Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2868/2021 26.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, iddiaçı Sadıqova (Müslümova) Güləsmər Şakir qızının nümayəndəsi Nümayəndə və Cavabdeh oğlunun nümayəndə və vəkili Vəkil iştirakı ilə, iddiaçı Sadıqova (Müslümova) Güləsmər Şakir qızının Cavabdeh oğluna qarşı aliment tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1250/2021 saylı 07 may 2021-ci il tarixli qətnaməsindən Cavabdeh oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1250/2021 saylı 07 may 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, 15.10.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün 08 aprel 2021-ci ildən başlayaraq Cavabdeh oğlundan hər ay 175 manat sabit pul şəklində aliment alınaraq Sadıqova (Müslümova) Güləsmər Şakir qızına verilməsi, qətnamənin dərhal icra olunması qət edilmişdir (hakim Anar Sadıqov). Qətnamədən Cavabdeh oğlu apelyasiya şikayəti verərək Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1250/2021 saylı 07 may 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və alimentin miqdarının 100 (yüz) manat məbləğində müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İ Ş İ N H A L LA R İ: İddiaçı məhkəmədə iddia qaldıraraq cavabdehdən 15.10.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 200 manat sabit məbləğdə alimentin alınaraq ona verilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATİ: Məhkəmə kollegiyasının iclasında Cavabdeh oğlunun nümayəndə və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək bildirirdi ki, iddiaçı Sadıqova (Müslümova) Güləsmər Şakir qızı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə rəsmi nikah qeyd etdirməklə ailə qurmuş, birgə nikahdan 15.10.2018-ci il təvəllüdlü Milana doğulmuşdur, bir ildən çoxdur ki, ayrı yaşayırlar. Cavabdehə dəfələrlə şifahi olaraq bildirmişdir ki, uşağı saxlamaq üçün köməklik etsin, lakin o, könüllü olaraq kömək etmək istəmir. Qətnamədən də görünür ki, Cavabdeh oğlu məhkəmə iclasına iştirak etməmiş, işə iştirakı olmadan baxılmışdır. Cavabdeh Sadıqov X2 Federasiyasının vətəndaşı olmaqla Rusiyada yaşayır. Məhkəmə göstərilən qaydada qərar qəbul edərkən sırf formal mülahizələr əsasında qərar qəbul etmiş və yalnız “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa istinad edərək göstərir ki, 2021-ci il üçün uşaqlar üçün yaşayış minimumu 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, evləndikdən sonra tərəflər Rusiya Federasiyasının Kaluqa vilayətində yaşamışlar. 18 fevral 2021-ci il tarixdə rəsmi qaydada boşanmışlar və iddiaçı birgə nikahdan doğulmuş 15.10.2018-ci il təvəllüdlü Milana ilə birlikdə Azərbaycana qayıtmışdır. İddiaçı ilə boşandıqdan sonra Cavabdeh 05 sentyabr 2021-ci il tarixdə rəsmi nikah əsasında ailə qurmuş, həmin nikahdan 17 aprel 2021-ci il tarixdə X3 adlı bir uşaqları doğulmuşdur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən alimentin tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarında göstərilir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatı səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr valideynlərin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Məhkəmə alimenti ödəyicinin qazancının (gəlirinin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır. Sabit pul məbləğində aliment tutularkən məhkəmlər Ailə Məcəlləsinin 78.1-ci maddəsində göstərilən halları nəzərə almaqla yanaşı aliment ödəməli şəxsin digər gəlirlərinin olub-olmamasını müəyyən etməli, zəruri olduqda bununla əlaqədar əlavə sübutlar təqdim etməyi iddiaçı tərəfə təklif etməlidir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1250/2021 saylı 07 may 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və alimentin miqdarının 100 (yüz) manat məbləğində müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iddiaçı Sadıqova (Müslümova) Güləsmər Şakir qızının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, 100 manat bir uşağın saxlanılması üçün çox az məbləğdir. Hətta alimentin hazırki miqdarı da uşağın normal qaydada təmin olunmasına kifayət etmir. Uşağın ehtiyaclarını babası kimi o qarşılayır. Cavabdehin kifayət qədər maddi imkanı var, ödədiyi aliment onun üçün elə də böyük məbləğ deyil və həmin məbləği iddiaçıya yox, öz övladına ödəyir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Xaçmaz Rayon Məhkəməsinin 2(067)- 1250/2021 saylı 07 may 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1250/2021 saylı 07 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Müəyyən edilmişdir ki, tərəflər 2017-ci ilin iyun ayındı faktiki olaraq evlənmiş, 22.08.2017-ci il tarixdə nikahlarını rəsmi qaydada qeyd etdirmiş, birgə nikahdan 15.10.2018-ci il təvəllüdlü Milana doğulmuş, 17 yanvar 2020-ci il tarimxdə tərəflərin nikahı məhkəmə qaydasında pozulmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəlirif yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə müvafiq olaraq sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Yəni alimentin tutulması iddia ərizəsi məhkəməyə daxil olduğu gündən - 08 aprel 2021-ci il tarixdən tutulmalıdır. «Yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun tələbinə əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Qeyd edilənlərə əsasən məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddia qismən təmin edilməli, bir uşağın saxlanılması üçün cavabdehdən 175 manat sabit pul məbləğində aliment tutularaq uşağınyetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçıya ödənilməlidir. «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-ci il qərarına əsasən,nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Göstərilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir: aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini, yəni maddi imkanının yetərli olmaması, yenidən ailə qurması və bir uşağının doğulması barədə dəlillərini məhkəmə qətnaməsinin ləğvi və eləcə də alimentin azaldılması üçün əsas hesab etmir. Belə ki, məhkəmə kollegiyası hesab edir ki, alimentin məbləğinin cavabdehin təklif etdiyi 100 manat məbləğində müəyyən edilməsi onun maraq, tələbat və rifahına ziddir. Odur ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə gəldiyi nəticədə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı olduğundan apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi, dəyişdirilməsi üçün əsas sayıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutlmuş əsaslar mövcud deyil. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə isə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1250/2021 saylı 07 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1, 393, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1250/2021 saylı, 07 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh Cavabdeh oğlunun apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər, qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-2868/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2868/2021
26.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver