Məhkəmə qərarları › İş №2(105)-2581/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2581/2021

28.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2581/2021 28.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3 iştirakı ilə açıq məhkəmə iclasında Quba Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli, 2(027)-439/2021 saylı qətnaməsindən iddiaçı X1 apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Quba Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli, 2(027)-439/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim İlqar Məmmədov) iddiaçı X1 cavabdehlər Quba regional “ASAN xidmət” mərkəzində notariat ofisinə, Cavabdeh2nə və Cavabdeh3 bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyətinə qarşı ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə iddia təmin edilməmiş, iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, X4 iddia ilə məhkəməyə müraciət edərək Quba regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş, reyestrdə 8İ- 12388 nömrə ilə qeyd edilmiş 08 oktyabr 2020-ci il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh3 bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyəti ilə bağlanmış 08 dekabr 2017-ci il tarixli kredit müqaviləsinə əsasən bankdan 36 ay müddətinə 18 faizlə 17000 ABŞ dolları məbləğində kredit almışdır. Bundan sonra Cavabdeh3 bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyəti ilə Quba rayon notariat kontorunda bağlanmış 28 dekabr 2017-ci il tarixli ipoteka müqaviləsinə əsasən özünə məxsus Quba rayonu İ Nügədi kəndində yerləşən 0,20 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 256 kv.m olan fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Həmin ipoteka müqaviləsinə əsasən özünə məxsus torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi 94000 manat məbləğində qiymətləndirilmişdir. O, kredit müqaviləsi üzrə Cavabdeh3 bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyətinə 18 ay müddətində hər ay 615 ABŞ dolları məbləğində pul ödəmişdir. Həmin pul isə təxminən 11070 ABŞ dolları təşkil edir. Bundan sonra imkanı olmadığı və borca düşdüyü üçün banka olan borcunu ödəyə bilməmişdir. Bu yaxınlarda Cavabdeh2ndən ona bildiriş gəlmiş, həmin bildirişə görə Cavabdeh2nə getdikdə məlum olmuşdur ki, banka olan borcuna notarius tərəfindən icra qeydi verilmişdir. Həmin icra qeydinin surətini Cavabdeh2ndən əldə etmişdir. Quba regional “ASAN xidmət” mərkəzinin 08 oktyabr 2020-ci il tarixli icra qeydi ləğv edilməlidir. Ona görə ki, icra qeydində ipoteka predmetinin nədən ibarət olması və ipoteka predmetinin qiyməti göstərilməmişdir. Bundan başqa, kredit müqaviləsi üzrə 17000 ABŞ dolları məbləğində borcundan 11070 ABŞ dolları məbləğində krediti ödəmişdir. Borcunun çox hissəsini ödədiyindən nə qədər borcunun qalması müəyyən edilmədən ipoteka predmetinə tutma yönəldilməsi qanunsuzdur. Həmçinin ipoteka predmeti 2017-ci il tarixdə 94000 manat (55291,12 ABŞ dolları) qiymətləndirilmiş, həmin qiymətləndirmənin üzərindən 3 ildən çox vaxt keçmiş, bu 3 il ərzində daşınmaz əmlakın qiymətləri dəyişmişdir. Ona görə də 2017-ci ildə qiymətləndirilmiş əmlaka həmin qiymətlə tutmanın yönəldilməsi yolverilməzdir. Ona görə ki, icra şöbəsi onun borcunun nə qədər olmasını müəyyən edə bilməz. Cavabdeh3 bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyətinin təqdim etdiyi məbləğin isə düzgün hesablanması, müqavilə müddəti bitdikdən sonra yenə də müqavilədə nəzərdə tutulmuş faizlərin hesablanıb-hesablanmaması müəyyən deyildir. Hər bir halda hazırki vəziyyətdə Cavabdeh3 bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyətinə təqdim etdiyi borc məbləğinə heç bir mübahisə edə bilmir, bu isə məhkəməyə müraciət etmək hüququnun məhdudlaşdırılmasıdır. Bundan əlavə, icra qeydi o zaman verilə bilər ki, həmin icra qeydi üzrə mübahisə olmasın. Hazırki halda borcun məbləği, ipoteka predmetinin qiyməti ilə bağlı mübahisə olduğu halda, ipoteka predmetinə tutma yönəldilə bilməz. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh3 bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyəti ilə bağlanmış 08 dekabr 2017-ci il tarixli kredit müqaviləsinə əsasən bankdan 36 ay müddətinə 18 faizlə 17000 ABŞ dolları məbləğində kredit almışdır. Bundan sonra Cavabdeh3 bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyəti ilə Quba rayon notariat kontorunda bağlanmış 28 dekabr 2017-ci il tarixli ipoteka müqaviləsinə əsasən özünə məxsus Quba rayonu İ Nügədi kəndində yerləşən 0,20 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 256 kv.m olan fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Həmin ipoteka müqaviləsinə əsasən özünə məxsus torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi 94000 manat məbləğində qiymətləndirilmişdir. O, kredit müqaviləsi üzrə Cavabdeh3 bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyətinə 18 ay müddətində hər ay 615 ABŞ dolları məbləğində pul ödəmişdir. Həmin pul isə təxminən 11070 ABŞ dolları təşkil edir. Bundan sonra imkanı olmadığı və borca düşdüyü üçün banka olan borcunu ödəyə bilməmişdir. Bu yaxınlarda Cavabdeh2ndən ona bildiriş gəlmiş, həmin bildirişə görə Cavabdeh2nə getdikdə məlum olmuşdur ki, banka olan borcuna notarius tərəfindən icra qeydi verilmişdir. Həmin icra qeydinin surətini Cavabdeh2ndən əldə etmişdir. Quba regional “ASAN xidmət” mərkəzinin 08 oktyabr 2020-ci il tarixli icra qeydi ləğv edilməlidir. Bundan başqa, kredit müqaviləsi üzrə 17000 ABŞ dolları məbləğində borcundan 11070 ABŞ dolları məbləğində krediti ödəmişdir. Borcunun çox hissəsini ödədiyindən nə qədər borcunun qalması müəyyən edilmədən ipoteka predmetinə tutma yönəldilməsi qanunsuzdur. Həmçinin ipoteka predmeti 2017-ci il tarixdə 94000 manat (55291,12 ABŞ dolları) qiymətləndirilmiş, həmin qiymətləndirmənin üzərindən 3 ildən çox vaxt keçmiş, bu 3 il ərzində daşınmaz əmlakın qiymətləri dəyişmişdir. Ona görə də 2017-ci ildə qiymətləndirilmiş əmlakı həmin qiymətlə tutmanın yönəldilməsi yolverilməzdir. Borcun məbləği və ipoteka predmetinin qiyməti ilə bağlı mübahisə olduğu halda, ipoteka predmetinə tutma yönəldilə bilməz. Apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi və iş üzrə yeni qətnamə çıxarılması xahiş edilmişdir. İddiaçı X4, cavabdehlər Quba regional “ASAN xidmət” mərkəzində notariat ofisi, Cavabdeh2 və Cavabdeh3 bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyəti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, iddiaçı məhkəmə iclasına gəlmədiyindən, cavabdehlər nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etmədiklərindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia təmin edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin faktiki olaraq ləğv edilməsinə yönəldiyindən iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarından görünür ki, Cavabdeh3 bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyəti ilə bağlanmış 513 saylı, 08 dekabr 2017-ci il tarixli kredit müqaviləsinə əsasən X2 36 ay müddətinə, illik 18% ödəmək şərti ilə 17000 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan Cavabdeh3 bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyəti ilə X4 arasında bağlanmış 08 dekabr 2017-ci il tarixli ipoteka müqaviləsinin surətindən görünür ki, Cavabdeh3 bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyəti ilə X4 arasında bağlanmış 08 dekabr 2020-ci il tarixli kredit müqaviləsi üzrə kreditin təminatı olaraq Quba rayonu İ Nügədi kəndində yerləşən reyestr nömrəsi **********18-10301, qeydiyyat nömrəsi **********, RX seriyalı, ******* sayıl, 05.12.2017-ci il tarixli çıxarışa əsasən xüsusi mülkiyyət hüququ ilə X2 məxsus 0,20 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 256 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Quba Regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən 08.10.2020-ci il tarixdə verilərək reyestrdə 8İ-12388 nömrə ilə qeydə alınmış icra qeydinin surətindən görünür ki, X2 məxsus ipoteka predmeti olan əmlaka tutma yönəldilmişdir. “İpoteka haqqında” qanunun 34-cü maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallarda ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranır. Həmin qanunun 36.1-ci maddəsinə görə ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 169-1-ci hissəsinə əsasən ipoteka predmetinə tutma yönəldilməsi barədə icra qeydi “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aşağıdakı hallarda aparılır: a) ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər ipoteka müqaviləsində nəzərdə tutulduqda; b) ipoteka saxlayanın hüquqları ipoteka kağızı ilə təsdiq edildikdə; c) ipoteka müqaviləsi dövlət qeydiyyatına və Qanunda nəzərdə tutulmuş hallarda əlavə dövlət qeydiyyatına alındıqda; ç) ipoteka kağızı qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına, ipoteka kağızı üzrə hüquqlar başqa şəxsə verildikdə isə verilmə qeydi ipoteka kağızının dövlət qeydiyyatına alındığı müvafiq reyestrdə əlavə dövlət qeydiyyatına alındıqda; d) ipoteka saxlayan tərəfindən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildiriş ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surəti isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərildikdə və bildiriş müvafiq reyestrdə qeydə alındıqda; e) ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanları və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət etmədikdə; ə) ipoteka qoyan bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində əsas öhdəliyi icra etmədikdə. Məhkəmə kollegiyası tərəfindən Quba regional “ASAN xidmət” mərkəzində notariat ofisindən tələb edilərək iş əlavə edilmiş icra qeydinin verilməsi üçün əsas olan sənədlərin surətlərindən görünür ki, Cavabdeh3 bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyəti icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 5 gün əvvəl sifarişli poçt vasitəsilə borclu X2 tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərilməmişdir və bildirişin X4 tərəfindən alınmasına dair iş materiallarında hər hansı bir sübut yoxdur. Məhkəmə kollegiyası yuxarıda sadalanan halları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanunsuz və əsassız olmaqla işin faktiki hallarına uyğun deyildir. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci və 385.1.4-cü maddələrinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi əsasdır. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə məhkəmə qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı X1 apellyasiya şikayəti qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli, 2(027)-439/2021 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı X1 cavabdehlər Quba regional “ASAN xidmət” mərkəzində notariat ofisinə, Cavabdeh2nə və Cavabdeh3 bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyətinə qarşı ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydinin ləğv edilməsi tələbinə dair iddiası təmin edilsin. Quba regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən 08 oktyabr 2020-ci il tarixdə verilmiş, reyestrdə 8İ-12388 nömrə ilə qeyd edilmiş ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydi ləğv edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar