Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-251/2024 14.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X8 və X1 ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh aliment tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 2(067)-2140/2023 nömrəli, 21 sentyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Xaçmaz Rayon Məhkəməsinin 21 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim V.Qasımova) iddia tələbi qismən təmin edilməsi, xx.xx.2007-ci il təvəllüdlü X2 və xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün 25 iyun 2023-cü ildən başlayaraq Cavabdeh hər ay hər uşaq üçün 130 manat olmaqla, ümumilikdə 260 manat məbləğində sabit pul şəklində aliment alınaraq İddiaçı verilməsi, qətnamənin dərhal icra olunması qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı məhkəmədə iddia qaldıraraq cavabdehdən onun xeyrinə 2 övladının saxlanması üçün hər ay hər uşağa 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində alimentin tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh rəsmi qaydada 2006-cı il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Birgə nikahdan xx.xx.2007-ci il təvəllüdlü X5 və xx.xx.2009-cu il təvəllüdlü X6 anadan olmuşdur. Xaçmaz Rayon Məhkəməsinin qərarına əsasən nikahları pozulmuş və uşaqlar ananın himayəsinə verilmişdir. Xaçmaz Rayon Məhkəməsinin qətnaməsinə əsasən hər həftənin şənbə və bazar günləri uşaqları ilə mütəmadi görüşmüşlər. Övladları analarının yanına getmək istəmədikləri üçün xx.xx.2021 tarixdən hal-hazıra kimi onun himayəsindədir. Bununla bağlı Xaçmaz rayon polis şöbəsi və İcra hakimiyyəti nümayəndələrinin iştirakı ilə keçirilmiş profilaktik söhbətlər zamanı uşaqların analarına getməmələri barədə akt tərtib olunuşdur. Göstərilənlərə əsasən tərəfindən uşaqların yaşayış yerinin onun yanında olması barədə və onun övladlarına münasibətdə aliment ödəməkdən azad edilməyi barədə Xaçmaz rayon məhkəməsinə müraciət etmişdir. Xaçmaz rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(067)-46/2023 nömrəli qətnaməsinə əsasən iddianın təmin olunmuş, uşaqların yaşayış yerinin onun yanında olması müəyyən edilmişdir. Uşaqlar onun yanında olduğu müddətdən anası tərəfindən uşaqların saxlanılması üçün heç bir maddi vəsait verilməmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Xaçmaz Rayon Məhkəməsinin 21 sentyabr 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamədə Azərbaycan Respublikasının Ailə Məcəlləsinin müvafiq maddələrinə və Uşaq hüquqları haqqında qanuna istinad edilsə də, onun məhkəməyə təqdim etdiyi sübutları araşdırılmamış və qətnamədə ümumiyyətlə qiymətləndirmə aparılmamışdır. Halbuki məhkəmədə nümayəndə olan atası Nümayəndə göstərmişdir ki, o, onkoloji xəstədir, bundan başqa şəkər xəstəliyindən əziyyət çəkir. Milli Onkologiya Mərkəzinin xx.xx.2015-ci il tarixli, Q-1218/15 saylı epikrizindən görünür ki, xx.xx.2015-ci ildə “hər iki süd vəzinin adenomektomiyası” dan cərrahi əməliyyat olunmuşdur. Əməliyyatdan sonra mütəmadi olaraq müalicələr qəbul edir. Xaçmaz rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin xx.xx.2020-ci il tarixli Bakı şəhəri, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına göndərişdən aydın olunur ki, “İki tərəfli neyrosensor, Ağıreşitmə İV dərəcə. İki tərəfli koxlear nevrit” diaqnozu ilə müalicə olunmaq üçün göndərilmişdir. Hazırda yüksək şəkər xəstəliyindən əziyyət çəkir, faktiki olaraq əmək qabiliyyəti yoxdur. Bazarda işləməsi barədə iddiaçı tərəfin göstərdikləri tamamilə əsassız olmaqla hər hansı sübut növu ilə təsdiqlənmir. Bütün bunlara baxmayaraq məhkəmə iki uşağın saxlanılması üçün ondan 260 manat məbləğində alimentin tutulub polis əməkdaşı olan İddiaçı verilməsini qət etmişdir. Halbuki uşaqların yaşayış yerinin müəyyən edilməsi barədə qaldırdığı iddiada İddiaçı göstərmişdir ki, uşaqların saxlanılması üçün hər cür maddi və mənzil şəraiti vardır. Yüksək məbləğdə gəlir əldə edir, uşaqların saxlanılması üçün hər cür imkanı vardır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə iddiaçıya məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxsin izahatını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə dəyişdirilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-nin 372.6. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslağını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsini iddiaçının himayəsində olan azyaşlı uşaqların mənafeyini və uşaqların saxlanması hər iki valideynin vəzifəsi olduğunu nəzərə alması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh vermiş olduğu apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş edərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla iddia tələbi üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinin İV hissəsinə görə ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Ailə Məcəlləsinin 56.1. maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar (Ailə Məcəlləsinin Ailə Məcəlləsinin 58.1. və 58.2. maddələri). Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (Ailə Məcəlləsinin 75.1. və 75.4. maddələri). Ailə Məcəlləsinin 78.1. maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəlləsinin 78.2. maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Məhkəmə kollegiyası qeyd edir ki, hər bir valideyn övladını saxlamağa, onun maddi və mənəvi tələbatının ödənilməsini təmin etməyə borcludur. Əgər valideynlər ayrı yaşayırsa, övladı yanında yaşayan valideynə digər valideyn övladının maddi tələbatının ödənilməsinin təmin edilməsindən ötrü aliment ödəməlidir. Aliment uşağın saxlanılması üçün bir valideynin digər valideynə uşağın tələbatının ödənilməsi üçün müəyyən edilən müavinətdir. Alimentin miqdarı müəyyən edilərkən ilk növbədə uşağın marağı təmin edilməlidir. Hər iki valideynin övladın tələbatının ödənilməsində birgə məsuliyyət daşısa da, övladı yanında qalan valideyn övladının maddi və mənəvi tələbatının ödənilməsində daha artıq məsuliyyət daşıyır. İddiaçı övladlarının saxlanılması üçün alimentin təyin edilməsini xahiş etmiş, birinci instansiya məhkəməsi hər ay hər uşaq üçün 130 manat olmaqla, ümumilikdə 260 manat məbləğində alimentin tutulmalı olması qənaətinə gəlmişdir. Cavabdeh onkoloji xəstəlikdən əziyyət çəkdiyini, maddi imkanın aşağı olduğunu, xəstəliyi ilə əlaqədar işləyə bilmədiyini, 260 manat məbləğində aliment ödəyə bilməyəcəyini əsas gətirərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Lakin cavabdehin maddi imkanının aşağı olması onun bir valideyn kimi məsuliyyətdən azad etməsə də, uşağın saxlanması üçün ödənilməli olan aliment məbləğinin davamlı olmasının təmin edilməsi, həm uşağın, həm də uşağın valideynlərinin mənafeləri arasında balansın təmin edilməsi zəruridir. Çünki alimenti vaxtlı-vaxtında ödənilməməsi uşağın mənafeyinin əsaslı şəkildə məhdudlaşdırılmasına səbəb olacaqdır. Belə ki, alimentin vaxtında ödənilməməsi uşağın maddi tələbatının təmin edilməsində məhdudiyyətlər yaradacaqdır ki, bu da uşağın mənafeyinə uyğun hesab edilə bilməz. Çünki, uşağın saxlanılması, onların maddi tələbatının ödənilməsində hər iki valideyn birgə məsuliyyət daşıyır. Odur ki, uşağın saxlanması üçün ödənilməli olan aliment məbləğinin davamlı olmasının təmin edilməsi, həm uşağın, həm də uşağın valideynlərinin mənafeləri arasında balansın təmin edilməsinin zəruriliyini nəzərə alaraq məhkəmə kollegiyası Cavabdeh tutulmalı olan alimentin məbləğinin azadılması barədə dəlilini qismən əsaslı hesab edir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilən alimentin miqdarı dəyişdirilməli, uşağın tələbatının ödənilməsinin vaxtında təmin edilməsindən ötrü alimentin məbləği hər ay hər uşağa görə 50 (əlli) manat olmaqla, 100 (yüz) manat məbləğində müəyyən edilməlidir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 21 sentyabr 2023-cü il tarixli qətnaməsi alimentin tutulması hissəsində dəyişdirilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.3. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Azərbaycan Respublikası MPM-nin 402.1. maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası MPM-nin 112.1.3. maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə tələb hər ay hər uşağa 220 (iki yüz iyirmi) manat məbləğində alimentin tutulması təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş alimentin məbləği azaldılaraq hər ay hər uşağa 130 (yüz otuz) manat məbləğində aliment müəyyən edilmişdir. Həmin məbləğin bir il ərzində məcmusu isə (220-130=90 x 2=180 x 12 ay = 2160 manat) 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 saylı qərarının 8.14. bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə kollegiyası hesab edir ki, alimentin tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 saylı qərarının 8.14. bəndinə uyğun olaraq məhkəmə aktının qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Lakin hazırkı iş üzrə qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmadığından, alimentin tutulması dərhal icra edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 217.2, 234.2.1, 382, 384.0.3, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Apellyasiya şikayəti qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 21 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilsin. Cavabdeh xx.xx.2007-ci il təvəllüdlü X2 və xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 50 (əlli) manat olmaqla, ümumilikdə 100 (yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-251/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-251/2024
14.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver