Məhkəmə qərarları › İş №2(105)-2794/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2794/2021

13.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2794/2021 13.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi hakim), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X1, İddiaçı, vəkili X3, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli, 2(012)-1352/2021 saylı qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Abşeron Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli, 2(012)-1352/2021 saylı qətnaməsi ilə (hakim H.Y.Əhmədov) İddiaçı Cavabdeh qarşı aliment və müalicə xərclərinin tutulması tələbinə dair iddia qismən təmin edilib, Cavabdeh 17.02.2013-cü il təvəllüdlü X8 və 18.10.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün 13.01.2021-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 175 (yüz yetmiş beş) manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması, Cavabdeh 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilməsi və qətnamə alimentin tutulması hissədə dərhal icra olunması qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verib, Abşeron Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli, 2(012)-1352/2021 saylı qətnaməsinin qismən ləğv edilrək 17.02.2013-cü il təvəllüdlü X8 və 18.10.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 100 (yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 17.02.2013-cü il təvəllüdlü X8 və 18.10.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentin tutulması, uşaqların müalicəsi üçün xərclədiyi 1379 manat vəsaitin birdəfəlik şəkildə cavabdehdən tutulması, uşaqların müalicəsi davam etdiyindən müalicə xərclərinin qarşılanması üçün cavabdehdən hər ay 100 manat vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, 17.02.2013-cü il təvəllüdlü X8 və 18.10.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay hər uşağa görə 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində alimentin tutulması, alimentin tutulmasının məhkəməyə müraciət edildiyi vaxtdan deyil, cavabdehin evi tərk edib uşaqları faktiki olaraq maddi təminatsız qoyduğu 20.07.2020-ci il tarixdən tutulması, iddia ərizəsi üzrə soyadının “Məmmədova” kimi qeyd edilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2012-ci ildə el-adəti ilə faktiki nikah münasibətlərinə daxil olmuş, 23.05.2013-cü il tarixdə isə nikah münasibətlərini rəsmiləşdirmişlər. Birgə nikahlarından 17.02.2013-cü il təvəllüdlü X8 və 18.10.2017-ci il təvəllüdlü X10 anadan olmuşdur. Cavabdehlə nikaha daxil olduqdan sonra ilk əvvəl ailə münasibətləri normal olsa da sonradan cavabdehin anasının, eyni zamanda cavabdehin özünün ona qarşı münasibəti dəyişməyə başlamışdır. Birgə münasibətlərindən ilk övladının doğulması belə cavabdehə nikahlarını rəsmiləşdirmə məsuliyyətini doğurmadı, bu səbəbdən də, 17.02.2013-cü il təvəllüdlü X6 atalığın müəyyən edilməsinə dair şəhadətnamə almışdır. 2016-cı ildə cavabdeh məhkəməyə nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, lakin aliment ödəmək öhdəliyi olduğunu öyrənəndə fikrini dəyişmiş, bu səbəbdən də iddia ərizəsi baxılmamış saxlanılmışdır. Bu vəziyyət onun ikinci övladı anadan olanda da dəyişməmişdir. Cavabdeh onun və uşaqlarının maddi təminatını təmin etmədiyindən, ona qardaşı və valideynləri yardım edirdi. Ailənin birgə sərbəst yaşamağını təmin etmək məqsədilə atası ona yaşadıqları həyətdə ayrıca ev vermiş, lakin bu da cavabdehi qane edib ailəsinə yaxınlaşdırmamışdır. Hər iki övladı xəstəliklərinə görə daim müalicə alır. Cavabdeh uşaqlarının müalicə xərclərini öhdəsinə götürməmişdir. Uşaqlarında qan azlığı, diabetə meyillilik var. Cavabdeh haqqı uşaqlarının müalicə xərclərini tam şəkildə ödəmədiyi üçün qardaşı və valideynləri ona maddi yardım edir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsi 26 aprel 2021-ci il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respubılikası Ailə Məcəlləsinin 75.1, 76.2-ci maddələrinin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də 17.02.2013-cü il təvəllüdlü X8 və 18.10.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 100 (yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun vəkili S.M.Məhərrəmova apellyasiya şikayətinə etiraz edib, təmin olunmamasını xahiş etdilər. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və iştirak dən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməlidir. Belə ki, iş materiallarında olan Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 23.05.2013-cü il tarixli, AZ-İ № 846163 saylı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Cavabdeh ilə X7 13.05.2013-cü il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 335 nömrəsi ilə qeyd edilmiş, nikaha daxil olduqdan sonra arvada Məmmədova soyadı verilmişdir. Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 23.05.2013-cü il tarixli, AZ-İİİ № 08622 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, X8 17.02.2013-cü il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 1002 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Cavabdeh, anası İddiaçıdır. «Sumqayıt Asan» Xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş 15.11.2017-ci il tarixli, AZ-İV № 033076 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, X10 18.10.2017-ci il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 7024 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Cavabdeh, anası İddiaçıdır. Mehdiabad Həkim məntəqəsi tərəfindən verilmiş 07.11.2017-ci il tarixli arayışdan görünür ki, İddiaçı oğlu X10 18.10.2017-ci il tarixdən Mehdiabad qəsəbə həkim məntəqəsində tibbi qeydiyyatdadır, hazırda sağlamdır. X11 adına Milli Aftolmologiya Mərkəzi tərəfindən verilmiş 23.09.2016-cı il tarixli arayışdan görünür ki, Məmmədli Elcana OS Müştərək daxili çəpgözlük diaqnozu qoyulmuş, daimi korreksiya məsləhət görülmüşdür. Bakı Sağlamlıq Mərkəzi tərəfindən verilmiş 03.12.2020-ci il tarixli qəbzdən görünür ki, X4 müayinəsinə 50 manat ödəniş edilmişdir. Bakı Sağlamlıq Mərkəzi tərəfindən verilmiş 24.11.2020-ci il tarixli qəbzdən görünür ki, X5 müayinəsinə 50 manat ödəniş edilmişdir. Loğman klinikası tərəfindən verilmiş 19.09.2020-ci il tarixli tarixli qəbzdən görünür ki, X5 müayinəsinə 55 manat ödəniş edilmişdir. Loğman klinikası tərəfindən verilmiş 22.09.2020-ci il tarixli tarixli qəbzdən görünür ki, X5 müayinəsinə 80 manat ödəniş edilmişdir. Respublika Neyrocərrahiyyə Xəstəxanası X15 tərəfindən verilmiş 724 saylı xəstənin stasionar tibbi kartından çıxarışdan görünür ki, Cavabdeh bel fəqərələrinin osteoxondrozu, L5-S1 fəqərəarası diskin soltərəfli yırtığı, cərrahi əməliyyatdan sonrakı vəziyyət diaqnozu qoyulmuş, xəstəyə qoruyucu rejim tövsiyyə olunmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinini İİ-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İİİ hissəsinə görə analıq, atalıq, uşaqlıq qanunla qorunur. Həmin maddənin İV hissəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, uşaqlar barəsində dövlət siyəsəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Həmin Qanunun 19-cu maddəsinin 1-ci bəndinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. “Uşaq hüquqları haqqında” Konvensiyasının 27-ci maddəsinə əsasən, hər bir uşaq fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazim olan həyat şəraitini öz bacarıqları və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Göründüyü kimi istinad olunan qanunvericilik aktlarının əsas istiqaməti ona yönəlmişdir ki, heç bir əsas valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin hər ikisinin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Qanunvericiliyin aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi sabit pul məbləğində alimentin müəyyən edilməsi zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Qeyd olunan Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli, qərarında qeyd edilir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarının 17-ci bəndinin mənasına görə heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideyinləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideyinlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideyinlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib hüquqi vəzifələridir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarından görünür ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Verilmiş apellyasiya şikayəti əsasında işin hallarını bir daha araşdıran məhkəmə kollegiyası nəzərə alır ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, geyim, qida, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericilklə maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olunur ki, Abşeron Rayon Məhkəməsinin 18 yanvar 2017-ci il tarixli, 2(012)-288/2017 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı qarşı nikahın pozulması tələbinə dair iddia təmin edilib, Cavabdeh və İddiaçı arsında bağlanmış nikah qeydi pozulmuş, tərəflərin birgə nikahından 17.02.2013-cü il təvəllüdlü X4 anası İddiaçı himayəsində saxlanması, uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 137 manat sabit pul məbləğində alimentin tutulub, İddiaçı ödənilməsi, alimentin əvvəlinin 18 yanvar 2017-ci il tarixdən hesablanması qət edilmişdir. Abşeron rayon icra şöbəsinin 31 oktyabr 2016-cı il tarixli icraata başlamaq haqqında qərarı ilə Abşeron Rayon Məhkəməsinin 18 yanvar 2017-ci il tarixli, 2(012)-288/2017 saylı qətnaməsi əsasında verilmiş icra sənədi üzrə icraata başlanılmış və tələbin könüllü icra edilməsi üçün 02 noyabr 2016-cı il tarixdə Cavabdeh bildiriş göndərilmişdir. Göründüyü kimi 17.02.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 137 manat sabit pul məbləğində alimentin tutulması barədə qanuni qüvvəsini almış qətnamə mövcuddur. Ona görə də, həmin hissədə qətnamə ləğv edilməli və iddiaçıya izah olunmalıdır ki, 17.02.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün təyin edilmiş alimentin məbləğinin dəyişdirilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə müəyyən edilmiş hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, «Cavabdeh 17.02.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün 13.01.2021-ci il tarixdən başlayaraq hər ay hər 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun» hissəsində ləğv edilib, iddia həmin hissədə təmin olunmamalı və qətnamə qalan hissədə dəyişdirilmədən saxlanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli, 2(012)-1352/2021 saylı qətnaməsi qismən ləğv edilsin. Qətnamə - «Cavabdeh 17.02.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün 13.01.2021-ci il tarixdən başlayaraq hər ay hər 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun» hissəsində ləğv edilsin və iddia həmin hissədə təmin olunmasın. İddia qismən təmin olunsun. Qətnamə - «сavabdeh Cavabdeh 18.10.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün 13.01.2021-ci il tarixdən başlayaraq hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun, Cavabdeh 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin və qətnamə alimentin tutulması hissədə dərhal icra olunsun» hissəsində dəyişdirilmədən saxlansın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar