Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2491/2020 27.08.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, iddiaçı “Rəvan Sığorta” açıq səhmdar cəmiyyətinin nümayəndəsi X2 və Cavabdeh iştirakları ilə açıq məhkəmə iclasında Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-4053/2020 saylı qərardadından iddiaçı “Rəvan Sığorta” açıq səhmdar cəmiyyətinin şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-4053/2020 saylı qərardadı ilə (sədrlik edən, hakim Əfqan Ələkbərov) iddiaçı “Rəvan Sığorta” açıq səhmdar cəmiyyətinin Cavabdeh qarşı ödənilmiş sığorta ödənişinin geriyə tələb edilməsinə dair mülki iş üzrə iddiaçı “Rəvan Sığorta” açıq səhmdar cəmiyyətinin iddianı təmin etmə tədbiri barədə ərizəsinin rədd edilməsi qərara alınmış, iddiaçı qərardaddan şikayət vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, “Rəvan Sığorta” açıq səhmdar cəmiyyəti iddia ilə məhkəməyə müraciət edərək cəmiyyət tərəfindən ödənilmiş 8360 manat məbləğində sığota ödənişinin 3360 manat hissəsinin, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 40 qəpik bank xidməti daxil olmaqla cəmi 3390,40 manat məbləğində pulun Cavabdeh tutularaq cəmiyyətə ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. “Rəvan Sığorta” açıq səhmdar cəmiyyəti eyni zamanda iddianı təmin etmə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin adına olan “Volkswagen Tiguan” markalı, **-CA-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə müvəqqəti həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmiş və ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh mülkiyyətində “Volkswagen Tiguan” markalı, **-CA-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi vardır. İddia təmin olunduğu halda və gələcəkdə qətnamənin icra olunması məqsədilə həmin əmlakın üzərinə müvəqqəti olaraq həbs qoyulması zərurəti yaranmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qərardadı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, qərardad qəbul edilərkən cəmiyyətin hüquqları əhəmiyyətli dərəcədə pozulmuşdur, qərardad əsassızdır və ləğv olunmalıdır. Belə ki, məhkəmə iş üzrə iddia tələbi təmin olunacağı təqdirdə cavabdehin qanunla müəyyən edilmiş vaxtda onu icra edəcəyini nəzərə alaraq hesab etmişdir ki, hazırda avtomobilin üzərinə həbsin qoyulmasına zərurət yoxdur. Məhkəmənin heç bir sübut və əsasa istinad etmədən gəldiyi nəticə tamamilə əsassızdır, çünki cavabdeh iddianı qəbul etməmişdir və iddia təmin olunacağı təqdirdə qətnamənin icra ediləcəyinə dair məhkəmədə əminlik yaradacaq hal yoxdur. İddia tələbi təmin olunanadək cavabdeh avtomobili özgəninkiləşdirə bilər və belə olan halda, sözügedən avtomobilin üzərində həbs olmazsa, cavabdehin qətnaməni icra etmədiyi təqdirdə borcun yönəldilə biləcəyi əmlak olmayacaqdır ki, bu da qətnamənin icrasını çətinləşdirəcəkdir. Şikayətdə iş üzrə məhkəmə qərardadının ləğv edilərəkiddianı təmin tədbiri barədə ərizənin təmin edilməsi ilə bağlı yeni qərardad qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iddiaçı “Rəvan Sığorta” açıq səhmdar cəmiyyətinin nümayəndəsi X3 şikayətin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında şikayətin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qərardadının dəyişdirilmədən, şikayətin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, şikayətin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməməli, iş üzrə məhkəmə qərardadı dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı təşkilatın şikayəti iş üzrə məhkəmə qərardadının ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qərardadının qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarından görünür ki, “Rəvan Sığorta” açıq səhmdar cəmiyyətinin iddia tələbi cəmiyyət tərəfindən ödənilmiş 8360 manat məbləğində sığota ödənişinin 3360 manat hissəsinin, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 40 qəpik bank xidməti daxil olmaqla cəmi 3390,40 manat məbləğində pulun Cavabdeh tutularaq cəmiyyətə ödənilməsi barədədir. “Rəvan Sığorta” açıq səhmdar cəmiyyəti eyni zamanda iddianı təmin etmə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin adına olan “Volkswagen Tiguan” markalı, **-CA-*** dövlət nömrə nişanlı avtomobil üzərinə müvəqqəti həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin tədbiri barədə ərizəni təmin etməyərkən Azərbaycan Respublikası MPM-nin 157-ci maddəsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslıdır. Azərbaycan Respublikası MPM-nin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən məhkəmə zəruri hallarda iddianı təmin etmək məqsədi ilə bu Məcəllənin müvafiq maddələrində nəzərdə tutulan digər tədbirləri görə bilər. Məhkəmə iddianın təmin edilməsinin bir neçə növünü tətbiq edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddianı təmin etmək tədbiri mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədi ilə tətbiq olunan və qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların aradan qaldırılmasına yönələn prosessual tədbirdir. İddianı təmin etmək tədbirlərini tətbiq edərkən məhkəmə belə bir mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi qətnamənin gələcəkdə icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası MM-nin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin mülkiyyətində olan “Volkswagen Tiguan” markalı, **-CA-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə həbsin qoyulması onun qanunvericilikdə nəzərdə tutulmuş mülkiyyət hüququna müdaxilə kimi qiymətləndirilməlidir, halbuki bu hüquq dövlət tərəfindən tanınır və qorunur. İş materiallarından görünür ki, iddianı təmin etmə tədbiri barədə ərizə iddiaçı təşkilat tərəfindən kifayət qədər əsaslandırılmamışdır. Məhkəmə kollegiyası yuxarıda sadalanan hüquq normalarının tələblərini tətbiq edib, hesab edir ki, birinci instansiya məhkəməsiiddianı təmin etmə tədbiri barədə ərizəni təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq iddiaçının şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası sadalanan halları, şikayətdə göstərilən dəlilləri araşdırıb hesab edir ki, iş üzrə məhkəmə qərardadı qanuni və əsaslı olduğundan və qərardadın apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, şikayət təmin edilməməli, məhkəmə qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264 və 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı “Rəvan Sığorta” açıq səhmdar cəmiyyətinin şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-4053/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Səyyad Qafari
Məhkəmə qərarları › İş №2(105)-2491/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2491/2020
27.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver