Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-286/2025 04.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X12 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi ilə, İddiaçı1 Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin e-2(067)-3086/2024 nömrəli, 25 noyabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Xaçmaz Rayon Məhkəməsinin 25 noyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim S.Səmədzadə) iddianın qismən təmin edilməsi, xx.xx.2009-cu il təvəllüdlü X2, xx.xx.2016cı il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün 01 oktyabr 2024-cü ildən başlayaraq Cavabdeh hər ay hər uşaq üçün 135 manat, cəmi 405 manat məbləğdə sabit aliment tutularaq İddiaçı1 ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi, cavabdehdən 68.6 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməsi, qətnamənin alimentə aid hissədə dərhal icra olunması qət edilmişdir. İddiaçı1 qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı1 məhkəmədə iddia qaldıraraq cavabdehdən xx.xx.2009-cu il təvəllüdlü X2, xx.xx.2016-cı il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün hər ay bir uşaq üçün 235 (iki yüz otuz beş) manat olmaqla cəmi 705 (yeddi yüz beş) manat sabit məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə xx.xx.2009-cu il tarixdə rəsmi nikaha daxil olaraq evlənmişlər. Birgə nikahdan üç övladı xx.xx.2009-cu il təvəllüdlü X5, xx.xx.2016-cı il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X7 anadan olub. Övladları onun yanındadır. Hal-hazırda cavabdehlə ayrı yaşayır. Cavabdeh övladları iləa maraqlanmır. Bu günə qədər övladının bütün təminatlarını özü ödəyir. Ancaq baxır ki, ona bir ana kimi çətin olur. Cavabdehin imkanı yaxşıdır. Aylıq gəliri yüksəkdir. Cavabdeh evə ailəsinə baxmır. Övladının qayğısına qalmır. Bu da onun üçün maddi cəhətdən çox çətin olur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı1 Xaçmaz Rayon Məhkəməsinin 25 noyabr 2024-cü il tarixli qətnaməsindən apelyasiya şikayəti verərək, qətnamənin dəyişdirilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə ədalətli məhkəmə araşdırılma hüququnu pozmuş və onun hüququnun bərpa olunmasına kömək etmək əvəzinə, sübutları araşdırmamışdır. Məhkəmə onun ərizəsində göstərdiklərini nəzərə almamışdır. Övladlarının saxlanılması üçün 405 manat aliment çox aşağıdır. Hansı ki, iki uşağa 470 manat aliment düşür. Ancaq bunlara baxmayaraq məhkəmə üç uşağın saxlanılması üçün 405 manat aliment qət etmişdir. Hansı ki, üç uşağa cəmi 705 manat aliment qət edilməli idi. Hesab edir ki, apellyasiya məhkəməsi şikayətinə obyektiv baxaraq, ədalətli qərar qəbul edəcəkdir. Cavabdeh iddia tələbinin əsasını təşkil edən hər hansı sübutu təqdim etməmişdir. Məhkəmə qeyri-mötəbər, ziddiyətli qətnamə yazmışdır. Məhkəmə müəyyən edilmiş faktlar üzrə səhv nəticəyə gəlmiş, düzgün araşdırma aparmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəmə kollegiyasına heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM 376.2. maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə dəyişdirilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsi barədə gəldiyi nəticəni iddiaçının himayəsində olan yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və tərəflərin maddi vəziyyətlərini nəzərə alması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan iddiaçı vermiş olduğu apellyasiya şikayətində qətnamənin dəyişdirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hüquqi qiymət verilməsini zəruri hesab edir. Tərəflərin birgə nikahından xx.xx.2009-cu il təvəllüdlü X5, xx.xx.2016-cı il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X4 anadan olması və uşaqların hazırda iddiaçının himayəsində olması işin mübahisəsiz halıdır. Mövcud iddia aliment tələbi barədədir. İddia tələbinin qanuni əsasını isə Ailə Məcəlləsinin 78-ci maddəsi təşkil edir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsi). “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən uşağın aildə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (Ailə Məcəlləsinin 75.1. və 75.4. maddələri). Ailə Məcəlləsinin 78.1. maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəlləsinin 78.2. maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “20 dekabr 2024cü il tarixli Qərarının 8.4-1.-ci bəndində qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. "Azərbaycan Respublikası Prezidentinin 05 yanvar 2023-cü il tarixli sərəncamına əsasən 2024-cü ilin yanvar ayının 1-dən minimum aylıq əmək haqqı 345 manat müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hər bir valideyn övladını saxlamağa, onun maddi və mənəvi tələbatının ödənilməsini təmin etməyə borcludur. Əgər valideynlər ayrı yaşayırsa, övladı yanında yaşayan valideynə digər valideyn övladının maddi tələbatının ödənilməsinin təmin edilməsindən ötrü aliment ödəməlidir. Aliment uşağın saxlanılması üçün bir valideynin digər valideynə uşağın tələbatının ödənilməsi üçün müəyyən edilən müavinətdir. Alimentin miqdarı müəyyən edilərkən ilk növbədə uşağın marağı təmin edilməlidir. Hər iki valideynin övladın tələbatının ödənilməsində birgə məsuliyyət daşısa da, övladı yanında qalan valideyn övladının maddi və mənəvi tələbatının ödənilməsində daha artıq məsuliyyət daşıyır. İddiaçı övladının saxlanılması üçün hər birinə 235 manat olmaqla cəmi 705 manat alimentin təyin edilməsini xahiş etmiş, birinci instansiya məhkəməsi də bir uşaq üçün 135 manat, cəmi 405 manat məbləğində alimentin tutulmalı olması qənaətinə gəlmişdir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi tərəfindən təyin olunan aliment məbləği uşağın saxlanması üçün ödənilməli olan alimentin məbləğinin davamlı olmasının təmin edilməsi zəruriliyini nəzərə alaraq uşaqların mənafeyinə və onların saxlanılması üçün yetərli hesab oluna bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, xx.xx.2009-cu il təvəllüdlü X2, xx.xx.2016-cı il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X1 üçün birinci instansiya məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək bir uşaq üçün 151,8 manat olmaqla, ümumilikdə 455,4 manat məbləğində müəyyən edilməli və müəyyən olunmuş alimentin məbləği xx.xx.2024-cü il tarixdən (iddia ərizəsi verilən tarixdən) başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2009-cu il təvəllüdlü X2, xx.xx.2016cı il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı1 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,44 misli (345x0.44=151,8) həddində sabit pul məbləğində aliment tutulmalıdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 25 noyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.3. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Azərbaycan Respublikası MPM-nin 402.1. maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası MPM-nin 112.1.3. maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məhkəmə kollegiyası qeyd edir ki, qətnamə ilə müəyyən edilən alimentin bir illik ödəməsinin məcmusu 5000 manatdan az olduğundan, hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmadığından, alimentin tutulması dərhal icra edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 217.2, 234.2.1, 382, 384.0.3, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ İddiaçı1 apellyasiya şikayəti qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 25 noyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilsin. xx.xx.2024-cü il tarixdən (ərizə verilən tarixdən) başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2009-cu il təvəllüdlü X2, xx.xx.2016-cı il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı1 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,44 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qətnamə dərhal icra edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-286/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-286/2025
04.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver