vəzifəsi qanunvericiliklə nəzərdə tutulur. Məhkəmə kollegiyası iclası zamanı müəyyən edilmişdir ki, Cavabdeh azyaşlı uşağının İddiaçı görüşməsinə etiraz edir, bununla əlaqədar olaraq iddiaçı məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası məhkəmə tərəfindən iddiaçıya övladı ilə hər həftənin şənbə günü saat 10-00-dan bazar günü saat 18-00-dək və tətil, bayram, toy-nişan, ad günlərində 4 saat olmaqla 14-00-dan saat 18-00-dək görüş təyin etməklə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni düzgün hesab etmir. BMT-nin “Uşaq Hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşaqların ən yaxşı maraqları onların qayğı obyektidir. Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Dövlət çoxuşaqlı ailələrə yardım göstərir. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. “Uşaq hüquqları haqqında” Qanunun 17-18-ci maddələrinə əsasən uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Qanunvericiliklə nəzərdə tutulmuş hallardan başqa valideynlərin istəyinə zidd olaraq uşağı onlardan ayırmaq qadağandır. Valideynlərinin hər ikisindən və ya birindən ayrı yaşayan uşağın onları tanımaq, habelə bu ona mənfi təsir göstərmirsə, valideynləri ilə ünsiyyətdə olmaq hüququ vardır. “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli 6/2011 nömrəli qərarında qeyd edilir ki, uşaqlardan ayrı yaşayan valideynlərə uşaqlarla ünsiyyət üçün elə vaxt və müddət müəyyən edilməlidir ki, o, qanunla nəzərdə tutulan validenlik hüquqlarını real və maneəsiz həyat keçirə bilsin. Məhkəmələr nəzərə almalıdırlar ki, uşaqla ünsiyyətdə olmaq istəyən valideynin iddiasının formal təmin edilməsi, uşaqla ünsiyyət üçün simvolik və əlverişsiz müddət müəyyən edilməsi yolverilməzdir. Məhkəmə kollegiyası hesab edir ki, uşağın normal psixoloji inkişafı üçün davamlı sosial mühitin olması, hər iki valideynin qayğısı, onların uşaqların tərbiyəsində birgə iştirakı vacibdir. Atanın uşağı ilə ünsiyyətinə qadağa qoyulması onun bir valideyn kimi qanunda nəzərdə tutulan hüquqlarının pozulmasına, eləcə də uşağın sabit psixoloji durumunun formalaşmasına, onun stabil inkişafına, psixikasına, təhsil və tərbiyəsinə mənfi təsir göstərə bilər. İşin yuxarıda qeyd olunan hallarına, göstərilən qanunvericilik aktı normalarına və beynəlxalq təcrübəyə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında saziş olmadığından və tərəflər valideynlik hüququnun həyata keçirilməsinə dair öz aralarında razılığa gələ bilmədiklərindən, iddia tələbi qismən əsaslı hesab edilərək, tərəflər arasında valideynlik hüququnun həyata keçirilməsi və uşaqlarla ünsiyyətdə olma müddəti məhkəmə tərəfindən yenidən müəyyən edilməlidir. “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxxx 2011-ci il tarixli qərarının 1-ci bəndinin izahına görə uşaqlardan ayrı yaşayan valideynlərə uşaqlarla ünsiyyət üçün elə vaxt və müddət müəyyən edilməlidir ki, o, qanunla nəzərdə tutulan valideynlik hüquqlarını real və maneəsiz həyata keçirə bilsin. Məhkəmələr nəzərə almalıdırlar ki, uşaqla ünsiyyətdə olmaq istəyən valideynin iddiasının formal təmin edilməsi, uşaqla ünsiyyət üçün simvolik və əlverişsiz müddət müəyyən edilməsi yolverilməzdir. Qanunun tələblərini nəzərə alaraq məhkəmə kollegiyası, tərəflərin birgə nikahdan Fərid adlı olan uşağın yaşını, anasına bağlılığını nəzərə alıb, hesab edir ki, İddiaçı azyaşlı uşağı ilə hər həftənin şənbə günü saat 10-00-dan 20-00-dək və ad günündə 4 saat olmaqla atası ilə görüşməsini məqsədəmüvafiq hesab edir. Bundan başqa məhkəmə kollegiyası Cavabdeh uşağın atası ilə ünsiyyətdə olmasının onun iştirakı ilə müəyyən edilməsini məqsədəmüvafiq hesab etmir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli qərarının 6.8-ci bəndində göstərilmişdir ki, qətnamənin nəticə hissəsi imperativ formada yazılmalı, baxılan iş üzrə tərəflərin hüquq və vəzifələrini dəqiq müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi ləğv edilməməlidir, lakin qətnamə dəyişdirilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.3, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh Şıxıyeva (Vəliyeva) Aynur Nüsrət qızının apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin bu iş üzrə xx xxxx 2020-ci il tarixli 2(060)-914/2020 saylı qətnaməsi dəyişdirilsin. İddiaçı xx xxxxx 2016-cı il təvəllüdlü X3 ilə hər həftənin şənbə günü saat 10:00-dan saat 20:00-dək və ad günündə 4 saat olmaqla görüş təyin edilməklə ünsiyyət qaydası müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-2462/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2462/2020
21.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver