Məhkəmə qərarları › İş №2(105)-2857/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2857/2021

07.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2857/2021 07.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Ağayev Rəşadət Əhməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Pərvin Fəxrəddin oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı alimentin alınması tələbinə dair mülki iş üzrə Abşeron Rayonr Məhkəməsinin 2(012)-4220/2021 saylı, 01 iyul 2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Cavabdeh qarşı alimentin təyin edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-4220/2021 saylı, 01 iyul 2021-ci il tarixli qərardadı ilə Cavabdehİddiaçı alimentin təyin edilməsi tələbi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması qərara alınmışdır (hakim Cəmilə Səfiyeva). Qərardaddan İddiaçı şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-4220/2021 saylı, 16 iyul 2021-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, Abşeron Rayon Məhkəməsinin 2(012)-169/2021 saylı, 23.04.2021-ci il tarixli qərardadından iddiaçı Binəqədi Rayon İcra Hakimiyyətinin 2 saylı X1 direktoru-nümayəndəsi X2 tərəfindən verilmiş şikayətin iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi, Abşeron Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2(012)-4220 saylı qərardadının məzmununda və qərara aldı hissəsində “İddiaçı Cavabdeh İddiaçı QİZİ” ifadəsi “İddiaçı QİZİ Cavabdeh” ifadəsi kimi oxunması qərara alınmışdır. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, məhkəməyə müraciət edərək cavabdehdən aliment tutulmasını tələb edib. Lakin məhkəmə iddia ərizəsini geri qaytarıb. Məhkəmə qeyd etmişdir ki, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməlidir. Bildirir ki, uşağı əlildir, hər zaman uşağın yanında olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.3-cü maddəsinə əsasən alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə verilə bilər. O, Abşeron rayonunda qeydiyyatdadır, Xırdalan şəhərində yaşayır, ona görə də alimentin alınması üçün özü seçdiyi aidiyyəti məhkəməyə müraciət etmək hüququ vardır. Odur ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-4220/2021 saylı, 01 iyul 2021-ci il tarixli qərardadının ləğv edilərək məhkəmə icraatının təzələnməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməyinin səbəbi barədə məhkəməyə məlumat verməmiş cavabdeh də şikayətə münasibətini yazılı formada bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, şikayəti araşdırıb, hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Birinci instansiya məhkəməsinin qərardadından görünür ki, məhkəmə cavabdehin qeydiyyatının Abşeron rayon ərazisinə aid olmaması əsası ilə iddia ərizəsini geri qaytarmış, gəldiyi nəticəni də Azərbaycan Respublikası MPM-nin 35.1, 151.1, 151.1.3-cü maddələrinə istinad etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə kollegiaysı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, MPM-nin 35.1-ci maddəsidə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməsi göstərilsə də, MPM-nin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.3-cü maddəsinə əsasən alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə verilə bilər. Hazırki iddia ərizəsindən də görünür ki, iddiaçı tələbində cavabdehdən aliment tələb edir və onun ünvanı Abşeron rayonu ərazisindədir. Bu səbəbdən də hazırki iddia ərizəsi üzrə məhkəmə aidiyyəti MPM-nin 35.1-ci maddəsinin deyil, 36.3-cü maddəsinin təsiri altına düşür. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 125.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən «hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərərsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir». Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də, maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 6-cı maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi yalnız məhkəməyə aiddir və məhkəmələr tərəfindən qanunla müəyyən olunmuş qaydada həyata keçirilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikası MPM-nin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Mülki məhkəmə icraatının vəzifələrini təsbit edən Azərbaycan Respublikası MPMnin 2-ci maddəsində müəyyən olunmuşdur ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Qanunvericilik fiziki və hüquqi şəxslərin hər hansı bir mənafe və maraqlarının müdafiəsini deyil, yalnız qanundan və digər normativ-hüquqi aktlardan irəli gələn, yəni qanunla qorunan mənafe və maraqlarını müdafiəsini nəzərdə tutub. Qeyd edilməlidir ki, məhkəmə mübahisəni həll edərkən iddiaçının subyektiv hüquqa malik olmasını müəyyən etdikdə həmin hüququn müdafiəsini təmin edir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək və mübahisənin tez bir zamanda həll edilməsi üçün birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iddia ərizəsi mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişdirib işi birinci instansiya məhkəməsinə göndərə bilər. Bundan əlavə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qərardaddan verilmiş şikayətə baxarkən Abşeron Rayon Məhkəməsinin 2(012)-4220/2021 saylı, 16 iyul 2021-ci il tarixli qərardadının nəticə hissəsində hazırki işə aid olmayan məhkəmə qərardadından verilmiş şikayəti qeyd etmiş, həmçinin qərardaddan verilmiş şikayətə baxarkən MPM-nin 269-cu maddəsinin tələblərindən kənara çıxaraq iddia ərizəsinin geri qaytarılmasına dair Abşeron Rayon Məhkəməsinin 2(012)-4220/2021 saylı, 01 iyul 2021-ci il tarixli qərardadının məzmununa düzəliş edilməsi barədə də nəticəyə gəlmişdir ki, bu da qanunvericiliyin tələblərinə ziddir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə qərarında düzəlişin edilməsi məsələsi ayrıca prosessual hərəkət aparılmaqla baxılmalı və ayrıca qərardad qəbul edilməlidir. Ona görə də, şikayət təmin edilərək Abşeron Rayonr Məhkəməsinin 2(012)- 4220/2021 saylı, 01 iyul 2021-ci il tarixli və 16 iyul 2021-ci il tarixli qərardadları ləğv edilməli, mülki iş baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Azərbaycan Repsublikası MPM-nin 402-ci maddəsinin tələbinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 273, 274, 365, 398-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Şikayət təmin edilsin. Abşeron Rayonr Məhkəməsinin 2(012)-4220/2021 saylı, 01 iyul 2021-ci il tarixli və 16 iyul 2021-ci il tarixli qərardadları ləğv edilsin. İddiaçı Cavabdeh qarşı alimentin alınması tələbinə dair iddia ərizəsi mahiyyəti üzrə baxılması üçün mülki iş həmin məhkəməyə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar