Məhkəmə qərarları › İş №2(105)-2703/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2703/2020

05.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2703/2020 05.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı, onun vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin tutulması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4436/2020 saylı, xx xxxxxx 2020ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2007-ci il təvəllüdlü X1 üçün onun xeyrinə Cavabdeh aylıq əmək haqqının ¼ hissəsinin tutulması barədə məhkəmə əmri verilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2009-cu il tarixli məhkəmə əmri ilə Cavabdeh qazancının ¼ hissəsinin hər ay tutulub xx.xx.2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı verilməsi əmr edilmişdir. Cavabdeh nümayəndəsi Mehdi Cəlalzadə məhkəmə əmrinə etiraz etdiyi üçün Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2010-cu il tarixli qərardadı ilə məhkəmə əmri ləğv edilmiş və mülki iş üzrə iddia icraatına keçilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2010-cu il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işin icraatına xitam verilmişdir. İddiaçı qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmiş və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qərardadı ilə İddiaçı şikayəti təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(060)-2319/2010 saylı və xx.xx.2020-ci il tarixli, 2(060)-2319/2010 saylı qərardadları ləğv olunmuş və iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə qaytarılmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4436/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə iddia ərizə baxılmamış saxlanılmışdır (hakim Emin Abdullayev). Qərardaddan İddiaçı şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4436/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı şikayəti onunla əsaslandırdı ki, qərardad əsassız və qanunsuzdur. Belə ki, məhkəmə daha əvvəl məhkəmə qətnaməsi ilə uşağın saxlanılması üçün 75 manat sabit pul məbləğində alimentin tutulması, həmin qətnamənin qanuni qüvvəsini alması əsası ilə hazırki ərizəni baxılmamış saxlamışdır. Həmin işdə iddiaçı Cavabdeh olmuş, nikahın pozulması barədə iddia qaldırmış, aralarında olan nikah pozulmuş və himayəsində olan azyaşlının saxlanması üçün sabit məbləğdə aliment tutulmuşdur. Göründüyü kimi, əvvəlki işdə iddiaçı kimi çıxış etməmiş, məhkəmə nikahın pozulması ilə yanaşı aliment tutmuşdur. Hazırki işdə isə cavabdeh yüksək məbləğdə əmək haqqı aldığı üçün əmək haqqının ¼ hissə miqdarında aliment tutulmasını istəyir. Hazırki işlə əvvəlki iş mahiyyəti üzrə eyni iş deyil. Bu səbəbdən də şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək işə mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili Vəkil şikayətin dəlillərini müdafiə edib göstərdi ki, məhkəmə hazırki işin əvvəlki işlə mahiyyəti üzrə eyni iş olması əsası ilə baxılmamış saxlanılma barədə gəldiyi nəticədə haqlı olmamışdır. Odur ki, şikayətin təmin edilərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək işə mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, şikayəti araşdırıb, hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş mahiyyəti üzrə baxılması həmin məhkəməyə qaytarılmalıdır. Birinci instansiya məhkəməsinin qərardadından görünür ki, məhkəmə tərəflər arasında birgə nikahdan olan yetkinlik yaşına çatmayan uşaq üçün alimentin tutulması ilə bağlı Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2010-cu il tarixli qətnaməsindən hazırkı iş üzrə iddiaçı kassasiya şikayəti verməsini, həmin iş üzrə yekun məhkəmə aktının qanuni qüvvəyə minməməsini, digər iş üzrə də yekun məhkəmə aktı qanuni qüvvəyə mindiyi təqdirdə cavabdehdən iddiaçının xeyrinə alimentin tutulması barədə iki fərqli məhkəmə aktının mövcud olmuş olacağını müəyyən edərək ərizəni baxılmamış saxlamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini qeyd edilən əsaslarla geri qaytararkən düzgün nəticəyə gəlməmişdir. Belə ki, iş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1439/2010 saylı, xx xxx 2010-cu il tarixli qətnaməsindən görünür ki, Cavabdeh İddiaçı qarşı nikahın pozulması tələbinə dair iddiası təmin edilmiş, tərəflər arasında nikahın pozulması, birgə nikahdan olan xx.xx.2007-ci il təvəllüdlü X2 hazırkı iş üzrə iddiaçının yanında saxlanması və Cavabdeh hər ay 75 manat alimentin tutulması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2010-cu il tarixli, 2(105)-813/2010 saylı qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş və Sumqayıt Şəhər Məhkəməsinin xx xxx 2010-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda göstərilən işdən məlum olur ki, iddiaçı kimi Cavabdeh İddiaçı qarşı nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etmiş, onun iddiası təmin edilmiş, tərəflər arasında nikahın pozulması, birgə nikahdan olan xx.xx.2007ci il təvəllüdlü X2 hazırkı iş üzrə iddiaçının yanında saxlanması və Cavabdeh hər ay 75 manat alimentin tutulması qət edilmişdir. Göründüyü kimi həmin qətnamə ilə uşağın saxlanması üçün alimentin sabit məbləğdə tutulması müəyyən edilmişdir. Hazırki işdən görünür ki, İddiaçı iddia ərizəsi ilə müraciət edərək alimentin cavabdehin aldığı əmək haqqının ¼ hissəsində müəyyən edilməsini xahiş edir. Yəni müəyyən edilmişdir ki, mülki işlərdən biri nikahın pozulmasına dair, digər isə aliment barədədir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1-ci maddəsinə əsasən uşaqlar üçün onların valideynlərindən 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qanunvericilik normalarından göründüyü kimi, uşağın saxlanması üçün sabit pul məbləğdə alimentlə yanaşı qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulması müəyyən edilmişdir. Eyni zamanda alimentin miqdarının dəyişdirilməsi də nəzər də tutulmuşdur. Bununla da müəyyən edilir ki, əvvəlki qətnamə ilə aliment sabit məbləğdə tutulsa da, hazırda iddiaçı alimentin sabit məbləğdə deyil, əmək haqqının ¼ hissəsində tutulmasını tələb edir. Göründüyü kimi, iddia tələbləri mahiyyətcə alimentin tutulması ilə bağlı olsa da, tələbin əsasları fəqlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsinə mahiyyəti üzrə baxmaq əvəzinə iddia ərizəsinin baxılmamış saxlanılması barədə düzgün olmayan nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4436/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilməli, iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişdirib işi birinci instansiya məhkəməsinə göndərə bilər. Şərh olunanlara əsasən və Mülki-Prosessual Məcəllənin 263-264, 402-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4436/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadıləğv edilsin. İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Mülki iş mahiyyəti üzrə baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Telman Quliyev Fuad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar