Məhkəmə qərarları › İş №2(105)-2478/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2478/2020

01.12.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2478/2020 01.12.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi, İddiaçı, onun nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment və sair tələbinə dair iddiasına dair mülki iş üzrə Xaçmaz rayon Məhkəməsinin 2(067)-967/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətilərinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Xaçmaz rayon Məhkəməsinin 2(067)-967/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, xx.xx.2006-cı il təvəllüdlü X2, xx.xx.2008ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx xxxx 2020-ci ildən başlayaraq Cavabdeh hər ay hər uşaq üçün 50 manat olmaqla, cəmi 100 manat sabit pul şəklində alimentin alınaraq xx.xx.1979-cu il təvəllüdlü İddiaçı verilməsi, Cavabdeh 30 manat məbləğində dövlət rüsumunun tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməsi, qətnamənin dərhal icra olunması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Anar Sadıqov) Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edib iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edib iddia tələbinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İ Ş İ N H A L LA R İ: İddiaçı məhkəmədə iddia qaldıraraq Xaçmaz Rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən 4 uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehin xeyrinə cəmi 200 manat sabit məbləğdə alimenti ödəməkdən azad edilməsi, cavabdehdən 2 uşağın saxlanması üçün cavabdehin aylıq gəliri olan 1000 manat pulun 1/3 hissəsi məbləğində, yəni 333 manat məbləğində alimentin tutularaq ona verilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətinin dəlillərini müdafiə edib, cavabdehin apelyasiya şikayətinə etiraz edərək göstərdi ki, qətnamənin icrası ilə bağlı dəfələrlə icra tədbirləri həyata keçirilmiş, hər dəfə qızı Gülçiçək və oğlu İlimdar ağlayaraq, anaları Cavabdeh yanına qayıtmaq istəmədiklərini bildirmiş, hətta icra məmuru zorla uşaqları cavabdehə vermək istəsə də uşaqlar əllərindən çıxaraq evlərinə qayıtmışdır. Beləliklə, cavabdehlə ayrıldığı xx xxxxxxxx 2014-cü il tarixdən 4 uşaqdan ikisi, yəni qızı Gülçiçək və oğlu İlimdar onun himayəsində olurlar. Buna baxmayaraq Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Çingiz Muradov onu həbs etdirmək hədəsi ilə ona müəyyən təsirlər etməklə bu illər ərzində cavabdehin xeyrinə cəmi 2465 manat aliment pulları ödətdirmişdir. Bundan da əlavə cavabdeh 2016-ci ildən başlayaraq bu il də daxil olmaqla hər ay Xaçmaz rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzindən onun himayəsində olan iki uşağa və özünün yanında olan qızı Sərviyə görə dövlət tərəfindən verilən sosial müavinətləri almışdır, halbuki uşaqların ikisi 2014-cü ildən onun himayəsində olurlar. Dövlət həmin müavinətləri ona görə təyin edib ödəyir ki, bu uşağın ehtiyaclarının təmin edilməsi üçün sərf edilsin. Lakin cavabdeh onun himayəsində olan iki uşaq üçün ödənilən sosial müavinət pulları alaraq, özü üçün xərcləmişdir. Ona görə də hesab edir ki, cavabdeh 2016-2019-cu illərdə iki uşaq üçün aldığı müavinət pulları ona qaytarmalıdır. Cavabdehlə birgə nikahdan olan 4 uşaqdan 2-si onun himayəsində olduğu üçün o, həmin 2 uşağın saxlanılması üçün ona aliment ödəməlidir. Cavabdehlə aralarında olan digər mülki mübahisəyə baxılarkən məhkəmə tərəfindən verilmiş sorğuya əsasən Xaçmaz RİHB -nın yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx xxxx 2019-cu il tarixli 307 nömrəli rəyində cavabdehin sözlərində göstərilmişdir ki, o orta hesabla hər ay 1000-1100 manat gəlir əldə edir. Ona görə də, cavabdeh özünün etiraf etdiyi aylıq qazancı olan 1000 manat pulun 1/3 hissəsində ona aliment ödəməlidir. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməsini, cavabdehin apelyasiya şikayətinin təmin edilməməsini, Xaçmaz rayon Məhkəməsinin 2(067)-967/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və cavabdehdən onun aylıq qazancı olan 1100 manat pulun 1/3 hissəsi miqdarında yəni 366 manat 60 qəpik miqdarında alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh izahatında apelyasiya şikayətini müdafiə edib, iddiaçının apelyasiya şikayətinin dəlillərinə etiraz edərək göstərdi ki,,himayəsindəki uşaqlardan biri, xx.xx.2004-cü il təvəllüdlü X7 “Ensefalopatiya” diaqnozu ilə ikinci qrup əlildir. Bu səbəbdən ondan aliment tələb olunmamalıdır. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməsini, iddiaçının apelyasiya şikayətinin təmin edilməməsini, Xaçmaz rayon Məhkəməsinin 2(067)-967/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsinin iddianın təmin olunmuş hissəsində ləğv olunması və iddianın həmin hissədə də rədd olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iddiaçı və cavabdehin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdırıb, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayətləri qismən təmin edilməli, Xaçmaz rayon Məhkəməsinin 2(067)-967/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, cavabdehdən 2 uşağın saxlanması üçün cavabdehin aylıq gəlirinin 1/3 hissəsi məbləğində alimentin tutularaq iddiaçıya verilməli, Cavabdeh 30 manat məbləğində dövlət rüsumunun tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməli, iddia tələbi qalan hissələrdə təmin edilməməlidir. İş materiallarından müəyyən olunur ki, tərəflərin birgə nikahından X4 xx.xx.2006cı ildə, X5 xx.xx.2008-ci ildə doğulmuşdur. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli 2(105)-3214/2019 saylı qətnaməsinin surətindən müəyyən olunur ki, Xaçmaz Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı birgə nikahdan olan yetkinlik yaşına çatmamış uşaqların yaşayış yerinin müəyyən edilməsi tələbinə dair iddiasının təmin edilməməsi, iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmiş, İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Xaçmaz rayon məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 2(067)-316/2019 saylı qətnaməsi ləğv edilmişdir. İddiaçı Cavabdeh qarşı birgə nikahdan olan yetkinlik yaşına çatmamış uşaqların yaşayış yerinin müəyyən edilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, xx xxxxxxxx 2006-cı il təvəllüdlü X2 və xx.xx.2008-ci il təvəllüdlü X3 yaşayış yeri atası İddiaçı yanında qalması müəyyən edilmişdir. İddianın qalan hissəsi təmin edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(102)-535/2020 nömrəli qərarının surətindən müəyyən olunur ki, Cavabdeh kassasiya şikayəti təmin edilməmişdir. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli 2(105)- 3214/2019 nömrəli qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsində Cavabdeh iddianı qismən qəbul edərək göstərmişdir ki, 2 uşağın saxlanması üçün hər ay hər uşağa 50 manat olmaqla cəmi 100 manat aliment ödəməyə etiraz etmir. Birinci instansiya məhkəməsi cavabdehin hər uşaq üçün 50 manat olmaqla alimentin tutulmasına etiraz etməməsinə istinad edərək xx.xx.2006-cı il təvəllüdlü X2, xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx xxxx 2020-ci ildən başlayaraq Cavabdeh hər ay hər uşaq üçün 50 manat olmaqla, cəmi 100 manat sabit pul şəklində alimentin alınaraq xx.xx.1979-cu il təvəllüdlü İddiaçı verilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbindən görünür ki, iddiaçı cavabdehdən 2 uşağın saxlanması üçün cavabdehin aylıq gəliri olan 1000 manat pulun 1/3 hissəsi məbləğində, yəni 333 manat məbləğində alimentin tutularaq ona verilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. Bununla belə, qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi iddia tələbində iddiaçının alimenti cavabdehin qazancının 1/3 hissəsi miqdarında tələb etməsinə baxmayaraq, iki uşağa görə alimenti sabit pul məbləğində müəyyən etmiş, bununla da iddia tələbindən kənara çıxmışdır. Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə görə isə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göründüyü kimi, mülki-prosessual qanunvericilik bir qayda olaraq işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarılmasını müəyyən edir və bu qaydadan kənara çıxma da yalnız qanunda göstərilən müstəsna hallarda mümkündür. Hazırki halda da iddiadan kənara çıxmaq üçün qanunda göstərilən müstəsna hal yoxdur. Məhkəmə kollegiyası şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddia ərizəsində göstərilməyən tələb üzrə qətnamə çıxarmaqla maddi və prosessual hüquq normalarını pozulması ilə qətnamə qəbul etmişdir. Bu da qətnаmənin ləğvi üçün əsasdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, qətnamə ləğv edilməli, işə iddia tələbi həcmində baxılmaqla, həmin hissədə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının uşaqları üçün aliment tutulması barədə iddia tələbi qanuni və əsaslıdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, tərəflərin birgə nikahından xx.xx.2004-cü il təvəllüdlü Sərvi, xx.xx.2010-cu il təvəllüdlü Ummat, xx.xx.2006-cı il təvəllüdlü Gülçiçək, xx.xx.2008-ci il təvəllüdlü İlimdar adlı uşaqları doğulmuş, həmin uşaqlardan Gülçiçək və İlimdar iddiaçının, Sərvi və Ummat isə cavabdehin himayəsindədir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin yuxarıda qeyd olunan 75.1 və 75.4-cü maddələrnə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar və valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarıdna aliment tutulur. Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Hazırkı iddia ərizəsindən görünür ki, iddiaçı cavabdehin aylıq 1000 manat qazancı olmasını, bu səbəbdən alimenti cavabdehin qazancının 1/3 hissəsində tutulmasını xahiş etmişdir. Məhkəmə kollegiyası bu normalardan çıxış edərək, iddiaçının alimentin cavabdehin qazancının 1/3 hissəsində tutulması xahişini nəzərə alaraq belə nəticəyə gəlir ki, cavabdehdən aliment qazancının 1/3 hissəsi miqdarında tutulmalıdır. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki,alimentin tutulması xx xxxx 2020ci iltarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Eyni zamanda məhkəmə kollegiyası iddia tələbinin Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən 4 uşağın yetkinlik yaşçına çatanadək sxlanmaları üçün cavabdehin xeyrinə hər ay hər uşaq üçün 50 manat olmaqla cəmi 200 manat sabit pul məbləğində alimenti ödəməsindən azad edilməsi barədə xahişinə qiymət verərək qeyd edir ki, iddiaçının qeyd olunan tələbi məhkəmə icraatı zamanı deyil, qətnamələrin icra mərhələsində öz həllini tapmalıdır. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, alimentə dair iddia ərizələri verilərkən iddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyindən iddia ərizəsinin verilməsi üçün ödənilməli olan 30 manat dövlət rüsumu cavabdehdən tutulub dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsindən görünür ki, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci maddəsinin tələbinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda, məhkəməyə verilən iddia ərizələrindən 30 manat məbləğində dövlət rüsumu tutulur. Eyni zamanda, həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə məhkəməyə verilən iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1 və 119.2-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə kollegiyası iddiaçının apelyasiya şikayətinə qiymət verərək qeyd edir ki, iddiaçı cavabdehin aylıq 1100 manat qazanc əldə etdiyini bildirsə də, buna dair hər hansı sübutu təqdim etməmişdir. Bu səbəbdən də alimentin məğləği 1100 manata münasibətdə deyil, cavabdehin aylıq qazancının 1/3 miqdarında müəyyən edilir. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətinə qiymət verərək qeyd edir ki, tərəflərin birgə nikahından olan iki uşaq cavabdehin himayəsində olduğu və onların sxlanılması üçün iddiaçıdan aliment tutulduğundan , hazırki halda iddiaçının da öz yanında saxlanılan uşaqların saxlanması üçün cavabdehdən aliment almaq hüququ qanunvericiliklə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayətləri qismən təmin edilməli, Xaçmaz rayon Məhkəməsinin 2(067)-967/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, cavabdehdən 2 uşağın saxlanması üçün cavabdehin aylıq gəlirinin 1/3 hissəsi məbləğində alimentin tutularaq iddiaçıya verilməli, Cavabdeh 30 manat məbləğində dövlət rüsumunun tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməli, iddia tələbi qalan hissələrdə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.2, 393, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayətləri qismən təmin edilsin. Xaçmaz rayon Məhkəməsinin 2(067)-967/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı aliment və alimenti ödəməkdən azad edilməsi tələbinə dair iddiası qismən təmin edilsin. xx.xx.2006-cı il təvəllüdlü X2, xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx xxxx 2020-ci ildən başlayaraq Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin 1/3 hisəsi miqdarında aliment tutularaq İddiaçı verilsin. Cavabdeh 30 manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamə dərhal icra olunsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər, qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar