Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2701/2021 03.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Əliyev Əliağa Vahid oğlunun katibliyi, İddiaçı, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt Şəhər Bələdiyyəsinə qarşı torpaq sahəsinə dair müqavilənin bağlanmış hesab olunması və daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyata alınması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 31 iyul 2018ci il tarixli, 2(060)-2680/2018 saylı qətnaməsindən DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 31 iyul 2018-ci il tarixli, 2(060)-2680/2018 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Sumqayıt Şəhər Bələdiyyəsinin 16.11.2007-ci il tarixli qərarına əsasən İddiaçı mülkiyyətinə verilmiş “Samur-Abşeron” kanalının şimal hissəsində yerləşən yeni yaşayış məntəqəsində fərdi ev tikilməsi üçün 4-cü məhəllə ərazisindəki 600 kv.metr həyətyanı torpaq sahəsinə dair İddiaçı ilə Sumqayıt Şəhər Bələdiyyəsi arasında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməklə, həmin həyətyanı torpaq sahəsi üzərində hüququnun dövlər qeydiyyatına alınması qət olunmuşdur. (hakim İ.Mahmudov) Qətnamədən narazı qalan üçüncü şəxs DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsi apelyasiya şikayəti verərək onun ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Bələdiyyəsinin 16.11.2007-ci il tarixli qərarına əsasən onun mülkiyyətinə verilmiş “Samur-Abşeron” kanalının şimal hissəsində yerləşən yeni yaşayış məntəqəsində fərdi ev tikilməsi üçün 4-cü məhəllə ərazisindəki 600 kv.metrlik 37 saylı həyətyanı torpaq sahəsinə dair onunla Sumqayıt Şəhər Bələdiyyəsi arasında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və həmin həyətyanı torpaq sahəsi üzərində onun hüququnun dövlət qeydiyyatına alınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Bələdiyyəsinin 16.11.2007-ci il tarixli qərarı ilə 34 saylı protokola əsasən “Samur-Abşeron” kanalının şimal hissəsində yerləşən yeni yaşayış məntəqəsində fərdi ev tikilməsi üçün 4-cü məhəllə ərazisindəki 600 kv.metrlik 37 saylı həyətyanı torpaq sahəsi onun mülkiyyətinə verilmiş, bu barədə AR DT və XK-nin Sumqayıt Şəhər Şöbəsindən 02/2117 saylı, 11.10.2007-ci il tarixli müvafiq rəy alınmışdır. Həmin rəyə əsasən 600 kv.metr həyətyanı torpaq sahəsinin onun adına keçirilməsinə etiraz edilməmişdir. O, bu torpaq sahəsinin alqı-satqısı ilə bağlı Sumqayıt Şəhər Bələdiyyəsinə 300 manat dövlət rüsumu ödəmiş, oranı dəmir dirək və torla hasara almışdır. O, bələdiyyə tərəfindən onun mülkiyyətinə verilmiş torpaq sahəsinə dair hüquqlarını qeydə aldırmaq istəsə də, DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsi heş bir səbəb göstərmədən tələbini həll etmir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsi apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qanunsuz qətnamə qəbul etmişdir. İddiaçı ilə Sumqayıt Bələdiyyəsi arasında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və hüququn dövlət qeydiyyatının aparılması barədə məhkəmənin bu cür qətnamə qəbul etməsi dolayı yolla qanunsuz əqdin və qeydiyyatın rəsmiləşdirilməsinə şərait yaradılması kimi qiymətləndirilməlidir. Qüvvədə olan qanunvericliyə əsasən qanuna zidd yolla təkcə əşyanın verilməsi mülkiyyət hüququnun subyektini dəyişmir. Mülkiyyət hüququ yalnız qanunla müəyyən edilmiş qaydaların həyata keçirilməsi nəticəsində yaranır. Mülkiyyətçisi olan əmlakın qanunun tələblərinə əməl olunmadan əldə edilməsi xüsusi hüquqa əsaslanmayan faktiki sahibliyi yaradır. Bu isə onu deməyə əsas verir ki, əgər alıcı əmlakın əldə edilməsi ilə bağlı qanunvericiliyə uyğun olaraq ondan tələb olunan hərəkətləri etməyibsə, bu hal gələcəkdə əmlakın faktiki sahibliyindən məhrum olunmasının onun laqeyd münasibəti ucbatından baş verməsinə dəlalət edir. Məhkəmə hazırkı iddia ərizəsini MPM-nin 152.1.6-cı maddəsinin tələbinə əsasən geri qaytarmaq əvəzinə onu icraata götürmüş və əsassız nəticəyə gəlmişdir. Qüvvədə olan qanunvericiliyə əsasən mübahisəli torpaq sahəsinin sənədləşdirilməsi üçün məhkəməyə qədər nizamlama qaydası müəyyən edilmişdir. Lakin bu qaydalar həm iddiaçı, həm də məhkəmə tərəfindən pozulmuşdur. Bu hallara düzgün qiymət verilmədiyindən qətnamə ləğv edilməli, iddia rədd olunmalıdır. DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin nümayəndəsi X2 məhkəmə kollegiyasının iclasında apelyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu izahat verib, şikayətin təmin edilməsini xahiş etdi. İddiaçı məhkəmə kollegiyasının iclasında bildirdi ki, qətnamə qanunidir və apelyasiya şikayəti əsassızdır, buna görə də şikayət təmin edilməməli, qətnamə isə dəyişdirilmədən saxlanılmalıdır. Əlavə etdi ki, mülkiyyətinə verilmiş əmlakı sənədləşdirə bilmir. Bələdiyyədə isə torpaq sahələrinə dair alqı-satqı əməliyyatları dayandırıldığından hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan Sumqayıt Şəhər Bələdiyyəsinin 16.11.2007-ci il tarixli qərarı ilə 34 saylı protokolundan görünür ki, “Samur-Abşeron” kanalının şimal hissəsində yerləşən yeni yaşayış məntəqəsində fərdi ev tikilməsi üçün 4-cü məhəllə ərazisindəki 600 kv.metrlik 37 saylı həyətyanı torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. Yenə iş materiallarında olan AR DT və XK-nin Sumqayıt Şəhər Şöbəsinin 02/2117 saylı, 11.10.2007-ci il tarixli rəyindən görünür ki, 600 kv.metr həyətyanı torpaq sahəsinin İddiaçı adına keçirilməsinə etiraz edilməmişdir (torpaq sahəsinin planı göstərilməklə). Yenə də iş materiallarında olan Sumqayıt Şəhər İH-nin MŞİ-nin 207 saylı, 11.05.2007-ci il tarixli rəyindən görünür ki, 600 kv.metr həyətyanı torpaq sahəsinin İddiaçı ayrılmasına etiraz edilməmişdir. İşdə olan 22 noyabr 2007-ci il tarixli, 353 saylı aktdan görünür ki, bələdiyyənin əməkdaşı tərəfindən mübahisəli torpaq sahəsi İddiaçı təhvil verilmiş, torpaq sahəsinə dair İddiaçı adına eyni tarixli və saylı inşaat pasportu tərtib edilmişdir. Yenə işdə olan Sumqayıt Bələdiyyəsinin İddiaçı göndərdiyi 06 aprel 2016-cı il tarixli məktubundan görünür ki, alqı-satqı aktının verilməsi barədə ərizəyə cavab olaraq bildirilmişdir ki, sözügedən bələdiyyə qərarı 01 dekabr 2007-ci il tarixədək qüvvədə olmuş torpaq qanunvericiliyinə dair müvafiq normativ hüquqi aktların tələblərinə uyğun şəkildə qəbul edilmişdir. Belə ki, həmin qərarla ayrılmış bələdiyyə torpağının sənədləşdirilməsi «Bələdiyyə torpaqların idarə etməsi haqqında» Azərbaycan Respublikasının Qanununun və «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında» Əsasnamənin tələblərinə riayət edilməklə həyata keçirilmişdir. Qeyd edilən dövrdə adı çəkilən normativ-hüquqi aktlarda bələdiyyə torpaqları üzərində bələdiyyənin mülkiyyət hüququnun dövlət qeydiyyatından keçirilməsi norması nəzərdə tutulmamışdır. Həmin müddəa, yəni bələdiyyə torpaqlarının bələdiyyənin mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestrində dövlət qeydiyyatına alındıqdan sonra sənədləşdirilməsinə dair tələb «Bələdiyyə torpaqlarının torpaq hərracları və müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 2008-ci il 28 oktyabr tarixli Qanunu ilə yuxarıda adı çəkilən normativ-hüquqi aktlara əlavə edilmişdir. «Normativ-hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Qanununun 10.3-cü maddəsinə əsasən bələdiyyə torpaqlarının sənədləşdirilməsi ilə bağlı hüquq münasibətlərinə sahə normativ-hüquqi aktların, yəni «Bələdiyyə torpaqların idarə etməsi haqqında» Azərbaycan Respublikasının Qanununun və «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında» Əsasnamənin normaları tətbiq olunmalıdır. Yuxarıda adı çəkilən dəyişikliklərdən sonra halhazırda Sumqayıt Bələdiyyəsi torpaq sahələrini sənədləşdirərkən qüvvədə olan qanun normalarına əsasən bələdiyyənin mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatından keçirdikdən sonra rəsmiləşdirmə işlərini aparır və mülkiyyət verilən bələdiyyə torpaqlarına dair alqı-satqı müqavilələri də bələdiyyə ilə fızki (hüquqi) şəxs arasında notarial qaydada bağlanılır. Lakin torpaq qanunvericiliyində qeyd edilən dəyişikliklərədək verilmiş bələdiyyə qərarlarına dair torpağın alqı-satqısına dair akt verilirdi ki, hal-hazırda torpaq qanunvericiliyinə dair normativ-hüquqi aktlarda edilmiş dəyişikliklərə görə torpağın alqı-satqı aktlarının verilməsi müddəası ləğv edildiyindən, həmçinin həmin alqı-satqı aktını qeydiyyata alan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi də ləğv olunduğundan, alqı-satqı aktının verilməsi də mümkün deyildir. Bununla əlaqədar olaraq Sumqayıt Bələdiyyəsi ilə iddiaçının arasında alqı-satqı aktının bağlanmış sayılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. MƏHKƏMƏNİN HÜQUQİ MÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hüquqi qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən, apelyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 31 iyul 2018-ci il tarixli, 2(060)-2680/2018 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq iddia təmin olunmamalıdır. Məhkəmə iddianl təmin edərkən mübahisəli torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsinə dair bələdiyyə qərarının olmasına, müvafiq icra hakimiyyəti qurumlarının buna etiraz etməmələrinə, torpaq sahəsinə görə 300 manat pul ödənilməsinə və əmlakın iddiaçıya təhvil verilməsinə istinad etmişdir. Məhkəmənin gəldiyi bu nəticə ilə aşağıda qeyd edilən əsaslara görə razılaşmaq olmaz. Əvvəla, iddia ərizəsinin məzmunundan və iş materiallarından göründüyü kimi qeyd olunan torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanması ilə bağlı mübahisə vardır. Lakin iddiaçı mübahisə ilə bağlı inzibati icraat qaydasında məhkəməyə müraciət etmək əvəzinə, mülki icraat qaydasında məhkəməyə müraciət etmişdir. Bundan əlavə, məhkəmə kollegiyası hazırki məhkəmə mübahisəsi üzrə aşağıdakıları da qeyd etməyi zəruri hesab edir. “Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12.04.2004-cü il tarixli qərarında qeyd olunmuşdur ki, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 342.4 və 324.5-ci maddələri). «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» AR Qanununun (29 iyun 2001-ci il tarixdə təsdiq olunmuşdur) 6.2-ci maddəsinə görə bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Həmin Qanununun 6.8-ci maddəsinə görə torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinə dair torpaqayırma sənədlərinin hazırlanması torpaq almaq istəyən şəxsin vəsaiti hesabına həyata keçirilir. Şərh olunan normaların tələbindən də görünür ki, bələdiyyə ilə vətəndaş arasında torpaq alqı-satqının baş tutması üçün tərəflər arasında müqavilə olmalıdır. İşin tədqiq olunan faktiki hallarından görünür ki, tərəflər arasında belə bir müqavilə yoxdur. Ərizəçi tərəfindən təqdim edilən bələdiyyə qərarını isə hazırkı iddianın təmin edilməsi üçün məhkəmə kollegiyası yetərli hesab etmir. Qanunverici müqavilənin bağlanması üçün tərəflərin ilkin razılaşmasından sonra tərəflərdən birinin yayınması halları üçün Mülki Məcəllənin 335-ci maddəsi ilə müəyən etmişdi ki, (AR-nın 24 iyun 2005-ci il tarixli Qanunu ilə 01 sentyabr 2005-ci il tarixdən çıxarılmışdır) əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. İstər iddiaçı, istərsə də onun tələbini təmin edən birinci instansiya məhkəməsi qeyd edilən normaya birbaşa istinad etməsələr də, əslində həmin maddənin dispozisiyasına uyğun qərar qəbul edilmişdir. Daha öncə istinad olunan normanın əsas dispozitiv şərtinə görə isə normanın tətbiqi əqd üzrə tərəflərdən birinin notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etməsi, digər tərəfin isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırması ilə şərtlənir. Mübahisəli hüquq münasibətləri yaranan zaman (16.11.2007-ci il) bu norma qüvvədən düşmüşdü, yəni həmin zaman əqdin bağlanmış hesab edilməsi barədə qüvvədə olan qanunvericilikdə hər hansı müddəa nəzərədə tutulmamışdır. Belə olan halda, İddiaçı da bu kateqoriyadan olan tələbi heç bir halda təmin edilə bilməz. Torpaq sahəsinə görə bələdiyyə büdcəsinə 300 manat vəsait ödənilməsi barədə iddiaçının dəlili barədə məhkəmə kollegiyası qeyd edir ki, bu hal hazırki formada iddianın təmini üçün əsas ola bilməz. AR MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, bütün hallarda iddiaçı ilə cavabdeh bələdiyyə arasında mübahisəli torpaq sahəsinin alqı-satqısına dair hüquq münasibətlərinin mövcudluğu istisna edilmir. Bu fakt həmin torpaq sahəsinin mövcud qanunvericiliyə uyğun əldə edilməsi üçün iddiaçıya əsas verir. Məhkəmə kollegiyası apelyatorun o fikri ilə tam razılaşır ki, mülkiyyət hüququ yalnız qanunla müəyyən edilmiş qaydaların həyata keçirilməsi nəticəsində yaranır. Ona görə də, məhkəmə kollegiyası iddiaçıya izah edir ki, bələdiyyə tərəfindən ona verilmiş torpaq sahəsinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada əldə edilməsi üçün ilk növbədə DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etməli, alınmış cavabdan asılı olaraq inzibati qaydada mübahisə açmaq imkanından istifadə edə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi işin bu hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan prosessual və maddi hüquq normalarını düzgün tətbiq etməmiş, qanunu səhv təfsir etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməli, hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 31 iyul 2018-ci il tarixli, 2(060)-2680/2018 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq iddia təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 31 iyul 2018-ci il tarixli, 2(060)-2680/2018 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh Sumqayıt Şəhər Bələdiyyəsinə qarşı torpaq sahəsinə dair müqavilənin bağlanmış hesab olunması və daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyata alınması tələbinə dair dair iddiası təmin olunmasın. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-2701/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2701/2021
03.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver