Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-265/2024 31.01.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə (Açar sözlər: aliment tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X6 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-5697/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X5 xx.xx.2023-cü tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır.
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı aliment təyin edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə faktiki nikah münasibətlərinə daxil olaraq ailə qurmuşdur. Faktiki nikahdan xx.xx.2023-cü il tarixdə X5 dünyaya gəlmişdir. Cavabdehlə aralarında fikir ayrılıqları səbəbi ilə tez-tez mübahisələri yaranmış və aralarında olan münasibət pozulmuşdur. Hal-hazırda cavabdehlə bir yerdə yaşamırlar. Cavabdeh birgə nikahlarından dünyaya gəlmiş azyaşlı övladları X1 üçün heç bir maddi köməklik göstərmir. Azyaşlı övladlarına olduqca laqeyd yanaşır. Övladı onun himayəsindədir. Onun bütün maddi ehtiyaclarını tək başına qarşılamaqda çətinlik çətir. Qeyd edir ki, cavabdehin maddi vəziyyəti olduqca yaxşıdır. Bu səbəbdən də, aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən məhkəmədən faktiki nikahdan dünyaya gəlmiş xx.xx.2023-cü il tarixdə X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay əmək haqqının ¼ hissəsi məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi, faktiki nikahdan dünyaya gəlmiş xx.xx.2023-cü il tarixdə X3 3 yaşı tamam olanadək saxlanılması üçün hər ay 100 (bir yüz) manat məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi və alimentin tutulmasının ərizəsinin məhkəməyə daxil olduğu gündən hesablanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə müraciət edərək, məhkəmədən xx.xx.2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə müraciət edərək, məhkəmədən faktiki nikahdan dünyaya gəlmiş xx.xx.2023-cü il tarixdə X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi, faktiki nikahdan dünyaya gəlmiş xx.xx.2023-cü il tarixdə X3 3 yaşına çatanadək saxlanılması üçün hər ay 100 (yüz) manat məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-5697/2023 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 22 avqust 2023-cü il tarixdən başlayaraq xx.xx.2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə keçirilməsi, alimentə dair hissədə qətnamənin dərhal icra edilməsi qət edilmişdir (hakim Aynur Behbudova).
6. Tərəflərin birgə yaşadıqlarını, yetkinlik yaşına çatmayan uşağın mənafeyini, hazırki yaşayış minimumu həddini, o cümlədən, tərəflərin diqqətəlayiq maraqlarını və maddi vəziyyətlərini nəzərə alaraq birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbi qismən təmin edilərək, xx.xx.2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində aliment Cavabdeh İddiaçı xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. xx.xx.2023-cü il təvəllüdlü X3 3 yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə aliment tutulması tələbinə münasibətdə hesab edir ki, faktiki nikah münasibətindən doğulmuş uşağın 3 yaşına çatanadək saxlanılması üçün aliment tərəflərin maddi vəziyyətinə uyğun olması işin araşdırılan hallarına əsasən sübut olunmadığından, həmçinin iddia tələbi bu hissədə öz təsdiqini tapmadığından, həmin hissədə iddia tələbi təmin edilməməlidir.
7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1, 75.4, 78.1, 85.1.1, 86-cı, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-cı il tarixli qərarına istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
8. İddiaçı apellyasiya şikayəti verib, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-5697/2023 saylı qətnaməsinin faktiki nikahdan dünyaya gəlmiş xx.xx.2023-cü il təvəllüdlü X3 3 yaşına çatanadək saxlanılması üçün iddiaçıya ödənilməli olan hər ay üçün 100 manat alimentin təmin edilməməsi hissəsində ləğv edərək, faktiki nikahdan dünyaya gəlmiş xx.xx.2023-cü il təvəllüdlü X3 3 yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat alimentin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddiaçı apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə faktiki nikah münasibətlərinə daxil olaraq ailə qurmuşdur. Faktiki nikahdan xx.xx.2023-cü il təvəllüdlü X5 dünyaya gəlmişdir. Cavabdehlə aralarında fikir ayrılığı səbəbi ilə tez-tez mübahisələri yaranmış, münasibətləri pozulmuşdur. Hal-hazırda cavabdehlə bir yerdə yaşamırlar. Cavabdeh uşağın saxlanması üçün heç bir maddi köməklik göstərmir. Övladına laqeyd yanaşır. Uşaq onun himayəsindədir. Uşağın ehtiyaclarını təkbaşına qarşılamağa çətinlik çəkir. Cavabdehin maddi vəziyyəti yaxşıdır. Ona görə də aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Tələbi odur ki, məhkəmə uşaq üçün hər ay 220 manat sabit pul məbləğində, eyni zamanda uşağın 3 yaşına çatanadək mənə 100 manat məbləğində aliment təyin etsin. Birinci instansiya məhkəməsi isə 100 manat hissəsində iddiamı təmin etməmişdir. Bildirir ki, atalıq faktı müəyyən olunmuşdur, uşağın doğum haqqında şəhadətnaməsi vardır. Hal-hazırda faktiki nikah da pozulmuşdur və ayrı yaşayırlar. Uşaq onun himayəsindədir. Cavabdehin rəsmi iş yeri barədə, başqa uşağının olması barədə məlumatı yoxdur. Cavabdeh N saylı hərbi hissədə MAXE kimi xidmət edir. Kifayət qədər təminatlı insandır. Hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi 100 manat hissəsində qanunsuz və əsassızdır və apellyasiya qaydasında ləğv edilməli və apellyasiya şikayətim təmin edilməlidir.
10. Belə ki, birinci instansiya məhkəməsi konkret olaraq normaya istinad etsə də, öz qətnaməsinin əsasını təşkil edən prosessual normanın zəruriliyini əsaslandıra bilməmişdir. Sadəcə texniki olaraq maddə qətnaməyə köçürülsə də, onun hansı zərurətdən irəli gəldiyi sübut edilməmişdir. Uşağın mənafeyinin nəzərə alınması üçün hüquqi imkanlar olduğu halda, məhkəmə işin hallarını nəzərə almamış və nəticədə ədalətsiz qətnamə qəbul etmişdir. Odur ki, bu hallar məhkəmə tərəfindən nəzərə alınmalı idi.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
11. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edib orada göstərilənlərə uyğun izahat verərək şikayətin təmin olunmamasını xahiş etdi.
13. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə iddiaçı məhkəmə iclasına gəlməmişdir. Bununla belə ərizə ilə müraciət edərək apellyasiya şikayətinə onun iştirakı olmadan baxılmasını və təmin edilməsini xahiş etmişdir.
14. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
15. Maddə 34. Analıq, atalıq, uşaqlıq qanunla qorunur. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir.
Azərbaycan Respublikasının Ailə Məcəlləsi
16. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.
17. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
18. Maddə 78.3. Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir.
19. Maddə 84.2. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: 84.2.1. əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad; 84.2.2. hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad; ...
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
23. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
24. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
25. Maddə 385.1.1 - 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir.
26. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
28. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
29. Apellyasiya şikayətindən görünür ki, iddiaçı Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-5697/2023 nömrəli qətnaməsini uşaq 3 yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat aliment tələbinin təmin edilməməsi hissəsində mübahisələndirmişdir.
30. Ona görə də kollegiya Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin mübahisələndirilən hissəsində yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – xx.xx.2023-cü il tarixdə X3 3 yaşı tamam olanadək hər ay 100 manat məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilməli və tərəflərin uşaqlarının 3 yaşı tamam olanadək hər ay 50 manat məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi müəyyən edilməlidir.
32. Beləliklə, işin halları ondan ibarətdir ki, tərəflərin xx.xx.2023-cü il tarixdə X5 adlı uşaqları doğulmuşdur. Daha sonra tərəflər münasibətlərinə son qoyaraq ayrı yaşamağa başlamışlar. Hazırkı iş üzrə iddiaçı birinci instansiya məhkəməsinə müraciət edərək uşağın saxlanılması və eləcə də uşaq üçün 3 yaşına çatanadək onun xeyrinə aliment tutulmasını xahiş etmişdir.
33. İddianı hazırda baxılan hissədə təmin etməyən birinci instansiya məhkəməsi ona istinad etmişdir ki, uşağın 3 yaşına çatanadək saxlanılması üçün aliment tərəflərin maddi vəziyyətinə uyğun olması işin araşdırılan hallarına əsasən sübut olunmadığından, həmçinin iddia tələbi bu hissədə öz təsdiqini tapmadığından, həmin hissədə iddia tələbi təmin edilməməlidir.
34. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq hesab edir ki, hazırkı iş üzrə cavabdehin iddiaçıdan uşaqları 3 yaşına çatanadək aliment almaq hüququ vardır.
35. İddia tələbinin mübahisələndirilən hissədə qismən təmin edilməsi qənaətinə gələn kollegiya qeyd edir ki, hazırkı halda iddiaçı üçün alimentin məbləğinin 50 manat müəyyən edilməsi hər iki tərəfin maddi vəziyyəti baxımından əlverişli və məqsədəmüvafiqdir.
36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392- 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-5697/2023 nömrəli qətnaməsi qismən – xx.xx.2023-cü il təvəllüdlü X3 3 yaşı tamam olanadək hər ay 100 (bir yüz) manat məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. xx.xx.2023-cü il təvəllüdlü X3 3 yaşı tamam olanadək hər ay 50 (əlli) manat məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.