Məhkəmə qərarları › İş №2(105)-2481/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2481/2021

21.09.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2481/2021 21.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, ilk iddia üzrə Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsindən istifadə hüququnun müəyyən edilməsi və mənzilə köçürülmə iddia tələbinə dair ilk, Cavabdeh1 və Cavabdeh2 cavabdeh İddiaçı qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli, 2(012)- 1335/2021 saylı qətnaməsindən ilk iddia üzrə Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli, 2(012)-1335/2021 saylı qətnaməsi ilə ilkin iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsindən istifadə hüququnun müəyyən edilməsi və mənzilə köçürülmə barədə və qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdeh İddiaçı qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə iddia tələblərinin təmin edilməməsi qət edilmişdir (hakim C.İ.Səfiyeva). Qətnamədən narazı qalan ilk iddia üzrə Cavabdeh2 apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli, 2(012)-1335/2021 saylı qətnaməsinin ləğv edilməsini, İddiaçı mübahisəli mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsinə dair verdiyi qarşılıqlı iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN H A L L A R İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsindən istifadə hüququnun müəyyən edilməsi və mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı övladları - 06.08.2012-ci il təvəllüdlü X4 və 10.10.2015-ci il təvəllüdlü X6 ilə birlikdə Cavabdeh2 məxsus olan ünvan 1 ünvanında yerləşən mənzilə olan yaşayış sahəsinə istifadə hüquqlarının müəyyən edilərək həmin mənzilə köçürülmələri və oradan istifadə qaydalarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdeh İddiaçı qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı və uşaqlarının yaşayış sahəsindən istifadə hüququnun müəyyən edilməsi və mənzilə köçürülmə tələbinə dair iddia ərizəsinin təmin edilməsi, İddiaçı ünvan 1 ünvanındakı mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsinə dair qarşılıqlı iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini və qətnamənin onun mənzil qeydiyyatından çıxarılması üçün əsas olmasını qətnamədə qeyd edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında ilkin iddia üzrə Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, İddiaçı məhkəməyə müraciət edərək evdən istifadə hüququnun müəyyən edilməsini və mənzilə köçürülməsini tələb etmiş, o isə qarşılıqlı iddia verərək Esmiranın iddia tələbinin rədd edilməsini, onun mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsini tələb etmişdir. Məhkəmənin qətnaməsinə əsasən hər iki iddianın təmin edilməməsi qət edilmişdir. O, qətnamədən narazıdır. Belə ki, o, mənzili rəsmi mülkiyyətçisi olan X5 evi etibarnamə ilə almışdır. Onun verdiyi etibarnamə ilə evin bütün səlahiyyətləri 50 il müddətinə ona verilmiş, bu müddətdə müvafiq sənədləşmənin həyata keçirilməsi nəzərdə tutulmuşdur. İddiaçı həmin evə istifadə hüququ faktiki olaraq yoxdur. O, 2019-cu ilin noyabr ayından həmin evdə yaşamır. Bunu üç qonşular da təsdiq edir. Məhkəmə iş üzrə ciddi araşdırma aparmadan yanlış nəticəyə gəlmiş, bununla da onun hüquqları kobud şəkildə pozulmuşdur. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Abşeron Rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli, 2(012)-1335/2021 saylı qətnaməsinin ləğv edilməsini, İddiaçı mübahisəli mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsinə dair verdiyi qarşılıqlı iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə ilkin iddia üzrə İddiaçı və Cavabdeh1 məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 apellyasiya şikayətində qətnaminin ləğv edilməsini, İddiaçı mübahisəli mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsinə dair verdiyi qarşılıqlı iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, qətnamə yalnız qarşılıqlı iddia üzrə İddiaçı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsinə dair hissədə mübahisələndirmişdir. Bu səbəbdən məhkəmə kollegiyası qətnaməni mübahisələndirilən hissədə müzakirə edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, proses iştirakçılarının izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mülki işin materiallarında olan Abşeron rayon X3, Mülkiyyət hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən verilən 31038 saylı qeydiyyat vəsiqəsindən müəyyən edilir ki, Abşeron rayonu, Xırdalan qəsəbəsi, Quşçuluq Y/M küçəsində 1-ci keçid, 2-ci döngə, 55 saylı yaşayış sahəsi- 26,5 m2, köməkçi sahəsi 16,7 m2, iki otaqdan ibarət yaşayış evi X7 adına mülkiyyət hüququ əsasında Abşeron rayon 1ci D.N.K-nın 04 oktyabr 2005-ci il tarixli, 40/2085 saylı a/s müqaviləsi əsasında qeydə alınmışdır. İş materiallarında olan 14 aprel 2011-ci il tarixli etibarnamədən müəyyən edilir ki, X2 X14 həmin etibarnamə ilə Azərbaycan Respublikası Abşeron rayon Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilimş 31038 saylı Qeydiyyat Vəsiqəsinə əsasən ona məxsus olan Abşeron rayonu, Xırdalan qəsəbəsi, Quşçuluq Y/M küçəsində 1ci keçid, 2-ci döngə, 55 saylı yaşayış sahəsi- 26,5 m2, köməkçi sahəsi 16,7 m2, iki otaqdan ibarət yaşayış evi üzərində sərəncam verməyi, tikinti işləri aparmağı, özəlləşdirməyi, çıxarış və 1 saylı arayış aldıqdan sonra satmağı, bağışlamağı, dəyişməyi, ipotekaya qoymağı, buna dair müqavilələr bağlamağı, imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar olaraq digər hərəkətlər etməyi etibar edir. Həmin etibarnamə 50 il müddətinə verilir və 14 aprel 2061-ci ilədək qüvvədədir. Müəyyən edilmişdir ki, ilkin iddia üzrə iddiaçı Cavabdeh1 ilə nikahı pozulduqdan sonra övladları ilə birgə atasıgildə qaldığını, iş üzrə digər cavabdeh olan qayınatasının adına olan ünvan 1 ünvanında yerləşən mənzili öz şəxsi vəsaiti hesabına təmir etdirdiyini, həmin evə istifadə hüquqlarının müəyyən edilərək övladları ilə birgə oraya köçürülmələrini və oradan istifadə qaydalarının müəyyən edilməsini xahiş edir. Qarşılıqlı iddia üzrə iddiaçılar isə həmin mənzilin nikahdan öncə etibarnamə əsasında alındığını, habelə mənzilin Rəna xanımın adına olduğunu qeyd edərək, cavabdehin həmin mənzildən 2019cu ilin 15 oktyabrdan çıxıb getdiyini, bunun üçün də onun həmin mənzilə istifadə hüququnu itirdiyini, onların həmin mənzildə birgə yaşamasının qeyri-mümkün olduğu üçün ilkin iddianın təmin edilməməsini, cavabdehin mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsini xahiş edirlər. Müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən ev X10 adlı şəxsin mülkiyyətindədir. Həmin ev barəsində mülkiyyətçi tərəfindən iş üzrə Cavabdeh2 adına 2011-ci il tarixdə ümumi etibarnamə verilmişdir. Etibarnamə verilən vaxtdan cavabdehlər ailə üzvləri ilə birlikdə köçüb orada yaşayırlar.Cavabdehlərin izahatına görə Cavabdeh2 həmin evi almış, lakin bu vaxta qəədər həmin ev üzərində hüquqlarını rəsmiləşdirməmişdir. İlkin iddiaçı isə Cavabdeh1la ailə qurduqları 19.04.2011-ci il tarixdən 2019-cu ilin oktyabrınadək orada yaşamışlar, ailə münasibətlərinin pozulması zəminində ilkin iddiaçı mübahisəli evi tərk etmişdir, indi isə hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. İş materiallarından görünür ki, məhkəmə belə nəticəyə gəlmişdir ki, iddia tələbi bu iddiaya cavab verməli olan şəxsə qarşı verilməmişdir. Belə ki, mübahisəli evin mülkiyyətçisi cavabdehlər yox, X8r və o, iddia tələbi üzrə cavabdeh kimi qoyulmamışdır. Yəni iddia iddiaya cavab verməli olan şəxsə qarşı qaldırılmamışdır. Bundan başqa iş materiallarından göründüyü kimi mübahisəli ev xüsusi mülkiyyətdə olan evdir, mülkiyyətçi isə cavabdeh-qarşılıqlı iddiaçı Cavabdeh2 mənzillə bağlı ümumi səlahiyyətlərini vermişdir, o isə ilkin iddia tələbini qəbul etmir. Qeyd edilən etibarnamə ilə ona belə bir səlahiyyət verilməmişdir. Eləcə məhkəmə qarşılıqlı iddia tələbinə qiymət verərkən məhkəmə qeyd etmişdir ki, qarşılıqlı iddiaçılar da hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik deyillər. Belə ki, mülkiyyətçi tərəfindən qarşılıqlı iddiaçıya verilmiş səlahiyyətin dairəsi yuxarıda qeyd edilmiş məzmunda olmaqla yalnız evin özgəninkiləşdirilməsi və bununla bağlı məslələri əhatə edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqlarının vəəsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadəhüquqlarını həyata keçirməyəəsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Məhkəmə belə nəticəyə gəlmişdir ki, mübahisəli xüsusi mülkiyyətdə olan ev olduğundan həmin evdən istifadə hüququ qanunla müəyyən edilmiş qaydada mülkiyyətçi ilə bağlanan saziş əsasında müəyyən edildiyindən ilkin iddia tələbi əsassız olmaqla təmin edilə bilməz. Cavabdeh - qarşılıqlı iddiaçıların isə hazırkı halda ilkin iddiaçıya qarşı qeyd edilən iddianı qaldırmaqda subyektiv hüquqları olmadığından qarşılıqlı iddia əsassız olmaqla təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Beləliklə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə ilə razılaşaraq hesab edir ki, iddia və qarşılıqlı iddia təmin edilməməlidir. Apellyasiya şikayətindən görünür ki, cavabdeh qarşılıqlı iddiaçı qətnaməni yalnız qarşılıqlı iddia tələbinə dair hissədə mübahisələndirir Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbini təmin etməməklə haqlı nəticəyə gəlmişdir. Belə ki, iş materialları ilə müəyyən olunmuşdur ki, qarşılıqlı iddiaçıların cavabdehin istifadə hüquqlarının itirilmiş hesab edilməsini tələb etdiyi mənzil onların deyil, digər şəxsin mülkiyyətindədir ki, iş materiallarından onun iddiaçılara belə bir səlahiyyət verməsi görünmür. Yəni qarşılıqlı iddiaçıların iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qəərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında tərəfin əsaslandırılmış qərar almaq hüququnu ədalətli məhkəmə baxışına olan hüququnun tərkib hissəsi kimi qiymətləndirmişdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Hiro Balani İspaniyaya qarşı» işi üzrə 09 dekabr 1994-cü il tarixli qərarından göstərmişdir ki, mili məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 3.1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikasının 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlik prinsipi nəzərə alınmaqla qətnamə yalnız tədqiq edilmiş sübutlara əsaslanmalıdır. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında X1 və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli, 5 saylı qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası «İnsan hüquqlarının və Əsas azadlıqların Müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası hesab edir ki, apelyantın apellyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, apelyant dəlillərini əsaslandıra bilməmiş, buna dair hər hansı bir sübut təqdim edə bilməmişdir. Eləcə də onun dəlillərinə məhkəmə qətnaməsində araşdırılaraq qiymət verilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilən dəlilləri formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasındakı mübahisənin həlli ücün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, qətnamənin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Abşeron Rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli, 2(012)-1335/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. İlk iddia üzrə Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar