Məhkəmə qərarları › İş №2(105)-2740/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2740/2021

21.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2740/2021 21.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Məmmədov Telman Qədir oğlu və Abasov Şəmsəddin Rizali oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı2 Əmili oğlunun, onun nümayəndə və vəkili Vəkil2, Cavabdeh MMC nümayəndə və vəkili Vəkil1 iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Əmili oğlunun Cavabdeh MMC-yə qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 21.06.2021-ci il tarixli 2(060)-195/2021 saylı qəradadından iddiaçıların nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Əmili oğlu Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən qeyri-yaşayış sahəsinə vurulmuş maddi zərərin əvəzi kimi 3741 (üç min yeddi yüz qırx bir) manat məbləğində pulun cavabdehdən alınıb ona ödənilməsi, İddiaçı2 Əmili oğlunun əmlakına dəymiş maddi zərərin əvəzi olaraq 29600 (iyirmi doqquz min altı yüz) manat məbləğində pulun cavabdehdən alınıb ona ödənilməsi, 2017ci ilin 13 aprel tarixindən 2017-ci ilin noyabr ayının 15-nə kimi mağazanın işləməməsi nəticəsində əldən çıxmış qazancın qarşılığı olan 3750 (üç min yeddi yüz əlli) manat pulun cavabdehdən alınıb İddiaçı2 Əmili oğluna ödənilməsi, mənəvi zərərin əvəzi olaraq, 5000 manat məbləğində pulun cavabdehdən alınaraq İddiaçı2 Əmili oğluna və 3000 manat məbləğində pulun isə İddiaçı1 ödənilməsi, məhkəməyə ödədikləri 30 manat dövlət rüsumunun əvəzinin cavabdehdən alınaraq 15 manat İddiaçı1, 15 manat isə İddiaçı2 Əmili oğluna ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçılar İddiaçı1 və İddiaçı2 Əmili oğlu vəsatətlə məhkəməyə müraciət edərək, hazırki iş üzrə yekun məhkəmə qərarı qəbul edilib qüvvəyə minənədək, iddianın təmin edilməsi tədbiri kimi Cavabdeh MMC-nin bank hesabında olan 45121 (qırx beş min bir yüz iyirmi bir) manat məbləğində vəsaitin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli qərardadı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 Əmili oğlunun nümayəndəsi Vəkil2 iddianı təmin etmə tədbiri barədə ərizəsinin təmin edilməsi, işə məhkəmədə baxılıb qurtaranadək Cavabdeh MMCnin bank hesabında olan 45121 manat məbləğində vəsaitin üzərinə həbs qoyulması qərara alınmışdır. (G.Tanrıverdiyeva) Qərardaddan Cavabdeh MMC-nin nümayəndəsi Sənan Hüseynov şikayət vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin 01 oktyabr 2020-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, şikayətin baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 04.11.2020-ci il tarixli, 2(105)-2902/2020 saylı qərardadı ilə şikayət təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli və onunla bağlı 01 oktyabr 2020-ci il tarixli qərardadlarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İddiaçının vəkili Vəkil2 məhkəməyə vəsatətlə müraciət edərək, iş üzrə təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilməsi və ekspertiza tədqiqatının aparılmasının başqa ekspertə həvalə edilməsini təmin edilməsini xahiş etdi. Belə ki, ekspert məhkəmənin 10.03.2021-ci il tarixli qərardadında qeyd edilən sualları araşdırmadan, heç bir tədqiqat aparmadan, 25.09.2018-cu il tarixli, 19172 saylı Ekspert rəyini təkrarlamışdır. Ona görə ekspertin rəyi kifayət qədər əsaslı olmadıqda və ya şübhə doğurduqda, yaxud onun əsaslandığı sübutlar etibarsız (qeyri-mötəbər) hesab edildikdə və ya ekspertiza aparılmasının prosessual qaydaları pozulduqda təkrar ekspertiza aparılır. Təkrar ekspertizanın aparılması başqa ekspertə və ya ekspertlərə tapşırılır. Sumqayıt Şəhər Məhkəməsinin 21.06.2021-ci il tarixli, 2(060)-195/2021 saylı qərardadı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 Əmili oğlunun Cavabdeh MMC-yə qarşı «vurulmuş maddi ziyanın və maddi ziyanın ödənilməsi tələbinə» dair iddiaçının nümayəndəsi və vəkili Vəkil2 verdiyi vəsatətin təmin edilməməsi qərara alınmışdır. Hazırda iddiaçının nümayəndəsi və vəkili Vəkil2 məhkəmənin 2(060)-195/2021 saylı, 21.06.2021-ci il tarixli qərardadını ləğv edərək, iş üzrə təkrar məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilməsi və ekspertiza tədqiqatının aparılmasının başqa ekspertə həvalə edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 01.07.2021-ci il tarixli, 2(060)-195/2021 saylı qərardadı ilə şikayət təmin edilməyərək, baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı2 Əmili oğlu izahatında şikayəti müdafiə edərək göstərdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-195/2021 saylı, 10.03.2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə- əmtəəşünaslıq ekspertizası təyin edilərək, ekspertizanın aparılması Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 16.05.2021-ci il tarixli, 9/2343 saylı ekspert rəyi ilə tanış olarkən məlum olmuşdur ki, ekspertizanı Məhkəmə Ekspertiza Mərkəzinin iqtisad ekspertizalar şöbəsinin aparıcı eksperti X1 həyata keçirmiş və ekspert rəyini o, tərtib etmişdir. Ekspert rəyinin nəticə hissəsi mülki işin materiallarında olan, Sumqayıt Apellyasiya Məhkəməsinin 19.07.2019-cu il tarixli, 2-2(105)-106/2019 saylı qərardadı ilə təyin edilmiş, Məhkəmə Ekspertiza Mərkəzinin 25.09.2019-cu il tarixli, 19172 nömrəli Ekspert rəyi ilə eynidir və əvvəlki ekspertizanı da Məhkəmə Ekspertiza Mərkəzinin iqtisad ekspertizalar şöbəsinin aparıcı eksperti X1 həyata keçirmiş və ekspert rəyini o, tərtib etmişdir. Ekspert məhkəmənin 10.03.2021-ci il tarixli qərardadında qeyd edilən sualları araşdırmadan, heç bir tədqiqat aparmadan, 25.09.2019-cu il tarixli, 19172 saylı Ekspert rəyini təkrarlamışdır. Buna görə də məhkəməyə vəsatət təqdim edərək, Məhkəmə Ekspertiza Mərkəzinin 16.05.2021-ci il tarixli, 9/2343 saylı Ekspert rəyinin etibarlı və obyektiv ola bilməyəcəyini, iş üzrə təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilməsi və ekspertizanın aparılması başqa ekspertə həvalə edilməsinin təmin edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-195/2021 saylı, 21.06.2021-ci il tarixli Qərardadı ilə vəsatət təmin edilməmişdir. Sumqayıt Şəhər Məhkəməsi vəsatəti təmin etməyərək qərardadı belə əsaslandırmışdır ki, “həmin işlə bağlı 3 (üç) ekspertiza keçirilmiş və müvafiq rəylər verilmişdir. Məhkəmə hesab edir ki, növbəti dəfə vəsatəti təmin etməklə işin baxılmasının uzadılması və süründürməçiliyə yol verə bilər. Bu səbəbdən də vəsatət təmin edilə bilməz ”. Hesab edir ki, məhkəmə yenidən ekspertiza təyin etməməklə, obyektivlikdən kənara çıxmışdır ki, bu da iddia üzrə hərtərəfli, obyektiv və tam araşdırma aparılması hüququnun pozulmasıdır. Məhkəmə ekspertizası fəaliyyəti haqqında Azərbaycan Respublikası Qanununun 18-ci maddəsində deyilir ki, Ekspertin rəyi kifayət qədər əsaslı olmadıqda və ya şübhə doğurduqda, yaxud onun əsaslandığı sübutlar etibarsız (qeyri-mötəbər) hesab edildikdə və ya ekspertiza aparılmasının prosessual qaydaları pozulduqda təkrar ekspertiza aparılır. Təkrar ekspertizanın aparılması başqa ekspertə və ya ekspertlərə tapşırılır. Əvvəlki ekspertizanı aparmış ekspertlər təkrar ekspertizanın aparılmasında iştirak edə və izahlar verə bilərlər, lakin tədqiqat zamanı və rəy tərtib edilərkən onlar iştirak etmirlər. Təkrar ekspertizanın aparılması haqqında qərarda əvvəlki ekspertizaların nəticələri ilə razı olmamağın motivləri göstərilməlidir. Təkrar ekspertiza təyin (sifariş) edilərkən ekspert qarşısında əvvəllər tətbiq edilmiş tədqiqat üsullarının elmi əsaslılığı barədə sual qoyula bilər. X2 əvvəlki ekspert rəyində qeyd edilənləri görməzdən gələrək, təhqiqat materiallarına əsasən, yanğın zamanı baxış protokoluna əsasən sayılmış yararsız hala düşmüş ayaqqabılaın sayının 1120 cüt olmasına baxmayaraq, özünün nəzəri hesablmaları ilə rəy vermiş və bir cüt ayaqqabının qiymətinin 14 manat olduğu qənaətinə gəlmişdir. Belə olduğu təqdirdə, hesab edir ki, təkrar məhkəmə əmtəəşünaslıq ekspertizası keçirilməsi barədə vəsatəti əsaslı və hüquqa uyğun hesab edilməlidir, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-195/2021 saylı, 21.06.2021-ci il tarixli qərardadı ləğv edilməli, iş üzrə təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilməsi və ekspertiza tədqiqatının aparılmasının başqa ekspertə həvalə edilməsi barədə qərardad qəbul edilməlidir. Qeyd olunanlara əsasən şikayətin təmin edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndə və vəkili Vəkil2 şikayəti müdafiə edib müvəkkilinin izahatını təsdiq etdiyini, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh MMC nümayəndə və vəkili Vəkil1 şikayəti qəbul etməyərək göstərdi ki, vəsatətlər işin yersiz uzanmasına gətirib çıxarmışdır. Şikayətin təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 21.06.2021-ci il tarixli 2(060)-195/2021 saylı qəradadın dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iş üzrə İddiaçı1 məhkəmə iclasına gəlməmişdir, məhkəmə Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən işə qeyd edilən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 21.06.2021-ci il tarixli 2(060)-195/2021 saylı qəradadı dəyişdirilmədən saxlanılmalıdır. Barəsində şikayət verilən qərardaddan görünür ki, birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, həmin işlə bağlı 3 (üç) ekspertiza keçirilmiş və müvafiq rəylər verilmişdir. Növbəti dəfə vəsatəti təmin etməklə məhkəmə işin baxılmasının uzadılması və süründürməçiliyə yol verə bilər. Bu səbəbdən də vəsatət təmin edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni işin hallarına və tətbiq edilən hüquq normalarına uyğun hesab edir. Belə ki, iş materiallarından görünür ki,hzırki iş üzrə 3 dəfə ekspertiza təyinedlmiş və müvafiq ekspert rəyləri alınmışdır. Hazırda təkrar ekspertiza keçirilməsi üçün zərurət yoxdur. Belə ki, iş üzrə 4-cü dəfə ekspertizanın təyin edilməsi işin baxılmasının uzadılması və süründürməçiliyə yol verə bilər. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfin ekspert rəyləri ilə razı olmaması, ekspert rəylərini mübahisələndirməsi iş üzrə verilmiş ekspert rəylərinin əsaslı olmamasına dəlalət etmir və həmin hallar təkrar ekspertizanın keçirilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən şikayətin dəlillərini əsassız hesab edir. AR Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 21.06.2021-ci il tarixli 2(060)-195/2021 saylı qəradadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Sumqayıt Şəhər Məhkəməsinin 21.06.2021-ci il tarixli 2(060)-195/2021 saylı qəradadı dəyişdirilmədən saxlanılsın. Şikayət təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərarddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar