Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2749/2021 27.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X7 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı alimenin müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Şabran Rayon Məhkəməsinin 04 iyun 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şabran Rayon Məhkəməsinin 04 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakim Ç.Ə.İsgəndərov) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 08 may 2021-ci il tarixdən başlayaraq 02.07.2016-cı il təvəllüdlü X2 və 02.08.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları məqsədi ilə hər uşaq üçün ayda 130 (bir yüz otuz) manat olmaqla, ümumilikdə 260 (iki yüz altımış) manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı verilməsi, qətnamənin dərhal icla edilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq cavabdehdən hər uşaq üçün ayda 175 manat sabit pul məbləğində alimentin tutulub 02.07.2016-cı il tarixdə doğulmuş X2 və 02.08.2018-ci ildə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə 21.09.2015-ci il tarixdə rəsmi nikahla ailə qurmuşlar. Ər-arvad münasibətindən 02.07.2016-cı il tarixdə X4 və 02.08.2018-ci il tarixdə X5 adlı uşaqları olmuşdur. Ailə münasibətləri uyğun gəlmədiyindən, onu evdən qovmuşlar. Hal-hazırda uşaqlarla birlikdə ata evində yaşayır. Bu müddət ərzində cavabdeh uşaqların saxlanması üçün heç bir maddi köməklik etməmişdir. Ona görə də uşaqların saxlanması üçün aliment təyin edilməsi barədə iddia qaldırmışdır. Cavabdeh işləyir, 350 manat əmək haqqı alır, əlavə olaraq taksi fəaliyyəti ilə də məşğul olur. Cavabdehin alimenti ödəməyə maddi imkanı var. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işə onun iştirakı olmadan baxmışdır. O, Dəmiryol İdarəsində növbədə olması ilə əlaqədar məhkəmə proseslərindən xəbəri olmamışdır. Qətnamə olduqca ədalətsiz və qeyri-obyektivdir. Məhkəmə yeganə gəliri, hər ay aldıgı 300 manat məbləgində məvacibini nəzərə alıb. Onun maaşından 1/3 hissəsi miqdarında aliment müəyyən etməli idi. Məhkəmə tərəfindən bir çox maddi və prosessual normalarının tələblərini pozmuşdur. Şabran Rayon Məhkəməsinin 04 iyun 2021-ci il tarixli 2(031)-521/2021 saylı qətnaməsinin əsassız olduğundan ləğv edilməsi və hər ay aldığı 300 manat məbləğində məvacibinin 1/3 hissəsini 02 iyul 2016-cı il təvəllüdlü Ayan və 02 avqust 2018-ci il təvəllüdlü Aqşinin yetkinlik yaşına çatana qədər saxlanması üçün aliment müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İş üzrə İddiaçı və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə yaxud məhkəmə tərəfin icraatı qəsdən yubatdırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçi hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini qismən təmin edərkən, cavabdeh tərəfindən uşaqların saxlanılmasına maddi köməklik edilməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarından görünür ki, tərəflər 21 sentyabr 2015-ci il tarixdə nikaha daxil olmuşlar, birgə nikahlarından 02 iyul 2016-cı il tarixdə Ayan və 02 avqust 2018-ci il tarixdə Aqşin adlı uşaqları anadan olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqların saxlama qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancı (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76 maddəsinə uyğun oalaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu və ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikası Qanununa görə 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi andan tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 101.2-ci maddəsinə əsasən məhkəmə alimentin miqdarını müəyyən edərkən tərəflərin maddi və ailə vəziyyətlərini nəzərə almalıdır. Məhkəmə kollegiyası cavabdehin işə onun iştirakı olmadan baxılması barədə gətirdiyi dəlili qəbul etmir. Belə ki, iş materiallarında olan bildirişdən müəyyən olunur ki, tərəf rəsmi qaydada məlumatlandırılmışdır (i.v.14). Bundan əlavə olaraq iddiaçının aliment tutulması barədə tələbi sabit pul məbləğində olduğu üçün, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin alimentin onun aldığı maaşından tutulması barədə gətirdiyi gəlili qəbul edilməzdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3. maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Şabran Rayon Məhkəməsinin bu iş üzrə 04 iyun 2021-ci il tarixli 2(031)-521/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-2749/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2749/2021
27.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver