Məhkəmə qərarları › İş №2(105)-2826/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2826/2020

30.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2826/2020 30.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Nahid Nəsrəddin oğlunun katibliyi, İddiaçı-cavabdeh İddiaçı, Cavabdeh-iddiaçı Cavabdeh, vəkili və nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı nikahın pozulması, uşaqların ananın yanında qalması və sabit məbləğdə alimentin tutulması barədə ilk, Cavabdeh İddiaçı qarşı nikahın pozulması və alimentin onun gəlirlərindən hissəvi şəkildə tutulması barədə qarşılıqlı iddiasına dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4284/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4284/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsiiləhər iki iddia qismən təmin edilmiş, tərəflər arasındakı nikah ləğv edilmiş, boşanmadan sonra birgə nikahdan olan xx.xx.2011-ci il təvəllüdlü Zəhra və xx.xx.2014-cü il təvəllüdlü Nəzrin adlı uşaqların anaları İddiaçı yanında qalmaları, həmin uşaqların saxlanılmaları üçün Cavabdeh xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay hər uşağa 150 manat olmaqla, cəmi 300 manat sabit məbləğdə alimentin İddiaçı xeyrinə tutulması qət edilmiş, qalan hissədə iddialar rədd edilmişdir. (hakim Ə.Ələkbərov) Qətnamədən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apelyasiya şikayəti verərəkSumqayıt Şəhər Məhkəməsinin 2(060)-4284/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsininalimentin tutulması hissəsində ləğv edilməsini və qarşılıqlı iddianın təmin olunmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, onların birgə nikahından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü Zəhra və xx.xx.2014cü il təvəllüdlü Nəzrin adlı uşaqların yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün cavabdehdən hər ay hər uşağa görə 170 manat olmaqla, cəmi 340 manat sabit məbləğdə alimentin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında xx.xx.2010-cu il tarixli nikahın pozulması, birgə nikahdan olan xx.xx.2011-ci il təvəllüdlü Zəhra və xx.xx.2014-cü il təvəllüdlü Nəzrin adlı uşaqların onun himayəsinə verilməsi və həmin uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay, hər uşağa görə 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ümumilikdə iddiasını onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2010cu il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Onların birgə nikahlarından xx.xx.2011-ci il təvəllüdlü Zəhra və xx.xx.2014-cü il təvəllüdlü Nəzrin adlı iki övladı olmuşdur. Əvvəllər münasibətləri yaxşı olsa da, hazırda xasiyyətləri uyğun gəlmir və buna görə də xeyli müddətdir ki, ayrı yaşayırlar. Cavabdeh nə ona, nə də uşaqıarına qayğı göstərmir, maddi yardım etmir. Birgə nikahdan doğulmuş uşaqlar hazırda onun himayəsindədirlər. Tərəflər arasında bağlanmış nikah pozulmalıdır, çünki onların ailəsi faktiki olaraq dağılmışdır və hazırda nikahları formal xarakter daşıyır. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Məhkəmə gedişatında Cavabdeh qarşılıqlı iddia ərizəsilə məhkəməyə müraciət etmiş, onunla İddiaçı arasında bağlanmış nikahın pozulması və birgə nikahdan doğulmuş 2 uşaq üçün tutlacaq alimentin onun gəlirlərindən 1/3 nisbətində tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh tələbini bununla əsaslandırmışdır ki, İddiaçı ilə boşanmasına və uşaqların onun himayəsində saxlanılmalarına razıdır. Bununla belə, o, rəsmi olaraq “xxxxxxxx” ASCnin Şimal RETSİ-nin xidmət şöbəsində fəhlə işləyir və ayda 420 manat əmək haqqı alır. Buna görə də, ondan aliment Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinə əsasən əmək haqqının 1/3 nisbətində tutulmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İş üzrə Cavabdeh apelyasiya şikayətini bununla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi qanunsuzdur. Belə ki, məhkəmə onun ayda müntəzəm olaraq 420 manat əmək haqqı almasına, başqa gəlirlərinin olmamasına baxmayaraq, ondan Ailə Məcəlləsinin 78-ci maddəsinə istinad etməklə, hər ay cəmi sabit məbləğdə 300 manat alimentin tutulması barədə əsassız nəticəyə gəlmişdir. Bu zaman onun yerdə qalan 120 manat vəsaitlə 1 ay ərzində necə yaşaması və qidalanması nəzərə alınmamışdır. Buna görə də qətnamə alimentin tutulması hissəsində ləğv edilməli, onun qarşılıqlı iddiasının təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Apelyasiya baxışı zamanı məhkəmə iclasında apelyasiya şikayəti vermiş ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, onun vəkili və nümayəndəsi X5 bildirdilər ki, tərəflər hər uşağa 125 manat olmaqla, cəmi 250 manat aliment ödənilməsi barədə razılığa gəlmişlər. Onlar bu məsələnin nəzərə alınmasını xahiş etdilər. Apelyasiya baxışı zamanı məhkəmə iclasında ilk iddia üzrə İddiaçı da təsdiq etdi ki, birgə nikahdan doğulmuş uşaqların saxlanılması üçün ona hər ay 250 manat alimentin ödənilməsi barədə Cavabdeh ilə razılığa gəlmişlər. O da bu halın nəzərə alınmasını məhkəmə kollegiyasından xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Birinci instansiya məhkəməsi işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan nikah haqqında AZ-İ 576785 saylı şəhadətnamədən görünür ki, xx xxxxx 2010-cu il tarixdə Cavabdeh ilə X1 arasında nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada “Əliyeva” soyadı verilmişdir. Yenə iş materiallarında olan AZ-İİ 685025 saylı və AZ-İİİ 348638 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2011ci il təvəllüdlü Zəhra və xx.xx.2014-cü il təvəllüdlü Nəzrin adlı uşaqlar doğulmuşdur. Yenə də iş materiallarında olan “xxxxxxxx” ASC-nin Şimal RETSİ-nin xx xxxxxx 2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh xx.xx.2015-ci il tarixdən hazıradək İdarənin Xidmətlər Şöbəsində yardımçı fəhlə işləyir və ayda 420 manat əmək haqqı alır. İşdə olan xx xxxxxxx 2020-ci il tarixli ərizələrdən görünür ki, tərəflər birgə nikahdan doğulmuş uşaqların saxlanılması üçün hər ay cəmi 250 manat alimentin tutulması barədə razılığa gəlmişlər. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Nikahın pozulması və uşaqların himayəyə verilməsi hissələrində qətnamədən apelyasiya şikayəti verilmədiyindən məhkəmə kollegiyası MPM-nin 372.6-cı maddəsinə əsasən həmin hissələrdə araşdırma aparmır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayətiqismən təmin edilməli,Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4284/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi alimentin tutulması hissəsində dəyişdirilməli, hər ay tutulacaq alimentin məbləği hər uşaq üçün 125 manat olmaqla. Cəmi 250 manat müəyyən edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflər xx.xx.2010-cu il tarixdə nikaha daxil olmuş, tərəflərin birgə nikahından xx.xx.2011-ci il tarixdə Zəhra və xx.xx.2014-cü il tarixdə Nəzrin adlı uşaqlar doğulmuşdur. Əvvəllər onların münasibətləri normal olsa da, hazırda tərəflər faktiki olaraq ayrılmışlar. Birgə nikahdan doğulmuş uşaqlar analarının yanındadır. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan doğulmuş uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay, hər uşağa görə 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, məhkəmə iddianı bu hissədə qismən təmin edərək, xx.xx.2011-ci il təvəllüdlü Zəhra və xx.xx.2014-cü il təvəllüdlü Nəzrin adlı uşaqların saxlanılmaları üçün Cavabdeh xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay hər uşağa 150 manat olmaqla, cəmi 300 manat sabit məbləğdə alimentin İddiaçı xeyrinə tutulması barədə nəticəyə gəlmiş, lakin cavabdeh hər ay müntəzəm olaraq 420 manat əmək haqqı almasını əsas gətirərək qətnamənin bu hissəsindən apelyasiya şikayəti vermiş, alimentin onun gəlirlərindən hissəvi olaraq tutulmasını xahiş etmişdir. Bununla belə, məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, tərəflər tutulmalı alimentin məbləği barədə razılığa gəlmiş, bu barədə ərizələr vermişlər. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinini İİ-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İİİ hissəsinə görə analıq, atalıq, uşaqlıq qanunla qorunur. Həmin maddənin İV hissəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 3.0.4-cü maddəsinə əsasən ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsini və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsi ailə qanunvericiliyinin ümdə vəzifələri kimi qeyd edilmişdir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinin tələblərinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Göründüyü kimi, istinad olunan qanunvericilik aktlarının əsas istiqaməti ona yönəlmişdir ki, heç bir əsas valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin hər ikisinin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Məhkəmə kollegiyası hesab edir ki, aliment təyin olunarkən tərəflərin hər ikisinin maddi vəziyyəti, azyaşlıların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması nəzərə alınmalı, alimentin tutulması barədə tərəflərin hər birinə münasibətdə balanslaşdırılmış qətnamə çıxarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, alimentin məbləğinin tərəflərin razılaşdıqları məbləğdə, yəni hər ay hər uşaq üçün 125 manat olmaqla, cəmi 250 manat sabit məbləğdə müəyyən edilməsi onların hər birinə münasibətdə bərabərlik prinsipinin gözlənilməsi, habelə birgə nikahdan doğulmuş uşaqların mənafelərinin qorunması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Beləliklə, məhkəmə kollegiyası tərəflərin ərizələrini və işin faktiki hallarını nəzərə alaraq, belə nəticəyə gəlir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4284/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi alimentin tutulması hissəsində dəyişdirilməli, hər ay tutulacaq alimentin məbləği hər uşaq üçün 125 manat olmaqla, cəmi 250 manat müəyyən edilməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki,Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasənapelyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4284/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsialimentin tutulması hissəsində dəyişdirilsin. Birgə nikahdan doğulmuş xx.xx.2011-ci il təvəllüdlü Zəhra və xx.xx.2014-cü il təvəllüdlü Nəzrin adlı uşaqların saxlanılmaları üçün Cavabdeh xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay hər uşağa 125 manat olmaqla, cəmi 250 manat sabit məbləğdə aliment İddiaçı xeyrinə tutulsun. Bu hissədə qətnamə dərhal icra edilsin. Qətnamə, tərəflər arasındakı nikahın ləğv edilməsi, boşanmadan sonra birgə nikahdan doğulmuş xx.xx.2011-ci il təvəllüdlü Zəhra və xx.xx.2014-cü il təvəllüdlü Nəzrin adlı uşaqların anaları İddiaçı yanında qalmaları hissəsində dəyişdirilmədən saxlansın. Apelyasiya şikayətinin verilməsi üçün ilk iddia üzrə cavabdeh tərəfindən ödənilmiş 15,40 manat dövlət rüsumu Cavabdeh özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar