Məhkəmə qərarları › İş №2(105)-2791/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2791/2020

18.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2791/2020 18.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X2, İddiaçı və onun nümayəndəsi Qasumov Mehman Mövsüm oğlu, Cavabdeh iştirakı ilə Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(067)-1390/2020 saylı qətnaməsindən İddiaçı verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(067)-1390/2020 saylı qətnaməsi ilə (hakim İ.Ə.Xəlilov) İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyalarının qaytarılması tələbinə dair iddiası təmin edilməmiş və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. İddiaçı apelyasiya şikayəti verib, Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(067)-1390/2020 saylı qətnaməsinin ləğv edilərək iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, o, xx.xx.2016-cı il tarixdə cavabdehin oğlu X5 ilə toy edib ailə qurmuşdur. Birgə nikahdan övladları olmamışdır. O, cavabdeh tərəfə məxsus Xaçmaz rayonu, Arzu kəndində yerləşən evə gəlin köçərkən özünə məxsus bütün cehiz əmlakını həmin evə aparmışdır. Xaçmaz Rayon Məhkəməsində cavabdehlə aralarındakı nikah ləğv edilmiş, qızıl-zinət əşyaları ilə bağlı prosesdə dindirilən Cavabdeh göstərmişdir ki, iddia ərizəsində göstərilən qızıl-zinət əşyaları ona verilib, toydan 3 gün sonra isə guya həmin qızılları ona qaytarmışdır, çünki cavabdeh qızılları kirayə almışdır və ona yeni qızıllar alacağını vəd etmişdir. Bunlar doğru deyil, çünki cavabdeh qızılları ondan alarkən ona daha yaxşı qızıllar alacağını bildirərək, qızılların kirayəyə götürülməsini deməmişdir. Məhkəmədə isə ona Cavabdeh qarşı iddia qaldıra biləcəyi tövsiyə edilmişdir. Ona görə də məhkəməyə müraciət etmişdir. Cavabdehdə olan qızıl-zinət əşyaları çəkisi 8 qram, 583 əyar klonla birlikdə qızıl boyunbağı, çəkisi 4 qram olan 583 əyarlı qızıl qolbaq, çəkisi 6 qram olan 583 əyarlı bir cüt sırğa, çəkisi 4 qram olan 750 əyarlı İtaliya istehsalı olan qızıl üzük, hamısının qiyməti 2100 manat, həmçinin, çəkisi 10 qram olan 583 əyarlı qiyməti 500 manat olan bir ədəd qızıl nişan üzüyündən ibarətdir. Həmin əmlakların mövcud olmasını təsdiq edən şahid və sübutları, həmçinin, fotoşəkilləri təqdim edə bilər. Ona görə də, Cavabdeh özünə məxsus olan qızıl-zinət əşyalarının və ya onların dəyərinin, həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİNDƏLİLLƏRİVƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHATİ: İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Xaçmaz Rayon Məhkəməsi xx xxxxxx 2020-ci il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2 və 225-ci maddələrinin, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.1 və 34.1-ci maddələrinin və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun nümayəndəsi Qasumov Mehman Mövsüm oğlu apelyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apelyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və tərəflərin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(067)-751/2020 saylı qətnaməsi ilə İddiaçı cavabdeh X4 qarşı cehiz əmlak və qızıl-zinət əşyalarının qaytarılması tələbinə dair iddiası qismən təmin edilib, cehiz əmlakların cavabdeh X3 alınaraq, İddiaçı qaytarılmış, qalan hissədə iddia tələbi təmin edilməmişdir. Birinci instansiya məhkəməsi iddia ərizəsini təmin etməkdən imtina etdikdə gəldiyi nəticənin əsası kimi göstərmişdir ki, iddiaçının tələb etdiyi qızıl-zinət əşyalarını cavabdeh maddi imkanı olmadığından iddiaçının toyda taxması üçün icarəyə götürmüş, toydan 2 gün sonra həmin əşyaların icarəyə götürüldüyünü və geri qaytarılmalı olduğunu iddiaçıya bildirmişdir. İddiaçı isə buna etiraz etməyərək, həmin qızıl-zinət əşyalarını qaytarılması üçün cavabdehə vermişdir. İddiaçı birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatında qızıl-zinət əşyalarının qaytarılmalı olduğunu bildirərkən cavabdehin qızılları zorla, hədə qorxu ilə, hər hansı bir təsir altında ondan almadığını göstərmişdir. Başqa sözlə iddiaçı özünə hədiyyə edilmiş əmlakı özünün könüllü razılığı ilə cavabdehə qaytarılması üçün verdiyini etiraf etmişdir və birinci instansiya məhkəməsi cavabdehin izahatına əsasən qeyd edilən halı müəyyən olunmuş hesab etmişdir. Belə olduğu halda birinci instansiya məhkəməsi iddiaçının özünün könüllü razılığı ilə cavabdehə qaytarılması üçün verdiyi əmlakı geri tələb etməsini əsaslı hesab etməmişdir. Azərbaycan Respublikası MPM-nin 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən, MPM-də və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə kollegiyası nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-nin 14.2-ci və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də, hazırki iş üzrə qızıl-zinət əşyalarının mövcud olmasını və həmin əmlakların cavabdehlərdə olmasını sübutetmə yükü iddiaçının üzərinə, bunun əksini sübut etmə yükü isə cavabdehin üzərinə düşür. Məhkəmə kollegiyası hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin İ bəndinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Konstitusiyanın 29-cu maddəsinin İİ bəndinə əsasən. mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiyanın 29-cu maddəsinin İİİ bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın 29-cu maddəsinin İV bəndinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinin tələblərinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olana kimi ər-arvada məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəkilində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlaklar ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. İnsan Hüquqlarının və X1 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsəsən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümümi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Beləliklə, qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə kollegiyası işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçı apelyasiya şikayətinin dəlillərini təsdiq edən və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə dair heç bir sübut təqdim edə bilməmiş və həmin halları sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olub, başqa sübutlarla öz təsdiqini tapmamış və toplanmış sübutlarla təkzib olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında dəyişdirilmədən, apelyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Ona görə də apelyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402- 403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı verdiyi apelyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(067)-1390/2020 saylı qətnaməsi əyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar