Məhkəmə qərarları › İş №2(105)-2499/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2499/2021

29.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2499/2021 29.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Əhmədov Elman Məmməd oğlundan ibarət tərkibdə, Əliyev Əliağa Vahid oğlunun katibliyi, İddiaçı, Cavabdeh, onun vəkili və nümayəndəsi X7 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində alimentin tutulması tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin 2(029)-432/2021 saylı, 17 may 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Qusar Rayon Məhkəməsinin 2(029)-432/2021 saylı, 17 may 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh İddiaçı xeyrinə 19 aprel 2021-ci il tarixdən başlayaraq 12 aprel 2014-cü il təvəllüdlü X2 və 30 aprel 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün sabit pul məbləğində hər ay hər uşaq üçün 100 (yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat miqdarda alimentin tutulması qət edilmişdir. (hakim A.Vəliyev) Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək, Qusar Rayon Məhkəməsinin 2(029)-432/2021 saylı, 17 may 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan doğulmuş 12 aprel 2014-cü il təvəllüdlü X2 və 30 aprel 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa görə 175 manat olmaqla, cəmi olaraq hər ay 350 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, 2014-cü ildə nikahı rəsmi qeyd etdirməklə Cavabdeh ilə ailə qurmuşdur. Cavabdehlə birgə nikahlarından 12 aprel 2014-cü il təvəllüdlü X5 və 30 aprel 2016-cı il təvəllüdlü X4 adlı iki uşaqları anadan olmuşlar. Ailə münasibətləri pozulduğu üçün o, cavabdehdən ayrılmış və azyaşlı uşaqları ilə birlikdə valideynlərinin evinə qayıtmışdır. Ayrılmaqlarının səbəbi cavabdehin öz ailəsinin, uşaqlarının qayğısına qalmaması, onlara heç bir maddi və mənəvi yardım göstərməməsi olmuşdur. Cavabdehdən ayrıldığı vaxtdan azyaşlı uşaqlar onun himayəsindədirlər. Cavabdeh uşaqların saxlanmasının və tərbiyəsinin qayğısını çəkmir, uşaqların maddi, məişət ehtiyaclarının ödənilməsini təmin etmir, ona uşaqların saxlanması üçün heç bir köməklik göstərmir. Uşaqları təkbaşına saxlamaq onun üçün çətindir. Ona görə də o, məhkəməyə müraciət etməyi qərara almışdır və göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İş üzrə İddiaçı apelyasiya şikayətini bununla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi qanunsuzdur. Onun məhkəmədə verdiyi izahat məhkəmə qətnaməsində düzgün göstərilməmişdir. Cavabdehlə ailə qurandan sonra ilk vaxtlar o, Rusiya Federasiyasının Dağıstan Respublikasına işləməyə gedirdi və ailənin maddi cəhətdən tam təmin ediləcək qədər vəsait göndərirdi. Həmçinin həmin vaxtlar cavabdehin və onun valideynlərinin mülkiyyətində olan torpaq sahəsində fındıq bağı salınmışdı. 3 ildir ki, fındıq bağı məhsul verir və cavabdehin daha Dağıstan Respublikasına pul qazanmağa getməyə ehtiyacı qalmamışdır. Qətnamə də isə göstərilir: “ İş materiallarında olan Qusar RİH-nin X17 Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin 22 aprel 2021-ci il tarixli, 198 nömrəli arayışından görünür ki, 1986-cı il təvəllüdlü Cavabdeh adına təsərrüfatbaşına kitabda qeydə alınmış iri və ya xırda buynuzlu heyvan və əmlakı yoxdur”. Cavabdeh hazırda vergi ödəyicisidir, nömrəsi isə **********5-dir. JN 0268 saylı, 30102005 kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən cavabdehin və onun validenlərinin (ailə üzvlərinin) mülkiyyətində olan 5,87 hektar torpaq sahəsi məhz cavabdeh tərəfindən istifadə edilir. Həmin torpaq sahəsinin 3,25 hektarı 3 yerdə ayrı-ayrı ərazilərdə yerləşir və torpaq sahələrində fındıq bağları salınmışdır. Qalan 2,62 hektar torpaq sahəsində isə hər il taxıl əkilir. Cavabdeh hər il təkcə fındıq satışından 10-12 min manat gəlir əldə edir. Özü uşaqlara baxdığı üçün heç yerdə işləmir. Cavabdeh isə istənilən yerdə işləyə bilər. Belə olan halda, iki uşaq üçün onun tələb etdiyi kimi hər ay cəmi 350 manat aliment tutulmalıdır. Bu hallara məhkəmə tərəfindən düzgün qiymət verilməmiş, onun işsiz olması, cavabdehin və onun maddi vəziyyəti nəzərə alınmamışdır. Göstərilənlərə əsasən qətnamə ləğv edilməli, iddia tamamilə təmin edilməlidir. Apelyasiya baxışı zamanı məhkəmə iclasında İddiaçı şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. O,əlavə etdi ki, boşanma barədə ayrıca iddia ilə məhkəməyə müraciət edilmişdir və onlar məhkəmə qaydasında boşanmışlar. Məhkəmə kollegiyasının iclasında Cavabdeh, onun vəkili və nümayəndəsi X12 çikayətə etiraz etdilər və onun təmin edilməməsini xahiş etdilər. Cavabdeh əlavə etdi ki, onlar artıq ayrılmışlar və azyaşlılar analarının himayəsindədir. Heç bir yerdə işləmir. Valideynləri xəstəsir. Qət edilmiş alimenti güclə ödəyəcək. Atasına məxsus torpaq sahəsində atası taxıl əkir, bu isə yalnız özlərinin istifadəsi üçündür. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan Qusar rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş nikah haqqında akt qeydindən çıxarışdan görünür ki, Cavabdeh ilə X6 01 aprel 2014-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar. Nikahdan sonra arvada Qurbanova soyadı verilmişdir. Yenə iş materiallarında olan AZ-lll 262096 və AZ-İİİ 712273 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X5 12.04.2014-cü ildə və X4 30.04.2016-cı ildə anadan olmuşdur, ataları Cavabdeh, anaları İddiaçıdır. Yenə də iş materiallarında olan Qusar rayon İHB-nın X15 Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş 16 aprel 2021-ci il tarixli, 259 nömrəli arayışdan görünür ki, İddiaçı azyaşlı uşaqları 12 aprel 2014-cü il təvəllüdlü X5 və 30 aprel 2016-cı il təvəllüdlü X4 ilə birlikdə atası X3 məxsus Qusar rayonunun Quxuroba kəndində yerləşən fərdi yaşayış evində yaşayır. İşdə olan Qusar rayon İHB-nın X17 Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin 22 aprel 2021-ci il tarixli, 197 nömrəli arayışından görünür ki, 1986-cı il təvəllüdlü Cavabdeh Samur qəsəbəsində yaşayır və heç bir yerdə işləmir. Yenə işdə olan Qusar rayon İHB-nın X17 Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin 22 aprel 2021-ci il tarixli, 198 nömrəli arayışından görünür ki, 1986-cı il təvəllüdlü Cavabdeh adına təsərrüfatbaşına kitabda qeydə alınmış iri və ya xırda buynuzlu heyvan və əmlakı yoxdur. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti qismən təmin edilməli, Qusar Rayon Məhkəməsinin 2(029)- 432/2021 saylı, 17 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilməli, tərəflərin nikahından doğulmuş Kəmran və Milana adlı uşaqların saxlanılması üçün hər ay tutulacaq alimentin məbləği hər uşaq üçün 125 manat olmaqla, ümumilikdə 250 manat müəyyən edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflər 01 aprel 2014-cü il tarixdə rəsmi nikah münasibətlərinə daxil olmuş, tərəflərin birgə nikahından 12 aprel 2014-cü ildə Kəmran və 30 aprel 2016-cı ildə Milana adlı uşaqlar doğulmuşlar. Tərəflər artıq ayrılmışlar və azyaşlı uşaqların hər ikisi analarının himayəsində qalmışdır. Hazırda İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh 12 aprel 2014-cü il təvəllüdlü X2 və 30 aprel 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşaq üçün 175 manat sabit məbləğdə alimentin alınaraq ona verilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmiş, məhkəmə qətnaməsilə bu məbləğ ümumilikdə 200 manat müəyyən edilmiş, lakin iddiaçı şikayət verərək həmin məbləğin iddia ərizəsindəki məbləğdə, yəni 350 manat müəyyən edilməsini xahiş etmişdir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinini İİ-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İİİ hissəsinə görə analıq, atalıq, uşaqlıq qanunla qorunur. Həmin maddənin İV hissəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 3.0.4-cü maddəsinə əsasən ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsini və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsi ailə qanunvericiliyinin ümdə vəzifələri kimi qeyd edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, uşaqlar barəsində dövlət siyəsəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Yenə həmin Məcəllənin 78-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Azərbaycan Respublikası Milli Məclisinin 21 iyul 1992-ci il tarixli, 236 saylı qərarı ilə Azərbaycan Respublikasının qoşulduğu BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul edilmiş “Uşaq hüquqları haqqında” Konvensiyasının 27-ci maddəsinə əsasən, hər bir uşaq fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazim olan həyat şəraitini öz bacarıqları və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. İstinad olunan qanunvericilik aktlarından da görünür ki, öz uşaqlarını saxlamaq valideynləri vəzifəsidir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin hər ikisinin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Mahiyyət etibarı ilə valideynlərlə uşaqların münasibətlərində aliment institutunun mövcudluğunun qanunverici tərəfindən tanınması ilk növbədə və birmənalı olaraq uşaqların mənafelərinin qorunmasına yönəlmişdir. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” AR Qanununa əsasən 2021-ci il üzrə ölkədə yaşayış minimumu uşaqlar üçün 175 manat müəyyən edilmişdir. İşdən göründüyü kimi tərəflər arasında münasibətlər pisləşdikdən sonra azyaşlı uşaqlar analarının yanında qalmış, işə baxan məhkəmə tərəfindən onların yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün 19 aprel 2021-ci tarixdən başlayaraq hər ay hər uşağa 100 manat olmaqla, ümumilikdə 200 manat sabit pul məbləğində aliment təyin edilmişdir. İddiaçı apelyasiya şikayətində təyin edilmiş 200 manat alimentin məbləğinin dəyişdirərək cəmi 300 manat təyin edilməsinə dair qətnamə qəbul edilməsi xahiş etmiş və cavabdehin maddi imkanının yaxşı olmasını əsas gətirmişdir. İşin tədqiq olunan faktiki hallarını, iddiaçının hazırda işsiz və azyaşlı uşaqların tərbiyəsilə məşğul olmasını, cavabdehin isə əmək qabiliyyətli olmasını, özünün də etiraf etdiyi kimi, valideynlərinin kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə malik olmasını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehdən hər uşağa görə hər ay 125 manat məbləğində aliment tutulması ağlabatan olardı. Bu hallara qiymət verərək, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin müəyyən etdiyi tərəflərin birgə nikahından doğulmuş Kəmran və Milana adlı azyaşlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün sabit aliment məbləği hər uşaq üçün 100 manatdan 125 manata qaldırılmalıdır və bu məbləğ hazırkı mərhələdə hər iki tərəfə münasibətdə ədalətli və ağlabatandır. Beləliklə, məhkəmə kollegiyası tərəflərin maddi və ailə vəziyyətlərini, ən başlıcası isə birgə nikahdan doğulmuş Kəmran və Milana adlı azyaşlı uşaqların mənafeyini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Qusar Rayon Məhkəməsinin 2(029)- 432/2021 saylı, 17 may 2021-ci il tarixli qətnaməsi ilə tutulan alimentin məbləği dəyişdirilməli, tutulacaq alimentin məbləği hər ay ümumilikdə 250 (125+125) manat məbləğində müəyyən olunmalıdır. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox qərarlarında da (“Delcourt Belçikaya qarşı” iş üzrə 17.01.1970-ci il tarixli, “Piersack Belçikaya qarşı” iş üzrə 01.10.1982-ci il tarixli, “X16rşı” iş üzrə 26.10.1984-cü il tarixli qərarları) ifadə olunmuş mövqeyinə görə “ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, tərəflərin birgə nikahından 12.04.2014-cü ildə doğulmuş Kəmran və 30 aprel 2016-cı ildə doğulmuş Milana adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 125 manat olmaqla, cəmi 250 manat sabit pul məbləğində alimentin tutulması hər iki tərəfə münasibətdə ədalətlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Qusar Rayon Məhkəməsinin 2(029)-432/2021 saylı, 17 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilsin. Cavabdeh İddiaçı xeyrinə 19 aprel 2021-ci il tarixdən başlayaraq 12 aprel 2014-cü il təvəllüdlü X2 və 30 aprel 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün sabit pul məbləğində hər ay hər uşaq üçün 125 (yüz iyirmi beş) manat olmaqla, cəmi 250 (iki yüz əlli) manat miqdarında aliment tutulsun. Qətnamə dərhal icra edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar