Məhkəmə qərarları › İş №2(105)-279/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-279/2020

08.10.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-279/2020 08.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi X1, iddiaçı “X8 İnvestisiya Korporasiyası” açıq səhmdar cəmiyyətinin nümayəndəsi X4 və Cavabdeh nümayəndəsi X3 iştirakları ilə açıq məhkəmə iclasında Abşeron Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(012)-1018/2017 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(012)-1018/2017 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Sevinc Quliyeva) iddiaçı “X8 İnvestisiya Korporasiyası” açıq səhmdar cəmiyyətinin Cavabdeh qarşı müqavilənin ləğv edilməsi, mənzilin boşaldılması və təhvil verilməsi tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, “X8 İnvestisiya Korporasiyası” açıq səhmdar cəmiyyəti (“Uğur” fərdi firması) ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxx 2006-cı il tarixli, 000081 saylı və xx xxxxxxx 2006-cı il tarixli, 000082 saylı müqavilələrin ləğv edilməsi, Abşeron rayonu, Xırdalan şəhəri, ünvan 1 blok 16 ünvanında yerləşən üç otaqdan ibarət, ümumi sahəsi 83,40 kv.metr olan 9 saylı və bir otaqdan ibarət ümumi sahəsi 49,72 kv.metr olan 10 saylı mənzillərin Cavabdeh tərəfindən boşaldılması və həmin mənzillərin “X8 İnvestisiya Korporasiyası” açıq səhmdar cəmiyyətinə geri qaytarılması, Cavabdeh mənzilin təmiri üçün çəkilmiş xərclərin və ödənilmiş məbləğin müqavilə şərtlərinə uyğun olaraq geri qaytarılması tələbi ilə məhkəməyə müraciət etmək hüququnun izah edilməsi və iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmiş, cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxx 2019-cu il tarixli, 2(105)- 47/2019 saylı qətnaməsi ilə Cavabdeh verdiyi apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(012)-1018/2017 saylı qətnaməsi Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh qətnamədən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(102)-5543/2019 saylı qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hazırki iş üzrə olan xx xxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, “X8 İnvestisiya Korporasiyası” açıq səhmdar cəmiyyəti iddia ilə məhkəməyə müraciət edərək cəmiyyətlə Cavabdeh arasında Abşeron rayonu, Xırdalan şəhəri, ünvan 1 blok 16 ünvanında yerləşən üç otaqdan ibarət, ümumi sahəsi 83,40 kv.metr olan 9 saylı mənzilin alqı-satqısına dair xx xxxxxxx 2006-cı il tarixli, 000082 saylı müqavilənin, Abşeron rayonu, Xırdalan şəhəri, ünvan 1 blok 16 ünvanında yerləşən bir otaqdan ibarət, ümumi sahəsi 49,72 kv.metr olan 10 saylı mənzilin alqı-satqısına dair xx xxxxxxx 2006-cı il tarixli, 000081 saylı müqavilənin ləğv edilməsi, həmin mənzillərin boşaldılması və cəmiyyətə təhvil verilməsi, Cavabdeh cəmiyyətin xeyrinə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, “Uğur” fərdi firması (hüquq varisi “X8 İnvestisiya Korporasiyası” açıq səhmdar cəmiyyəti) ilə Cavabdeh arasında Abşeron rayonu, Xırdalan qəsəbəsi, Sumqyıt şossesi, 7-ci kilometr, bina 1, blok 16, 3 otaqdan ibarət ümumi sahəsi 83,40 kv.metr olan 9 saylı mənzilin alqı-satqısına dair xx xxxxxxx 2006-cı il tarixli, 000082 saylı müqavilə və Abşeron rayonu, Xırdalan qəsəbəsi, Sumqayıt şossesi, 7 kilometr, bina 1, blok 16, 1 otaqdan ibarət ümumi sahəsi 49,72 kv.metr olan 10 saylı mənzilin alqı-satqısına dair xx xxxxxxx 2006-cı il tarixli, 000081 saylı müqavilə bağlanmışdır. 1-ci müqaviləyə əsasən 9 saylı mənzilin dəyəri 65.052 manat müəyyən edilmiş və həmin məbləği 180 ay müddətində hər ay 361 manat olmaqla hər ayın 11-nə qədər ödəməyi, 2-ci müqaviləyə əsasən 10 saylı mənzilin dəyəri 38.782 manat müəyyən edilmiş və həmin məbləği 180 ay müddətində hər ay 215 manat olmaqla hər ayın 11-nə qədər ödəməyi cavabdeh öhdəsinə götürmüşdür. İddiaçı müqavilələr üzrə öhdəliklərini icra edərək mənzilləri cavabdehə təhvil vermiş, lakin müqavilələrin tələbləri cavabdeh tərəfindən pozulmaqdadır. Belə ki, cavabdeh tərəfindən uzun müddətdir aylıq ödənişlər edilmir. Bu hal iddiaçıya müqavilələrin 2.2.4-cü bəndinə əsasən müqaviləni birtərəfli qaydada ləğv etmək hüququ verir. Müqavilələrin həmin bəndlərinə əsasən alıcılar ödəmələri 30 gündən artıq gecikdirdiyi halda, satıcının müqaviləni birtərəfli qaydada ləğv etmək səlahiyyəti vardır. Cavabdeh tərəfindən müqavilələrdən irəli gələn öhdəliklərin icra olunmaması, müqavilələrin əhəmiyyətli dərəcədə pozuntusuna dəlalət edir. İddiaçı müqavilələrin icrasından birtərəfli qaydada imtina etməklə, onların ləğv edilməsi barədə bildirişi cavabdehə ünvanlamış, lakin bunun heç bir nəticəsi olmamışdır. Mübahisə üzrə yuxarıda göstərilən mənkəmə aktları qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnamə qəbul edərkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmiş, iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibəti üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, ”X8 İnvestisiya Korporasiya” açıq səhmdar cəmiyyəti ilə müqavilə bağlayıb 2006-cı ildə ”X8 İnvestisiya Korporasiya” açıq səhmdar cəmiyyətindən 180 ay müddətinə hər ay bir mənzil üçün 215 manat və digər mənzil üçün hər ay 361 manat ödəmək şərti ilə iki mənzil almış və göstərilən məbləği vaxtlı vaxtında ödəmişdir. Müqavilənin şərtindən göründüyü kimi, iddiaçı “X8 İnvestisiya Korporasiya” açıq səhmdar cəmiyyəti ondan müqavilə üzrə öhdəliyin tam icrasını vaxtından əvvəl o halda tələb edə bilər ki, həmin müqavilə vaxtından əvvəl ləvğ edilmiş olsun. Başqa sözlə, tərəflər arasında bağlanmış müqavilədə borcun vaxtından əvvəl tələb edilməsi müqavilənin ləğv edilməsi ilə şərtləşdirilmişdir. Hazırkı halda isə iddiaçı həmin şərtə əməl etmiş, müqavilə əsassız yerə məhkəmə qaydasında ləğv edilmiş, bütün öhdəliklərin vaxtından əvvəl icra olunması tələb edilmişdir. Təyin olunan məhkəmə baxışına qədər xx xxxxxxx 2016-cı il tarixdə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir ki, “X8 İnvestisiya Korporasiyası” açıq səhmdar cəmiyyətinin məhkəməyə müraciət etdiyindən, həmin tarixə olan iddia ərizəsində ancaq müqavilənin ləğvi və mənzilin boşaldılması qeyd olunmuşdur. Lakin iddia ərizəsində müqavilənin hansı səbəbdən ləğv olunması, hansı öhdəlik icra olunmadığına görə mənzil boşaldılması göstərilməmişdir. Əgər iddia tələbində mübahisə predmeti açıq aydın göstərilmirsə və müqavilənin ləğv olunmasına dair sübutlar təqdim olunmursa və ödənilən məbləğə münasibət bildirilmirsə, müqavilənin ləğvinə dair iddia əsassızdır. İddiaçı “X8 İnvestisiya Korporasiyası” açıq səhmdar cəmiyyətinin iddia ərizəsindən isə görünür ki, məhkəməyə müraciət etdiyi tarixdə yalnız müqavilənin ləğvi və mənzilin boşaldılması tələbi qoyulmuşdur. Lakin hansı səbəbdən müqavilənin ləğv olunması göstərilməmişdir. Heç bir borc olmadığı, iddia ərizəsində borc barədə heç bir qeyd göstərilmədiyi halda, müqavilənin ləğv olmasının səbəbi mübahisə yaradır. İddia ərizəsində qeyd olunan müqavilənin ləğv olunması və mənzilin boşaldılması ayrıca tələb olduğu halda, digər tələblərin bir iddiada qeyd olunması iddia ərizəsinin düzgün tərtib edilməməsini göstərir. Birinci inistansiya məhkəməsi qarşılıqlı iddia ərizəsini icraata götürməkdən imtina edərək xx xxxxxxx 2016-cı il tarixli, 2(012)-6220/2016 saylı qərardad qəbul etmiş, həmin qərardaddan şikayət vermiş və Sumqayıt Apellyasiya Məhkəməsi şikayətə baxaraq xx xxxxxx 2016-cı il tarixdə 2(105)-3016/2016 saylı qərardad qəbul edərək Abşeron Rayon Məhkəməsinin 31 oktyabr və xx xxxxxx 2016-cı il tarixli qərardadlarını dəyişdirilmədən saxlamışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin qərardadına əsaslanaraq yenidən qarşılıqlı iddia ərizəsinə əlavə olaraq dövlət rüsumu ödəməklə yenidən Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsi qarşılıqlı iddia ərizəsini icraata qəbul etmədən xx xxxx 2017-ci il tarixdə 2(012)-1018/2017 saylı qətnamə qəbul etmişdir. Qətnamədə qarşılıqlı iddia ərizəsindən heç bir söz yazılmamışdır. Buradan belə nəticəyə gəlmək olar ki, qətnamə prosessual pozuntulara yol verilməklə qəbul olunmuşdur. Məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi olmamalı və məhkəmə işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər. Cavabdeh apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. xx xxxxxx 2019-cu il tarixdə keçirilən məhkəmə iclasında Cavabdeh nümayəndəsi X6 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat vermişdir. İddiaçı “X8 İnvestisiya Korporasiyası” açıq səhmdar cəmiyyətinin nümayəndəsi X7 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia təmin edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddianı təmin edərkən tərəflər arasında bağlanmış müqavilənin xarakterinə görə podrat müqaviləsinə uyğun gəlməsinə, cavabdehin öz üzərinə düşən öhdəliyi yerinə yetirməməsinə, iddianın təmin edilməsi üçün əsasların olmasına istinad etmişdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan “satıcı” “Uğur” fərdi firması ilə “alıcı” Cavabdeh arasında bağlanmış xx xxxxxxx 2006-cı il tarixli, 000081 saylı müqavilənin surətindən görünür ki, “satıcı” Abşeron rayonu, Xırdalan qəsəbəsi, Bakı-Sumqayıt şossesi, 7-ci kilometrdə inşa ediləcək “Abşeron Gənclər şəhərciyi”ndə yüksək mərtəbəli binanın 16-cı blok, 3-cü mərtəbədə yerləşən 10 saylı mənzili “alıcı”ya təmirli satır, alıcı isə mənzilin dəyərini müqavilə ilə müəyyən edilmiş qaydada satıcıya ödəməyi öhdəsinə götürür. İş materiallarında olan “satıcı” “Uğur” fərdi firması ilə “alıcı” Cavabdeh arasında bağlanmış xx xxxxxxx 2006-cı il tarixli, 000082 saylı müqavilənin surətindən görünür ki, “satıcı” Abşeron rayonu, Xırdalan qəsəbəsi, Bakı-Sumqayıt şossesi, 7-ci kilometrdə inşa ediləcək “Abşeron Gənclər şəhərciyi”ndə yüksək mərtəbəli binanı 16-cı blok, 3-cü mərtəbədə yerləşən 9 saylı mənzili “alıcı”ya təmirli satır, alıcı isə mənzilin dəyərini müqavilə ilə müəyyən edilmiş qaydada satıcıya ödəməyi öhdəsinə götürür. İş materiallarında olan “X8 İnvestisiya Korporasiyası” açıq səhmdar cəmiyyətinin xx-xx/1971 saylı, xx xxxxxx 2016-cı il tarixli arayışından görünür ki, Cavabdeh tərəfindən xx xxxxxxx 2006-cı il tarixli, 000082 saylı alqı-satqı müqaviləsi üzrə cəmi 37.838,33 manat məbləğində ödəniş edilmişdir. Alıcı müqavilə bağladığı tarixdən xx xxxxxx 2016-cı il tarixinə qədər 44.042 manat və ya 122 ay aylıq ödəniş məbləği ödəməli olduğu halda, 37.838,33 manat və ya 105 ay aylıq ödəniş etmişdir. Alıcının qrafik üzrə gecikməsi 6.203,67 manat və ya 17 aylıq ödəniş məbləği 862,95 manat faiz borcu və ödəmədiyi aylıq ödənişlərə görə hesablanmış cərimə borcu təşkil edir. Alıcı xx xxxxxx 2015-ci il tarixdən etibarən, ümumiyyətlə, ödəniş aparmır və ödəniş müddətində gecikmə günlərinin sayı 522 gün təşkil edir. İş materiallarında olan “X8 İnvestisiya Korporasiyası” açıq səhmdar cəmiyyətinin xx-xx/1972 saylı, xx xxxxxx 2016-cı il tarixli arayışından görünür ki, Cavabdeh tərəfindən xx xxxxxxx 2006-cı il tarixli, 000081 saylı alqı-satqı müqaviləsi üzrə cəmi 22.646,67 manat məbləğində ödəniş edilmişdir. Alıcı müqavilə bağladığı tarixdən xx xxxxxx 2016-cı il tarixinə qədər 26.230 manat və ya 122 ay aylıq ödəniş məbləği ödəməli olduğu halda, 22.646,67 manat və ya 105 ay aylıq ödəniş etmişdir. Alıcının qrafik üzrə gecikməsi 3.583,33 manat və ya 17 aylıq ödəniş məbləği, 420,40 manat faiz borcu və ödəmədiyi aylıq ödənişlərə görə hesablanmış cərimə borcu təşkil edir. Alıcı xx xxxxxx 2015-ci il tarixdən etibarən, ümumiyyətlə, ödəniş aparmır və ödəniş müddətində gecikmə günlərinin sayı 507 gün təşkil edir. İş materiallarında olan xx xxxx 2016-cı il tarixli, xx-xx/1138 saylı təklifin surətindən ki, “X8 İnvestisiya Korporasiyası” açıq səhmdar cəmiyyəti Cavabdeh ilə aralarında bağlanmış xx xxxxxxx 2006-cı il tarixli, 000081 və 000082 saylı müqavilələr üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə müqavilənin ləğv edilməsi barədə razılaşmanın 5 gün müddətində bağlanılması və mənzilin “X8 İnvestisiya Korporasiyası” açıq səhmdar cəmiyyətinə təhvil verilməsi təklif edilmiş, əks halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 30680 saylı, xx xxxxxx 2020-ci il tarixli rəyindən görünür ki, təqdim edilmiş ödəniş qəbzlərinə və “Alıcının fərdi ödəniş cədvəli” məlumatına əsasən “X8 İnvestisiya Korporasiyası” açıq səhmdar cəmiyyəti (“Uğur” fərdi firması) ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxx 2006-cı il tarixli, 000081 saylı müqavilə üzrə Cavabdeh xx xxxxxx 2016-cı il tarixə olan borcu 3368,33 manat təşkil edir. Təqdim edilmiş ödəniş qəbzlərinə və “Alıcının fərdi ödəniş cədvəli” məlumatına əsasən “X8 İnvestisiya Korporasiyası” açıq səhmdar cəmiyyəti (“Uğur” fərdi firması) ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxx 2006-cı il tarixli, 000082 saylı müqavilə üzrə Cavabdeh xx xxxxxx 2016-cı il tarixə olan borcu 5842,67 manat təşkil edir. İşdən görünür ki, kassasiya instansiyası məhkəməsi öz qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edib, işi apellyasiya qaydasında yenidən baxılmağa qaytararkən, apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi hüquq normasının tətbiqində səhvə yol verməsinə, işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlməsinə, qətnaməni tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırmamasına istinad etmişdir. Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Birinci instansiya məhkəməsi iş materiallarında olan sənədlərə əsaslanaraq “X8 İnvestisiya Korporasiyası”nın hüquqi varisi olduğu “Uğur” fərdi firması ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxx 2006-cı il tarixli, 000081 və 000082 saylı müqavilələrdə tərəflərin “alıcı” və “satıcı” kimi göstərilmələrinə baxmayaraq, tərəflər arasında olan hüquq münasibətlərinin xarakterinə görə podrat müqaviləsinə uyğun olmasını, podratçı “X8 İnvestisiya Korporasiyası” açıq səhmdar cəmiyyətinin öz öhdəliyini yerinə yetirərək müqavilədə göstərilən mənzilləri sifarişçi Cavabdeh təhvil versə də, cavabdehin öz öhdəliyini tam yerinə yetirməməsini, mənzillərin dəyəri üzrə aylıq ödənişləri tam həyata keçirməməsini müəyyən etmiş və mübahisəyə Azərbaycan Respublikası MM-nin podrat münasibətlərini tənzimləyən 752.1 və 760-cı maddələrini tətbiq edərək iddianı təmin etmişdir. Azərbaycan Respublikası MM-nin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 760.2-ci maddəsinə görə əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilirsə, podratçı yerinə yetirilmiş işin haqqını və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi barədə mahiyyətcə düzgün nəticəyə gəlsə də, mübahisəyə Azərbaycan Respublikası MMnin podrat münasibətlərini nizama salan 752.1 və 760-cı maddələrini tətbiq etməkdə səhvə yol vermişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə Cavabdehnun sifarişçi olaraq iddiaçı “X8 İnvestisiya Korporasiyası” açıq səhmdar cəmiyyətinə hər hansı işi görməyi sifariş etməmişdir. İş materiallarında olan xx xxxxxxx 2006-cı il tarixli, 000081 və 000082 saylı müqavilələrdən görünür ki, müqavilənin predmeti olan mənzil iddiaçı tərəfindən cavabdehə satılmışdır. Belə olan halda, tərəflər arasındakı alqı-satqı münasibətlərinin podrat münasibətləri kimi qiymətləndirilməsi və həmin münasibətlərə podrat müqaviləsi ilə bağlı normaların tətbiq edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına uyğun hesab edilə bilməz. Göründüyü kimi, birinci instansiya məhkəməsi maddi hüquq normalarını pozmuş, düzgün tətbiq etməmişdir. Bu isə qətnamənin ləğvi üçün əsasdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, qətnamə ləğv edilməli, iddia tələbinə hüquqi qiymət verilməklə, yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyası iş materiallarına əsasən hesab edir ki, “X8 İnvestisiya Korporasiyası”nın hüquqi varisi olduğu “Uğur” fərdi firması ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxx 2006-cı il tarixli, 000081 və 000082 saylı mənzillərin alqı-satqı müqavilələri vardır və müqavilələrin 2.2.1 və 2.2.2-ci bəndlərində “alıcı” tərəfindən Abşeron rayonu, Xırdalan qəsəbəsi, Bakı-Sumqayıt şossesi, 7ci kilometrdə inşa ediləcək “Abşeron Gənclər şəhərciyi”ndə yüksək mərtəbəli binanın 16-cı blok, 3-cü mərtəbədə yerləşən 10 saylı mənzilin dəyəri olan 38.782 manatın 180 ay və Abşeron rayonu, Xırdalan qəsəbəsi, Bakı-Sumqayıt şossesi, 7-ci kilometrdə inşa ediləcək “Abşeron Gənclər şəhərciyi”ndə yüksək mərtəbəli binanın 16-cı blok, 3-cü mərtəbədə yerləşən 9 saylı mənzilin dəyəri olan 65.052 manatın 180 ay müddətində hissə-hissə ödənilməsi nəzərdə tutulduğu üçün tərəflər arasındakı münasibət də mahiyyətcə əşyanın nisyə alqı-satqı münasibətləridir. Azərbaycan Respublikası MM-nin 600.1-ci maddəsinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. İş materiallarına əlavə edilmiş “X8 İnvestisiya Korporasiyası” açıq səhmdar cəmiyyətinin xxxx/1971 saylı, xx xxxxxx 2016-cı il tarixli arayışından görünür ki, Cavabdeh tərəfindən xx xxxxxxx 2006-cı il tarixli, 000082 saylı alqı-satqı müqaviləsi üzrə cəmi 37.838,33 manat məbləğində ödəniş edilmişdir. Alıcı müqavilə bağladığı tarixdən xx xxxxxx 2016-cı il tarixinə qədər 44042 manat və ya 122 ay aylıq ödəniş məbləği ödəməli olduğu halda, 37.838,33 manat və ya 105 ay aylıq ödəniş etmişdir. Alıcının qrafik üzrə gecikməsi 6203,67 manat və ya 17 aylıq ödəniş məbləği 862,95 manat faiz borcu və ödəmədiyi aylıq ödənişlərə görə hesablanmış cərimə borcu təşkil edir. Alıcı xx xxxxxx 2015-ci il tarixdən etibarən, ümumiyyətlə, ödəniş aparmır və ödəniş müddətində gecikmə günlərinin sayı 522 gün təşkil edir. Həmçinin iş materiallarında olan “X8 İnvestisiya Korporasiyası” açıq səhmdar cəmiyyətinin xx-xx/1972 saylı, xx xxxxxx 2016-cı il tarixli arayışından görünür ki, Cavabdeh tərəfindən xx xxxxxxx 2006-cı il tarixli, 000081 saylı alqı-satqı müqaviləsi üzrə cəmi 22.646,67 manat məbləğində ödəniş edilmişdir. Alıcı müqavilə bağladığı tarixdən xx xxxxxx 2016-cı il tarixinə qədər 26230 manat və ya 122 ay aylıq ödəniş məbləği ödəməli olduğu halda, 22646,67 manat və ya 105 ay aylıq ödəniş etmişdir. Alıcının qrafik üzrə gecikməsi 3583,33 manat və ya 17 aylıq ödəniş məbləği, 420,40 manat faiz borcu və ödəmədiyi aylıq ödənişlərə görə hesablanmış cərimə borcu təşkil edir. Alıcı xx xxxxxx 2015-ci il tarixdən etibarən, ümumiyyətlə, ödəniş aparmır və ödəniş müddətində gecikmə günlərinin sayı 507 gün təşkil edir. Qeyd edilən hallar cavabdehin müqavilələr üzrə öhdəliklərini yerinə yetirmədiyini təsdiq edir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. “X8 İnvestisiya Korporasiyası”nın hüquqi varisi olduğu “Uğur” fərdi firması ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxx 2006-cı il tarixli, 000081 və 000082 saylı müqavilələrin 2.2.4-cü bəndinə əsasən alıcı ödəmələri 30 gündən artıq gecikdirdiyi halda, satıcının müqaviləni birtərəfli ləğv etmək səlahiyyəti vardır. Azərbaycan Respublikası MM-nin 421-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Məhkəmə kollegiyası qeyd olunan qanunvericilik normalarından, tərəflər arasında bağlanmış müqavilələrin şərtlərindən və işin faktiki hallarından çıxış edərək belə nəticəyə gəlir ki, cavabdeh müqavilələr üzrə öhdəliyini, yəni nisyə alqı-satqı müqaviləsi üzrə 2015-ci ilin avqustundan etibarən ödəniş aparmamaqla müqaviləni əhəmiyyətli dərəcədə pozmuşdur. Buna görə də tərəflər arasında bağlanmış xx xxxxxxx 2006-cı il tarixli, 000081 və 000082 saylı müqavilələrin ləğv edilməsi barədə iddia tələbi əsaslı və qanuni olduğu üçün təmin olunmalıdır. Azərbaycan Respublikası MM-nin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Həmin Məcəllənin 424.3-cü maddəsinə görə müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. “X8 İnvestisiya Korporasiyası”nın hüquqi varisi olduğu “Uğur” fərdi firması ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxx 2006-cı il tarixli, 000081 və 000082 saylı müqavilələr ləğv edildiyindən məhkəmə kollegiyası hesab edir ki, Abşeron rayonu, Xırdalan şəhəri, ünvan 1 blok 16 ünvanında yerləşən üç otaqdan ibarət, ümumi sahəsi 83,40 kv.metr olan 9 saylı və bir otaqdan ibarət ümumi sahəsi 49,72 kv.metr olan 10 saylı mənzillər Cavabdeh tərəfindən boşaldılmalı və həmin mənzillər iddiaçıya təhvil verilməlidir. Cavabdeh apellyasiya şikayətində heç bir borcu olmadığını, iddia ərizəsində borc barədə heç bir qeyd göstərilmədiyini qeyd etmişdir. Cavabdehin bu dəlili iş materiallarında olan “X8 İnvestisiya Korporasiyası” açıq səhmdar cəmiyyətinin xx-xx/1971 və xx-xx/1972 saylı, xx xxxxxx 2016-cı il tarixli arayışları və iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 30680 saylı, xx xxxxxx 2020-ci il tarixli rəyi ilə təkzib edilir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri əsasız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə məhkəmə qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia təmin edilməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iddia ərizəsi verərkən iddiaçının ödədiyi 30 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutulub iddiaçıya verilməli, apellyasiya şikayəti təmin edilmədiyi üçün apellyasiya şikayəti verərkən cavabdehin ödədiyi dövlət rüsumu özünə aid edilməli, iş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının dəyəri olan 145 manat Cavabdeh tutularaq Dövlət Xəzinədarlıq Agentliyi, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, hesab nömrəsi AZ43CTRE********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 olan hesabına köçürülməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(012)-1018/2017 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin, iddia təmin edilsin. “X8 İnvestisiya Korporasiyası”nın hüquqi varisi olduğu “Uğur” fərdi firması ilə Cavabdeh arasında Abşeron rayonu, Xırdalan şəhəri, ünvan 1 blok 16 ünvanında yerləşən bir otaqdan ibarət, ümumi sahəsi 49,72 kv.metr olan 10 saylı mənzilin alqı-satqısına dair bağlanmış xx xxxxxxx 2006-cı il tarixli, 000081 saylı və Abşeron rayonu, Xırdalan şəhəri, ünvan 1 blok 16 ünvanında yerləşən üç otaqdan ibarət, ümumi sahəsi 83,40 kv.metr olan 9 saylı mənzilin alqı-satqısına dair bağlanmış xx xxxxxxx 2006-cı il tarixli, 000082 saylı müqavilələr ləğv edilsin. Abşeron rayonu, Xırdalan şəhəri, ünvan 1 blok 16 ünvanında yerləşən bir otaqdan ibarət, ümumi sahəsi 49,72 kv.metr olan 10 saylı və Abşeron rayonu, Xırdalan şəhəri, ünvan 1 blok 16 ünvanında yerləşən üç otaqdan ibarət, ümumi sahəsi 83,40 kv.metr olan 9 saylı mənzillər boşaldılsın və həmin mənzillər “X8 İnvestisiya Korporasiyası” açıq səhmdar cəmiyyətinə təhvil verilsin. İş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh tutulub “X8 İnvestisiya Korporasiyası” açıq səhmdar cəmiyyətinə verilsin. Apellyasiya şikayəti verərkən Cavabdeh ödədiyi dövlət rüsumu özünə aid edilsin. İş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının dəyəri olan 145 (bir yüz qırx beş) manat Cavabdeh tutularaq Dövlət Xəzinədarlıq Agentliyi, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, hesab nömrəsi AZ43CTRE********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 olan hesabına köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Zaur Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar