Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-273/2024 25.01.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X5 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil, cavabdehin vəkili və nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Təvəkkül oğlunun Cavabdeh qarşı “aliment” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli, 2(060)-5617/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Təvəkkül oğlu Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 25 fevral 2008-ci ildə doğulmuş X6 və 12 fevral 2011-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 440 manat (220+220) sabit pul məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Təvəkkül oğlu iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2008-ci ildə Cavabdeh ilə dövlət qeydiyyatlı nikahla ailə qurmuşdur. Bu nikahdan 25 fevral 2008-ci ildə İsmayıl, 12 fevral 2011-ci ildə Binyamin və 29 may 2018-ci ildə İbrahim adlı 3 uşaqları olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(060)-5753/202-ci il nömrəli qətnaməsi ilə nikahları pozulmuş, hər üç uşağın cavabdehin yanında qalması müəyyən edilmiş, ondan cavabdehin xeyrinə 3 uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 450 (150+150+150) manat məbləğində alimentin tutulması qərara alınmışdır və o, da həmin alimenti ödəmişdir. 2021- ci ilin dekabr ayından 25 fevral 2008-ci il təvəllüdlü İsmayıl və 12 fevral 2011-ci il təvəllüdlü Binyamin adlı 2 böyük uşaq cavabdehin onları döyüb-incitdiyini əsas gətirərək qaçıb onun yanına gəlmişlər və hazırda da onun yanında qalırlar. O, nə qədər desə də, onlar analarının yanında yaşamaq istəmirlər. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-39/2023-cü il nömrəli qətnaməsi ilə onun cavabdehdən uşaq tələbi təmin edilmiş, 25 fevral 2008-ci ildə doğulmuş X6 və 12 fevral 2011-ci ildə doğulmuş X3 rəsmi olaraq cavabdehdən alınaraq ona verilmişdir. 29 may 2018-ci ildə doğulmuş İbrahim adlı uşaq isə hal-hazırda cavabdehin yanındadır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)- 3489/2023 nömrəli qətnaməsi ilə o, xx.xx.2023-cü il tarixdən başlayaraq 25 fevral 2008-ci ildə doğulmuş X6 və 12 fevral 2011-ci ildə doğulmuş X2 münasibətdə cavabdehə aliment ödəməkdən azad edilmişdir. Hazırda isə o, 2 uşağın saxlanması üçün cavabdehdən aliment tələb etmək hüququna malikdir. Göründüyü kimi birgə nikahdan doğulan 3 uşaqdan biri anasının, ikisi isə atasının yanında qalır. O, bir uşaq üçün aliment ödəyirsə, cavabdeh də iki uşaq üçün ona aliment ödəməlidir. Belə olan halda o, himayəsində yaşayan iki uşaq üçün cavabdehdən aliment tələb etməkdə haqlıdır. Sumqayıt Şəhər Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli, 2(060)-5617/2023 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, 25 fevral 2008-ci ildə təvəllüdlü X4 və 12 fevral 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatana qədər saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, ümumilikdə 300 (üç yüz) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı Təvəkkül oğluna verilməsi qət edilmişdir (hakim Günel Tanrıverdiyeva). Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli, 2(060)-5617/2023 nömrəli qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, AR AM-nin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Qanunverici bu maddədə alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur: tərəflərin maddi və ailə vəziyyəti; diqqətəlayiq digər hallar; uşağın əvvəlki təminatının səviyyəsi. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Lakin məhkəmə birtərəfli və qeyri-obyektiv mövqe nümayiş etdirməklə bu mübahisəyə qiymət vermiş, tətbiq etdiyi maddi normaları düzgün təfsir etməmiş, nəticədə qanunsuz qətnamə çıxarmışdır. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəyə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın hamısını və ya bir hissəsini xarici valyuta ilə alarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məhkəmə onun heç yerdə işləmədiyini, kiçik 5 yaşlı oğluna baxdığını, qazanc və gəlirinin olmadığını və iddiaçının birgə nikah dövründə aldıqları əmlakı qanunsuz olaraq girov qoyaraq 170 min manat vəsait əldə etməsini, oğlu ilə yaşadığı mənzili isə hərraca çıxarmasını, maddi vəziyyətini daha da ağırlaşdırdığını nəzərə almamış və ondan 2 uşağa görə 300 manat alimentin tutulmasına qərar vermişdir. Halbuki o onun yanında olan 1 uşağa da 150 manat aliment ödəyir. Qətnamə prosessual hüquq normalarının tələbləri pozulmaqla çıxarılmışdır, belə ki, Azərbaycan Respublikası MPM-nin 8.1.-ci maddəsinə əsasən mülki işlər ədalət mühakiməsi, hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Lakin məhkəmə işə baxarkən MPM-nin bu tələbini pozmuşdur. Eyni zamanda məhkəmə bu iş üzrə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirməməklə Azərbaycan Respublikasının MPM-nin 9.1-ci maddəsinin tələblərinin pozmaqla qətnamə çıxarmışdır. Azərbaycan Respublikasının MPM-nin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalıdır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Lakin məhkəmə qeyd edilən maddənin tələblərini pozmuş, onun vəziyyətini nəzərə almamış və aliment öhdəliyinə cəlb etmişdir. Halbuki iddiacı onun alimenti ödəməyə qadir olmagı ilə baglı bir dənə də olsun sübut təqdim etməmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli, 2(060)-5617/2023 nömrəli qətnaməsinin ləğv edilərək iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, tərəflərin izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilməli, 25 fevral 2008-ci ildə təvəllüdlü X4 və 12 fevral 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatana qədər saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşaq üçün 75 (yetmiş beş) manat olmaqla, ümumilikdə 150 (yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı Təvəkkül oğluna verilməlidir. Birinci instansiya məhkəməsi aparılmış araşdırmanın nəticəsi olaraq iddia tələbini qismən təmin edərək 25 fevral 2008-ci ildə təvəllüdlü X6 və 12 fevral 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatana qədər saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, ümumilikdə 300 (üç yüz) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı Təvəkkül oğluna verilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli, 2(060)-5617/2023 nömrəli qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlər uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğində alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 30 dekabr 2022-ci il tarixli Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarının 8.2-ci bəndində göstərilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bininci instansiya məhkəməsi alimentin miqdarını müəyyən edərkən alimentin hansı səbəbdən 300 manat müəyyən olunmasını, cavabdehin maddi və sosial vəziyyətini aydınlaşdırmamışdır. Qətnamənin alimentə dair hissəsi ilə əlaqədar cavabdeh öz izahatında da bildirmişdir ki, o heç bir yerdə işləmir, kiçik 5 yaşlı oğluna baxır, qazanc və gəliri yoxdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.3-cü maddəsinə əsasən tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. İş materiallarına əsasən müəyyən edilir ki, cavabdeh heç bir yerdə işləməməklə iddiaçıya münasibətdə daha az təminatlıdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilməli, iddia qismən təmin edilməli, 25 fevral 2008-ci ildə təvəllüdlü X4 və 12 fevral 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatana qədər saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşaq üçün 75 (yetmiş beş) manat olmaqla, ümumilikdə 150 (yüz əlli) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı Təvəkkül oğluna verilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə hesablanır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli, 2(060)-5617/2023 nömrəli qətnaməsi “25 fevral 2008-ci ildə təvəllüdlü X4 və 12 fevral 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatana qədər saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşaq üçün 150 (yüz əlli) manat olmaqla, ümumilikdə 300 (üç yüz) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı Təvəkkül oğluna verilməsi hissəsində” dəyişdirilsin. 25 fevral 2008-ci ildə təvəllüdlü X4 və 12 fevral 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatana qədər saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşaq üçün 75 (yetmiş beş) manat olmaqla, ümumilikdə 150 (yüz əlli) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı Təvəkkül oğluna verilsin. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-273/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-273/2024
25.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver