Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2665/2020 12.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, Cavabdeh iştirakı ilə açıq məhkəmə iclasında, Qusar Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(029)-535/2020 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Qusar Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(029)-535/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Rafiq Kazımov) İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, Cavabdeh xx xxxx 2020-ci il tarixdən başlayaraq xx xxxxxx 2006-cı il təvəllüdlü X6 və xx xxxxxx 2009-cu il təvəllüdlü X7 adlı uşaqların yetkinlik yaşlarına çatana kimi baxılıb saxlanmaları üçün hər ay hər bir uşağa görə 100 manat, cəmi 200 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi, qətnamənin dərhal icra olunması qət edilmiş, cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, xx.xx.2020-ci il tarixdə İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə birgə yaşadıqları müddətdə anadan olmuş xx xxxxxx 2006-cı il təvəllüdlü X6 və xx xxxxxx 2009-cu il təvəllüdlü X1 üçün hər ay hər bir uşağa görə 170 manat olmaqla cəmi 340 manat sabit pul məbləğində alimentin tutularaq uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, o, nikahı rəsmi qeyd etdirmədən el adəti ilə toy edərək Cavabdeh ilə evlənmişdi. Birgə yaşadıqları müddətdə xx xxxxxx 2006-cı il tarixdə X6 və xx xxxxxx 2009-cu il tarixdə X7 anadan olmuşlar. Ailə münasibətləri pozulduğu üçün Cavabdeh ayrılmışdır. Cavabdeh ayrıldıqdan sonra uşaqlar onun himayəsində qalmışlar. Cavabdeh uşaqların saxlanmasının və tərbiyəsinin qayğısını çəkmir, uşaqların maddi, məişət ehtiyaclarının ödənilməsini təmin etmir, ona uşaqların saxlanması üçün heç bir köməklik göstərmir. Uşaqları təkbaşına saxlamaq onun üçün çətindir. Ona görə də uşaqların saxlanılması üçün cavabdehdən onun xeyrinə aliment tutulmalı, aliment hər ay sabit pul məbləğində müəyyən olunmalıdır. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə əsassızdır, maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, qətnamədə göstərilmiş nəticələrin işin hallarına tam uyğun gəlməməsi sübuta yetirilir və bu səbəbdən qətnamə ləğv olunmalıdır. Belə ki, xx xxxxxx 2005-ci il tarixdə nikahı rəsmi qeyd etdirmədən el adəti ilə toy edərək İddiaçı ilə evlənmişdir. Birgə yaşadıqları müddətdə xx xxxxxx 2006-cı il tarixdə X6 və xx xxxxxx 2009-cu il tarixdə X7 anadan olmuşlar. Ailə münasibətləri pozulduğu üçün ayrılmışlar və artıq 3 aydır ayrı yaşayırlar. Ayrıldıqları vaxtdan uşaqlar iddiaçının himayəsində qalmışdır. O, hazırda heç bir yerdə işləmir. Respublikada yayılan COVİD-19 pandemiyası ilə əlaqədədar olaraq iş yeri tapa bilmir. Maddi vəziyyəti olduqca pisdir. O, qətnamə ilə təyin edilən alimenti ödəmək qabiliyyətində deyildir. Təyin olunmuş alimentin məbləği onun maddi vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsinə səbəb olacaq, bunun nəticəsində ödənilməmiş aliment borcu yaranacaqdır. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, İddiaçı ilə nikahı xx xxxxxx 2005-ci il tarixdə rəsmi qeydə alınmışdır, Qusar Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş, uşaqlar İddiaçı himayəsində saxlanılmışlar. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin faktiki olaraq iddianın təmin edilmiş hissəsində ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı bu hissədə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Uspat Saruxanov xx xxxxxx 2006-cı il tarixdə, Afet Saruxanova xx xxxxxx 2009-cu il tarixdə anadan olmuşlar, ataları Cavabdeh, anaları İddiaçıdır. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Cavabdeh ilə İddiaçı nikahından xx xxxxxx 2006-cı il tarixdəSaruxanovUspatQair oğlu və xx xxxxxx 2009-cu il tarixdəSaruxanovaAfetQair qızı anadan olmuşlar. İş materiallarına əlavə olunmuş Qusar rayon İHB-nın Düztahir kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx xxxxxx 2020-ci il tarixli, 414 saylı arayışından görünür ki,Cavabdeh Qusar rayonunun Gican kənd sakinidir, inzibati ərazi dairəsi üzrə heç bir yerdə işləmir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin 9 saylı X9 filialının xx xxxxxxx 2020-ci il tarixli arayışından görünür ki, Saruxanov X5 alt sistemində işaxtaran vətəndaş kimi qeydiyyata alınmışdır və onun adına qüvvədə olan elektron müqavilə mövcud deyildir. İş materiallarına əlavə olunmuş Qusar Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(029)- 863/2020 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı nikahın pozulması tələbinə dair iddiası təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında Qusar rayon İHB-nın Düztahir kənd İƏN-də xx xxxxxx 2005-ci il tarixli, 22 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahlarından anadan olmuş xx xxxxxx 2006-cı il təvəllüdlüSaruxanovUspatQair oğlu və xx xxxxxx 2009-cu il təvəllüdlüSaruxanovaAfetQair qızının anaları İddiaçı himayəsində saxlanılmaları və həmin uşaqların yaşayış yerləri kimi İddiaçı yaşayış yerinin müəyyən edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişkən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” qanunun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” qanunun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına dair 7 saylı protokolun 5-ci maddəsinə əsasən ər-arvad nikaha daxil olmaq və boşanmaq ilə bağlı məsələlərdə öz aralarında və uşaqları ilə münasibətlərdə bərabər hüquqa malikdirlər və bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissəsində qanuni və əsaslıdır. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, tərəflər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdur, cavabdeh rəsmi olaraq işləmir. Digər tərəfdən, tərəflərin nikahlarından olan yetkinlik yaşına çatmayan uşaqların iddiaçının himayəsində olması, uşaqlara qulluq, onların sağlamlıq, inkişaf, məişət qayğılarının çəkilməsi uşaqların himayəsində olduğu iddiaçının üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi cavabdehdən tutulmasına əsas verir. Həmçinin “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” qanuna əsasən 2020-ci ildə yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, qanunun mənasına görə isə heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də hüquqi vəzifəsidir. Cavabdeh apellyasiya şikayətində qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunduğunu göstərsə də, bunun nədə ifadə olunduğunu konkret qeyd etmədiyindən məhkəmə kollegiyası onun bu dəlili ilə razılaşmır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi digər dəlilləri əsassız hesab edir. Cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər iş üzrə məhkəmə qətnaməsinin iddianın təmin edilmiş hissəsində apellyasiya qaydasında ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Qusar Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(029)-535/2020 saylı qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Fuad Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-2665/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2665/2020
12.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver