Məhkəmə qərarları › İş №2(105)-2659/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2659/2021

26.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2659/2021 26.08.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, Cavabdeh nümayəndəsi və vəkili X3 iştirakı ilə açıq məhkəmə iclasında Sumqayıt Şəhər Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 2(060)-2851/2021 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 2(060)-2851/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Aynur Behbudova) İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, Cavabdeh 17 fevral 2021-ci il tarixdən başlayaraq 11.09.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi, Cavabdeh 30 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə keçirilməsi, qətnamənin alimentə dair hissədə dərhal icra edilməsi qət edilmiş, cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh birgə nikahlarından anadan olan 11.09.2017-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 175 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 28.01.2016-cı il tarixdə Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində rəsmi qeydiyyatdan keçməklə ailə qurmuşlar. Birgə nikahlarından 11.09.2017-cı il tarixdə X4 anadan olmuşdur. Cavabdehlə aralarında olan rəsmi nikah pozulmamışdır. Lakin cavabdeh ona və övladına baxmır, evdən çıxıb getmişdir. Uşağı körpə olduğuna görə o, işləyə bilmir və maddi vəziyyəti heç də yaxşı deyildir. Cavabdeh isə nə onunla, nə də övladı ilə maraqlanmır. O, uşağı saxlamaqda çətinlik çəkir, alimentə ehtiyacı vardır. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qanunsuz, əsassız və olduqca ədalətsiz qətnamə çıxarmışdır. İş üzrə çıxarılmış məhkəmə qətnaməsi prosessual qanunvericilikdə nəzərdə tutulmuş müddətdə rəsmi qaydada ona verilməmişdir. Qətnamənin mövcudluğundan icra məmurunun ona ünvanladığı bildirişdən xəbər tutmuşdur. Hazırki iş üzrə məhkəmə qətnaməsi qanuni və əsaslı hesab edilə bilməz. Məhkəmə alimentin tutulması ilə bağlı mübahisəni həll edərkən həm prosessual, həm də maddi hüquq normalarının tələblərinə riayət etməmişdir. Belə ki, məhkəmə qətnaməsini onu dinləmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmışdır. Məhkəmə 2021-ci il üçün uşaqlar üçün yaşayış minimumunun 175 manat müəyyən olunmasını qeyd etməklə yanaşı, işləyən əhali üçün də qəbul olunmuş yaşayış minimumunun 190 manat məbləğində müəyyən edilməsindən məlumatlı olmuşdu. Məhkəmə ədalətsiz qətnamə qəbul etməklə onu gələcəkdə cinayət əməlini törətməyə sürükləyir. İş üzrə çıxarılmış məhkəmə qətnaməsindən alimentin nəyə görə sabit pul məbləğində təyin olunmasını müəyyən etmək mümkün deyildir, çünki məhkəmə bunu lazımı qaydada əsaslandırmamışdır. Məhkəmə qətnaməsinin təsviri hissəsində iddiaçının iddia ərizəsində qeyd olunanlara istinadən göstərir ki, guya o, iddiaçıya və uşağa baxmır, evdən çıxıb getmişdir. O, iddiaçı ilə birgə yaşadığı dövrdə ailə başçısı olaraq üzərinə düşən vəzifələri lazımınca yerinə yetirmişdir. O, vətən qarşısında olan borcunu yerinə yetirmək üçün ordu sıralarına yazılaraq qırx dörd günlük Vətən müharibəsində hərbi əməliyyatlarda iştirak etmis, 09.11.2020-ci il tarixdə Şuşa şəhəri istiqamətində gedən döyüşlərdə düşmən tərəfindən atılan mərminin partlaması nəticəsində ağır yaralanmış, uzun müddət stasionar şəraitdə müalicə olunmuşdur. Hazırda ona ikinci dərəcəli əlillik müəyyən edildiyindən müvəqqəti işləmir, maddi durumu olduqca acınacaqlıdır. Cavabdeh apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilib 11.09.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay ondan 100 manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X6 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi. İddiaçı və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlmədiklərindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə Səfərli (Mirzəbəyova) Vəfa Sahib qızı arasında olan nikah 28 yanvar 2016-cı il tarixdə Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində bağlanılaraq 238 sayla qeydə alınmışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı nikahından 11.09.2017-ci il tarixdə X4 anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə arayışının surətindən görünür ki, Cavabdeh hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, partlayış travması, sol kürək, döş qəfəsinin sol yarısının, sol saidin əlin, belin sağ yarısının və sol budun yumuşaq toxumalarının çoxsaylı odlu-silah qəlpə yaralanması ilə əlaqədar 3-cü dərəcəli əlil olmaqla, yüngül işlərdə işləyə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişkən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” qanunun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” qanunun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına dair 7 saylı protokolun 5-ci maddəsinə əsasən ər-arvad nikaha daxil olmaq və boşanmaq ilə bağlı məsələlərdə öz aralarında və uşaqları ilə münasibətlərdə bərabər hüquqa malikdirlər və bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, tərəflər arasında yetkinlik yaşına çatmayan uşağa aliment ödənilməsi barədə saziş yoxdur, cavabdeh rəsmi olaraq işləmir. Digər tərəfdən, tərəflərin nikahından olan azyaşlı uşağın iddiaçının himayəsində olması, uşağa qulluq, onun sağlamlıq, inkişaf, məişət qayğılarının çəkilməsi uşağın himayəsində olduğu iddiaçının üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi cavabdehdən tutulmasına əsas verir. Həmçinin “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” qanuna əsasən 2021-ci ildə yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, qanunun mənasına görə isə heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də hüquqi vəzifəsidir. Cavabdeh apellyasiya şikayətində 11.09.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay ondan 100 manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutulmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin göstərdiyi miqdarda, yəni hər ay 100 manat məbləğində alimentin tutulması uşağın mənafeyinə uyğun deyildir, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli sayıla bilməz və yuxarıda qeyd edilən qanunların tələblərinə ziddir. Cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 2(060)-2851/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar