Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-28/2024 30.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi, hakimlər X7 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, İddiaçı, Cavabdeh1, onun nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 Kazim oğluna qarşı torpaq sahəsinin boşaldılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli, 2(012)-333/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim C.Səfiyeva) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı alqı-satqı müqavilələrinin, çıxarışların etibarsız hesab edilməsi, torpaq sahəsinin boşaldılması, torpağa mülkiyyət hüququna dair sənədin verilməsi barədə iddia tələbinin təmin edilməməsi, iş üzrə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu iddiaçının özünə aid edilməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər L.M.Məmmədova sədrlik edən, T.O.Quliyev və G.F.Tağızadə) apellyasiya şikayətinin təmin edilməməsi, iş üzrə Abşeron Rayon Məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli qətnaməsinin dəyəşdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 16 noyabr 2021-ci il tarixli qərarı ilə (Ə.A.Əhmədov (sədrlik edən və məruzəçi), V.T.Həsənov və İ.Ə.Şəfiyev) İddiaçı kassasiya şikayətinin qismən təmin edilməsi, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 aprel 2021-ci il tarixli, 2(105)-866/2021 nömrəli qətnaməsinin ləğv edilməsi, mülki işə yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılması qərara alımışdır. İŞİN HALLARİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı alqı-satqı müqavilələrinin, çıxarışların etibarsız hesab edilməsi, torpaq sahəsinin boşaldılması, torpağa mülkiyyət hüququna dair sənədin verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 05 noyabr 1999-cu il tarixli qərarı ilə Saray qəsəbəsi ərazisində “vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə” ona ayrılmış 0.20 ha torpaq sahəsindən cavabdehlərin çıxarılması, Cavabdeh2 verilmiş xx.xx.2016-cı il tarixli ********** qeydiyyat nömrəli və mülkiyyətində olan 0,231898 ha torpaq sahəsinə də dair çıxarışın, Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış və Abşeron rayonu 2 saylı Notariat kontorunda təsdiq edilmiş AN-İ seriyalı 20484986 nömrəli alqı-satqı müqaviləsinin və bunun əsasında verilmiş RX seriyalı ******* saylı, xx.xx.2015-cı il tarixli ********** qeydiyyat nömrəli çıxarışın, Cavabdeh2 ilə Cavabdeh4 arasında bağlanmış və Abşeron rayonu 2 saylı Notariat kontorunda təsdiq edilmiş AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsinin və Cavabdeh4 verilmiş xx.xx.2015-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın, Cavabdeh2 ilə Cavabdeh5 arasında bağlanmış və Abşeron rayonu 2 saylı Notariat kontorunda təsdiq edilmiş AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsi və Cavabdeh5 verilmiş RX seriyalı ******* saylı, xx.xx.2015-ci il tarixli - ********** qeydiyyat nömrəli çıxarışın və RX seriyalı ******* saylı çıxarışların, Cavabdeh6 verilmiş RX seriyalı, ******* saylı, xx.xx.2014-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışın, Cavabdeh7 verilmiş RX seriyalı, ******* saylı, xx.xx.2014-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışın, onun torpağına aid hissədə qismən etibarsız hesab edilmələri, torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsi və bu torpaq sahəsinə mülkiyyət hüququna dair çıxarışın verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 05 noyabr 1999-cu il tarixli qərarı ilə Saray qəsəbəsi ərazisində «vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə» ona 0,20 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinin plan və ölçüsünün hazırlanması üçün həmin vaxt fəaliyyət göstərən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Şöbəsinə müraciət etsə də, imtina olunduğundan Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Abşeron rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 05 noyabr 1999-cu il tarixli qararı ilə Saray qəsəbəsi ərazisində «vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə» ona 0.20 ha torpaq sahəsinin plan və ölçüsünün hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 06 avqust 2013-cü il tarixli, 2-1(85)-615/2013 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək, Abşeron rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 05 noyabr 1999-cu il tarixli sərəncamına əsasən vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə ona ayrılmış torpaq sahəsinin plan və ölçüsünün verilməsi öhdəliyi Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Şöbəsinin üzərinə qovulmuşdur. 2013-cü ildə bu qərar qanuni qüvvəsini almışdır. Qərarın icrası ilə bağlı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon X5 və Xəritəçəkmə Komitəsinin sədri cənab Qərib Məmmədova xx.xx.2014-cü il tarixli 896 saylı məktubunda göstərilmişdir ki, İddiaçı istifadə etdiyi 0,20 ha torpaq sahəsi naturada JN-2643 və JN-2300 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktları olan torpaq sahələri ilə üst-üstə düşmür (hansı ki, bu əsasla cavabdeh ərizənin icrasından imtina etmişdir) və odur ki, İddiaçı istifadə etdiyi 0,20 ha torpaq sahəsinə «Torpaq sahəsinin planı və ölçüsü»nün verilməsinə Dövlət Torpaq və Kadastrı və Monitorinqi Elmi-İstehsalat Mərkəzinə göstəriş verilməsi tövsiyyə olunmuşdur. Torpaq sahəsi isə sonradan Cavabdeh1 tərəfindən zəbt edilmişdir. Məhz, bu səbəbdən xx.xx.2018-ci il tarixində iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək «Abşeron rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 05 noyabr 1999-cu il tarixli qərarı ilə Saray qəsəbəsi ərazisində «vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə» ona ayrılmış 0,20 ha torpaq sahəsindən cavabdehin çıxarılması, torpaq sahəsinin boşaldılması və ona təhvil verilməsinə dair» qətnamə çıxarılmasını xahiş etmişdir, eyni zamanda Cavabdeh1 cavabdeh DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı Abşeron rayon İcra Hakimiyyəti Başçısının 07 oktyabr 1999-cu il tarixli 35 saylı sərəncamı ilə ona verilmiş 0.25 ha torpaq sahəsinə plan və ölçünün tərtib edilərək onun adına dövlət reyestrindən çıxarışın verilməsinin cavabdehin üzərinə öhdəlik olaraq qoyulmasına dair Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və Cavabdeh1 vəsatəti əsasında onun iddia tələbi üzrə Abşeron rayon Məhkəməsindəki işinin icraatı dayandırılmışdır. Bu qərardaddan vermiş olduğu şikayət ərizəsi üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının qərardadı ilə icraatın dayandırılmasına dair Abşeron Rayon Məhkəməsinin qərardadı ləğv edilmiş, işin icraatı Abşeron Rayon Məhkəməsində davam etdirilmişdir. Lakin, Cavabdeh1 cavabdeh DƏDRX-nin 4 saylı Abşeron Ərazi idarəsinə qarşı Abşeron rayon İcra Hakimiyyəti Başçısının 07 oktyabr 1999-cu il tarixli 35 saylı sərəncamı ilə ona verilmiş 0,25 ha torpaq sahəsinə plan və ölçünün tərtib edilərək onun adına dövlət reyestrindən çıxarışın verilməsinə dair Sumqayıt İnzibat-İqtisadi Məhkəməsində baxılan iş üzrə artıq məhkəmə tikinti-texniki ekspertiza təyin etdiyindən və həmin ekspertizanın nəticəsi olaraq mübahisəli torpaq sahəsinə sonradan başqa şəxslərə də mülkiyyət hüququna dair sənəd verilməsi faktı aşkar edildiyindən cavabdehlərin dairəsini dəqiq müəyyən etmək üçün Abşeron Rayon Məhkəməsində iştirak etməməyi səbəbindən iddia ərizəsi baxılmamış saxlanmışdır. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-78/2019 nömrəli iş üzrə xx.xx.2019-cu il tarixində qərar qəbul edilmiş və həmin qərarda ona məxsus olan torpaq sahəsinin (tam olaraq Cavabdeh1 tərəfindən zəbt edilmiş) sonradan kimlərə satıldığı və həmin şəxslərə mülkiyyət sənədləri verildiyi əks olunmuşdur. Eləcə də, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-78/2019 nömrəli işə o, 3-cü şəxs qismində işə cəlb olunmuşdur. Göründüyü kimi, Abşeron rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 05 noyabr 1999-cu il tarixli qərarı ilə Saray qəsəbəsi ərazisində «vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə» ona ayrılmış 0,20 ha torpaq sahəsinə plan və ölçünün hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsin 2-1(85)-615/2013 nömrəli 06 avqust 2013cü il tarixli qərarından DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi məlumatlı olduğu halda və hətta dəfələrlə qərarın icrası üçün Sumqayıt İnzibatı-İqtisadi Məhkəməsindən xəbərdarlıq aldığı halda sonradan məqsədli şəkildə qeyri-müəyyənlik yaradaraq başqa şəxslərə onun torpaq sahəsilə üst-üstə düşən sahələrə mülkiyyət hüququna dair çıxarış vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 30 may 2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı iddiadan imtina barədə ərizəsinin təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli qətnaməsi cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 qarşı iddia tələbi hissəsində ləğv edilməsi və həmin hissədə iddia tələbi üzrə icraata xitam verilməsi qərara alınmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Səmədov X2 Rayon Məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin Cavabdeh1 münasibətdə təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddia tələbinin Cavabdeh1 münasibətdə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamışdır. Qətnamədə iş materiallarından olan sübutlara istinad edən məhkəmə sonda tamamilə əsassız nəticəyə gəlmişdir. Abşeron rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 05 noyabr 1999-cu il tarixli qərarı ilə Saray qəsəbəsi ərazisində «vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə» ona 0,20 ha torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsinin plan və ölçüsünün hazırlanması üçün həmin vaxt fəaliyyət göstərən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Şöbəsinə müraciətinə imtina olunduğundan Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Abşeron rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 05 noyabr 1999-cu il tarixli qərarı ilə Saray qəsəbəsi ərazisində «vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə» ona 0,20 ha torpaq sahəsinin plan və ölçüsünün hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsin 06 avqust 2013-cü il tarixli qərarı ilə iddiası tələbi təmin edilərək, Abşeron rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 05 noyabr 1999-cu il tarixli sərəncamına əsasən vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə ona ayrılmış torpaq sahəsinin plan və ölçüsünün verilməsi öhdəliyi Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin üzərinə qoyulmuşdur. 2013-cü ildə bu qərar qanuni qüvvəsini almış, qərarın icrası ilə bağlı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon X5 və Xəritəçəkmə Komitəsinin xx.xx.2014-cü il tarixli, 896 saylı məktubunda göstərilmişdir ki, İddiaçı istifadə etdiyi 0,20 ha torpaq sahəsi naturada JN-2643 və JN-2300 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktları olan torpaq sahələri ilə üst-üstə düşmür (hansı ki, bu əsasla cavabdeh ərizənin icrasından imtina etmişdir) və odur ki, İddiaçı istifadə etdiyi 0,20 ha torpaq sahəsinə «Torpaq sahəsinin planı və ölçüsü»nün verilməsinə Dövlət Torpaq və Kadastrı və Monitorinqi Elmi-İstehsalat Mərkəzinə göstəriş verilməsi tövsiyə olunmuşdur. Torpaq sahəsi isə sonradan Cavabdeh1 tərəfindən zəbt edilmişdir. Göründüyü kimi, qeyd olunan torpaq sahəsinə münasibətdə ona həmin torpaq sahəsinə «torpaq sahəsinin plan və ölçüsünün» verilməsi öhdəliyi Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Şöbəsinin üzərinə qoyulmuş və həmin qərarda qanuni qüvvəsini almışdır. Bu hissədə artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğundan ona məxsus torpaq sahəsinin kadastr məlumat bazasının olmaması ilə bağlı qətnamədə göstərilənlər tamamilə əsassızdır. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsin 06 avqust 2013-cü il tarixli qərarı qanuni qüvvəsini aldığından, bundan sonra digər şəxslərə həmin sahə ilə çıxarışların verilməsi tamamilə qanunsuz və əsassız olmuşdur. Qətnamədə göstərilir ki, Cavabdeh2 münasibətdə çıxarışın verilməsinə dair sənədlər mübahisələndirilmədiyindən iddia tələbi bu hissədə təmin edilə bilməz və digər hissə isə Cavabdeh2 mübahisələndirilən torpaq sahəsinin alqı-satqısı ilə bağlı olduğundan həmin hissədə də iddia tələbi təmin edilə bilməz. Cavabdeh2 qeyd olunan torpaq sahəsinə qanunsuz olaraq çıxarış verildiyindən məhz həmin çıxarışın etibarsız hesab edilməsi tələb olunmuş və bu çıxarışın verilməsi hər hansı alqı-satqı müqaviləsinə əsaslanmamışdır. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsin 06 avqust 2013-cü il tarixli qərarı ilə torpaq sahəsinin plan və ölçüsünün verilməsi öhdəliyi Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Şöbəsinin üzərinə öhdəlik qoyulmuş və həmin qərar da qanuni qüvvəsini aldığından, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh2 torpaq sahəsi ilə bağlı çıxarışın verilməsi qanunsuz olmuşdur. Digər çıxarış verilmiş cavabdehlərə münasibətdə isə ümumiyyətlə ona ayrılmış olan torpaq sahəsinə «torpaq sahəsinin plan və ölçüsünün» verilməsi öhdəliyi Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Şöbəsinə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsin 06 avqust 2013-cü il tarixli qərarı ilə həvalə edildiyindən və bu qərar qanuni qüvvəsini aldığından, cavabdah Cavabdeh2 torpaq sahəsi ilə bağlı verilmiş çıxarış, bu çıxarışın verilməsi üçün əsas olmuş sənədlər mübahisələndirilmədən belə etibarsız hesab edilməli idi. Belə olan halda məhkəmə Cavabdeh2 çıxarış verilməsi üçün əsas olmuş sənədləri vermiş müvafiq orqanları öz təşəbbüsü ilə işə cavabdeh tərəfindən 3-cü şəxs kimi tələb etməli idi. Çünki mübahisələndirilən torpaq sahəsi ilə bağlı artıq Sumqayıt İnzibati-İqtisadi Məhkəməsin 06 avqust 2013-cü il tarixli qərarı ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Şöbəsinin üzərinə torpaq sahəsinə «torpaq sahəsinin plan və ölçüsünün» verilməsi öhdəliyi qoyulmuş, həmin qərar qanuni qüvvəsini almış və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 4 saylı Ərazi İdarəsi öz hüququndan sui-istifadə edərək qərarı icra etməmiş və növbəti qanunsuzluğa yol verərək mübahisəli torpaq sahəsinin sahibi olduğu halda, bu sahələrə cavabdehlərə çıxarış vermişdir. Məhkəmə qətnamədə daha sonra digər Cavabdeh1 münasibətdə qeyd etmişdir ki, Abşeron rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbəsi üzrə xx.xx.1999-cu il tarixli 35 saylı sərəncamı ona verilən sərəncamdan əvvəl verildiyini nəzərə alaraq iddia Cavabdeh1 münasibətdə əsassızdır. Lakin, qeyd etdiyi kimi, mübahisələndirilən torpaq sahəsinə münasibətdə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsin 06 avqust 2013-cü il tarixli qərarı qanuni qüvvəsini almışdır ki, bu halda mübahisəsizdir. Əgər Cavabdeh1 həmin qərardan narazı idisə bu qərarı mübahisələndirə bilərdi və bunu etməmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi və həmçinin bildirdi ki, Cavabdeh1 ilə gəldikləri qarşılıqlı razılığa əsasən 4 saylı Abşeron Ərazi İdarəsinin təqdim etdiyi sxemə əsasən cavabdehin faktiki istifadəsində olan daş hasara alınmış torpaq sahəsinin həyətə girən hissənin 0,14 ha sol boş açıq sahəsinin alınaraq ona verilməsinə etirazı yoxdur. Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh1 apellyasiya şikayətini qəbul etməsə də, iddiaçı ilə gəldikləri razılığa əsasən onun faktiki istifadəsində olan daş hasara alınmış torpaq sahəsinin həyətə girən hissənin 0,12 ha sol boş açıq sahəsinin iddiaçıya verilməsinə etirazının olmadığını bildirdi. Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdehin nümayəndəsi Vəkil mübahisənin həlli məqsədilə tərəflərin gəldiyi razılığa əsasən onun faktiki istifadəsində olan daş hasara alınmış torpaq sahəsinin həyətə girən hissənin 0,12 ha sol boş açıq sahəsinin iddiaçıya verilməsinə etirazının olmadığını bildirdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən Cavabdeh5 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh7, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs şəxslər Abşeron rayonu 2 saylı Dövlət Notariat Kontoru, Abşeron Rayon İcra Hakimiyyəti, Saray qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi, 4 saylı Abşeron Ərazi İdarəsinə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallanı araşdırıb, məruzəçini və işdə iştirak etmiş şəxslərin izahatlarını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iddianın qismən təmin edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddia tələbini təmin etməyən birinci instansiya məhkəməsi Abşeron rayonu İcra Hakimiyyəti Başçısının Saray qəsəbə üzrə nümayəndəsinin 07 oktyabr 1999-cu il tarixli 35 saylı sərəncamı ilə iddiaçı Cavabdeh1 verilmiş 0,25 ha torpaq sahəsi, həmin nümayəndəliyin 05 noyabr 1999-cu il tarixli, 39 saylı sərəncamı ilə İddiaçı ayrılmış 0.20 ha torpaq sahəsi ilə tam olaraq üst-üstə düşdüyü iş materialları ilə müəyyən edildiyindən, lakin göründüyü kimi zaman etibarı ilə Abşeron rayonu İcra Hakimiyyəti Başçısının Saray qəsəbə üzrə nümayəndəsinin Cavabdeh1 barəsində 07 oktyabr 1999-cu il tarixli, 35 saylı sərəncamı İddiaçı barəsində verilən sərəncamdan daha əvvəl verildiyindən, iddia tələbi Cavabdeh1 münasibətdə əsassız olması, iddia tələbinin digər hissələrinə münasibətdə çıxarışın etibarsız hesab edilməsi çıxarışın verilməsinə əsas olan sənədləri mübahisələndirmədən mümkün olmadığından, iddia tələbinin digər hissəsi isə Cavabdeh2 mübahisələndirilən torpaq sahəsinin alqı-satqısı ilə əlaqədar qeyd edilən çıxarışdan törənən məsələlər olduğundan bu hissələrdə iddianın əsassız olması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmayan iddiaçı apellyasiya şikayəti vermiş, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlanılması barədə qətnamə qəbul etmiş, bu nəticədən narazı qalan iddiaçı qətnamədən kassasiya şikayəti vermiş və işə kassasiya qaydasında baxan kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qətnaməni ləğv edib, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması qərara alarkən gəldiyini nəticəni İddiaçı məxsus 0,20 ha torpaq sahəsi ilə cavabdehlərə məxsus torpaq sahələrinin üst-üstə düşməsi ilə bağlı gəlinən nəticənin iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmaması, Məhkəmə Ekspertiza Mərkəzinin 21 fevral 2019- cu il tarixli ekspert rəyinin hazırki iş üzrə icraatda tədqiq edilmiş ekspert rəyi və mütəxəssisin yazılı məsləhəti ilə açıq-aşkar ziddiyyət təşkil etməsinin nəzərə alınmaması və həmin sübutlara obyektiv hüquqi qiymət verilməməsi, qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmiş halların nəzərə alınmamasını göstərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, kassasiya instansiya məhkəməsi qərarında şərh edilən məcburi göstərişin tam, hərtərəfli və obyektiv araşdırılmaqla birinci instansiya məhkəmənin qəbul etdiyi qətnamənin qanuniliyi və əsaslılığı məsələsinə apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla hüquqi qiymət verilməlidir. İşdən görünür ki, Abşeron Rayon İHB-nın Saray qəsəbə üzrə nümayəndəsinin 07 oktyabr 1999-cu il tarixli sərəncamı əsasında Cavabdeh1 0,25 ha və həmin Nümayəndəliyin 05 noyabr 1999-cu il tarixli sərəncamı əsasında İddiaçı 0,20 ha torpaq sahəsi ayrılmaqla fərdi yaşayış evinin tikintisinə icazə verilməsi, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı ilə 05 noyabr 1999-cu il tarixli, 39 saylı sərəncam əsasən İddiaçı ayrılmış Abşeron rayonu qəsəbəsində yerləşən 0,20 ha torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyinin Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron şöbəsinin üzərinə qoyulması qərara alınması və eləcə də, məhkəmənin 20 avqust 2019-cu il tarixli qərarı ilə 07 oktyabr 1999-cu il tarixli, 35 saylı sərəncama əsasən Cavabdeh1 adına 0,25 ha torpaq sahəsinə plan və ölçü sənədinin tərtib edilərək reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddiasının isə rədd edilməsi işin mübahisəsiz halıdır. Baxılan iş üzrə iddia tələbi Cavabdeh1 mübahisəli torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin boşaldılması barədədir. İddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2. maddəsi təşkil edir. Məlum olduğu kimi, Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Bu maddənin dizpozisiya şərtinə görə bu cür iddianın təmin olunması üçün üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur. Bunun üçün iddiaçı ilk növbədə mübahisəli torpaq sahəsinin onun mülkiyyətində, yaxud qanuni istifadəsində olduğunu sübut etməli, yaxud bu işin mübahisəsiz halı kimi müəyyən olunmalıdır. Qanunun mənasına görə mülkiyyətçi öz əmlakının başqasından geri tələb etmək hüququ onun iradəsindən asılı olmayaraq mülkiyyətindən qanunsuz yolla çıxmış əmlakını geri almaq və onun üzərində pozulmuş mülkiyyət hüququnu bərpa etmək imkanı verir. Bu tələb mülkiyyətçinin öz əmlakını qanunsuz və faktiki sahibliyində saxlayan şəxsdən natura şəklində qaytarılması barədə müqavilədənkənar tələbidir. Qeyd olunduğu kimi 0,20 ha torpaq sahəsinin İddiaçı məxsus olması işin mübahisəsiz halı, həmin torpaq sahəsinin Cavabdeh1 faktiki olaraq sahibliyində olduğu və sonuncunun həmin əmlaka sahiblik hüququnun qanunsuz olması işin digər halları ilə öz təsdiqini tapır. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 13 iyul 2009-cu il tarixli qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə aktının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. İddiaçıya məxsus torpaq sahəsinin Cavabdeh1 ayrılmış torpaq sahələri ilə üst-üstə düşməsinin hər hansı möhtəbər yazılı sübutlarla təsdiq edilmədiyi üçün iddia, torpaq sahəsinin zaman baxımdan Cavabdeh1 daha əvvəl verilməsi əsasına görə rədd edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni məhkəmə kollegiyası aşagıdakı əsaslara görə qanuni və əsaslı hesab etmir. Belə ki, yaranmış mübahisənin tam, hərtərəfli araşdırılması məqsədilə xx.xx.1999-cu il tarixli, 35 nömrəli sərəncam əsasında Cavabdeh1 adına verilmiş 25 sot torpaq sahəsinin və xx.xx.1999-cu il tarixli, 39 nömrəli sərəncam əsasında İddiaçı Saray qəsəbəsində yerləşən 20 sot torpaq sahələri ilə bağlı mövcud qərar qəbul edilənədək sərhədləri yerində və xəritədə müəyyənləşdirilməsi məqsədilə kadastr işində saxlanılan torpaq sahələrinin planlarının əsasının məhkəmə kollegiyasına təqdim olunması ilə əlaqədar Milli Arxiv İdarəsinə, Abşeron Rayon İcra Hakimiyyəti və Saray qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyə sorğular göndərilmiş, Abşeron Rayon İcra Hakimiyyəti sorğuda göstərilən məsələ ilə bağlı 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət edilməsini tövsiyə etmiş, Saray qəsəbə nümayəndəliyi Cavabdeh1 adına verilmiş 25 sot torpaq sahəsinin və İddiaçı verilmiş 20 sot torpaq sahəsinə aid nümayəndəlik tərəfindən verilmiş sərəncam, plan-ölçü sxemi və yaxud ayrıca akt barədə nümayəndəlikdə arxiv sənədlərinin mövcud olmadığı, Milli Arxiv İdarəsi tərəfindən isə sorğuya cavab verilməsinin imkan xaricində olduğu bildirilmişdir. Lakin 4 saylı Abşeron Ərazi İdarəsi xx.xx.2024-cü il tarixli məktubla 44 vərəqdə müvafiq sənədlər göndərsə də, İddiaçı və Cavabdeh1 ayrılmış torpaq sahəsi ilə bağlı arxiv əsaslarında məlumatın aşkar edilməməsi qeyd edilmişdir. Məhkəmə kollegiyası kassasiya instansiya məhkəməsinin göstərişinə əsasən başqa ekspertə tapşırmaqla iş üzrə təkrar ekspertiza təyin edilməsi, həm iddiaçının iddia etdiyi, həm də cavabdehlərin, o cümlədən Cavabdeh1 sənəd üzrə və faktiki istifadələrində və ya mülkiyyətlərində olan torpaq sahələrinin ölçüləri, yerində (naturada) sərhədləri müəyyən edilməsi və həmin torpaq sahələrinin iddiaçıya ayrılmış torpaq sahəsi ilə üst-üstə düşübdüşmədiyi bir daha yoxlanılması məqsədi ilə təkrar məhkəmə ekspertizası təyin etmiş, Məhkəmə Ekspertiza Mərkəzinin 10/4486 nömrəli 27 dekabr 2021-ci il tarixli ekspert rəyinə əsasən, mübahisə predmeti olan torpaq sahələrinin naturada forma və ölçülərinin sənədlərdə qeyd olunmuş forma və ölçülərdən fərqli olduğundan iddiaçıya məxsus torpaq sahəsinin zəbt edilib-edilməməsini müəyyən etmək mümkün olmamışdır. Mütəxəssis rəyi ilə ekspert rəyi arasında ziddiyəti araşdırmaq məqsədilə təkrar məhkəmə tikinti-texniki və torpaqşünaslıq ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertiza Mərkəzinin 10 noyabr 2022-ci il tarixli 10/6936 nömrəli ekspert rəyi ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Bakı LTİ-nin xx.xx.2020-ci il tarixli Bçm/065 nömrəli mütəxəssis rəyinə əsasən Abşeron rayonu İHB-nın Saray qəsəbəsi üzrə Nümayəndəsinin 05 noyabr 1999-cu il tarixli 39 saylı sərəncamına əsasən vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə İddiaçı və Cavabdeh1 ayrılmış torpaq sahələri haqqında elektron kadastr məlumat bazasında hər hansı bir məlumat olmadığından və məhkəmə tərəfindən təqdim edilən sənədlər arasında torpaq sahələrinə aid texniki kadastr sənədləri (texniki pasport, torpaq sahəsinin planı və ölçüsü və s.) təqdim olunmadığından, İddiaçı və Cavabdeh1 ayrılmış torpaq sahəsinin koordinatlarının cavabdehlərə ayrılmış torpaq sahələrinin koordinatları ilə üst-üstə düşübdüşməməsini habelə, iddiaçının mülahizəsinə görə Cavabdeh1 tərəfindən zəbt olunan torpaq sahəsi ilə digər cavabdehlərin torpaq sahələrinin mövcud vəziyyətdə faktiki olaraq üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Göründüyü kimi daxil olmuş ekspertiza rəyində ekspertiza qarşısında qoyulmuş suallara cavab verilməmiş, rəydə xx.xx.2020-ci il tarixli köhnə mütəxəssis rəyinə istinad edilmişdir. Bu səbəbdən məhkəmə kollegiyası təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş və Məhkəmə Ekspertiza Mərkəzinin 3-16-16/2-10/5926 nömrəli, 24 yanvar 2024-cü il tarixli ekspert rəyi ilə Abşeron rayonu İHB-nın Saray qəsəbə üzrə nümayəndəsinin 07 oktyabr 1999-cu ili tarixli 35 saylı sərəncamı ilə Cavabdeh1 verilmiş torpaq sahəsinə aid hüquqmüəyyənedici və texniki kadastr sənədləri (torpaq sahəsinin çıxarışı, torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları) təqdim edilmədiyindən Abşeron rayonu Saray qəsəbəsi üzrə ərazinin baş planı və ilkin torpaq ayırma sənədləri nəzərə alınmaqla Cavabdeh1 verilmiş torpaq sahəsinin ölçülərini və yerində (naturada) sərhədlərinin müəyyən edilməsi mümkün olmamışdır. Cavabdeh1 faktiki istifadəsində olan torpaq sahəsi 0.2451 ha təşkil edir. Abşeron rayonu İcra Hakimiyyəti Başçısının Saray qəsəbə üzrə nümayəndəsinin 07 oktyabr 1999-cu il tarixli 35 saylı sərəncamı ilə Cavabdeh1 verilmiş torpaq sahəsinə aid hüquqmüəyyənedici və texniki kadastr sənədləri (torpaq sahəsinin çıxarışı, torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları) təqdim edilmədiyindən Abşeron rayonu Saray qəsəbəsi üzrə ərazinin baş planı və ilkin torpaqayırma sənədləri nəzərə alınmaqla İddiaçı ayrılmış torpaq sahəsinin ölçülərini və yerində (naturada) sərhədlərinin müəyyən edilməsi mümkün olmamışdır. Torpaq sahələrinə aid hüquqmüəyyənedici və texniki kadastr sənədləri (torpaq sahəsinin çıxarışı, torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları) təqdim edilmədiyindən Abşeron rayonu İcra Hakimiyyəti Başçısının Saray qəsəbə üzrə nümayəndəsinin 07 oktyabr 1999-cu il tarixli 35 saylı sərəncamı ilə Cavabdeh1 verilmiş torpaq sahəsi və Abşeron rayonu icra Hakimiyyəti Başçısının Saray qəsəbə üzrə nümayəndəsinin 05 noyabr 1999-cu il tarixli, 39 saylı sərəncamı ilə İddiaçı ayrılmış torpaq sahəsinin üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. İş üzrə X6 və Ekspertiza Mərkəzi MMC-nin 10 may 2022-ci il tarixli rəyinə əsasən Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2-1 (85)-615/2013 saylı məktubu ilə həmin məhkəmənin 06 avqust 2013-cü il tarixli qərarı qanuni qüvvəyə mindiyinə görə icra olunması üçün Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinə göndərilmiş, bundan sonra DTXK-nin Abşeron rayon şöbəsinin müdiri, Saray ərazi nümayəndəsinin imzası ilə təsdiq olunmuş Abşeron rayonu Saray Bələdiyyəsinin fevral 2015-ci il tarixli yerquruluşu planından çıxarışda İddiaçı ayrılmış torpaq sahəsinin sxemi və döngə nöqtələrinin koordinatları öz əksini tapmışdır. İddiaçı tərəfindən naturada göstərilən mübahisəli torpaq sahəsi yerquruluşu planından çıxarışda göstərilən konfiqurasiyaya uyğun gəlməklə qeyd olunan koordinatlar daxilində yerləşir. Google yer proqramının 2015-ci ilə aid ortofoto görüntülərindən məlum olur ki, Xalidə Vəliyevə istifadə torpaq sahəsinin bir hissəsi X4 Xəttinin mühafizə zolağına düşdüyünə görə sonradan daş hasarını sökərək İddiaçı ayrılmış torpaq sahəsində inşa etmişdir. Dəqiqləşdirmə zamanı o da məlum oldu ki, Abşeron rayonu İcra Hakimiyyəti Başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 07 oktyabr 1999-cu il tarixli 35 saylı sərəncamı ilə Cavabdeh1 verilmiş torpaq sahəsi, Abşeron rayonu İcra Hakimiyyəti Başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 05 noyabr 1999-cu il tarixli 39 saylı sərəncamı ilə İddiaçı ayrılmış torpaq sahəsi üst-üstə düşmür, torpaq sahələri bitişik olmaqla həmsərhəddir. Cavabdeh1 tərəfindən İddiaçı ayrılmış torpaq sahəsinə 1580 m2 hissədə müdaxilə edilmişdir. Abşeron rayonu Saray qəsəbəsi üzrə ərazinin baş planı və ilkin torpaq ayırma sənədləri təqdim olunmadığına görə Cavabdeh1 verilmiş torpaq sahəsinin ölçülərini yerində (naturada) sərhədləri müəyyən etmək mümkün olmadığı, Abşeron rayonu Saray qəsəbəsi üzrə ərazinin baş planı və ilkin torpaq ayırma sənədləri nəzərə alınmaqla İddiaçı verilmiş torpaq sahəsinin ölçülərini yerində (naturada) sərhədlərinin müəyyən edildiyi, Abşeron rayonu İcra Hakimiyyəti Başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 07 oktyabr 1999-cu il tarixli 35 saylı sərəncamı ilə Cavabdeh1 verilmiş torpaq sahəsi, Abşeron rayonu İcra Hakimiyyəti Başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 05 noyabr 1999-cu il tarixli 39 saylı sərəncamı ilə İddiaçı ayrılmış torpaq sahəsinə sürüşdürüb, özbaşına sərhədlərini dəyişdirərək müdaxilə etdiyinə görə 1580 kv.m hissədə üst-üstə düşdüyü müəyyən edilmişdir. Eyni zamanda Abşeron Rayon Polis İdarəsinin “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 30 iyun 2017-ci il tarixli qərarından görünür ki, Saray qəsəbəsi üzrə Nümayəndəlikdə müxtəlif vəzifələrdə işləmiş Rəfail Quliyev izahatında Bakı Novorasiyski neft kəmərinin mühafizə zolağının yanında olan ərazidən Cavabdeh1 və Dilarə Quliyevaya ümumilikdə 0,50 ha torpaq sahəsi ayrıldığı, onların torpaq sahəsindən sonrakı cərgədə İddiaçı məxsus olan 0,20 ha torpaq sahəsinin yerləşdiyi, Cavabdeh1 və Dilarə Quliyevaya məxsus olan torpaq sahələrinin bir hissəsi YGEX-nin mühafizə zolağına düşdüyünə görə onlar torpaq sahəsinin hasarını həmin vaxt boş olan İddiaçı məxsus 0,20 ha torpaq sahəsinin 0,17 ha olan hissəsindən çəkdiklərini, İddiaçı məxsus 0,20 ha torpaq sahəsinin 0,03 ha hissəsi isə Möhübbət Paşayevin adına rəsmiləşdirilmiş 0,15 ha torpaq sahəsinə əlavə edildiyini göstərmişdir. Bununla yanaşı, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 06 avqust 2013-cü il tarixli qərarı ilə İddiaçı 0,20 ha torpaq sahəsinə dair plan və ölçü sənədinin verilməsi vəzifəsinin Abşeron Rayon Torpaq Şöbəsinin öhdəsinə qoyulması barədə iddiası təmin edilmiş və sonradan həmin məhkəmənin 30 yanvar 2014-cü il tarixli qərardadı ilə Abşeron rayon Torpaq Şöbəsinin ərizəsinə əsasən, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 06 avqust 2013-cü il tarixli qərarına izah verilərək, Abşeron rayonu İHB-nın Saray qəsəbəsi üzrə Nümayəndəsinin 05 noyabr 1999-cu il tarixli 39 saylı sərəncamı ilə İddiaçı ayrılmış 0,20 ha torpaq sahəsinin plan və ölçü sənədinin, həmin torpaq sahəsində yerləşdiyi ərazidə, onun sərhədlərinin naturadakı istifadə vəziyyətinə uyğun olaraq müəyyən edilməklə verilməsi kimi başa düşülməsi qərara alınmışdır. Bundan sonra, Abşeron Rayon Torpaq Şöbəsinin mütəxəssisləri tərəfindən sözügedən qərarın icrası ilə bağlı saray qəsəbəsində müvafiq araşdırma aparıb və müəyyən edilib ki, İddiaçı istifadə etdiyi 0,20 ha torpaq sahəsi naturada JN-2643A və JN- 2300 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktlarında göstərilən torpaq sahələri ilə üs-üstə düşmür. Ona görə də Abşeron Rayon Torpaq Şöbəsi 07 may 2014-cü il tarixli məktubla Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət edərək, İddiaçı istifadə etdiyi 0,20 ha torpaq sahəsinə dair “plan və ölçü” sənədinin verilməsi barədə X8 və Monitorinq Elm-İstehsalat Mərkəzinə müvafiq göstəriş verilməsi xahiş olunub. Habelə, qanuni qüvvəyə minmiş Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 20 avqust 2019-cu il tarixli qərarı ilə Cavabdeh1 0,25 ha torpaq sahəsinə dair plan və ölçü sənədi tərtib edilməklə dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin Reyestr Xidmətinin 4 saylı Ərazi İdarəsinin öhdəsinə qoyulması barədə iddiasının rədd edilməsi qərara alınmışdır. Göründüyü kimi, istər X6 və Ekspertiza Mərkəzi MMC-nin 10 may 2022-ci il tarixli rəyi, istər Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 06 avqust 2013-cü il tarixli qərarı və istərsə də Abşeron rayon Torpaq Şöbəsinin mütəxəssisi tərəfindən verilmiş yazılı məsləhəti, eləcə də “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 30 iyun 2017-ci il tarixli qərarına əsasən Saray qəsəbəsi üzrə Nümayəndəlikdə müxtəlif vəzifələrdə işləmiş Rəfail Quliyev izahatına əsasən Abşeron rayonu İcra Hakimiyyəti Başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 07 oktyabr 1999-cu il tarixli 35 saylı sərəncamı ilə Cavabdeh1 verilmiş torpaq sahəsi, Abşeron rayonu İcra Hakimiyyəti Başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 05 noyabr 1999-cu il tarixli 39 saylı sərəncamı ilə İddiaçı ayrılmış torpaq sahəsi üst-üstə düşmədiyi, torpaq sahələri bitişik olmaqla həmsərhəd ərazidə yerləşdiyi, 2015-ci ilə aid ortofoto görüntülərinə əsasən Cavabdeh1 istifadəsində olan torpaq sahəsinin bir hissəsi X4 Xəttinin mühafizə zolağına düşdüyündən, daş hasarını sökərək İddiaçı ayrılmış torpaq sahəsində inşa etməklə sonuncuya ayrılmış torpaq sahəsinə müdaxilə edilmişdir. Bu hal mübahisəli əraziyə 4 saylı Abşeron Ərazi İdarəsinin mütəxəssisinin iştirakı ilə keçirilmiş yerli baxış zamanıda öz təsdiqini tapmışdır. Belə ki, baxış zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 ayrılmış torpaq sahəsi iddiaçıya məxsus torpaq sahəsinin qonşuluğunda yerləşməklə, cavabdehə ayrılmış torpaq sahəsinin bir hissəsi X4 Xəttinin mühafizə zolağına düşür. Baxış zamanı həmçinin müəyyən edilmişdir ki, Cavabdeh1 faktiki istifadəsində olan ümumi daş hasar daxilində yerləşən mübahisəli torpaq sahəsi 0.246 ha ibarətdir. Həmin torpaq sahəsinin giriş qapısından sağ tərəfi boş sahə kimi məftillə bağlanmış, onun yanında bir mərtəbəli yaşayış evi inşa edilmiş, lakin həyətə girişin sol tərəfi isə üç tərəfdən daş hasar, digər tərəfi şərti olaraq 0,161 ha torpaq sahəsi ilə əhatə olunmaqla boş açıq sahə kimi saxlanılmışdır. Qeyd olunanlar 4 saylı Abşeron Ərazi İdarəsinin mütəxəssisinin tərtib etdiyi 14 may 2024-cü il tarixli torpaq sahəsinin yerləşmə cizgi sxemində də öz əksini tapmışdır. Göründüyü kimi Abşeron rayonu İcra Hakimiyyəti Başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 05 noyabr 1999-cu il tarixli 39 saylı sərəncamı ilə İddiaçı ayrılmış torpaq sahəsinə Cavabdeh1 tərəfindən müdaxilə etdiyinə görə 1580 kv.m hissəsi zəbt etmişdir. Lakin cavabdeh həmin sahənin 1200 kv.m hissəsini iddiaçıya qaytarılmasına etiraz etmədiyini, iddiaçının bununla qismən razılaşdığını nəzərə alaraq Cavabdeh1 həmin torpaq sahəsinin 0.14 ha (1400 kv.m) hissəsindən çıxarılmaqla həmin sahə boşaldılıb iddiaçıya təhvil verilməlidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmamaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. Bununla yanaşı, məhkəmə kollegiyası həmçinin hesab edir ki, Cavabdeh1 birinci instansiya məhkəməsində icraat zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat, apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olaraq 50+50=100+50=150 (bir yüz əlli) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilməlidir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (MPM-nin 119.1. maddəsi). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2., 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4., 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 Abşeron rayonu Saray qəsəbəsində yerləşən İddiaçı məxsus 0,20 ha torpaq sahəsinin 0,14 ha (1400 kv.metr) hissəsindən çıxarılsın və həmin torpaq sahəsi boşaldılaraq iddiaçıya təhvil verisin. Cavabdeh1 ekspertiza xərci 150 (yüz əlli) manat məbləğində pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-28/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-28/2024
30.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver