Məhkəmə qərarları › İş №2(105)-2889/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2889/2021

07.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2889/2021 07.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Ağayev Rəşadət Əhməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Pərvin Fəxrəddin oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt “Asan Xidmət” Mərkəzi qeydiyyat şöbəsinə qarşı nikahın ləğvi barədə aktın ləğv olunması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2(060)- 6129/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt “Asan Xidmət” Mərkəzi qeydiyyat şöbəsinə qarşı nikahın ləğvi barədə aktın ləğv olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6129/2021 saylı, 01 iyul 2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt “Asan Xidmət” Mərkəzi qeydiyyat şöbəsinə qarşı nikahın ləğvi barədə aktın ləğv olunması tələbinə dair iddia ərizəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əssasən qəbul edilməsindən imtina edilmişdir. İddiaçı məhkəmənin qeyd edilən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 6129/2021 saylı, 01 iyul 2021-ci il tarixli qərardadından şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6129/2021 saylı, 29 iyul 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı şikayətini onunla əsaslandırdı ki, cavabdeh Sumqayıt “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsinə qarşı X1 ilə İddiaçı arasında olan nikah Sumqayıt “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində 05 noyabr 2015-ci il tarixdə 2406 nömrə ilə qeydə alınmış nikahın pozulması barədə 22.04.2021-ci il tarixli 75 saylı aktın ləğv edilməsinə" dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Məhkəmə AR MPM-nin 153.2.1-ci maddəsinə istinad edərək iddia ərizəsinin yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina etmişdir. Tam aydın formada əsaslandırılmasa da, qərardadın mahiyyətindən belə başa düşülür ki, məhkəmə hazırkı iddia tələbinə inzibati məhkəmələr tərəfindən baxılmalı olduğuna istinad etmişdir. Lakin bildirir ki, artıq Sumqayıt Şəhər Məhkəməsinə müraciət edilməzdən əvvəl Sumqayıt İnzibati Məhkəməsinə müraciət edilmiş və Sumqayıt İnzibati Məhkəməsinin 16.06.2021-ci il tarixli 2-1(118)-1116/2021 saylı qərardadı ilə iddia tələbinin ümumi məhkəmələrdə baxılması qərara alınmışdır. Eyni məsələ ilə bağlı məhkəmələrin süründürməçiliyi və fərqli mövqeyləri qəbul edilməzdir. İddia tələbinin aidiyyatı ilə bağlı Sumqayət İnzibati Məhkəməsinin qərardadı olduğundan hesab edir ki, işin ümumi məhkəmədə baxılması məcburidir. Qeyd olunanlara əsasən şikayətinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə cavabdeh təşkilatın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən qeyd edilən nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, şikayəti araşdırıb, hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Birinci instansiya məhkəməsinin qərardadından görünür ki, məhkəmə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina etmiş, gəldiyi nəticəni də Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə istinad etmiş, eyni zamanda qərardadda göstərmişdir ki, nikahın ləğvi barədə aktın ləğv edilməsi tələbi ilə bağlı səlahiyyətli inzibati orqana müraciəti etməlidir. İddiaçı səlahiyyətli orqan müraciətinə münasibəti bildikdən sonra narazı qaldığı təqdirdə həmin orqanın hərəkəti və ya qərarı ilə bağlı inzibati, eləcə də məhkəmə qaydasında müraciət etmək hüququna malikdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, hazırki iddia tələbi ümumi məhkəmələrdə baxılmalıdır. Belə ki, şikayətə əlavə edilmiş Sumqayıt İnzibati Məhkəməsinin 16.06.2021-ci il tarixli, 2-1(118)1116/2021 saylı qərardadından görünür ki, iddiaçı eyni iddia tələbi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmiş, məhkəmə iddianı mümkün saymamış, hesab etmişdir ki, hazırki iddia tələbi ailə münasibətlərindən yaranan mübahisələr, o cümlədən qəyyumluqla bağlı mübahisələr mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iddia ərizəsinin inzibati icraat qaydasında baxılmalı olmaması barədə qanuni qüvvəsini almış məhkəmə qərarı olduğundan, eləcə də tələbin ailə münasibətlərindən yaranmasından, həmçinin iddiaçının öz qanunla qorunan maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna mali olması səbəbindən birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iddia ərizəsi mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 125.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən «hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərərsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir». Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də, maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 6-cı maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi yalnız məhkəməyə aiddir və məhkəmələr tərəfindən qanunla müəyyən olunmuş qaydada həyata keçirilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikası MPM-nin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Mülki məhkəmə icraatının vəzifələrini təsbit edən Azərbaycan Respublikası MPMnin 2-ci maddəsində müəyyən olunmuşdur ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Qanunvericilik fiziki və hüquqi şəxslərin hər hansı bir mənafe və maraqlarının müdafiəsini deyil, yalnız qanundan və digər normativ-hüquqi aktlardan irəli gələn, yəni qanunla qorunan mənafe və maraqlarını müdafiəsini nəzərdə tutub. Qeyd edilməlidir ki, məhkəmə mübahisəni həll edərkən iddiaçının subyektiv hüquqa malik olmasını müəyyən etdikdə həmin hüququn müdafiəsini təmin edir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək və mübahisənin tez bir zamanda həll edilməsi üçün birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iddia ərizəsi mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişdirib işi birinci instansiya məhkəməsinə göndərə bilər. Ona görə də, şikayət təmin edilərək Sumqayıt Şəhər Məhkəməsinin 01 iyul 2021ci il tarixli, 2(060)-6129/2021 saylı qərardadı ləğv edilməli, mülki iş baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Azərbaycan Repsublikası MPM-nin 402-ci maddəsinin tələbinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 273, 274, 365, 398-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Şikayət təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2(060)-6129/2021 saylı qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt “Asan Xidmət” Mərkəzi qeydiyyat şöbəsinə qarşı nikahın ləğvi barədə aktın ləğv olunması tələbinə dair iddia ərizəsi mahiyyəti üzrə baxılması üçün mülki iş həmin məhkəməyə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar