Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2580/2020 10.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi ilə, iddiaçi İddiaçı qızının iştirakı, İddiaçı cavabdeh X2 qarşı aliment tələbinə dair mülki iş üzrə Sumqayıt şəhər Məhkəməsinin 2(060)-2461/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh X5 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt şəhər Məhkəməsinin 2(060)-2461/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh Bəhman oğlundan xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay hər uşağa 130 (yüz otuz) manat olmaqla, ümumilikdə 260 (iki yüz altmış) manat sabit pul məbləğində alimentin alınıb xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün İddiaçı verilməsi, Cavabdeh Bəhman oğlundan 30 (otuz) manat dövlət rüsumunun alınıb dövlət nəfinə verilməsi, qətnamənin aliment hissəsində dərhal icra edilməsi qət edilmişdir (hakim Rəşad Qoşqarlı) Qətnamədən narazı qalan Cavabdeh Bəhman oğlu apelyasiya şikayəti verərək Sumqayıt şəhər Məhkəməsinin 2(060)-2461/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi, alimentin ona veriləcək təqaüddən hesablanmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bəhman oğlundan xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 170 manat, ümumilikdə 340 manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh Bəhman oğlu apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2015-ci il tarixli qətnaməilə hər uşaq üçün 108 manat, ümumilikdə 216 manat aliment tutulmuşdur. Bundan sonra iki uşaq üçün 2016-cı ilin oktyabr ayına kimi ümumilikdə 2625 manat miqdarında aliment ödəmişdir. 2016-cı ilin oktyabr ayında qarşılıqlı razılaşma əsasında uşaqlar yetkinlik yaşına çatana qədər yaşamaq üçün atasına məxsus ünvan 1 ünvanında yerləşən həyət evindəki 1 otaqlı evə köçmüşlər və hazırda da orada yaşayırlar. Evin bütün communal xərcləri onun və valideynləri tərəfindən ödənilir. Bundan əlavə hər həftə maddi imkanı yol verdiyi səviyyədə uşaqların istəklərinə uyğun şəkildə ərzaq və gündəlik tələbat əşyaları ilə təmin edir. Məktəb vaxtı şənbə və bazar günləri uşaqlardan biri, bəzi hallarda hər ikisi, digər vaxtlarda isə uşaqlar istədikdə onunla yaşayır. Lakin sonradan daxili qanaxma səbəbindən müayinə olunduqda xərcəng xəstəsi olması aydın olmuşdur. Müalicə aldığına görə əvvəlki kimi uşaqlara ərzaq almağa imkanı olmamışdır. Hal-hazırda sağlamlığı yol vermir ki, bir yerdə işləsin, heç bir yardım almır. Xəstəliyi ilə təqaüd almaq üçün müraciət edib və cavab gözləyir. BUndan əlavə anası aldığı təqaüddən hər ay 100 manat pul və yeməklə uşaqlara kömək edir. Odur ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2461/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi, alimentin ona veriləcək təqaüddən hesablanmasını xahiş etmişdir. PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətinin dəlillərinə etiraz edərək apelyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt şəhər Məhkəməsinin 2(060)- 2461/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına çağırılmış Cavabdeh Bəhman oğlu məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh apelyasiya şikayətində qətnaməni ləğv edilərək iddianın təmin edilməməsini göstərsə də apelyasiya şikayətinin məzmunundan müəyyən edilir ki, qətnaməni alimentə dair hissədə mübahisələndirir. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 372.1 və 372.7-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında tam mahiyyəti üzrə baxır, şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarından görünür ki, tərəflərin birgə nikahından xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2008-ci il təvəllüdlü X4 doğulmuşdur. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli qiyabi qətnaməsinin surətindən görünür ki, iddia tələbi təmin edilərək, xx.xx.2007-ci il təvəllüdlü X3, xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh Bəhman oğlundan hər ay hər uşaq üçün 108 (yüz səkkiz) manat olmaqla, cəmi 216 (iki yüz on altı) manat sabit pul məbləğində aliment xx.xx.2015-ci ildən etibarən tutularaq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin xx.xx.2017-ci il tarixli qərarının surətindən görünür ki, tələbkar İddiaçı şöbəyə müraciət edərək icra sənədini icrasız geri qaytarılmasını xahiş etdiyi üçün 2(060)-9541/2015 saylı xx.xx.2015-ci il tarixli icra sənədi icra olunmadan geri qaytarılmışdır. İş materiallarında olan “Xəstəlik tarixindən çıxarışın (epikriz)” surətindən görünür ki, Cavabdeh Bəhman oğlunda “düz bağırsağın xərçəngi, cT3N1M0İİİB mərhələli” diaqnozu qeydə alınmışdır. İş materiallarında olan Cavabdeh Bəhmən oğlunun xx.xx.2020-ci il tarixli ərizəsindən görünür ki, o, sağlamlığında olan ciddi problemlə əlaqədar olaraq heç bir yerdə işləmədiyinə, təaqüd və sosial yardım almadığına görə, İddiaçı “aliment tələbinə” dair iddiasına xitam verilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi cavabdehin hər uşaq üçün 160 manat məbləğdə alimenti ödəməyə zəruri vəsaitinin olduğunu sübut edilməməsini müəyyən edərək cavabdehdən uşaqların yetkinlik yaşına çatana qədər saxlanmaları üçün hər ay hər birinə 130 manat olmaqla, cəmi 260 manat məbləğində alimentin tutulmasını nəticəsinə gəlmişdir.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin hallarına uyğun olmaqla qanuni və əsaslı hesab edir. Belə ki, birinci instansiya məhkəməsi alimentin məbləğini hər uşaq üçün 130 manat müəyyən edərkən qanunvericiliyin tələbləri, uşaqların mənafeyi ilə yanaşı cavabdehin də maddi vəziyyətini nəzərə almışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər öz uşaqlarını saxlamağa borcudurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın hamısını və ya bir hissəsini xarici valyuta ilə alarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa görə 2019-cu il üçün yaşayış minimumu uşaqlar üçün 160 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli qərarında Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Həmçinin “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli, 8-2/2016 №-li Qərarında da (8.2-ci bənd) izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Göründüyü kimi qanunvericiliyin şərhi və tətbiqi təcrübəsi ilə bağlı qərarlarda valideyn rəsmi olaraq heç bir yerdə işləmədikdə və qazanca malik olmadıqda belə, o öz uşaqlarının qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatını ödəmək vəzifəsi daşıyır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsaşən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinini İİ-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. «Olsson İsveçə qarşı» işdə (xx xxxx 1988-ci il) Avropa Məhkəməsi bildirmişdir ki, valideynlər və uşaqların bir yerdə olması ailə həyatının özəyidir. Ailə üzvləri arasında azad və mütəmadi təmaslara maneələr yaradılırsa, onda bu maneələr ailə üzvləri arasında əlaqələrin qırılmasına şərait yaradaraq, ailənin sonradan birləşməsi perspektivinə zərbə vurur. Ailə üzvləri arasında harmonik münasibətlər ailənin mövcudluğunun əsas şərtlərindən biridir. BMT Baş Məclisinin 1386 (XİV) nömrəli, xx xxxxxx 1959-cu il tarixli qətnaməsi ilə qəbul olunmuş «X6»nin 6-cı prinsipinə görə azyaşlı uşaq müstəsna hallardan başqa anasından alına bilməz. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bundan başqa, cavabdehin alimentin alacağı təqaüddən hesablanması barədə dəlilinə qiymət verərək məhkəmə kollegiyası qeyd edir ki, hazırki gündə cavabdehin hər hansı təqaüd alması müəyyən edilməmişdir və gələcəkdə təqaüd alacağı da qeyrimüəyyəndir. Bundan başqa qeyd edilməlidir ki, iddiaçı alimenti məhz sabit pul məbləğində tələb edir. Ailə Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Göründüyü kimi, qanunvericiliyə görə sabit pul məbləğində aliment tutulmasının bir əsası da uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin bu barədə xahişinin olmasıdır. Hazırki işdə də iddiaçı alimentin sabit pul məbləğində tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu baxımdan, məhkəmə kollegiyası apelyasiya şikayətində göstərilən dəlilləri formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutlmuş əsaslar mövcud deyil. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-2461/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti isə təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1, 393, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Sumqayıt şəhər Məhkəməsinin 2(060)-2461/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh Bəhman oğlunun apelyasiya şikayəti təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər, qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-2580/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2580/2020
10.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver