Məhkəmə qərarları › İş №2(105)-2481/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2481/2020

11.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2481/2020 11.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), X4 və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Nahid Nəsrəddin oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2, Cavabdeh nümayəndəsi X8 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1140/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1140/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsiiləiddia qismən təmin edilmiş, xx.xx.2017-ci il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X1 üçün Cavabdeh xx.xx.2020-ci il tarixdən hər ay hər uşağa görə 100 (yüz) manat olmaqla, hər ay cəmi 200 (iki yüz) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, cavabdehdən 30 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. (hakim İ.Xəlilov) Qətnamədən İddiaçı apelyasiya şikayəti verərəkXaçmaz Rayon Məhkəməsinin 2(067)-1140/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsininləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2017-ci il təvəllüdlü X6 və xx.xx.2019-cu iltəvəllüdlü X1 üçün Cavabdeh hər ay hər uşağa görə 170 manat olmaqla, hər ay cəmi 340 manat sabit pul məbləğində alimentin tutularaq uşaqların yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün, habelə xx.xx.2019-cu il təvəllüdlü azyaşlı uşağı X7 3 yaşı tamam olanadək Cavabdeh hər ay 100 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, onlar cavabdehlə xx.xx.2016-cı il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar. Birgə nikahlarından xx.xx.2017-ci il tarixdə X9 və xx.xx.2019-cu il tarixdə X10 adlı 2 uşaqları anadan olmuşdur. Ailə münasibətləri pozulduğu üçün o, Cavabdeh ayrılmış və xx.xx.2020- ci il tarixdə azyaşlı uşaqları ilə birlikdə valideyinlərinin evinə qayıtmışdır. Artıq 2 aydır ki, azyaşlı uşaqları onun himayəsində yaşayırlar. Cavabdeh uşaqları ilə maraqlanmır, ona uşaqların saxlanması üçün heç bir maddi kömək göstərmir. Cavabdeh Xaçmaz rayon Mühafizə Bölməsində işləməklə yüksək aylıq əmək haqqına malikdir. Ona görə də,o, aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İddiaçı apelyasiya şikayəti iddia ərizəsi ilə eyniməzmunludur. Apelyasiya baxışı zamanı məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 apelyasiya şikayətinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Apelyasiya baxışı zamanı məhkəmə iclasında cavabdehin nümayəndəsi X12 apelyasiya şikayətinə etiraz edərək əlavə etdi ki, Cavabdeh Azərbaycan Respublikası DİN Baş Mühafizə İdarəsinin “Həyat əhəmiyyətli obyektlərin mühafizəsi üzrə” Polis Alayının polis nəfəri olmaqla 536,31 manat əmək haqqı alır. Onlar birgə yaşadıqları vaxtı 4 nəfərlik ailə olmaqla, hər bir nəfərə 134,075 manat düşür. Yəni uşaqların əvvəlki təminat səviyyəsi 134,075 manat təşkil edir. Bundan başqa iddiaçı uşaqların təhsili, tərbiyəsində iştirak etmək istəsə də, iddiaçı buna mane olur. Göstərilənlərə əsasən, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Birinci instansiya məhkəməsi işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan AZ-İİ seriyalı 161641 saylı nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh ilə İddiaçı xx.xx.2016-cı il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar. İş materiallarında olan AZ-İV seriyalı 029614 saylı, AZ-İV seriyalı 282147 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən müəyyən olunur ki, tərəflərin birgə nikahından xx.xx.2017-ci il təvəllüdlü X9 və xx.xx.2019-cu təvəllüdlü X10 anadan olmuşlar. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 232 saylı arayışdan müəyyən olunur ki, xx.xx.2017-ci il təvəllüdlü X9 və xx.xx.2019-cu təvəllüdlü X10 anaları İddiaçı himayəsində yaşayırlar. İşdə olan “ Azərbaycan Respublikası DİN Baş Mühafizə İdarəsinin “Həyat əhəmiyyətli obyektlərin mühafizəsi üzrə” Polis Alayının məktubuna əsasən cavabdeh 4-cü bölüyün polis nəfəri olmaqla 593 manat əmək haqqı aldığı görünür. İşdə olan Xaçmaz Rayon Məşğulluq Mərkəzinin arayışından məlum olur ki, iddiaçının adına əmək müqaviləsi aşkar edilməmişdir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayətiqismən təmin edilməli,Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1140/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi qismən ləğv edilməli, uşağın 3 yaşınadək iddiaçının saxlanması üçün 50 manat müəyyən edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflər xx.xx.2016-cı il tarixdə nikaha daxil olmuş, tərəflərin birgə nikahından xx.xx.2017-ci il təvəllüdlü X9 və xx.xx.2019-cu təvəllüdlü X10 anadan olmuşlar. Tərəflər faktiki olaraq ayrılmışlar. Uşaqlar analarının yanındadır. İddiaçı uşaqların saxlanmaları üçün hər uşaq üçün 170 manat, özünün azyaşlı uşağın 3 yaşınadək saxlanması üçün 100 manat alimentin tutulmasını tələb edir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinini İİ-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İİİ hissəsinə görə analıq, atalıq, uşaqlıq qanunla qorunur. Həmin maddənin İV hissəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 3.0.4-cü maddəsinə əsasən ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsini və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsi ailə qanunvericiliyinin ümdə vəzifələri kimi qeyd edilmişdir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinin tələblərinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun tələbinə əsasən uşaqlar üçün yaşayış minimumu 2020-ci ildə 170 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi, istinad olunan qanunvericilik aktlarının əsas istiqaməti ona yönəlmişdir ki, heç bir əsas valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin hər ikisinin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Məhkəmə kollegiyası hesab edir ki, aliment təyin olunarkən tərəflərin hər ikisinin maddi vəziyyəti, azyaşlıların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması nəzərə alınmalı, alimentin tutulması barədə tərəflərin hər birinə münasibətdə balanslaşdırılmış qətnamə çıxarılmalıdır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin müəyyən etdiyi tərəflərin birgə nikahından doğulmuş 2 azyaşlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment məbləği hər iki tərəfə münasibətdə ədalətli və ağlabatandır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.2.2-ci maddəsinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda, hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 86-cı maddəsinə görə aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Qeyd edilən Məcəllənin 86-cı maddəsi aliment münasibətlərinin hər iki tərəfinin maraqlarının tarazlığını təmin etmək şərti ilə, istər aliment alanın, istərsə də onu ödəyənin zəruri həyat səviyyəsinin saxlanılmasına yönəlmişdir. Bu kateqoriyadan olan iddianın təmin olunması üçün əsas şərt cavabdehin həmin alimenti ödəməyə zəruri vəsaitə malik olmasının sübuta yetirilməsidir. Məhkəmə kollegiyası bildirir ki, cavabdehin 50 manat məbləğində iddiaçının (arvadının) azyaşlı uşaqlarının 3 yaşına kimi saxlanması üçün alimenti ödəməyə zəruri vəsaitə malikdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin həmin hissəsində öz təsdiqini tapması qətnamənin təmin edilməyən həmin hissədə ləğvi üçün əsasdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.2-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1140/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə qismən ləğv edilsin. İddia tələbi qismən təmin edilsin. xx.xx.2019-cu il təvəllüdlü X7 3 yaşı tamam olanadək Cavabdeh hər ay 50 (əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Gülnarə Tağızadə Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar