Məhkəmə qərarları › İş №2(105)-2638/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2638/2020

07.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2638/2020 07.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), X3 və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Heyran Mehman qızı Mürsəlovanın katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə Şabran Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(031)-481/2020 saylı qətnaməsindən İddiaçı verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Şabran Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(031)-481/2020 saylı qətnaməsi ilə (hakim Ç.Ə.İsgəndərov) İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia təmin edilib, Cavabdeh xx xxxx 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı verilməsi barədə Şabran Rayon Məhkəməsinin xx xxxx 2012-ci il tarixli, 2(031- 287/2012 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılıb, Cavabdeh oğundan xx xxx 2020-ci il tarixdən başlayaraq xx xxxx 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması məqsədi ilə hər ayda 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. İddiaçı apelyasiya şikayəti verərək Şabran Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(031)-481/2020 saylı qətnaməsinin ləğv edilib, alimenti cavabdehin gəlirinin 1\4 hissəsi müəyyən edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə birgə nikaha daxil olmuş, birgə yaşadıqdan sonra ona bir qadın kimi hörmət etməmiş və onlar ayrılmışlar. Birgə nikah müddətində xx.xx.2012-ci il təvəllüdlü X4 doğulmuşdur. Həmin tarixdən bu günə kimi cavabdeh qızı ilə maraqlanmamış və ümumiyyətlə onun xərcləri doğulandan onun tərəfindən qarşılanmaqdadır. Hazırki dövr üçün ölkədə ardıcıl devolvasiya nəticəsində bütün xidmət sektorunda qiymət qalxmış və övladını işsiz bir tənha qadın kimi saxlamaq çox çətindir. Ona görə də, Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşma çatana kimi hər ay 170 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİNDƏLİLLƏRİVƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHATİ: İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Şabran Rayon Məhkəməsi xx xxxx 2020-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual qanunvericiliyin normaları pozulmuş və işin faktiki hallarına düzgün huquqi qiymət verilməmişdir. Belə ki, birinci instansiya məhkəməsində araşdırma zamanı yazılı vəsatət vermiş və Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan hərbi həssələrində çalışması və onun əmək haqqının müəyyən edilməsini xahiş etmişdir. Lakin məhkəmə tərəfindən vəsatətinə hüquqi qiymət verilməmiş və müvafiq sorğu Müdafiə Nazirliyinə göndərilməmişdir. O, özü tərəfindən müraciət etsə də, Müdafiə Nazirliyinin müvafiq məktubu ilə imtina olunmuş və bildirmişlər ki, bununla bağlı məhkəmə sorğusuna lüzum vardır. Cavabdehin gəliri həmin hərbi hissədə yüksəkdir və uşağı tək başına və işsiz olmaqla saxlamaq çox çətindir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, alimentin cavabdehin gəlirinin 1\4 hissəsi miqdarında müəyyən edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi A.Ə.Səmədov apelyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apelyasiya şikayətlərinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, İddiaçı apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi ona münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Şabran rayon İHB-nın Ağdaş İƏD üzrə nümayəndəliyi tərəfindən xx xxxxx 2012-ci il tarixdə verilmiş AZ-İİ 850886 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X4 xx xxxx 2012-ci il tarixdə Şabran rayonunun Ağdaş kəndində doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır. Şabran Rayon Məhkəməsinin xx xxxx 2012-ci il tarixli, 2(031)-287/2012 saylı qətnamə ilə İddiaçı Cavabdeh qarşı nikahın pozulması və aliment təyini barədə iddia qismən təmin edilib, İddiaçı və Cavabdeh arasında Şabran rayon İHB-nın Ağdaş İƏD üzrə nümayəndəliyində bağlanmış xx xxxx 2011-ci il tarixli, 05 saylı nikah qeydi pozulmuş, boşanma şəhadətnaməsi verilərkən 11 manat dövlət rüsumunun İddiaçı alınması, Cavabdeh həmin xərcdən azad edilməsi, Cavabdeh hər ay 87 manat sabit pul məbləğində alimentin alınıb, xx xxxx 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı verilməsi və alimentin tutulmasının xx xxxxx 2012-ci il tarixdən hesablanması qət edilmişdir. Şabran rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2013-cü il tarixli, AZ-İ 148126 nömrəli nikaın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh və İddiaçı arasında bağlanmış nikah qeydinin pozulması barədə xx xxxxxx 2013-cü il tarixdə akt qeydləri kitabında 11 nömrəli qeyd aparılmışdır. İş materialları ilə müəyyən olunur ki, Cavabdeh və İddiaçı rəsmi nikaha girməklə evlənmiş və tərəflərin xx xxxx 2012-ci il təvəlüdlü Sevgi adlı bir nəfər uşaqları doğulmuşdur. Tərəflər bir müddət normal yaşasalar da, sonradan ailə münasibətləri pozulmuş və rəsmi nikah qeydləri məhkəmə qaydasında ləğv edilmişdir. Nikah qeydi pozulduqda azyaşlı Sevgi anası İddiaçı himayəsində saxlanması və onun yetkinlik yaşına çatana kimi saxlanması üçün 87 manat sabit pul məbləğində aliment təyin edilmişdir. Hazırda İddiaçı Şabran Rayon Məhkəməsinin xx xxxx 2012-ci il tarixli, 2(031)-287/2012 saylı qətnaməsi ilə təyin edilmiş 87 manat sabit pul məbləğində alimentin az olmasını göstərib hazırki iddia ilə məhkəməyə müraciət edib, alimentin məbləğinin hər ay 170 manat sabit pul məbləğində təyin edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində Cavabdeh hərbiçi olmasını göstərib, müvafiq olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinə sorğu verilməsini və alınmış cavab əsasında alimentin məbləğinin cavadehin aylıq qazancını ¼ hissəsi miqdarında təyin edilməsini xahiş etmiş, lakin birinci instansiya məhkəməsində işə baxılarkən iddiaçının belə bir tələbi olmamışdır. Azərbaycan Respublikası Konstıtusiyasının 17-ci maddəsinin İİ-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideyinlərin borcudur. Konstıtusiyanın 34-cü maddəsinin İV-cü bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. «Uşaq hüquqları haqqında» Konvensiyasının 27-ci maddəsinə əsasən, hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşaqların barəsində bərabər hüquq və vəzifələri vardır. Uşaq qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi hüquqlarının təmin etdirilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarım saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1 və 78.2-ci maddələrinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəmdəyişən olarsa, ya da qazancı (gəliri) natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı qərarının 17-ci bəndinin mənasına görə heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideyinləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideyinlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideyinlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib hüquqi vəzifələridir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx xxxx 2016-cı il tarixli Qərarından görünür ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Qanunvericiliyin göstərilən müddəalarına əsasən yetkinlik yaşına çatmayan uşaqların mənafeyi, normal qida rasionlarına uyğun şəkildə qidalanması, fiziki cəhətdən inkişafı, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutulmalıdır. Göründüyü kimi istinad olunan qanunvericilik aktlarının əsas istiqaməti ona yönəlmişdir ki, heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin hər ikisinin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Məhkəmə kollegiyası işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, Cavabdeh xx xxxx 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı verilməsi barədə Şabran Rayon Məhkəməsinin xx xxxx 2012-ci il tarixli, 2(031-287/2012 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılıb, Cavabdeh oğundan xx xxx 2020-ci il tarixdən başlayaraq xx xxxx 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması məqsədi ilə hər ayda 170 (yüz yetmiş) manat sabit pul məbləğində müəyyən edilməsi barədə düzgün nəticəyə gəlmişdir. xx xxxx 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavadehin aylıq qazancının ¼ hissəsi miqdarında aliment təyin barədə apelyasiya şikayətinin dəlilinə hüquqi qiymət verən məhkəmə kollegiyası nəzərə alır ki, İddiaçı qeyd olunan məzmunda tələbi və tələbini əsaslandıran hallar barədə məhkəməyə heç bir rəsmi sənəd təqdim edilməmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddiaçının tələbinin əsaslı hesab olunması barədə gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olub, başqa sübutlarla öz təsdiqini tapmamış və toplanmış sübutlarla təkzib olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin İddiaçı münasibətdə apelyasiya qaydasında dəyişdirilmədən, apelyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Ona görə də apelyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402-403-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı verdiyi apelyasiya şikayəti təmin edilməsin. Şabran Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(031)-481/2020 saylı qətnaməsi İddiaçı münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Quliyev Hakimlər: Elman Rəhimov Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar