Məhkəmə qərarları › İş №2(105)-2646/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2646/2020

13.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2646/2020 13.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində müəyyən edilmiş aliment miqdarının artırılması tələbinə dair mülki iş üzrə Sumqayıt şəhər Məhkəməsinin 2(060)-1949/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt şəhər Məhkəməsinin 2(060)-1949/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli 2(105)-3190/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, miqdarı dəyişdirilmiş alimentin tutulmasının qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanması, Cavabdeh 30 (otuz) manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir (hakim Günel Tanrıverdiyeva) Qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikayəti verərək Sumqayıt şəhər Məhkəməsinin 2(060)-1949/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli 2(105)-3190/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarının artırılaraq Cavabdeh xx xxxxxx 2008-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün 170 manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi X3 apelyasiya şikayətini müdafiə edərək göstərdi ki əvvəlki keçirilmiş məhkəmə iclaslarında heç bir məhkəmə bildirişi gəlməmiş, xəbərdarlıq olunmamış və mobil telefonuna zəng gəlməmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, cavabdeh ailəlidir, birgə nikahdan bir övladı, xx.xx.2011-ci il təvəllüdlü X5 vardır. Özü rəsmi nikah qeydiyyatından keçməyinə baxmayaraq iddiaçının iddiasına əsasən onun rəsmi nikahı ləğv olunmuşdur. Cavabdeh onların, yəni valideynlərinin himayəsindədir. Özü ağır revmatizm xəstəliyindən əziyyət çəkir, daim müalicə və müayinəyə ehtiyacı var. X4 onurğa sütununu yırtığından əziyyət çəkir. Azərbaycan Respublikası Prezidentin fərmanı ilə aldıqları 190 manatla 5 nəfər ailə üzvü dolanır. İddiaçı özü yaxşı gəlir əldə edir. Metropolitendə gözətçi vəzifəsində işləyir, aldığı məvacib qənaətbəxşdir. Hətta xəstəlik dövründə onların maaşları tam ödənilmişdir. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1949/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsin və iddianın rədd olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətinin dəlillərinə etiraz edərək göstərdi ki, Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxxxxxx 2017-ci il tarixli 2(105)-3190/2017 saylı qətnaməsi ilə onun apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2017-ci il tarixli 2(060)-8146/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, xx xxxxxx 2008-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 136,60 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət olunmuşdur. Hazırda bu məbləğ indiki reallıqda uşaqların saxlanılması üçün kifayət etmir. Belə ki, təyin olunmuş məbləğ uşağın geyimi, qidalanması, təhsili və s. üçün faktiki olaraq kifayət etmir. Bu səbəbdən məcburiyyət qarşısında qalaraq Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Hazırda sabit pul məbləğində müəyyən edilmiş aliment miqdarının artırılmasına zərurət yaranmışdır. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1949/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbacyan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 1949/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2009-cu il tarixli, AZ-İİ 233520 saylı doğum haqqında şəhadətnamənin surətinə əsasən xx.xx.2008-ci il təvəllüdlü X2 atası Cavabdeh, anası İddiaçıdır. Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasınınxx xxxxxxx 2017-ci il tarixli, 2(105)- 3190/2017 saylı qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2017-ci il tarixli 2(060)-8146/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin təyini hissəsində dəyişdirilmiş, iddia ərizəsi qismən təmin edilərək, xx xxxxxx 2008-ci ildə Sumqayıt şəhərində doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh tutulan 108 manat sabit pul məbləğində alimentin miqdarı artırılaraq hər ay 136,60 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət olunmuş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsi qeyd edilən iş materiallarına istinadən, Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxxxxxx 2017-ci il tarixli 2(105)-3190/2017 saylı qətnaməsi qəbul olunduğu vaxt xx.xx.2008-ci il təvəllüdlü X2 doqquz yaşı olmasını, hazırda isə onun on iki yaşı olmasını, bunun uşağın saxlanılması üçün zəruri olan xərclərin artmasına səbəb olmasını, həmçinin həmin qətnamə ilə alimentin miqdarı müəyyən edildikdən sonra, yaşayış minimumu haqqında qanunvericiliyin tələblərinin dəyişməsi və uşaqların saxlanılması üçün tələb olunan məbləğin artmasını müəyyən edərək iddianı təmin etmiş, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75, 112.1-ci maddələrinə, “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Qanuna istinad edərək əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarına uyğun olaraq qeyd olunan qanunvericilik normalarını tətbiq etməklə aliment məbləğini artırarkən düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, 2020-ci il üçün yaşayış minumumu ölkə üzrə uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. İş materiallarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxxxxxx 2017-ci il tarixli 2(105)-3190/2017 saylı qətnaməsi ilə xx.xx.2008-ci təvəllüdlü ildə X2 yetkinlik yaşına çatanadək saxlanılması tutulan 108 manat sabit pul məbləğində alimentin miqdarı artırılaraq 136,60 manat müəyyən edilmişdir. Həmin tarixdən sonra yaşayış minimumu haqqında Qanuna bir neçə dəfə dəyişiklik edilərək uşaqlar üçün yaşayış minimumu artırılmışdır. Eyni zamanda xx.xx.2017-ci il tarixli qətnamə ilə alimentin miqdarı dəyişdirilərkən xeyrinə aliment tutulan uşağın 9 yaşı olmuşdur. Hazırda isə həmin uşağın 12 yaşı olmaqla, məktəbdə yuxarı sinifdə təhsil alır. Bununla da uşağın minimum yaşayış xərcləri təhsillə əlaqədar bir qədər də artmışdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi alimentin məbləğini dəyişdirərək, 170 manat müəyyən edərkən işin hallarına uyğun olaraq qanunvericilik normalarını düzgün tətbiq etmişdir. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətinin dəlillərini, yəni, işləməməsini, yenidən ailə qurmasını, 1 övladının olmasını əsaslı saymır. Belə ki, cavabdehin qeyd etdiyi hallar onu uşağı saxlamaq, uşağın qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatını ödəmək vəzifəsindən azad etmir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli, 8-2/2016 №-li Qərarında da (8.2-ci bənd) izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə artırılmış aliment məbləğinin qətnamənin qanuni qüvvəsini aldıqdan sonra hesablanması barədə gəldiyi nəticədə haqlı olmuşdur. Belə ki, hazırki iddia tələbi alimentin tutulması barədə ilkin iddia deyil, alimentin artırılması (dəyişdirilməsi) barədə olduğu üçün alimentin artırılmış məbləği qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Buna görə də AR Ailə Məcəlləsinin 100.2-ci maddəsi alimentin artırılması ilə bağlı tələblərə tətbiq edilə bilməz. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli, 8-2/2016 №-li Qərarında da məhkəmələrə tövsiyyə edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Bundan əlavə, birinci instansiya məhkəməsi iddia ərizəsinin verilməsi üçün müəyyən edilmiş dövlət rüsumunun iddiaçının rüsum ödəməkdən azad olması əsası ilə cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsi barədə gəldiyi nəticədə də haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsindən görünür ki, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci maddəsinin tələbinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda, məhkəməyə verilən iddia ərizələrindən 30 manat məbləğində dövlət rüsumu tutulur. Eyni zamanda, həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə məhkəməyə verilən iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1 və 119.2-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur və qətnamə qanuni və əsaslı olduğundan apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi, dəyişdirilməsi üçün əsas sayıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutlmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə isə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-1949/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392-393 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt şəhər Məhkəməsinin 2(060)-1949/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar