Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2508/2021 02.08.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X6 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi, Cavabdeh: Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı yaranmış aliment borcundan azad olunma tələbinə dair mülki iş üzrə Qubadlı Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Qubadlı Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli qətnaməsi ilə (hakim V.Y.Ruvinov) İddiaçı Cavabdeh qarşı yaranmış aliment borcundan azad olunma tələbinə dair iddianın rədd edilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2018-ci il tarixli qətnaməsi ilə 23.08.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün müəyyən olunmuş, 01.05.2019-cu il tarixdən 20.12.2020-ci il tarixə kimi yaranmış aliment borcundan azad olunması barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qubadlı Rayon Məhkəməsinin 2014-cü il tarixli qətnaməsi ilə cavabdehlə olan nikah pozulmuş, uşaq anasının himayəsinə verilmiş və uşağın saxlanmnası üçün 103 manat sabit pul məbləğində aliment tutulmalıdır. Sumqayıt Şəhər Məhkəməsinin 2018-ci il tarixli qətnaməsi ilə uşağın saxlanılması üçün hər ay 154 manat sabit pul məbləğində aliment tutulmalıdır. Alimenti 01.05.2019-cu ilə kimi tam ödəmişdir. 01.05.2019-cu ildə o cavabdeh ilə barışmış və bir ailə kimi 20.12.2020-ci ilə kimi bir yerdə yaşamışlar. Həmin müddət ərzində o, ailənin bütün tələbatları ödəmişdir. 01.05.2019-cu il tarixdən 20.12.2020-ci il tarixə kimi cavabdeh ondan aliment tələb etməmişdir. 20.12.2020-ci ildə cavabdeh yaşadıqları evi tərk etmiş və 2021-ci ilin yanvar ayında icra şöbəsinə getmiş və icra məmurundan qətnamənin icra olunmasını tələb etmişdir. İcra məmuruna bildirmişdir ki, aliment borclarından azad olunma tələbi ilə məhkəməyə müraciət edəcək. 20.12.2020-ci ildən sonra yaranan aliment borcunu ödəməkdən o yayınmır və qısa zaman ərzində həmin borclarını ödəyəcək. Hesab edir ki, 01.05.2019-cu il tarixdən 20.12.2020-ci il tarixə kimi yaranmış aliment borcunu iddiaçıdan tələb edilməsi qanunsuzdur. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onun faktiki nikahından Amal adlı uşağı vardır. O, Amalın saxlanılması üçün hər ay 154 manat aliment ödəyir. Onunla faktiki nikahla ailə qurduqdan Aygüllə münasibətləri pozulan kimi iddiaçı onunla barışmağa cəhd etmiş və bildirmişdir ki, onlar ayrı yaşasalar mehriban dolanarlar. Valideynləri onlara iki otaqlı ev almışdır. Həmin evdə onlar bir ailə kimi yaşamışlar. İddiaçı onunla iki dəfə ailə həyatı quraraq yaşamış və ondan sadəcə olaraq məqsədi pul qoparmaq olmuşdur. Onun tərəfindən iddiaçıya 12 mindən artıq pul verilmişdir. Lakin bunları məhkəmə nəzərə almamışdır. Qubadlı Rayon Məhkəməsinin 2(028)-160/2021 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə yaxud məhkəmə tərəfin icraatı qəsdən yubatdırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini rədd edərkən, iddiaçının mübahisə olunan alimentin cavabdehə ödənilməsi barədə sübutun olmamasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğun olmuşdur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsi tərəfindən verilmiş 19 fevral 2018-ci il tarixli icra vərəqəsinin kserosurətindən görünür ki, İddiaçı hər ay 154 (yüz əlli dörd) manat sabit pul məbləğində aliment 17.01.2018-ci il tarixdən başlayaraq tutulub 23.08.2012-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh veriməlidir. İş materiallarında olan və Sumqayıt şəhəri, 12 saylı MKS-nin sahə ustası X3, Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 24/8, mənzil 84-də yaşayan X4, Sumqayıt şəhəri, 4cü mikrorayon, ev 24/8, mənzil 99da yaşayan X10, Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 24/8, mənzil 109-da yaşayan X7 tərəfindən tərtib edilmiş və Sumqayıt şəhəri, 12 saylı MKS-nin möhürü ilə təsdiq edilmiş 04.02.2021-ci il tarixli aktında qeyd olunur ki, qonşuların dediyinə görə İddiaçı, Cavabdeh və N.A.Mənsurlu ilə 2019-cu ilin may ayından 2019-cu ilin iyul ayınadək Sumqayıt şəhəri, 4-cü mikrorayon ev 31/14, mənzil 34-də yaşamışlar, 2019-cu ilin avqust ayından 2020-ci ilin 20 dekabr ayınadək Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 24/8, mənzil 95-də birlikdə yaşamışlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. İcra haqqında Azərbaycan Respublikasının Qanununun 17.1.10-ci maddəsinə əsasən tələbkarın müvafiq xahişi olduqda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. İş materiallarından görünür ki, tələbkar Cavabdeh icra sənədi üzrə icraatı dayandırılması barədə xahişi ilə müraciət etməmişdir. Bu səbəbə görə məhkəmə hesab edir ki, 23.08.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün müəyyən olunmuş, 01.05.2019-cu il tarixdən 20.12.2020-ci il tarixə kimi yaranmış aliment borcundan azad olunması üçün İcra haqqında Azərbaycan Respublikasının Qanununun 17.1.10-cu maddəsində nəzərdə tutulmuş əsas mövcüd deyil. Odur ki, məhkəmə kollegiyası iddiaçının bu barədə gətirdiyi dəlili qəbul etmir və əsassız hesab edir. Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Qubadlı Rayon Məhkəməsinin bu iş üzrə 20 may 2021-ci il tarixli 2(028)-160/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-2508/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2508/2021
02.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver