Məhkəmə qərarları › İş №2(105)-2702/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2702/2021

07.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2702/2021 07.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı nümayəndəsi X3, iddiaçının nümayəndəsi və vəkili X4, Cavabdeh vəkili Vəkil iştirakları ilə açıq məhkəmə iclasında Sumqayıt Şəhər Məhkəməsinin 19 iyun 2020-ci il tarixli, 2(060)-2866/2020 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 19 iyun 2020-ci il tarixli, 2(060)-2866/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Emin Abdullayev) İddiaçı Cavabdeh qarşı aliment və maddi yardım tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, 21.01.2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay 170 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, alimentin tutulmasının 17 mart 2020-ci il tarixindən hesablanması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmiş, cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh 21.01.2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün onun xeyrinə 170 manat sabit pul məbləğində alimentin və uşağın 3 yaşı çatanadək 100 manat məbləğində maddi yardımın tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmiş və iddia tələblərini onunla əsaslandırmışdır ki, cavabdehlə 13.03.2018-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşdur. Birgə nikahlarından 21.01.2019-cu il tarixdə X6 anadan olmuşdur. Nikahlarının ilk vaxtlarında münasibətləri normal olmuş, lakin sonradan münasibətləri pisləşmişdir. Artıq uzun müddətdir ayrı yaşayırlar. Cavabdeh nə uşağın, nə də onun maddi, mənəvi tələbatları ilə maraqlanmır, heç bir maddi yardım göstərmir, bir ata kimi məsuliyyətini dərk etmir. O, Sumqayıt Dövlət Universitetinin riyaziyyat fakültəsinin riyaziyyat müəllimliyi ixtisası üzrə dördüncü kursunda təhsil alır, heç bir yerdə işləmir. Bundan əlavə, “Afakiya, ikinci katarakta, müştərək daxili çəpgözlük” diaqnozu ilə ikinci dərəcə əlilliyi vardır, uşağı saxlamağda çətinlik çəkir, uşaq böyüdükcə tələbatları da artır. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, işdən görünür ki, o, məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasının yeri və vaxtı barədə ona göndərilmiş məhkəmə bildirişi rabitə orqanı tərəfindən geri qaytarılmış, işə onun iştirakı olmadan baxılmışdır. O, iddiaçı ilə 13 mart 2018-ci il tarixdə nikaha daxil olduqdan sonra iddiaçının Sumqayıt Dövlət Universitetinin tələbəsi olması səbəbindən Sumqayıt şəhərində kirayə ev tutaraq bir müddət orada yaşamışdılar. Hazırda onların nikahları pozulmamışdır. Sonradan kirayədə yaşamağın yaratdığı maddi sıxıntılar səbəbindən iddiaçının valideynlərinə məxsus Sumqayıt şəhəri, 78-ci məhəllə, Sülh küçəsində yerləşən fərdi yaşayış evinə köçərək orada yaşamışlar. İddiaçının valideynlərinin ailəyə müdaxiləsi səbəbindən ailədə müəyyən soyuqluqlar olsa da, ailə münasibətləri 28 mart 2021-ci il tarixinə kimi davam etmişdir. O, 28 mart 2021-ci il tarixdə iddiaçının valideynlərinin onların ailə işlərinə müdaxiləsinə etiraz edərək, onlarla yaşamağın çətinləşdiyini, kirayə ev tutaraq orada yaşamağı İddiaçı təklif etsə də, iddiaçı valideynləri ilə yaşamaq istədiyini bildirdiyi üçün o, həmin evdən çıxmaq qərarına gəlmişdir. İddiaçı ilə aralarında 21, 24 fevral, 01 və 02 mart 2021-ci il tarixlərində “Whatsapp” vasitəsi ilə olan yazışmalar təsdiq edir ki, iddiaçı ilə həmin tarixlərdə birgə yaşamışlar və ailə münasibətləri də davam etmişdir. İddiaçı birgə yaşadığı, birgə təsərrüfat apardığı, ailə münasibətlərinin davam etdiyi müddətdə aliment tələbinə dair məhkəməyə müraciət etməsindən məlumatsız olmuşdur. Yalnız Bakı şəhəri Nərimanov rayon İcra və probasiya idarəsinin icra məmuru tərəfindən aliment borcunun ödənilməsi ilə bağlı tələbindən sonra Sumqayıt Şəhər Məhkəməsinin 19 iyun 2020-ci il tarixli qətnaməsinin çıxarılmasından xəbərdar olmuşdur. Cavabdeh apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi, iddia tələbinin qismən təmin edilməsi, 21 yanvar 2019-cu il təvəllüdlü X1 üçün 28 mart 2021-ci il tarixindən ondan hər ay 170 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya verilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndələri X7 və X8 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatlarında iş üzrə məhkəmə qətnaməsinin alimentin tutulmasının 17 mart 2020-ci il tarixindən hesablanmasına aid hissədə dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdilər. İddiaçı və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlmədiklərindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi alimentin tutulmasının 17 mart 2020-ci il tarixindən hesablanmasına aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin alimentin tutulması vaxtına aid hissədə ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı bu hissədə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah 13 mart 2018-ci il tarixdə 1 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində bağlanılaraq 583 sayla qeydə alınmışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı nikahından 21.01.2019-cu il tarixdə X6 anadan olmuşdur. İş materiallarında olan Sumqayıt Dövlət Universitetinin 04.02.2020-ci il tarixli arayışından görünür ki, İddiaçı Sumqayıt Dövlət Universitetinin riyaziyyat fakültəsinin, əyani şöbəsinin 493 saylı qrupunda “riyaziyyat müəllimliyi” ixtisası üzrə 4-cü kursda təhsil alır və illik təhsil haqqı 1400 manatdır, 2-ci dərəcəli əlil olduğu üçün təhsil haqqından azaddır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişkən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” qanunun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” qanunun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına dair 7 saylı protokolun 5-ci maddəsinə əsasən ər-arvad nikaha daxil olmaq və boşanmaq ilə bağlı məsələlərdə öz aralarında və uşaqları ilə münasibətlərdə bərabər hüquqa malikdirlər və bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Cavabdeh apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi, iddia tələbinin qismən təmin edilməsi, 21 yanvar 2019-cu il təvəllüdlü X1 üçün 28 mart 2021-ci il tarixindən ondan hər ay 170 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya verilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi alimentin İddiaçı məhkəməyə müraciət etdiyi tarixdən, yəni 17 mart 2020-ci il tarixindən hesablanmasına aid hissədə qanuni və əsaslıdır. Cavabdeh apellyasiya şikayətində iddiaçı ilə 28 mart 2021-ci il tarixə kimi birgə yaşamalarını qeyd edərək alimentin tutulmasının 28 mart 2021-ci il tarixdən hesablanmasını xahiş etmişdir. İşdən görünür ki, İddiaçı hazırki iddia ilə 17 mart 2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100cü maddəsində aliment tutulması barədə tələbin verilməsi müddətləri nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 100.1-ci maddəsinə görə aliment almaq hüququ olan şəxs, aliment ödənilməsi barədə saziş üzrə əvvəllər ona aliment ödənilməmişsə, aliment almaq hüququnun yarandığı vaxtdan asılı olmayaraq istənilən müddətdə məhkəməyə aliment tutulması barədə ərizə ilə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Göründüyü kimi, qanunvericilik alimentin hansı vaxtdan tutulmasını konkret müəyyən etmiş, bundan istisnanı ancaq Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.3cü maddəsində nəzərdə tutmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi alimentin tutulmasının 17 mart 2020-ci il tarixindən hesablanmasına aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 19 iyun 2020-ci il tarixli, 2(060)-2866/2020 saylı qətnaməsi alimentin tutulmasının 17 mart 2020-ci il tarixindən hesablanmasına aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar