Məhkəmə qərarları › İş №2(105)-2790/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2790/2020

21.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2790/2020 21.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Heyran Mehman qızı Mürsəlovanın katibliyi, Cavabdeh iştirakı ilə Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(067)-1351/2020 saylı qətnaməsindən Cavabdeh verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(067)-1351/2020 saylı qətnaməsi ilə (hakim A.B.Sadıqov) İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası qismən təmin edilib, xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx xxxx 2020-ci ildən başlayaraq Cavabdeh hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment və X1 3 yaşına çatanadək hər ay 50 (əlli) manat məbləğində aliment alınaraq İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh apelyasiya şikayəti verib, Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(067)-1351/2020 saylı qətnaməsinin qismən ləğv edilib, X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 100 manat alimentin müəyyən edilməsi və qətnamənin uşağın üç yaşına satanadək saxlanması üçün hər ay 50 manat alimentin müəyyən edilməsi hissəsində ləğv edilməklə tələbin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2019-cu il tarixdə ailə qurmuş və birgə nikahdan xx.xx.2019-cu il tarixdə İdayət adlı bir nəfər uşaqları doğulmuşdur. 2019-cu ilin iyul ayının 12-də cavabdeh onu valideynlərinin evinə qonaq gətirmiş və orada qoyub getmişdir. Ötən müddət ərzində cavabdeh uşaqla maraqlanmamış onun saxlanması üçün könüllü heç bir maddi köməklik göstərməmişdir. Uşaq körpə olduğundan işləyə bilmir. Cavabdeh avtomaşın təmiri sexində işləyir, özünə və ailəsinə məxsus sahələrdə pambıq yığımı ilə məşğul olmaqla gəlir əldə etməkdədir. Ona görə də, Cavabdeh xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 170 manat sabit məbləğdə aliment və uşağın üç yaşına çatana qədər hər ay 100 manat məbləğində alimentin alınaraq ona verilməsi barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİNDƏLİLLƏRİVƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHATİ: Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Xaçmaz Rayon Məhkəməsi xx xxxxxx 2020-ci il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1, 60, 76.1, 76.2, 78.2, 84.1, 84.2, 84.2.1 və 84.2.2-ci maddələrinin, Azərbaycan Respublikası MPM-nin 2,9.2, 9.3, 14.1, 80 və 88-ci maddələrinin tələbləri pozulmuş və iş faktiki hallarına düzgün huquqi qiymət verilməmişdir. Belə ki, İddiaçı ilə xx.xx.2019-cu il tarixdə rəsmi nikaha girməklə evlənmiş və birgə nikahdan xx.xx.2019-cu il tarixdə İdayət adlı bir nəfər uşaqları doğulmuşdur. İddiaçı xx.xx.2019-cu ildə onunla yaşamaq istədiyini deyib, qızıl-zinət əşyalarını və paltarlarının bir hissəsini götürüb Xaçmaz rayonuna qayıtmışdır. Onun özünün qayğıya ehtiyacı var, heç bir əmlakı, torpaq sahəsi yoxdur, sosial yardım almır, yalnız ara işlərdə işləyə bilir, bu səbəblə də heç bir əlavə gəlir əldə edə bilmir. Maddi imkanları xaricində təyin edilmiş aliment məbləğini ödəmək qabiliyyətində deyildir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilib, X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 100 manat alimentin müəyyən edilməsi və qətnamənin uşağın üç yaşına satanadək saxlanması üçün hər ay 50 manat alimentin müəyyən edilməsi hissəsində ləğv edilməklə tələbin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apelyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada İddiaçı məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən İddiaçı iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətlərinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, Cavabdeh apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan İmişli regional “ASAN xidmət” Mərkəzində qeydiyyat şöbəsi tərəfindən xx xxxxxx 2019-cu il tarixdə verilmiş AZ-T seriyalı, 016111 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı və Cavabdeh xx.xx.2019-cu il tarixdə rəsmi nikah qeyd etdirməklə evlənmişlər. Xaçmaz rayon qeydiyyat şöbəsi tərəfindən xx xxxx 2020-ci il tarixdə verilmiş AZ-İV seriyalı, 422243 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2019-cu il tarixdə Quba şəhərində doğulmuşdur, şəhadətnamənin ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeydi aparılmışdır. Azərbaycan Respublikası Konstıtusiyasının 17-ci maddəsinin İİ-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbryə etmək valideyinlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinin İV-cü bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. «Uşaq hüquqları haqqında» Konvensiyasının 27-ci maddəsinə əsasən, hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşaqların barəsində bərabər hüquq və vəzifələri vardır. Uşaq qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi hüquqlarının təmin etdirilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1 və 78.2-ci maddələrinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm-dəyişən olarsa, ya da qazancı (gəliri) natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı qərarının 17-ci bəndinin mənasına görə heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideyinləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideyinlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideyinlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib hüquqi vəzifələridir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx xxxx 2016-cı il tarixli Qərarından görünür ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi istinad olunan qanunvericilik aktlarının əsas istiqaməti ona yönəlmişdir ki, heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin hər ikisinin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Məhkəmə kollegiyası işin həqiqi hallarına və tərəflərin qarşılqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, xx.xx.2019-cu il təvəllüdlü İdayətin yetkinlik yaşına çatana kimi saxlanması üçün alimentin məbləği təyin edilərkən yetkinlik yaşına çatmayan uşağın mənafeyi, normal qida rasionlarına uyğun şəkildə qidalanması, fiziki cəhətdən inkişafı, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutulmalıdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin birgə nikah münasibətlərindən doğulmuş azyaşlı İdayətin yetkinlik yaşına çatana kimi saxlanması üçün 170 manat sabit pul məbləğində alimentin təyin etməsi barədə gəldiyi nəticə qanuni və ədalətlidir. İddia tələbindən göründüyü kimi İddiaçı xx.xx.2019-cu il təvəllüdlü İdayətin 3 yaşına çatanadək hər ay 100 (yüz) manat alimentin Cavabdeh onun xeyrinə tutulmsını xahiş etsə də, birinci instansiya məhkəməsi həmin məbləği 50 (əlli) manat məbləğində təyin etmişdir. Cavabdeh verdiyi apelyasiya şikayətində iddia tələbini qeyd olunan hissədə ümumiyyətlə qəbul etməmiş, madi imkanı olmadığı əsasıları ilə iddia tələbini qeyd olunan hissədə rədd edilməsini xahiş etmişdir. Ailə Məcəlləsinin 84.1, 84.2 və 84.2.2-ci maddələrində təsbit edilmişdir ki, ər və arvad birbirinə maddi cəhətdən kömək etməlidirlər. Bu köməyin göstərilməsindən imtina edildikdə və ərarvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində arvad zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Məhkəmə kollegiyası qeyd edir ki, göstərilər normalarda müəyyən olunmuş alimentin tutulması üçün aliment tutulmalı olan tərəf zəruri vəsaitə malik olmalı, digər tərəfin aliment tələbi aliment tələb olunanı ağır vəziyyətə salmamalı və aliment tələb edən arvadın qazancı olmamalı və maddi cəhətdən köməyə ehtiyacı olmalıdır. Cavabdehin tələbi mübahisələndirilən hissədə bilavasitə sübutetmə yükü ilə bağlıdır və işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. Hazırkı halda İddiaçı işləmədiyi və himayəsində xx.xx.2019-cu il təvəllüdlü İdayətin (1 yaşdan aşağı südəmər körpənin olması) nəzərə alınmalı, onun daha çox maddi köməyə ehtiyacı olması nəzərə nəzərə alaraq iddiaçının xeyrinə xx.xx.2019-cu il təvəllüdlü İdayətin 3 yaşına çatanadək cavabdehdən alimentin tutulması barədə birinci instansiya məhkəməsinin mübahisələndirilən hissə ilə bağlı gəldiyi nəticəsi işin hallarına uyğun olmuşdur. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, mübahisənin hazırki qaydada həlli tərəflərə, xüsusən də uşağa münasibətdə ədalətli və ağlabatandır. Cavabdeh apelyasiya şikayətinin dəlillərini təsdiq edən və birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsinə dair heç bir sübut təqdim edə bilməmiş və həmin halları sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olub, başqa sübutlarla öz təsdiqini tapmamış və toplanmış sübutlarla təkzib olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında dəyişdirilmədən, apelyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Ona görə də apelyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402- 403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh verdiyi apelyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(067)-1351/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar