Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2585/2021 08.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Fuad Əli oğlu Məmmədov və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X1, Cavabdeh iştirakı ilə Xaçmaz Rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli, 2(067)-1104/2021 saylı qətnaməsindən iddiaçı "xxxx" ASC-nin direktoru T.Ə.Fərzullayevin verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Xaçmaz Rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli, 2(067)-1104/2021 saylı qətnaməsi ilə (hakim S.A.Səmədzadə) iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. İddiaçı "xxxx" ASC-nin direktoru T.Ə.Fərzullayev apelyasiya şikayəti verib, Xaçmaz Rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli, 2(067)-1104/2021 qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC və X2 arasında 30 noyabr 2015-ci il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “VAZ 21063” markalı, ** BK *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi ilə sahiblərin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh 25 may 2016-cı il tarixdə “VAZ 21063” markalı, ** BK *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Xudat- Nabran yolunun 13-cü kilometriliyində yol-nəqliyyat hadisəsi törətmiş və “BMW 530” markalı, ** LM *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC 510 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Xaçmaz RPŞ DYPN-nin "xxxx" ASC-yə təqdim etdiyi 29 iyun 2016-cı il tarixli, 10/16010486-1216 saylı arayışa əsasən Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Yol-nəqliyyat hadisəsi ilə bağlı Xaçmaz RPŞ DYPB-dən ünvanına 26 iyun 2016-cı il tarixli, KYP324478 saylı inzibati xəta haqqında protokol daxil olmuş, həmin protokola əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.2 və 327.6-cı maddələri ilə təqsirli bilinmişdir. Ona görə də, Cavabdeh 510 (beş yüz on) manat sığorta ödənişi məbləği, 500 (beş yüz) manat işlərin görülməsi xərci və 30 manat dövlət rüsumu olmaqla, ümumilkdə 1040 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçı "xxxx" ASCnin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: İddiaçı "xxxx" ASC-nin direktoru T.Ə.Fərzullayev apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Xaçmaz Rayon Məhkəməsi 03 may 2021-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normaları pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, subroqasiya hüququna aid iddia müddətləri Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1-ci maddəsinin tələbinə uyğun hesablanmalıdır. Tərəflər arasında hər hansı bir müqavilə münasibətləri olmamışdır və tərəflər arasında münasibətlər müqavilə əsasında deyil, mülki hüquq pozuntusu delikt nəticəsində yaranmışdır. Bu baxımdan cavabdeh sığorta müqaviləsində tərəf deyil və onun həmin müqavilə üzrə iddiaçı qarşısında öhdəliyi yaranmamışdır. Sığorta müqaviləsinə əsasən sığortaçının sığorta hadisəsi baş verdikdə sığorta ödənişini ödəmək öhdəliyi əks olunmuş və elə ödənişdən sonra zərərvurana münasibətdə iddiaçının subroqasiya hüququ yaranmışdır. İddiaçının subroqasiya hüququ müqavilədən deyil, qanun əsasında yaranmışdır. Bu səbəbdən də, iddiaçının hazırkı tələbi üzrə iddia müddəti üç il deyil, ümumi iddia müddəti olaraq 10 illik iddia müddəti tətbiq olunmalıdır. Buna baxmayaraq Quba Rayon Məhkəməsi qanunu səhv təfsir edərək iş üzrə düzgün olmayan nəticəyə gəlmiş, cavabdehin iddia ərizəsi üzrə iddia müddətinin tətbiqi barədə ərizəsini əsas tutaraq iddianı təmin etməmişdir. Ona görə də, Cavabdeh 510 (beş yüz on) manat sığorta ödənişi məbləği və 500 (beş yüz) manat işlərin görülməsi xərcinin 30 manat dövlət rüsumu olmaqla, ümumilkdə 1040 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçı "xxxx" ASCnin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC ərizə ilə məhkəməyə müraciət edib, məhkəmə iclasının ASC-nin nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apelyaisya şikayətinə etiraz edib, rədd olunmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və cavabdehin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilib, iddianın qismən təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır. Belə ki, iş materiallarında olan "xxxx" ASC və X2 arasında 30.11.2015-ci il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “VAZ 21063” markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi ilə sahiblərin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışın surətindən görünür ki, 25.06.2016-cı il tarixdə Cavabdeh VAZ 21063 markalı ** BK *** dövlət nömrə nişanlı avtomobili idarə edərkən yol-nəqliyyat hadisəsi törətmişdir. Azərbaycan Respubliksı DİN Baş Dövlət Yol Polisi İdarəsinin KYP nömrəli, 324478 saylı inzibati xəta haqqında potokoluna əsasən Cavabdeh VAZ 21063 markalı ** BK *** dövlət nömrə nişanlı avtomobili idarə edərkən 25 iyun 2016-cı il tarixdə saat 23:30 radələrində yol nəqliyyat hadisəi törətməklə Azərbaycan Respublikası İXM-nin 327.2 və 327.6-cı madələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. 15 iyul 2016-cı il tarixli sığorta aktından görünür ki, "xxxx" ASC 510 (beş yüz on) manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2, 375.2, 377.1-ci maddələrinə istinad edərək hesab etmişdir ki, sığorta hadisəsi 25.06.2016cı il tarixdə baş vermiş, iddia ərizəsi isə məhkəməyə 15.03.2021-ci il tarixdə, yəni 04 il, 08 ay, 20 gün sonra daxil olmuş və bununla da Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinin tələbi baxımından 3 (üç) illik iddia müddətini ötürmüşdür. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticə ilə razılaşmır və yaranmış mübahisə ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Yuxarıda sadalanan normaların tələbindən də görünür ki, vurulmuş zərərə görə məsuliyyəti biləvasitə zərərvuran daşıyır və məhkəmə işin hallarına uyğun olaraq zərərin əvəzini ondan tutur. Hazırki iş üzrə baş vermiş yol-nəqliyyat hadisəsindən doğan hüquq münasibətləri X2 və Cavabdeh arasında yaranmışdır. Sığortalı B.M.Rzayev sığortalanmış avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün "xxxx" ASC-yə müraciət etdiyi üçün sığorta şirkəti tərəfindən sığorta ödənişi verilmişdir. Cavabdeh tərəfindən hüquqazidd əməl (delikt) nəticəsində sığortalı B.M.Rzayevə vurulmuş ziyan məbləği sığorta şirkəti tərəfindən ödənildiyindən ziyan məbləğini tələb etmək hüququ (Subroqasiya hüququ) "xxxx" ASC-yə keçmişdir. “Subroqasiya hüququ” sığorta ödənişi almış şəxsin sığorta hadisəsinin baş verməsində təqsirli olan səxs(lər)ə qarşı zərərin əvəzinin ödənilməsini tələb etmək hüquqlarının sığortaçıya keçməsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.1-ci maddəsinə əsasən, sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Həmin Məcəllənin 926.1-ci maddəsinə əsasən, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Mülki Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 386.1-ci maddəsində təsbit olunmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göründüyü kimi hazırkı halda iş üzrə tərəflər arasında hər hansı bir müqavilə olmamışdır və öhdəlik sığorta müqaviləsindən deyil, vurulmuş zərərin nəticələrinin aradan qaldırılmasından əmələ gəlmişdir ki, bu cür iddialara da Mülki Məcəlləsinin 373.1-ci maddəsi ilə müəyyən edilən ümumi iddia müddəti şamil edilir. Qeyd olunan Məcəllənin 373.1-ci maddəsinə görə ümumi iddia müddəti 10 (on il) təşkil edir. İşdən görünür ki, 15 iyul 2016-cı il tarixdə BO000002516 saylı ödəniş tapşırığına əsasən sığortalıya sığorta ödənişi həyata keçirilmişdir. Sığorta şirkəti tərəfindən hazırki tələblə bağlı məhkəməyə 15 mart 2021-ci il tarixdə, yəni 4 il, ay 8 sonra müraciət edilmişdir. İddia tələbindən görünür ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin iddia tələbindən biri də işlərin görülməsi barədə 500 (beş yüz) manat məbləğində pulun tutulmasından ibarətdir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən işlərin görülməsi barədə 500 (beş yüz) manat məbləğində pulun tutulması üzrə iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Sadalanan hallara istinadən məhkəmə kollegiyası hesab edir ki, qeyd olunnan tələbin nədən ibarət olması və tutulması əsasları qeyri-müəyyən olmaqla, konkretlik daşımır, iddiaçı işlərin görülməsi barədə 500 (beş yüz) manat məbləğində pul tələbi halını sübut edə bilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, şikayətdə göstərilən dəlillər iddia tələbinin qismən təmin edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar üzrə yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası MPM-nin 385.1.1 - 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Beləliklə, məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini nəzərə alıb, işdə olan sübutları obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilərək, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia ərizəsinin qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393, 402, 403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı "xxxx" ASC-nin direktoru T.Ə.Fərzullayevin verdiyi apelyasiya şikayəti qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli, 2(067)-1104/2021 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 510 (beş yüz on) manat sığorta ödənişi məbləği və 30 (otuz) manat dövlət rüsumu olmaqla, ümumilkdə 540 (beş yüz qırx) manat məbləğində pul vəsaiti tutulub iddiaçı "xxxx" ASC-nin hesabına ödənilsin. İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı işlərin görülməsi barədə 500 (beş yüz) manat məbləğində pul tələbi təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-2585/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2585/2021
08.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver