Məhkəmə qərarları › İş №2(105)-2752/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2752/2021

12.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2752/2021 12.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qəyyum təyin edilmə tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3613/2021 saylı, 29 aprel 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3613/2021 saylı, 29 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim Elmir Hüseynov). Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3613/2021 saylı, 29 aprel 2021-ci il tarixli qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 25.02.2007-ci il təvəllüdlü X13 onun qəyyumluğuna verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Məhkəmə kollegiaysının iclasında iştirak edərkən İddiaçı apellyasiya şikayətini onunla əsaslandırdı ki, 25.02.2007-ci il təvəllüdlü X16 mərhum bacısının oğludur. Həmin uşaq X6 ilə iddiaçı Cavabdeh arasında yaranmış faktiki nikah münasibətlərindən doğulmuşdur. X1 uzun sürən xəstəlikdən 2020-ci ilin oktyabr ayında ölmüşdür. İstər bacısı öləndən sonra, istər əvvəl də uşağın ona və bacısı Kifayətə olan bağlılığı möhkəm idi. Belə ki, bacısı xəstəliyi ilə əlaqədar olaraq müalicə üçün Azərbaycanın hüdudlarından kənara çıxdıqda Ümid həmişə onun yanında qalmış, onun qayğısına özü qalmışdır. Belə ki, Ümidin atası ilə həmişə münasibətləri soyuq olmuş, ata-bala olaraq bağlılıqları da olmamışdır. Həmçinin o uşağa atalığı da Ümidin 7 yaşı olarkən pul qarşılığında vermişdir. Bacısı uzun illər tarix müəllimi işləyib, həmişə maddi imkanı yaxşı olub, Altaya da maddi köməklikləri olub. Əlavə olaraq onu qeyd edir ki, bacısı xəstəlik ucbatından yataq vəziyyətdə olarkən əmlakı ilə bərabər oğlunu da ona etibar etmişdir. Bununla bağlı bacısının xəstə yatağında vəsiyyət edərkən video görüntüləri də var. Hətta bacısı ömürünün son günlərini yaşadığını bilərək Ümidi onun himayəsinə verməsi ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyəti Qəyyumluq Komissiyasına müraciət etmişdir. Həmin işlə bağlı bacısı izahatında bu barədə də özü ətraflı şəkildə yazmışdır. İzahatdan da görünür ki, Altayın məqsədi pul, ev olmuşdur.Tək məqsədi bacısından qalan əmlakı ələ keçirtməkdir. Belə ki, bacısı sağlam olan vaxtlarda özünə Sumqayıt şəhəri, 4-cü mikrorayon, 14/21 saylı evin 3 saylı mənzilini almışdır. Mərhum bacısı elə sağlığında Altayın məqsədini bildikdən sonra mülkiyyətində olan evi Sumqayıt şəhəri 1 saylı Notariat Kontorunda 06.08.2020-ci il tarixli, 4Ə-219 və 4Ə-218 reyestr nömrəli bağışlanma müqavilələri ilə həmin mənzili bacısı X4 bağışlamışdır. Bacısının ölümündən sonra cavabdeh Sumayıt Şəhər Məhkəməsində bacısı X5 və Sumqayıt şəhər 1 saylı Notariat Ofisinə qarşı "əqdlərin etibarsız hesab edilməsi” tələbinə dair iddia qaldırmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-679/2021 saylı, 12.02.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Buradan açıq-aydın görünür ki, Altayın bir məqsədi var, o da mərhum bacısının oğluna qoyduğu evi ələ keçirməkdir. Həmçinin bundan əlavə olaraq qeyd edir ki, mərhum bacısının Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısına notarial qaydada yazdığı və öz imzası ilə imzaladığı ərizəsi də var. Belə ki, Altay rəsmi nikahda evlidir, ailəlidir, övladları var. Bacısı heç vaxt Ümidi atasının ümidinə buraxmaq istəməmişdir. Ümid həmçinin artıq böyük uşaqdır, onun özünə görə düşüncələri var. O da atasının ona atalığı pul qarşılığında verdiyini bilir, cavabdeh heç vaxt da ona ata sevgisi verməmiş, qayğı göstərməmişdir. Ümid ana kimi onu çox istəyir, onun bu günə kimi maddi və mənəvi tələbatlarının ödənilməsində həmişə özü iştirak etmişdir. Həmçinin Ümid 14 yaşındadır, kimin yanında qalmasını özü deyə bilir. Onun yanında qalması ilə bağlı heç bir etirazı yoxdur, əksinə o bunun üçün daha güvənli qərardır. Hesab edir ki, uşağın da fikrini nəzərə alaraq Ümid onun yanında qala bilər. Həmçinin Ümidin atasının yanında qalması onun psixologiyasına da birbaşa mənfi təsir göstərir. Bütün bu olanlar Ümidin təhsilindən geriləməsində də özünü göstərir. Hesab edir ki, şikayəti təmin edilərək Ümidin atasının himayəsinə verilməsi onun psixi inkişafına mənfi təsir gösətrməsini müəyyənləşdirmək üçün Məhkəmə Psixiatrik Ekspertiza təyin edilə bilər. Həmçinin qanunvericilikdə də qeyd olunmuşdur ki, işə baxılarkən xüsusi bilik tələb edən sualları izah etmək üçün məhkəmə ekspertiza təyin edə bilər. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3613/2021 saylı, 29 aprel 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz edib onun təmin edilməməsi, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3613/2021 saylı, 29 aprel 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-haki¬min məruzəsini, tərəflərin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, 25.02.2007-ci il təvəllüdlü X13 atası Cavabdeh, anası X8r. İş materiallarında olan-X7 05.10.2020-ci il tarixli ərizəsindən görünür ki, bacısı X3 övladı 25.02.2007-ci il təvəllüdlü X13 qəyyumu təyin edilməsini xahiş etmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 08 oktyabr 2020-ci ildə çənbər bağırsağın bədxassəli yenitörəməsi səbəbindən ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt şəhər İH Başçısı aparatının 05.01.2021-ci il tarixli, A-222-099 saylı məktubundan görünür ki, 25.02.2007-ci il təvəllüdlü X13 üzərinə İddiaçı təyin edilməsindən imtina edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-897/2021 saylı, 02 aprel 2021-ci il tarixli qətnaməsindən görünür ki, 25.02.2007-ci il təvəllüdlü X16 cavabdeh X2 alınaraq Cavabdeh verilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, 25.02.2007-ci il təvəllüdlü X16 iddiaçının bacısı oğlu, cavabdehin isə oğludur. İddiaçının bacısı 2020-ci ildə ölmüşdür. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-897/2021 saylı, 02 aprel 2021-ci il tarixli qətnaməsinə əsasən 25.02.2007-ci il təvəllüdlü X16 cavabdeh X2 alınaraq Cavabdeh verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 114.1-ci maddəsinə əsasən valideynlər öldükdə, valideynlik hüquqlarından məhrum olunduqda, valideynin hüquqları məhdudlaşdırıldıqda, valideynlər fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, valideynlər xəstələndikdə, uzun müddət uşaqlarla birlikdə olmadıqda, valideynlər uşaqların tərbiyəsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən yayındıqda, o cümlədən sosial xidmət müəssisələrindən öz uşaqlarını götürməkdən imtina etdikdə, eləcə də valideyn himayəsinin olmadığı digər hallarda uşaqların hüquq və mənafelərinin müdafiəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 136-cı maddəsinə əsasən qəyyumluq və himayə valideynlərini itirmiş uşaqlara (bu Məcəllənin 114.1-ci maddəsi) onların saxlanması, tərbiyə olunması, təhsil alması, habelə onların hüquq və vəzifələrinin qorunması məqsədilə müəyyən olunur. Qəyyumluq 14 yaşınadək, himayəçilik 14 yaşından 18 yaşınadək olan uşaqlar üzərində təyin edilir. Uşaqlara qəyyumluq və himayə təyin edilməsi və bunun xitamı Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə müəyyən edilir. İş materiallarından müəyyən edilir ki, 25.02.2007-ci il təvəllüdlü X13 anası ölmüş, lakin atası sağdır və o, məhkəmə qətnaməsi ilə cavabdehin, yəni atasının himayəsinə verilmişdir. 25.02.2007-ci il təvəllüdlü X13 atası sağ olduğu üçün onun üzərinə qəyyum təyin edilməsinə zərurət yoxdur Eyni zamanda cavabdehin övladına qayğı göstərməməsi,onunla maraqlanmaması iş materialları ilə sübut olunmur. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyə əsasən qəyyumluq 14 yaşınadək, himayəçilik 14 yaşından 18 yaşınadək olan uşaqlar üzərində təyin edilir. Hazırki işdən isə görünür ki, üzərinə qəyyum təyin edilməsi xahiş edilən azyaşlı 25.02.2007-ci il təvəllüdlüdür. Hazırki iddia ərizəsi 18.03.2021-ci ildə tərtib edilmiş və məhkəməyə 30.03.2021-ci il tarixdə təyin edilmişdir. Göründüyü kimi, hazırki iddia ərizəsi verilərkən artıq azyaşlının 14 yaşı tamam olmuşdur. Belə olan halda, 14 yaşı tamam olmuş uşağa qəyyum təyin edilməsi qanunvericiliyə ziddir. Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəcsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yacud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. HəminMəcəllənin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə 28 oktyabr 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin oluna bilməz. Belə ki, iddiaçının apellyasiya şikayətində göstərdikləri formal mülahizələr kimi qiymətləndirilməlidir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, qətnamə qanuni və əsaslı olduğundan dədəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti isə təmin olunmamalıdır. Şərholunanlaraəsasənvə Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3613/2021 saylı, 29 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı apellyasiya şikayəti təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar