Məhkəmə qərarları › İş №2(105)-2644/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2644/2020

24.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2644/2020 24.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, iddiaçı “xxxx” ASC-nin nümayəndəsi X2, Cavabdeh nümayəndəsi X3 iştirakı ilə, iddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4389/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4389/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh vurulmuş zərərin əvəzi olaraq 10249,46 (on min iki yüz qırx doqquz manat qırx altı qəpik) manat və məhkəmə xərclərinin əvəzi olaraq 61 (altmış bir) manatın iddiaçı «xxxx» ASC-nin xeyrinə tutulması, ekspertiza tədqiqatının dəyərinin əvəzi olaraq 120 (bir yüz iyirmi) manatın Cavabdeh oğlundan alınaraq Dövlət xəzinədarlığı Agentliyinə (Kod 210005, VÖEN **********), müxbir hesab AZ41NABZ********************, SFİFT BİK- CTREAZ22, məhkəmə ekspertiza mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilməsi qət edilmişdir (hakim Almaz Süleymanova) Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4389/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. İ Ş İ N H A L LA R İ: İddiaçı «xxxx» ASC Cavabdeh qarşı «pul tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 10249,46 manat məbləğində sığorta ödənişinin, 30,40 manat dövlət rüsumunun və 31,00 manat məbləğində notariat xərcinin, cəmi 10310,86 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçı «xxxx» ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, məhkəmə iş materiallarına əlavə edilmiş “zərərin hesablanması aktına” istinad edərək hərəkət etmişdir. Halbuki həmin zərərin hesablanması aktı tamamilə yalnış və şişirdilmiş rəqəmlərlə tərtib edilmişdir. Şəkilərdən göründüyü kimi “Mazda CX-9” markalı ** NB *** dövlət qeydiyyat nişanlı avtomobil sol qabaq hissədən zərbəyə məruz qalmışdır. “Mazda CX-9” avtomobilinin kapotu, sol qabaq qapısı və aktda göstərilən çoxlu sayda hissləri var ki, onlar zərbə zamanı zədələnməyib. Sumqayıt şəhər Dövlət Yol polisi idarəsində “Mazda CX-9” avtomobilinin ilkin zərərinə baxarkən maksimum xərcin 5000 ( beş min) manatı keçməyəcəyi qənaətinə gəlinmişdir. Sonradan “xxxx” ASC zərərin hesablanması Aktı tərtib etmiş və onların iştirakı təmin edilməmişdir. Qətnamə qəbul edərkən xx.xx.2013-cü il tarixli zərərin hesablanması Aktı ilə Ekspertizanın xx xxxx 2019-cu il tarixində tərtib etdiyi Akt arasındakı fərqi də nəzərə alınmamışdır. Halbuki siyahını “xxxx” vermiş, ekspertin qiymətləndirməsində isə 3983 manat azalma ilə fərq yaranmışdır.Zərərin hesablanması aktında 1 ədəd sol fara üçün 1129,77 (min yüz iyirmi doqquz) manat (Aktda 12-18 nömrələr) xərc hesablanıb. Qabaq travesin qiyməti 1141,5 manat göstərilmişdir. (50-sıra) Belə rəqəmlər çoxluq təşkil edir. Odur ki, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi qeyriqanunidir və ləğv edilməlidir. Bunu aşağıda göstərilənlərlə sübut edirlər. İş materiallarına təqdim edilən “Mazda CX-9” markalı ** NB *** dövlət qeydiyyatlı avtomobilin şəkilindən göründüyü kimi həmin avtomobilə aktda göstərilən miqdarda xərc çıxa bilməz. 2013-cü ildə 34700 ( otuz dörd min yeddi yüz) manat dəyərində olan bir avtomobilin görülən təmir xərci Ekspertin verdiyi 12810 manat təşkil edə bilməz. Ümumiyyətlə şəkildən də göründüyü kimi həmin avtomobilin təmiri zamanı ekspertə verilən təmirdə dəyişməli hissələr siyahısında 2,4,5,6,12,13,14,15,19,22,25,26,27,29,30,31,32,36,40,43,44,45,50,51,55,60-cı nömrələrdə siyahıdakı materiallar təmir vaxtı həmin “Mazda CX-9” avtomobilinin təmirində istifadə edilə bilməz. Çünki onların dəyişdirilməsinə ehtiyac yox idi. Təmir bərpa işlərində göstərilən rəqəmlər də artırılaraq hesablanıb. Həmin Avtomobilin təmir-bərpa siyahısındakı 3-cü və 5-ci sıra nömrələri bərpada iştirak etmir. Dəmirçi, rəngsaz, Çilingər, haqqı isə maksimum 1000( bir min) manatı keçməz. Beləliklə hesabat apardıqda həmin avtomobilin təmir xərcləri 5000 (beş min) manatı keçmir. Bunu isə Məcburi Sığorta şirkəti ödəyib. xx.xx.2013-cü il zərərin hesablanması aktı tərtib edilərkən “ xxxx “ ASC həmin aktı onlara təqdim etməli, onların iştirakı təmin edilməli idi. “ xxxx “ ASC isə bilərəkdən həmin aktı onlardan gizli saxlanmış, şişirtmə rəqəmlərlə qiymət çıxarmış, Avtomobil sahibi ilə iş birliyinə girmə şübhəsi yaratmışdır. Sığorta şirkətlərinin nizamnaməsində göstərilir ki, dəymiş ziyanın hesablanmasından müştəri narazı olarsa , müstəqil ekspertiza hüququna malikdir. “ xxxx “ ASC bunu etməmişdir. Əksinə 2013-cü ilin 28 oktaybrında olmuş hadisə ilə əlaqədar 2019-cu ildə məhkəməyə müraciət etmişdir. “xxxx“ ASC -ilə onun arasında heç bir öhdəlik olmayıb ki, onlar onun əvəzindən kiməsə dəymiş ziyanı ödəsinlər. Bütün bunlar ondan gizli aparılmış hətta məhkəmədə də onun iştirakı təmin edilməmişdir. Bundan əlavə oğlu psoriaz xəstəsidir və əmək qabiliyyəti, dolayısıyla da ödəyicilik qabiliyyəti yoxdur. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməsini, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-4389/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iddiaçı xxxx” ASC-nin nümayəndəsi X4 apelyasiya şikayətinin dəlillərinə etiraz edərək göstərdi ki, xx.xx.2013-cü il tarixdə Sumqayıt şəhəri, Cəlil Məmmədquluzadə küçəsində “Hyundai İX35” markalı, ** FR *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh idarə edərkən yol nəqliyyatı hadisəsi törətmiş və nəticədə “xxxx” ASC-də sığortlanmış “Mazda CX-9” markalı ** NB *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Sumqayıt ŞPİ DYPŞ-nin xx.xx.2013-cü il tarixli, 3924 saylı müvafiq arayışına, BYP 468471 saylı, xx.xx.2013-cü il tarixli inzibati xəta haqqında protokoluna və inzibati xəta haqqında iş üzrə qərarına əsasən, “Hyundai İX35” markalı, 99FR596 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin sürücüsü Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmiş və “Yol hərəkəti haqqında” Qanunun 76-cı maddəsinin tələblərini pozduğuna görə İnzibati Xətalar Məcəlləsinin 151.2ci maddəsi ilə 60.00 manat məbləğində inzibati cərimə edilmişdir. Göstərilən yol nəqliyyat hadisəsi ilə bağlı “xxxx” ASC tərəfindən “Mazda CX-9” markalı, 90NB360 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərlə əlaqədar müvafiq sığorta müqaviləsi şərtlərinə uyğun olaraq 15249.46 (on beş min iki yüz qırx doqquz manat, qırx altı qəpik) məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Həmin məbləğin 5000.00 (beş min) manatı cavabdehin avtomobilinin mülki məsuliyyətini icbari qaydada sığorta etmiş “xxxx” ASC tərəfindən ödənmiş, yerdə qalan 10249,46 (on min iki yüz qırx doqquz manat, qırx altı qəpik) məbləğində olan vəsait isə ödənilməmiş olaraq qalmışdır. Cavabdeh bugünə qədər həmin məbləğin ödənilməsindən qərəzli şəkildə yayınmışdır Bu səbəbdən apelyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-4389/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4389/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Mülki iş materiallarına əlavə edilmiş xx.xx.2017-ci il tarixli sığorta aktından görünür ki, sığortalı Quliyev Eldar Əlimövsüm oğluna məxsus ** NB *** dövlət qeydiyyat nişanlı, “Mazda CX-9” markalı avtomaşınla bağlı sığorta hadisəsi baş vermiş, avtomaşın xx.xx.2013-cü il tarixdə yol nəqliyyat hadisəsinə uğramış və nəticədə maddi zərərə məruz qalmışdır. Avtomobillə bağlı zərər 15749,46 manat məbləğində müəyyən edilmiş, sığorta ödənişi sığorta şəhadətnaməsinə razılaşdırılmış 500 manat azadolma məbləği çıxılmaqla 15249,46 manat təşkil edir. xx xxxxxx 2013-cü il 001268 nömrəli X10 görünür ki, “xxxx” ASC M/B-HO-0002/12 saylı sığorta müqaviləsinə əsasən Quliyev Eldar Əlimövsüm oğluna 15249.46 (on beş min iki yüz qırx doqquz manat, qırx altı qəpik) məbləğində sığorta ödənişi etmişdir. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiqlənməsi barədə Sumqayıt ŞPİnin DYPB-nin arayışından görünür ki, xx.xx.2013-cü il tarixdə saat 15.35-də Sumqayıt şəhəri,Cəlil Məmmədquluzadə küçəsində mülkiyyət hüququ ilə Quliyev Eldar Əlimövsüm oğlu tərəfindən idarə edilən «Mazda CX-9» markalı ** NB *** dövlət qeydiyyat nişanlı avtomaşın Cavabdeh məxsus «Hyundai İX-35» markalı ** FR *** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuşdur. BYP 468471 saylı İnzibati Xəta haqqında protokoldan görünür ki, xx.xx.2013-cü il tarixdə, saat 15.35-də Cavabdeh «Hyundai İX-35» markalı ** FR *** dövlət qeydiyyat nişanlı avtomaşınla hərəkətdə olarkən işıqforun yaşıl işığında yol ayrıcına daxil olub sola dönərkən düzünə hərəkət edən avtomaşına yol verməyib, onunla toqquşaraq zərərçəkən şəxs Quliyev Eldar Əlimövsüm oğluna maddi zərər vurmuşdur. Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 151.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 60 manat məbləğində cərimə edilmişdir. xx.xx.2013-cü il tarixli etibarnamədən görünür ki, X8 Cavabdeh «Hyundai İX-35» markalı ** FR *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək səlahiyyəti vermişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli 14197 nömrəli rəyinə əsasən nəzəri hesablama yolu ilə, iş materiallarında olan “xxxx” ASC tərəfindən tərtib edilmiş xx.xx.2013-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2011-ci il buraxılışlı “Mazda CX-9” markalı, ** NB *** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 11766,00 manat müəyyən edilir. Birinci instansiya məhkəməsi qeyd edilən sənədlərə əsasən,Cavabdeh yol hərəkəti qaydalarını pozması nəticəsində idarə etdiyi «Hyundai İX-35» markalı ** FR *** dövlət qeydiyyat nişanlı avtomaşının «xxxx» ASC tərəfindən sığortalanmış “Mazda CX-9” markalı, ** NB *** markalı avtomaşınla toqquşmasını, nəticədə Cavabdeh sonuncuya maddi ziyan vurmaqla mülki hüquq pozuntusu törətməsini, “Mazda CX-9” markalı, ** NB *** markalı avtomobilin sığortalı olduğundan sığortaçı tərəfindən sığortalıya sığorta ödənişi ödənilməsini, həmin hüquqazidd hərəkət nəticəsində dəymiş zərərin sığortaçı tərəfindən ödənildiyindən ödənilmiş zərərin əvəzini tələb etmə hüququ subroqasiya qaydasında «xxxx» ASC-yə keçməsini müəyyən edərək iddianı təmin etmiş, gəldiyi nəticəni də Mülki Məcəllənin 21.1, 936.1, 1096, 1097, 1108.1, MPM-nin 119.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Mülki Məcəllənin qeyd olunan maddələrinə düzgün istinad edərək iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Çünki, iş materiallarından da göründüyü kimi, Cavabdeh yol hərəkəti qaydalarını pozması nəticəsində idarə etdiyi «Hyundai İX-35» markalı ** FR *** dövlət qeydiyyat nişanlı avtomaşının «xxxx» ASC tərəfindən sığortalanmış “Mazda CX-9” markalı, ** NB *** markalı avtomaşınla toqquşmuş, qəza nəticəsində sığorta olunan “Mazda CX-9” markalı, ** NB *** markalı avtomobilə 15249,46 manat ziyan dəymiş, dəymiş zərər sığortalı avtomobilin sahibinə ödənmiş, dəymiş zərərin 5000 manatı da “xxxx” ASC tərəfindən iddiaçıya ödənilmişdir. “İcbari sığortlar haqqında” Qanunun 25.1.3-cü maddəsinə görə sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi zamanı yaranır. Bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Hazırki işdən də görünür ki, BYP 468471 saylı İnzibati Xəta haqqında protokola əsasən Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 151.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 60 manat məbləğində cərimə edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Mülki Məcəllənin yuxarıda qeyd olunan maddələrinə istinad edərək, vurulmuş zərərin cavabdehdən tutulmasını qət edərkən düzgün nəticəyə gəlmişdir. Belə ki, cavabdehin mülki hüquq pozuntusu törətməsində təqsirli olması və nəticədə zərər vurması işin mübahisələndirilməyən halıdır. İş materiallarından görünür ki, sığortaçı olaraq “xxxx”ASC sığortalıya sığorta ödənişini həyata keçirmişdir. Bununla da iddiaçının faydalanan şəxsə ödədiyi sığorta ödənişi məbləğində pulu subroqasiya qaydasında cavabdehdən tələb etmək hüququ yaranmışdır. Azərbacyan Respublikası Mülki Məcəlləsinin 936.1 və 936.2-ci maddələrinə görə subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə də mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Bundan əlavə, 61 manat məbləğində məhkəmə xərclərinin cavabdehdən tutularaq iddiaçı banka ödənilməsi, eləcə də keçirilmiş ekspertiza xərci olan 120 manatın cavabdehdən tutularaq Məhkəmə Ekspertizasə Mərkəzinin hesabına ödənilməsi barədə birinci instansiya məhkəməsi gəldiyi nəticə qanuni və əsaslıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətinin dəlillərini, zərərin yüksək hesablanması, əsassız sayır. Belə ki, dəymiş zərərin hesablanması ilə əlaqədar birinci instansiya məhkəməsində ekspertiza təyin edilmiş və iddiaçı tərəfindən zərərin əvəzi olaraq ödənilmiş məbləğ ekspert rəyi ilə təsdiqini tapmışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutlmuş əsaslar mövcud deyil. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4389/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1, 393, 402, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4389/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh oğlunun apelyasiya şikayəti təmin edilməsin. Qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar