Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2561/2020 25.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər «xxxx» MMC-yə və Xaçmaz rayon 1 saylı notariat ofisinə qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Xaçmaz rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(067)-979/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Xaçmaz rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim A.Sadıqov) İddiaçı cavabdehlər «xxxx» MMC-yə və qeyrisinə qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi tələbinə dair iddiasının təmin olunmaması qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh «xxxx» MMC ilə arasında Xudat şəhəri O.Mirzəyev küçəsi 8 nömrəli evin və evin yerləşdiyi 0,04 ha torpaq sahəsinə dair bağlanmış notariat qaydada təsdiq edilmiş xx xxxxxxxx 2018-ci il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, «xxxx» MMC ilə onun arasında Xudat şəhəri O.Mirzəyev küçəsi 8 nömrəli evin və evin yerləşdiyi 0,04 ha torpaq sahəsinin alqı-satqısına dair xx xxxxxxxx 2018-ci il tarixdə Xaçmaz rayon 1 saylı notariat ofisində alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilədə qeyd edilir ki, o, Xudat şəhəri O.Mirzəyev küçəsi 8 nömrəli evini və 0,04 ha torpaq sahəsini «xxxx» MMC-nə 200000 manata satmışdır. Həmin 200000 manatdan ona 85242 manat ödənilmişdir və müqavilə təsdiq edilmişdir. Qalan 114758 manatı isə cavabdeh ona müqavilədən kənar ödəməli idi və bu barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin puldan bir hissəsini ödəsə də ona 85000 manat borclu qalmışdır. Bu məbləği ödəməkdən yayınır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Xaçmaz rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassızdır. Bu səbəbdən qətnamə ləğv olunub, iddia tələbi təmin edilməlidir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının yeri və vaxtı barədə iddiaçıya və cavabdeh Xaçmaz rayon 1 saylı notariat ofisinə məlumat verilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər, iştirak etməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallanı araşdırıb, məruzəçini və cavabdehin nümayəndəsinin izahatını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsini alqı-satqı müqaviləsi qanunvericiliyin tələblərinə uyğun, notarial qaydada bağlanması, müqavilədə hər hansı şərt nəzərdə tutulmaması, müqavilənin ləğvinə səbəb ola bilən və qanunda göstərilən heç bir hal baş verməməsi, iddiaçının müqavilənin ləğv edilməsi üçün göstərdiyi hallara dair hər hansı sübutu məhkəməyə təqdim etməməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan iddiaçı qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab edir. İş materiallarında olan Xaçmaz rayon 1 saylı notariat ofisinin notariusu Firdovsi Məmmədovun izahatından müəyyən olunur ki, mübahisə predmeti olan xx.xx.2018-ci il tarixlə 4Ə-1945 reyestr nömrəli alqı-satqı müqaviləsi onun tərəfindən təsdiq olunmuşdur. Həmin müqavilə ilə satış obyekti olan Xudat şəhəri Osman Mirzəyev küçəsi ev 8 və həmin evə məxsus olan 0.04 ha torpaq sahəsi 85242 manat 20 qəpik məbləğində «xxxx» MMC-yə satılmışdır. Alqı-satqı müqaviləsinin təsdiqi zamanı iddiaçının iddia etdiyi kimi 200.000 manat haqqında heç bir söhbət olmamışdır. Əmlak həqiqətən 85242,20 manata satılmışdır. İş materiallarında olan AN-İ seriyalı ******* nömrəli, 4Ə-1945 reyestr nömrəli, xx xxxxxxxx 2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən müəyyən olunur ki, İddiaçı DƏDRX-nin ərazi idarəsi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş **********70-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Xaçmaz rayonu Xudat şəhəri O.Mirzəyev küçəsi 8 nömrəli evi və evin yerləşdiyi 0,04 ha torpaq sahəsini «xxxx» MMC-nə 85242 manata satmışdır. İş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat tarixi xx.xx.2018-ci il olan, ********** qeydiyyat nömrəli RX seriyalı ******* nömrəli çıxarışdan müəyyən olunur ki, ünvan 1 ünvanında 0.04 ha torpaq sahəsində yerləşən 87,7 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə «xxxx» MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində 52 nömrəli reyestr kitabının 94 nömrəli vərəqində qeydiyyata alınmışdır. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər (Mülki Məcəllənin 389.1. və 390.1. maddələri). Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur (Mülki Məcəllənin 421.1. və 421.2. maddələri). Kollegiya qeyd edir ki, mülki hüquq münasibətlərin yaranma əsaslarından biri müqavilədir. Müqavilə iki tərəfin iradə ifadəsi ilə şərtləri müəyyən edilən və hər iki tərəfin iradə ifadəsini əks etdirən əqddir. Əqdlərin digər növlərində olduğu kimi bu müqavilə də mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və xitamına səbəb ola bilər. Alqı-satqı müqaviləsinə əsasən bir tərəf (satıcı) digər tərəfə (alıcıya) mülkiyyətində olan əmlakı verir, alıcı isə həmin əmlakın dəyərini ödəməklə həmin əmlak üzərində mülkiyyət hüququ əldə edir. Tərəflərin iradə ifadəsi ilə bağlanan müqavilədə hər hansı bir qeyd şərt müəyyən edilə bilər. Bu zaman müqavilə şərtlə bağlanmış müqavilə hesab olunur. İşdən görünür ki, iddiaçı Xudat şəhəri O.Mirzəyev küçəsi 8 nömrəli evin və evin yerləşdiyi 0,04 ha torpaq sahəsini 200000 (iki yüz min) manata cavabdehə satdığını, həmin məbləğdən 85242 manatının ona ödənildiyini, qalan 114758 manatını isə müqavilədən kənar ona ödənilməli olduğunu, həmin məbləğdən bir hissəsini ödəsə də, yerdə qalan 85.000 manatı ödəmədiyini əsas gətirərək, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (Azərbaycan Respublikası MPM-nin 77.1 və 14.2. 217.4. maddələri). Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 88-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudovun Rusiyaya qarşı iş üzrə» xx xxxx 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti, incumbit probalion» (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə kollegiyası hesab edir ki, sübutetmə yükü üzərinə düşən iddiaçı öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları təsdiq edən hər hansı tutarlı sübut məhkəmə kollegiyasına təqdim etməmişdir. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin olunmaması barədə gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2006-cı il tarixli qərarı). Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Xaçmaz rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ Apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səyyad Qafari Hakimlər Şəmsəddin Abasov Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-2561/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2561/2020
25.11.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver