Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2668/2020 06.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qasımova Vüsalə Yadigar qızının katibliyi, İddiaçı, onun vəkili Vəkil, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış evinin tikintisinə çəkilmiş xərclərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(067)-955/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(067)-955/2020 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim A.Sadıqov) Qətnamədən narazı qalan İddiaçı ondan apelyasiya şikayəti verərək, Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(067)-955/2020 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh1 və Cavabdeh2 Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, 118 saylı ünvanında yeni tikilmiş tikintiyə (evə) çəkilmiş xərclərin əvəzi olaraq 45000 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1la xx.xx.2008-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Ailə qurarkən digər Cavabdeh2 sahibliyində olan yaşayış evinə gəlin köçmüşdür. Orada yaşadığı dövrdə xx.xx.2009-cu il tarixdə X4 və xx.xx.2011-ci il tarixdə X5 anadan olmuşdur. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə nikahları pozulmuş, uşaqların hər ikisi onun yanında saxlanılmış və uşaqların saxlanması üçün onun xeyrinə 240 manat aliment kəsilmişdir. Qeyd olunan yaşayış evinə X1 adına texniki pasport işlənmiş, lakin qeydiyyat vəsiqəsi verilməmişdir. Yaşayış evinin texniki pasportundan da görünür ki, yaşayış evi 1950-ci ildə tikilmiş, başqa sözlə, istismar müddətini başa çatdırmış evdir. Orada yaşadığı dövrdə hamının iştirakı ilə qərara gəlmişlər ki, həyətyanı torpaq sahəsində onlar üçün yaşayış evi tiksinlər. 2018-ci ildən həmin evin tikintisinə başlamışlar və orada olduğu dövrdə yaşayış evi bünövrədən inşa edilərək iki mərtəbə tikilmiş və damı da vurulmuşdur. Qeyd olunan yaşayış evi mişar daşından tikilmiş, qapı-pəncərələri qoyulmuş, döşəməsi və tavanı vurulmuş, təmir edilərək yaşayış üçün yararlı vəziyyətə gətirilmişdir. Həmin evə köçmə ərəfəsində ailədə münaqişə yaranmış və o, evi tərk etmək məcburiyyətində qalmışdır. Yaşayış evi tikilərkən o, rəsmi olaraq heç yerdə işləməsə də, tikintidə işləyən usta və fəhlələrin çay-çörəyini hazırlayıb vermişdir. Keçmiş həyat yoldaşı Cavabdeh1 sahibkarlıq fəaliyyəti ilə məşbul olur, onun da qazancı həmin tikiliyə sərf edilmişdir. Yaşayış evi onların ailəsi üçün tikildiyinə görə tikiliyə xərclənmiş vəsaitin 2/3 hissəsi ona verilməlidir. Qeyd olunan yaşayış evinə təxminən 65-70 min manat vəsait xərclənmişdir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İddiaçı iddia ərizəsilə oxşar məzmunda apelyasiya şikayəti verərək göstərmişdir ki, qətnamə işin faktiki hallarına uyğun deyildir. Məhkəmə iclasında cavabdehlərin izahatları təhrif edilərək göstərilmişdir. İclasda ifadə verən şahidlər isə cavabdehlər tərəfindən əvvəlcədən öyrədilmiş şəxslərdir. Hazırda xəstə olan və öz dərmanlarının alınmasına çoxlu pul xərcləyən Cavabdeh2 65000-70000 manatlıq ev tikdirməyə vəsaiti ola bilməzdi. Bu ev məhz onun keşmiş əri Cavabdeh1 vəsaiti ilə inşa edilmiş, lakin o, işdə olduğundan tikintiyə nəzarəti atası Cavabdeh2 etmişdir. Belə ki, Cavabdeh1 Xaçmaz mərkəzi bazarında uzun müddətdir ki, ticarət obyekti işlədir və yaxşı gəliri vardır. Tikintidə işləyən usta və fəhlələrə isə o, çay və yemək vermiş, əziyyət çəkmişdir. Buna görə evin dəyəri müəyyənləşdirilməli, onun himayəsində azyaşlı uşaqların olması nəzərə alınmaqla bu vəsaitin 2/3 hissəsi ona verilməli idi. Məhkəmə maddi hüquq normalarını pozmuş, işin bütün faktiki hallarını araşdırmamış və səhv nəticəyə gəlmişdir. Buna görə də qətnamə ləğv edilməli, iddia isə təmin olunmalıdır. Məhkəmə kollegiyasının iclaslarında İddiaçı, həmçinin onun vəkili Vəkil apelyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər. Apelyasiya baxışı zamanı məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 şikayətlə razılaşmadı və qətnamənin qanuni olduğunu göstərərk, apelyasiya şikayətinin rədd edilməsini xahiş etdilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır: İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, Cavabdeh1 ilə Ramazanova (Cabbarova) Aynur Qiyasətdin qızı arasında bağlanmış xx.xx.2008-ci il tarixdə bağlanmış nikah qeydi pozulmuşdur. Yenə işdə olan DƏDRX-nin 5 saylı X12 xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Cavabdeh2 məxsus Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, 118 saylı ünvanda yerləşən fərdi yaşayış evinə dair sənədlər aşkar edilməmişdir. Yenə də işdə olan xx xxxx 1989-cu il tarixli qeydiyyat vəsiqəsindən görünür ki, Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, 98 saylı ünvanda yerləşən fərdi yaşayış evi Cavabdeh2 mülkiyyətindədir. Məhkəmə iclasında şahid qismində ifadə verən X8 ifadəsində göstərmişdir ki, qapı pəncərə ustasıdır. Əfəndinin evində işləmişlər. Əfəndi təxminən 15-ə yaxın qapı-pəngcərə sifariş vermişdir. İşlərini görəndən sonra o, 2000 manata yaxın pulunu ödəmişdir. Əfəndi əvvəl pulun yarı hissəsini, qalanını isə işi qurtarandan sonra öz evində onlara ödəmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X9 ifadəsində göstərmişdir ki, Əfəndinin evində dam örtüyü vurmuşdur. Əvvəllər də Əfəndinin qızının evində usta kimi işləmişdir. Əfəndi yenə də onu evinə usta kimi dəvət etmişdir. Orada iki nəfər işləmişlər, ikisinə isə o, 1200 manat pul vermişdir. Material almağa da Əfəndi ilə getmişdir, taxtanın 1300 manat material pulunu Əfəndi verib almışdır. Əfəndini və onun həyat yoldaşını həyətdə görmüşdür. Tikinti işləri gedərkən Natiqi hərdən həyətdə görmüşdür, Natiq evin tikinti işləri ilə maraqlanmamışdır. Əfəndinin həyətində tikilən evin kimin üçün tikildiyini bilmir. Onlara çayı Əfəndinin həyat yoldaşı vermişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X13 ifadəsində göstərmişdir ki, 2018- 2019-cu illərdə Əfəndinin evində döşəmə vurmuş və pilləkən yığmışdır. 1000 manata yaxın pulu Əfəndi onlara hissə-hissə ödəyib. Təzə tikilən evdəki inşaat işlərə Əfəndi nəzarət etmişdir. Görülən işlərə irad və göstərişləri Əfəndi bildirmişdir. Əfəndinin arvadı və gəlini onlara çay-çörək vermişlər. Məhkəmə iclasında şahid qismində ifadə verən X10 ifadəsində göstərmişdir ki, Əfəndinin evində santexnik işləri, tavan işi (alçıpan) görmüşdür. 2 il əvvəl onu usta kimi Əfəndi dəvət edib. Onunla Bakı şəhərinə gedib material almışlar. İstilik sistemini də 1300 manata o yığmışdır. Alçıpan material pulunu Əfəndi birdəfəyə ödəyib, qalan məbləği isə hissə-hissə ödəmişdir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-ha¬ki¬min məruzəsini, işdə iştirak eən şəxslərin izahatlarını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(067)- 955/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdehlərdən Cavabdeh1 xx xxxxx 2008-ci il tarixdə nikah münasibətlərinə daxil olmuşlar və onların bu nikahdan 2 uşaqları olmuşdur. Onlar 2019-cu ilin dekabr ayında boşanmışlar. İddiaçının iddiasına görə birgə nikah dövründə Cavabdeh1 ilə birlikdə Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, 118 ünvanında yerləşən torpaq sahəsində tikdirdikləri yeni ev birgə nikah dövründə əldə etdikləri vəsait hesabına tikilmişdir. Onlar qeyd olunan evi tam hazır vəziyyətə gətirmələri üçün ümumilikdə birgə təsərrüfat apararaq maddi vəsait xərcləmişlər. Mübahisəli yaşayış evi onların ümumi birgə mülkiyyəti hesab olunduğundan tikiliyə xərclənmiş vəsaitin bir hissəsi ona verilməlidir. Cavabdeh1 bildirdiyinə görə isə iddia ərizəsində qeyd olunan torpaq sahəsində tikilən ev atasının vəsaiti hesabına tikildiyindən onların ümumi birgə mülkiyyəti hesab olunmamalıdır. Digər cavabdeh də eyni məzmunlu izahat vermişdir. Göründüyü kimi, tərəflər arasında hazırda əsas mübahisə tərəflərin nikahda olduqları vaxt ünvan 3 ünvanında tikilmiş yaşayış evinin kimin vəsaiti hesabına tikilməsi ilə bağlıdır. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 29.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitutsiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdir. Bu Məcəllənin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq, nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətindədir. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlak üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Qeyd edilən Məcəllənin 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi, nikah dövründə eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə, həyata keçirilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Yenə həmin Məcəllənin 32.1-ci maddəsinə görə nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır AR Mülki Məcəlləsinin 225.1-ci maddəsinə görə ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Göstərilən normaların dispozitiv şərtlərindən də göründüyü kimi, əmlakın birgə mülkiyyət sayılması üçün onun nikah zamanı birgə gəlirlər hesabına əldə olunması mütləqdir. İş materialları ilə müəyyən edilir ki, mübahisəli daşınmaz əmlak iddiaçı ilə Cavabdeh1 birgə nikahda olduqları zaman inşa edilsə də, tikinti məhz Cavabdeh2 vəsaiti hesabına tikilmişdir. Bu halı, məhkəmə iclasında ifadə verən və inşaat işlərində birbaşa iştirak etmiş şahidlər (ustalar) tamamilə təsdiq etmişlər. Onların ifadələrindən də görünür ki, mübahisəli yaşayış evinin materialları və ustaların zəhmət haqları Cavabdeh2 tərəfindən ödənilmişdir. Digər tərəfdən, işin faktiki hallarından məlum olmuşdur ki, Xaçmaz şəhəri, Nərimanov küçəsi, 118 saylı ünvanda yerləşən yaşayış evi Cavabdeh2 mülkiyyətindədir. Beləliklə də, məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisəli yaşayış evi məhz cavabdehlərdən Cavabdeh2 vəsaiti hesabına inşa edilmişdir və belə olan halda, bu tikintinin iddiaçı ilə onun keçmiş əri Cavabdeh1 birgə nikahda əldə edilən əmlak kimi qiymətləndirilməsi, habelə ona çəkilmiş xərcin bölünməsi barədə İddiaçı tələbi əsassızdır və təmin olunmamalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən hazırki hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılmasını nəzərə almaqla iddia tələbini rədd etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyasının qənaətinə görə ailə-nikah münasibətlərindən doğan bu tipli əmlak mübahisələrində başqa mövqenin tutulması düzgün olmayan presedent yaratmaqla arzuolunmaz nəticələrə gətirib çıxara bilər. İddiaçı mübahisəli daşınmaz əmlakın onunla keşmiş əri Cavabdeh1 birgə nikahda olduqları zaman məhz onların vəsaitləri hesabına inşa edilməsinə dair məhkəməyə heç bir mötəbər və legitim sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. X14 Məhkəməsi "X2rşı” qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (bax, Makhmudov v. Russia, No. 35082/04, xx xxxx 2007-ci il, § 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (bax, Gavazov v. Bulgaria, No. 54659/00, xx xxxx 2008-ci il, § 93). Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçılar tərəfindən tutarlı əsas gətirilməmiş, özbaşına tutulmuş torpaq sahəsində qanunsuz da olsa tikilmiş hasarın cavabdeh tərəfindən sökülməsini sübut edilə bilməmişdir və hər hansı mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin təmin edilməməsi barədə birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlmişdir. Bu baxımdan, məhkəmə kollegiyası onların apelyasiya şikayətində göstərdikləri dəlilləri qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən, qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119cu maddəsinə əsasən apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(067)- 955/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-2668/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2668/2020
06.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver