Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2480/2021 21.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı nümayəndə və vəkili Vəkil2, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “son haqq-hesabatın, ödənilməmiş məzuniyyətə dair ödənişlərin verilməsi, dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli, e-2(012)-361/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli, e-2(012)-361/2021 saylı qətnaməsi iddia qismən təmin edilmiş, "xxxx" MMC-dən son haqq-hesab məbləği olan 6700 manat və dövlət rüsumu üçün 20 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir (hakim C.İ.Səfiyeva). Qətnamədən narazı qalan iddiaçı X3 apelyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli, e-2(012)-361/2021 saylı qətnaməsinin ləğv edilməsi, iddianın tam təmin edilməsini xahiş etmişdir. İŞİN H A L L A R İ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı son haqq-hesabatın, ödənilməmiş məzuniyyətə dair ödənişlərin verilməsi, dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək son haqq-hesab məbləği olan 6700 manat və gecikdirilmiş əmək-haqqı üzrə 14.003 manat məbləğində pulun cavabdeh "xxxx" MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək cavabdeh "xxxx" MMC-dən 23651 manat məbləğində pulun, 2552 manat maddi ziyan, 5000 manat mənəvi zərər və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndə və vəkili Vəkil2 apelyasiya şikayətini müdafiə edərək göstərdi ki, iddia tələbinin hüquqi əsasını təşkil edən Əmək Məcəlləsinin 172.5-ci maddəsində və həmin maddənin “Qeyd” hissəsində birmənalı şəkildə qeyd edilib ki, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu zaman görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir. Qanunvericiliyin həmin tələbini bu işə tətbiq etdikdə açıq-aydın görünür ki, cavabdehin başqa şəxslərlə olan işgüzar münasibətlərindən yaranan borcun ödənilməməsi səbəbindən iddiaçıya son haqq-hesabı ödəməməsi cavabdehi son haqq-hesabı vaxtında ödəmədiyi üçün həmin vəsaitin gündəlik 1%-ni ödəmək öhdəliyindən azad etmir. İkincisi, cavabdehin qeyd edilən qətnamələri məhkəməyə təqdim edərək başqa şəxslərin ona olan borclarını ödəməməsi səbəbindən son haqq-hesab məbləğini vaxtında ödəyə bilməməsi barədə arqumenti və birinci instansiya məhkəməsinin bu arqumenti əsas tutaraq iddia tələbini həmin hissədə təmin etməməsi tamamilə qanunsuzdur. Çünki hətta Əmək Məcəlləsinin 172-ci maddəsinin qeyd hissəsi başqa formada müəyyən edilmiş olsaydı belə cavabdehin təqdim etdiyi qətnamələrdən görünür ki, son haqq-hesab 09 dekabr 2019-cu il tarixində ödənilməli olduğu halda həmin mübahisələr 2020 və 2021-ci illərə aiddir. Üçüncüsü, cavabdehin 09 dekabr 2019-cu ildə 6700 manat son haqq-hesab məbləğini ödəmək öhdəliyi olduğu halda bu məbləği ödəməməsini başqa şəxslərin ona ümumilikdə 628810,41 manat borcu olması ilə əsaslandırması tamamilə absurddur. Çünki iddiaçının cavabdeh şirkətdə tutduğu vəzifə üzrə həmin borcun yaranması və ya ödənilməməsi ilə bağlı heç bir məsuliyyəti və ya öhdəliyi olmayıb. Dördüncüsü, qanunvericilik son haqq-hesabın vaxtında ödənilməməsinə görə Əmək Məcəlləsinin 172-ci maddəsində maddi məsuliyyət nəzərdə tutmaqla yanaşı, İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə yeddi yüz manatdan 1500 manatadək inzibati məsuliyyət nəzərdə tutulur. Qüvvədə olan müxtəlif qanunvericilik aktlarında cavabdehin bu kimi qanunsuz əməllərinə müxtəlif xarakterli sanksiyaların nəzərdə tutulması işçilərin əmək hüquqlarının hərtərəfli müdafiəsi və işəgötürənləri bu hüquqları pozmaqdan çəkindirmək məqsədi daşıyır. Bütün bu qeyd edilənlər açıq-aydın təsdiq edir ki, cavabdeh son haqq-hesab məbləğini iddiaçı işdən azad olunan gün, yəni 09 dekabr 2019-cu il tarixdə ödəməli olduğundan, həmin vaxtdan 353 gündən artıq vaxt keçməsinə bxmayaraq cavabdeh həmin məbləği ona ödəmədiyindən, bu səbəbdən cavabdeh son haqq-hesabın üzrsüz səbəbdən ödənilmədiyi hər günə görə 1% hesablanmaqla, cəmi 23651 manat pulu iddiaçıya ödəməli olduğundan iddia tələbinin bu hissəsi tam əsaslı və qanunidir, təmin edilməlidir. Cavabdehin həmin məbləği bir ildən artıq müddətdə ödəməməsi iddiaçıya əlavə maddi zərər vurulması ilə nəticələnib. Bu arqumentin hüquqi əsasını isə Mülki Məcəllənin 445.7 və 449.1-ci maddəsi təşkil edir. Birinci instansiya məhkəməsi qətnaməsində həmin maddələrə istinad etsə də maddələri düzgün təfsir etmədiyi üçün səhv nəticəyə gəlib. Göründüyü kimi maddi zərərin ödənilməsi ilə bağlı tələb qanunvericiliyin konkret maddi hüquq normaları ilə əsaslandırıldığından və bu hissədə də iddia tələbi tam qanuni olduğundan təmin edilməli idi. Əmək Məcəlləsinin 113.1-ci maddəsinə əsasən, əmək məzuniyyəti - işçinin normal istirahəti, əmək qabiliyyətinin bərpası, sağlamlığının mühafizəsi və möhkəmləndirilməsi üçün işdən ayrılmaqla öz mülahizəsi ilə istifadə etdiyi müddəti bu Məcəllədə nəzərdə tutulandan az olmayan istirahət vaxtıdır. Əmək məzuniyyətinin müddəti təqvim günü ilə hesablanır. Həmin Məcəllənin 144.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Həmin Məcəllənin 172.4-cü maddəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Həmin Məcəllənin 172.5-ci maddəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Həmin Məcəllənin 172-ci maddəsinin “Qeyd” hissəsinə əsasən, Bu maddədə «işəgötürənin təqsiri üzündən gecikdirildikdə» dedikdə əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Məhkəmə iddia tələbinin son haqq-hesabın ödənilməsi hissəsini təmin etməklə iddiaçının həmin vəsaiti almaq hüququnu və bu hüququn bir ildən artıq müddətdə pozulması faktını tanıyıb. Belə olan halda onun qeyd edilən vəsaiti bir ildən artıq müddətdə almamağı, dəfələrlə həmin vəsaitin alınması üçün cavabdehə etdiyi müraciətlərə baxmayaraq, cavabdehin laqeyd şəkildə həmin vəsaiti ona ödəməməsi, cavabdehin bu qanunsuz hərəkətləri nəticəsində ailə başçısı və hüququ kobud şəkildə pozulmuş şəxs kimi onun stress, həyəcan və iztirab keçirdiyi, bütün bunların nəticəsində mənəvi zərərə məruz qalmağı açıq aşkar görünür. Belə olan halda birinci instansiya məhkəməsinin iddia tələbini bu hissədə əsaslandırmadığını və mənəvi zərərə məruz qalmağını təsdiq edən sübutları məhkəməyə təqdim etməməyi barədə arqumenti tamamilə qanunsuz və əsassızdır. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Abşeron Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli, e-2(012)-361/2021 saylı qətnaməsinin iddianı təmin olunmayan hissəsində ləğv edilməsini, iddianın həmin hissədə də təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edirəm. Məhkəmə kollegiyasının iclasında cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək göstərdi ki, iddia tələbini qismən, 6700 manat son haqq-hesab hissəsində qəbul edirlər. Daha sonra göstərdi ki, cavabdeh müəssisənin çoxsaylı borcları vardır ki, iddiaçının və başqalarının son haqq-hesabının vaxtında qaytarılmaması bu səbəbdən mümkün olmamışdır. Odur ki, qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Abşeron Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli, e-2(012)-361/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı apelyasiya şikayətində qətnamənin qismən ləvğ edilərək iddianın təmin edilməyən hissəsinin - gecikdirilmiş əmək-haqqı üzrə pulun, maddi və mənəvi ziyanın ödənilməsinin təmin edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası qətnaməni yalnız mübahisələndirilən həmin hissədə yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının vəkilnümayəndəsinin, cavabdehin nümayəndəsinin izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan əmək kitabçasının surətindən müəyyən edilir ki, 1/027 saylı əmrlə İddiaçı 09 mart 2018-ci il tarixdə "xxxx" MMC-nin inzibati işlər departamentinin rəisi vəzifəsində işə qəbul olunmuş və 09.12.2019-cu il tarixdə öz xahişi ilə işdən azad olunmuşdur.Tərərflərin izahatlarına görə iddiaçıya verilməli olan 6700 manat məbləğində son haqq-hesab ona ödənilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİ bəndinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 113.1-ci maddəsinin tələbinə əsasən əmək məzuniyyəti-işçinin normal istirahəti, əmək qabiliyyətinin bərpası, sağlamlığın mühafizəsi və möhkəmləndirilməsi üçün işdən ayrılmaqla öz mülahizəsi ilə istifadə etdiyi, müddəti həmin məcəllədə nəzərdə tutulandan az olmayan istirahət vaxtıdır. Həmin Məcəllənin 144-cü maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət olmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia tələbi son haqq-hesab hissəsində əsaslı olduğu üçün təmin edilməli, 6700 manat pul cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə iddia tələbinin son haqq-hesabın gecikdirilməsinə görə 353 gün üçün cərimə borcu məbləğinə dair hissəsinə münasibətdə qeyd etmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.4 və 172.5-ci maddəsinə görə işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Müəyyən edilmişdir ki, iş materiallarında olan olan Bakı Kommersiya Məhkəməsinin 10.03.2021-ci il tarixli, e-2-2(113)-979/2021 saylı qətnaməsinə əsasən 11676 manat məbləğində, Şirvan Kommersiya Məhkəməsinin 24 fevral 2021-ci il tarixli, e-2-2(121)- 95/2021 saylı qətnaməsinə əsasən 118.223 min manat, Bakı Kommersiya Məhkəməsinin 30.11.2020-ci il tarixli, e-2-2(113)-1185/2020 saylı qətnaməsinə əsasən 274.391,41 manat, Şirvan Kommersiya Məhkəməsinin 04.02.2021-ci il tarixli, e-2-2(121)-93/2021 saylı qətnaməsinə əsasən 15.520 manat, Bakı Kommersiya Məhkəməsinin 18.11.2020-ci il tarixli, e-2-2(113)-1743/2020 saylı qətnaməsi ilə 209.000 manat məbləğində pulun müxtəlif cavabdehlərdən tutulub "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Məhkəmə qeyd edilənlərə əsasən hesab etmişdir ki, iddia tələbi bu hissədə cavabdehin təqsiri sübuta yetirilmədiyindən əsassızdır və təmin edilməməlidir. Bundan başqa məhkəmə iddianın 7,25 % bank uçot dərəcəsi ilə 2552 manat ziyan tələbi hissəsinə münasibətdə qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən iddiaçıya məxsus son haqq-hesab məbləğindən hər hansı şəkildə faydalanması və ya həmin məbləğin əsassız əldə edilməsi sübuta yetirilmədiyindən iddia tələbi bu hissədə də əsassız olduğu üçün təmin edilməməlidir. Daha sonra məhkəmə iddia tələbinin 5000 manat mənəvi zərər hissəsinə münasibətdə qeyd etmişdir ki, iddia ərizəsi bu hissədə əsaslandırılmadığından və eyni zamanda bu hissədə sübutlar təqdim edilmədiyindən iddia bu hissədə də əsassızdır və təmin edilməməlidir. Qeyd edilənlərə əsasən məhkəmə haqlı olaraq belə nəticəyə gəlmişdir ki, iddia qismən təmin edilməli, "xxxx" MMC-dən son haqq-hesab məbləği olan 6700 manat pul vəsaiti tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iddia qismən təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun 20 manat məbləğindəki hissəsi cavabdeh “Aztexnika LTD" MMC-dən alınaraq İddiaçı ödənilməlidir. "Mahmudov Rusiyaya qarşı" iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən , bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin "Qavazov Bolqarıstana qarşı" 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni haqlı hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə 28 oktyabr 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı «Məhkəmə qətnaməsi» haqqında Qərarının 2.4-cü bəndinin izahına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayəti əsassız olduğu üçün təmin oluna bilməz. İş materiallarından görünür ki, cavabdeh apelyasiya şikayətinin dəlillərini əsaslandıra bilməmişdir. Belə ki, cavabdehin apelyasiya şikayətində qeyd olunan dəlilləri məhkəmə tərəfindən araşdırılaraq ona hüquqi qiymət verilmişdir. Bu baxımdan məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilən dəlilləri formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutlmuş əsaslar mövcud deyil. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin olunmamalı, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Abşeron Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli, e-2(012)-361/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. İddiaçı apelyasiya şikayəti təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-2480/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2480/2021
21.09.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver