Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2806/2020 10.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alimentin baba və nənədən tutulması tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(029)-509/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Qusar Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(029)-509/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir.(hakim Rafiq Kazımov) Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx xxx 2005-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay onun xeyrinə 170 (yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayətini müdafiə edərək göstərdi ki, qətnamə əsassızdır və ləğv edilməlidir. Belə ki, qanunvericilikdə də, nəzərdə tutulmuşdur ki, yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi vardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Birinci instansiya məhkəməsinə iddaçının təqdim etdiyi iş materiallarından da göründüyü kimi, yetkinlik yaşına çatmayan övladı öz atasından maddi vəsait ala bilmir. Cavabdehlər də nəvələrini saxlamaq vəzifəsini könüllü icra etmək istəmirlər. Halbuki, bunun üçün kifayət qədər maddi vəsaitləri var. Belə ki, DSMF-nin Qusar rayon şöbəsinin xx xxxx 2020-ci il tarixli sorğuya cavab məktubuna əsasən, cavabdehlərin hər biri hər ay 233 manat 20 qəpik məbləğdə əmək pensiyası alırlar. Deməli, cavabdelərin hər birindən nəvələrinin saxlanılmasına köməklik məqsədi ilə əmək pensiyasının 1/3 hissəsinin tutulması barədə məhkəmə qətnaməsi qəbul edilərək alimentin tutulması əmək pensiyasına yönəldilə bilər. Bu məbləğ əlbəttə ki, iddiaçının övladının maddi təminatını tam ödəməsə də, maddi yardıma ehtiyacı olan övladın müəyyən qismən ehtiyaclarını ödəyə bilər. Buna baxmayaraq Qusar Rayon Məhkəməsi cavabdehlərin aldığı əmək pensiyasının məbləğini araşdırmamış, bu barədə hər hansı sorğu göndərməmiş, yetkinlik yaşına çatmayan övladın mənafeyini nəzərə almadan və yetərincə əsaslandırmadan iş üzrə qətnamə qəbul etmişdir. İstər Uşaq hüquqları haqqında konvensiyalara, istərsə də milli qanunvericilik normalarına və öyrənilmiş beynəlxalq təcrübəyə əsasən, yetkinlik yaşına çatmayan uşaqlarla bağlı istənilən məhkəmə prosesində hakim yetkinlik yaşına çatmayanın mənafeyini əsas tutaraq qərar qəbul etməlidir. Həmçinin hakim əsaslandırmasında uşağın atasından alimentin tutulması ilə bağlı məhkəmə qətnaməsinin olduğunu və belə olan halda təkrarən uşağın baba və nənəsindən aliment tələbi etməyə əsas olmadığını bildirmişdir. Məhkəmə, məhkəmə qətnaməsi ilə alimentin tutulmasının qət edildiyini nəzərə almış, lakin icra materiallarını, qətnamənin icra edilmədiyini, iddiaçının cavabdehlərin oğlundan aliment almağının mümkün olmaması və belə olan halda baba və nənədən alimentin tutulması hüquqlarının olmasını nəzərə almamışdır. Təəssüflər olsun ki, qeyd olunan faktların heç biri Qusar Rayon Məhkəməsində araşdırılmamış və əsassız olaraq iş üzrə 2(029)-509/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi qəbul edilmişdir. Sözügedən qətnamənin qəbulu bir vətəndaş olaraq iddiaçının hüquqlarının ciddi şəkildə pozulması deməkdir. Bu səbəblə hesab edir ki, işin bütün faktiki halları araşdırılmadan qanunsuz və əsassız olaraq qəbul edilmiş Qusar Rayon Məhkəməsinin 2(029)- 509/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi apellyasiya qaydasında ləğv olunmalı və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. Odur ki, qeyd edilənləri nəzərə alaraq apelyasiya şikayətinin təmin edilməsini xahiş edir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına çağırılmış cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdırıb, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, Qusar Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(029)-509/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, X6 və İddiaçı birgə nilahından xx xxx 2005-ci il təvəllüdlü X7 doğulmuşdur. İşdə olan Qusar Rayon Məhkəməsinin 2-86/2008 nömrəli, xx xxxxxx 2008-ci il tarixli məhkəmə əmrinin surətindən görünür ki, Qusar rayonu Hil kəndində yaşayan X2 xx xxx 2005-ci il təvəllüdlü Raman adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay aylıq qazancının ¼ hissəsi miqdarında alimentin alınaraq ərizəçi İddiaçı verilməsi qərara alınmışdır. İşdə olan Qusar Rayon Məhkəməsinin 2(029)-954/2017 nömrəli xx xxxx 2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, cavabdeh X3 xx xxxx 2017-ci il tarixdən başlayaraq xx xxx 2005-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi baxılıb saxlanması üçün hər ay 100 (yüz) manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi qət edilmişdir. İşdə olan Qusar Rayon Məhkəməsinin 2(029)-954/2017 nömrəli, xx xxxxxx 2018-ci il tarixli qərardadının surətindən görünür ki, Rusiya Federasiyası vətəndaşı, Qusar rayonu, Hil kəndində yaşayan borclu X4 Azərbaycan Respublikasından getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Birinci instansiya məhkəməsi qeyd edilən iş materiallarına istinadən İddiaçı ilə X4 birgə nikahdan doğulmuş xx xxx 2005-ci il təvəllüdlü X1 üçün Qusar Rayon Məhkəməsinin 2(029)- 954/2017 saylı, xx xxxx 2017-ci il tarixli qətnaməsi ilə hər ay 100 (bir yüz) manat sabit pul məbləğində alimentin tutulmasını, belə olan halda uşağın babası və nənəsindən alimentin təkrarən tələb edilməsi üçün əsas olmamasını, bundan başqa cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx xxx 2005-ci il tarixdə anadan olmuş X7 adlı uşağın baba və nənəsi olmalarına dair hər hansı bir sənəd olmamasını müəyyən edərək iddianı təmin etməmiş, gəldiyi nəticəni də Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 89-cu, MPM-nin 77.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarına uyğun olaraq qeyd olunan qanunvericilik normalarını tətbiq etməklə aliment məbləğini artırarkən düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materiallarınan müəyyən edilir ki, xeyrinə aliment tələb edilən xx xxx 2005-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Qusar Rayon Məhkəməsinin 2(029)- 954/2017 nömrəli xx xxxx 2017-ci il tarixli qətnaməsi ilə X2 hər ay 100 manat alimentin tutulması müəyyən edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 89-cu maddəsinə əsasən yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatan nəvələr saxlanmaq üçün valideynlərindən, yaxud da ərdən (arvaddan) maddi yardım ala bilmədikdə, onlara da eyni hüquq verilir. Göründüyü kimi, qanunvericiliyə əsasən yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə nənə və babalarından aliment almaqhüququna malikdirlər. Hazırki işdə isə xeyrinə aliment tələb edilən uşağın saxlanması üçün atası X2 hər ay 100 manat aliment tutulmasına dair məhkəmə qətnaməsi mövcuddur. Bundan əlavə iş materiallarında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xeyrinə aliment tələb edilən xx xxx 2005-ci il tarixdə anadan olmuş X7 adlı uşağın baba və nənəsi olmalarına dair hər hansı bir sənəd yoxdur. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməyərkən işin hallarına uyğun olaraq qanunvericilik normalarını düzgün tətbiq etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur və qətnamə qanuni və əsaslı olduğundan apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi, dəyişdirilməsi üçün əsas sayıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutlmuş əsaslar mövcud deyil. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə isə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, Qusar Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(029)-509/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1, 393, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Qusar Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(029)-509/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər, qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-2806/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2806/2020
10.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver