Məhkəmə qərarları › İş №2(105)-258/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-258/2021

07.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-258/2021 07.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Rzayev Məhəmmədəli Əsəd oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı görülmüş işin qüsurları nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 10 aprel 2017-ci il tarixli, 2(067)-1160/2017 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən gördüyü işin qüsurları nəticəsində ona vurulmuş zərərin əvəzi olaraq 20000 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 20030 manatın alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin 10 aprel 2017-ci il tarixli, 2(067)-1160/2017 nömrəli qətnaməsi ilə (hakim A.F.İbrahimov) iddia təmin edilərək, Cavabdeh 12000 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi qət olunmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 fevral 2018-cu il tarixli, 2(105)-218/2018 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Xaçmaz Rayon Məhkəməsinin 10 aprel 2017-ci il tarixli, 2(067)- 1160/2017 nömrəli qətnaməsi dəyişdirilmiş, iddia qismən təmin edilmiş, Cavabdeh 8530 manat məbləğində pulun alınaraq İddiaçı verilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 23 iyul 2018-ci il tarixli, 2(102)-4762/2018 nömrəli qərarı ilə Cavabdeh kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 fevral 2018-cu il tarixli, 2(105)-218/2018 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin apellyasiya məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 dekabr 2019-cu il tarixli, 2(105)-316/2019 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Xaçmaz Rayon Məhkəməsinin 10 aprel 2017-ci il tarixli, 2(067)- 1160/2017 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29 iyun 2020-ci il tarixli, 2(102)-2899/2020 nömrəli qərarı ilə Cavabdeh kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 dekabr 2019-cu il tarixli, 2(105)-316/2019 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin apellyasiya məhkəməsinə göndərilmişdir. İŞİN HALLARİ: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Xaçmaz şəhəri, Ə.Hacıyev küçəsi, Yataqxana-1 də iki uşağı ilə birlikdə yaşayır. 2011-ci ildə notariatda təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən digər şəxsdən Xaçmaz şəhəri, Çənlibel istirahət parkına yaxın ərazidən 0,05 ha həyətyanı torpaq sahəsini satın almışdır. Cavabdeh də onların yaşadığı yataqxanada yaşayır. Bir dəfə cavabdehə ev tikmək üçün həyətyanı torpaq sahəsi aldığını demişdir. Cavabdeh bildirmişdir ki, tikinti-inşaat işləri bacarır və ona təklif etmişdir ki, torpaq sahəsində tikiləcək evi özü tiksin. Cavabdeh qonşusu olduğu üçün, sonuncunun təklifi ilə razı olmuş, birlikdə gedib torpaq sahəsinə baxış keçirmişdir. O, cavabdehə təklif etmişdir ki, Memarlıq və Şəhərsalma Şöbəsindən evin layihəsini hazırlayıb gətirsin və bundan sonra tikinti işinə başlasın. Lakin cavabdeh ona bildirmişdir ki, heç bir layihə sənədi lazım deyil və tikəcəyi evi mütləq bəyənəcəkdir. 2011-ci ilin iyun ayının əvvəllərindən cavabdeh torpaq sahəsində tikinti işlərinə başlamışdır. Cavabdeh sifarişi ilə o, tikinti işlərinin aparılması üçün çay daşı, mişar daşı, çınqıl, qum, sement və s. tikinti materialları almışdır. Bundan da əlavə cavabdehin özü ondan nağd pul alaraq lazım olan əlavə tikinti materiallarını almışdır. Cavabdeh tikinti işlərinə başlamazdan əvvəl ona sifariş vermişdir ki, həyətyanı torpaq sahəsində səkili, 3 otaq və 1 balkondan ibarət yaşayış evi tiksin. 2012-ci ilin iyun ayında o cavabdehin gördüyü işlərə baxmaq üçün torpaq sahəsinə getdikdə görmüşdür ki, onun tikdiyi ev heç də yaşayış evinə oxşamır. Belə ki, həyətin giriş qapısı (darvaza) düz yerdə qoyulmayıb, evin quruluşu düzgün deyil, evin otaqlara giriş qapıları və pəncərələri düzgün yerdə qoyulmayıb, pəncərələrdən otaqların içərisinə təbii işıq düşmür, pəncərələr birbaşa qonşunun həyətinə baxır, yəni gələcəkdə iki qonşu arasında mübahisəyə çevrilə bilər. Bundan da əlavə, Cavabdeh onun savadsızlığından sui-istifadə edərək torpaq sahəsində bütün perimetr üzrə, yəni dörd tərəfdən mişar daşından hündürlüyü 3 metrdən də artıq olmaqla hasar tikmişdir. Bundan da əlavə evdən aralıda hamam və ayaqyolu da düz yerdə tikilməmişdir. Yəni cavabdehin apardığı tikinti işləri onun xoşuna gəlməmiş, ona öz iradını bildirmişdir. Buna görə cavabdehlə aralarında mübahisə düşmüş və onun tərəfindən tikinti işlərinin davam etdirilməsini dayandırmışdır. Bundan sonra o, başqa ustaları gətirib tikinti işlərini davam etdirmək istədikdə ustalar bildirmişlər ki, cavabdehin tikdiyi ev də, digər yardımçı tikililər də tam sökülüb yenidən tikilməlidir. Beləliklə, cavabdehin qüsurlu işi nəticəsində ona xeyli miqdarda maddi ziyan dəymişdir, bütün tikililər sökülüb yenidən tikinti işləri aparılmalıdır. Ümumi hesablamalarına görə ona dəyən maddi ziyan 20000 manata yaxındır. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnamə qəbul edərkən maddi hüquq normalarını pozmuşdur. Məhkəmə yalnız iş üzrə mütəxəssis rəyinə əsaslanaraq qətnamə qəbul etmişdir. İşin məhkəmə baxışında iddiaçının tələbləri qətiyyən araşdırılmamış, onun gətirdiyi arqumentlər qiymətləndirilməmişdir. İddiaçı ilə onun arasında yaranan mübahisəli vəziyyətin aydınlaşdırılması üçün heç bir tədbir görülməmiş və hətta ona işin məhkəmə baxışında özünü müdafiə etmək üçün imkan belə verilməmişdir. O, 30 ilə yaxındır ki, bənnalıqla məşğul olur. O, İddiaçı 1997-ci ildən tanıyır. Qeyd olunan ünvanda ailəsi ilə birlikdə 1994-cü ildən, cavabdeh İddiaçı həmin yataqxanada 1997-ci ildən yaşayır. Hətta yaşadığı ünvanda yəni, ünvan 1ldə İddiaçı üçün bir otaq tikib vermiş və o da işini bəyənib, lakin zəhmət haqqını ondan çox çətinliklə almışdır. 2008-ci ilin dekabr ayında İddiaçı onun evinə gəlib həyat yoldaşı Əzimə Cəfərovanın yanında ona demişdir ki, Xaçmaz şəhəri, Çənlibel istirahət parkına yaxın ərazidə torpaq sahəsi alıb orada fərdi yaşayış evi inşa etdirmək istəyir və xahiş etmişdir ki, tikdirmək istədiyi evin bənnalığını o etsin. Lakin o, iddia ərizəsində bunun əksinə olaraq göstərir ki, guya o xahiş etmişdir ki, aldığı torpaq sahəsində inşa etdirmək istədiyi evin bənnalığını ona həvalə etsin və bununla yanaşı ona guya demişdir ki, heç bir layihə sənədi lazım deyil. Halbuki, evin layihə sənədlərini ev sahibi əvvəldən hazırlamalıdır. Qeyd etmişdir ki, iddiaçının həyətyanı torpaq sahəsi almasını və orada fərdi yaşayış evi inşa etdirmək istəməsini deməsə o, bilə bilməzdi. Digər tərəfdən o, bənnalıq işini yaxşı bacardığı üçün müxtəlif şəxslərə dəfələrlə fərdi yaşayış evi tikmiş və bir dəfə də olsun müştəriləri ondan narazı qalmamışlar. O, evin layihə sənədləri barədə iddiaçıdan soruşanda ona bildirmişdir ki, evi qonşuluqda inşa olunan evlərdən birinin formasında inşa etdirmək istəyir. 28 mart 2009-cu il tarixdə razılaşmışlar ki, işə başlasın, Sunayə ilə birlikdə qonşuların evlərinin tikilişinə baxıb bünövrənin tökülməsi üçün ip tutub bünövrəni hazırlamışlar. Evin və həyətdə yerləşən digər tikililərin bənnalığı və fəhləliyini o, tək etmişdir. Evin torpaq sahəsinin hansı hissəsində tikilməsi, darvazanın, həyətdə tikiləcək binaların yerini və hansı formada tikiləcəyini ondan iddiaçı tələb etmiş və o da Sunayənin dediklərinə əsasən evi və həyətdəki digər tikililəri inşa etmişdir. İddiaçı işlədiyi dövrdə ona olan borcundan 4000 manatını hissə-hissə ödəmiş, qalan hissəsini isə bu günə kimi ödəməmişdir. 2010-cu ilin aprel ayında o, iddiaçıdan tələb etmişdir ki, zəhmət haqqından bir hissəsini təcili ödəsin, ona pul lazımdır. İddiaçı demişdir ki, faizə pul götürsün, o da faizlərini özü ödəyəcək, sonra hesablaşarlar. O da məcbur olub tanıdığı bir şəxsdən 1000 manat faizə pul götürmüşdür. Sunayə faizləri 3 il ödəmiş lakin sonradan ödəmədiyi üçün indi həmin pulun faizi əsas məbləğlə birlikdə 4800 manat təşkil etmişdir. O, iddiaçıdan zəhmət haqqını istəyəndə, ona demişdir ki, bir yerdən pul tapsın, satmağa ev qoyub, satıb pulunu tam ödəyəcəkdir. 2012-ci ilin 7 yanvarında o, iddiaçıdan zəhmət haqqını təkrarən tələb etmişdir. Həmin vaxt Sunayənin ona 7560 manat borcu var idi. O, bildirmişdir ki, qardaşının oğlu üçün maşın almışdır, onu satan kimi pulunu ödəyəcəkdir, o, inşaat işini dayandırmasın. O, iddiaçıya demişdir ki, pulunu verməsə işləməyəcək və həmin gündən işi dayandırmışdır. 2015-ci ilin avqust ayında Sunayə onun işlədiyi evə gəlib demişdir ki, 2000 manat verir, gəlib işi davam etdirsin. Lakin o, razılaşmamış və bildirmişdir ki, pulunu tam ödəməsə işləməyəcək. Dəfələrlə ondan pulunu istəsə də ala bilməmiş, o, hər dəfə müxtəlif bəhanələrlə onu aldadıb pulunu ödəyəcəyini bildirsə də, zəhmət haqqını ödəməmişdir. Sünayə pulunu verməmək üçün müxtəlif bəhanələrdən və vasitələrdən indiyə kimi istifadə edir. Mübahisəli evi və həyətdə gördüyü digər tikinti işlərini yerinə yetirəndə Sunayə hər gün onun yanında olub və bir dəfə də olsun gördüyü işdən narazılıq bildirməyib. İşin məhkəmə baxışında iş üzrə ekspertiza təyin olunması zəruri olsa da, hakim mütəxəssis rəyindən istifadə etməyə üstünlük verərək, yalnız mütəxəssis rəyinə əsaslanıb əsassız qərar qəbul etmişdir. Bundan əlavə, mütəxəssis tikdiyi evə və digər tikililərə baxış keçirərkən onun iştirakı təmin olunmamış və ümumiyyətlə onun bundan xəbəri olmamışdır. İşin məhkəmə baxışında isə qeyd olunanlarla əlaqədar ona hətta danışmağa imkan verilməmişdir. Mütəxəssis rəyində evin layihəsinin, memarlıq planlaşdırma layihəsinin olmaması, qonşu ilə ara məsafəsinin saxlanmaması, tikilinin birinci mərtəbəsinin üstündən çəkilmiş beton kəmərin əyri olması, tikilinin arxa otaqlarının təbii işıqlanma üçün pəncərələrinin olmaması əsas götürülərək iddiaçıya məxsus olan həmin yaşayış evinin tikinti norma və qaydaları çərçivəsində inşa edilməməsi göstərilmişdir. Halbuki, layihə sənədlərinin hazırlanması bənnanın deyil, ev sahibinin vəzifəsidir. Qonşu ilə ara məsafəsinin saxlanmaması da bənnaya aid olan məsələ deyil. Ev sahibi olan iddiaçı ona belə tikməyi göstərdiyi üçün o, həmin məsafəni saxlamamışdır. Ev sahibi həmin məsafəni ona görə saxlamamışdır ki, həyətdə talvar tikməyə yer qalsın. Arxa otaqlar da iddiaçının təklifi ilə belə inşa olunub, çünki iddiaçı həmin otaqlardan saray kimi istifadə etmək istədiyini bildirmişdir. Beton kəmərin əyri olması barədə rəydə göstərilənlər isə həqiqətə uyğun deyildir. Həmin məsələlərin aydınlaşdırılması məqsədilə mülki iş üzrə ekspertiza təyin olunmalı, ekspert rəyi alındıqdan və onun yuxarıda qeyd etdikləri, iddiaçının əslində ona olan borcunu ödəməmək üçün belə hərəkətlər etməsi məsələləri araşdırıldıqdan sonra qərar qəbul olunmalıydı. Göstərilənlərə əsasən Cavabdeh Xaçmaz Rayon Məhkəməsinin 10 aprel 2017-ci il tarixli 2(067)-1160/2017 saylı qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı İddiaçı iştirak etdiyi məhkəmə iclasında iddiadan imtina barədə ərizə ilə məhkəməyə müraciət edərək hazırki tələb üzrə iqtisadi marağının itdiyini və Cavabdeh qarşı hazırkı iddiasından imtina etdiyini, bunun hüquqi nəticələrinin ona aydın olduğunu bildirərək iddiadan imtinanın qəbul edilməsini, iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş üzrə Cavabdeh məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə dəfələrlə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimi və iddiaçının izahatını dinləyib, verilmiş ərizəni nəzərə alaraq hesab edir ki, İddiaçı iddiadan imtinası qəbul edilməli, Xaçmaz Rayon Məhkəməsinin 10 aprel 2017-ci il tarixli, 2(067)-1160/2017 saylı qətnaməsi ləğv edilməli, işin icraatına xitam verilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 52.1-ci maddəsinə görə iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 52.5-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Mülki Prosessual Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Mülki Prosessual Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraat xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə məhkəmənin qətnaməsi ləğv edilməlidir. Məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyin qeyd olunan normalarına istinad edərək hesab edir ki, iddiaçı iddia tələbindən imtina etdiyi üçün və onun iddiadan imtinası qanuna zidd olmadığı, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul edilməli, Xaçmaz Rayon Məhkəməsinin 10 aprel 2017ci il tarixli, 2(067)-1160/2017 saylı qətnaməsi ləğv edilməli, hazırkı iddia tələbi üzrə icraata xitam verilməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən tərəflərin ödədikləri dövlət rüsumları onların özlərinə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 52, 191, 261- 262, 263-264, 267, 400 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: İddiaçı iddia tələbindən imtinası qəbul edilsin. İş üzrə Xaçmaz Rayon Məhkəməsinin 10 aprel 2017-ci il tarixli, 2(067)-1160/2017 saylı qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı görülmüş işin qüsurları nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işin icraatına xitam verilsin. Tərəflərin mülki mübahisə üzrə ödədikləri dövlət rüsumları onların özlərinə aid edilsin. Qərardad rəsmi qaydada təqdim ediləndən 10 gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar