Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2897/2021 11.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X5 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi, Cavabdeh: Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun geriyə tələb edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 31 mart 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 31 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakim R.N.Qoşqarlı) iddianın qismən təmin edilməsi, Cavabdeh 436 (dörd yüz otuz altı) manat 02 (iki) qəpik sığorta ödənişi məbləğinin və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat, cəmi 466 (dörd yüz altmış altı) manat 02 (iki) qəpik məbləğində pulun alınıb "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 436,02 (dörd yüz otuz altı manat, sıfır iki qəpik) manat sığorta ödənişi məbləğinin, 1600,00 (bir min altı yüz) manat işlərin görülməsi xərcinin və 30,00 (otuz) manat dövlət rüsumunun, cəmi 2 066,02 (iki min altmış altı manat, sıfır iki qəpik) manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçı "AtaSığorta” ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə X7 arasında 28.07.2017-ci il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “Mercedes Benz C200” markalı, ** DX *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh 11.04.2018-ci il tarixdə “Mercedes Benz C200” markalı, ** DX *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı şəhəri, S.Vurğun küçəsində yolnəqliyyat hadisəsi törətmiş və “Honda CR-V” markalı, ** MJ *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC 436,02 (dörd yüz otuz altı manat, 02 qəpik) manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı DYPİ-nin "xxxx" ASC-yə təqdim etdiyi 14.04.2018-ci il tarixli, 046-14775 saylı arayışa əsasən Cavabdeh yolnəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Hadisə ilə bağlı tərtib olunmuş İnzibati xəta haqqında Protokolda Cavabdeh hadisə vaxtı “Mercedes Benz C200” markalı, ** DX *** dövlət qeydiyyat nişanlı avtomobili nikah haqqında şəhadətnamə əsasında idarə etdiyi qeyd olunmuşdur. Cəmiyətə təqdim olunmuş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mercedes Benz C200” markalı, ** DX *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X3r. Cavabdeh isə “Mercedes Benz C200” markalı, ** DX *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün etibarnamə verməmişdir. Odur ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi vaxt cavabdeh “Mercedes Benz C200” markalı, ** DX *** dövlət qeydiyyat nişanlı avtomobili müvafiq etibarnamə olmadan idarə etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iddianı qismən təmin etməklə düzgün qərar qəbul etməmişdir. İş materialları ilə müəyyən olunur ki, «Mersedes Benz C200» markalı **-DX-*** dövlət qeydiyyat nişanlı avtomobil isə 2017-ci ildə həyat yoldaşı X2 adına rəsmiləşdirilmişdir. Nikah müddətində ər-arvadın əldə etdikəri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Sözügedən avtomobil həyat yoldaşının adına rəsmiləşdirilsə də, birgə evlilik dövründə alındığından avtomobil həm də ona məxsusdur. Avtomobili idarə etmək üçün heç kimdən icazə və ya etibarnamə almaq məcburiyyətində deyildir. İşə baxan birinci instansiya məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Sumqayıt Şəhər Məhkəməsinin 31 mart 2021-ci il tarixli 2(060)-1287/2021 saylı qətnaməsini qanunsuz və əsassız olduğundan ləğv edib, iş üzrə iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, şikayətə oxşar izahat verdi və apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə iddiaçının nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini qismən təmin edərkən, cavabdeh tərəfindən inzibati xəta törədilməsinin sübuta yetirilməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinji instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarında olan “İcbari Sığorta müqaviləsinə dair məlumat”ın surətindən müəyyən olunur ki, “Mercedes Benz C200” markalı, **-DX-*** dövlət qeydiyyat nişanlı avtomobil 28.07.2017-ci ildən 27.07.2018-ci il tarixədək “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə PAA********** saylı sığorta şəhadətnaməsi ilə X6 adına "xxxx" ASC-də sığortalanmışdır. İşdə olan 13.06.2019-cu il tarixli “Ödəniş tapşırığı”nın surətindən görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" ASC-yə 436 (dörd yüz otuz altı) manat 02 (iki) qəpik məbləğində sığorta ödənişi etmişdir. İşə əlavə olan, 12.06.2019-cu il tarixli 19-05439/06/AA-3827/19 saylı “sığorta akt”ından müəyyən edilir ki, 11 aprel 2018-ci il tarixində «Mercedes Benz C200» makralı, ** DX *** dövlət qeydiyyat nişanlı avtomobil sığortalanmış “Honda CR-V” markalı ** MJ *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Maddi ziyanın ümumi məbləği 436 (dörd yüz otuz altı) manat 02 (iki) qəpikdir. İş materiallarında olan "xxxx" MMC-nin “Qüsur aktın”ın surətindən görünür ki, 11.04.2018-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində, “Honda CR-V” markalı ** MJ *** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün tədqiq edilən zədələnmiş avtomobilin dəyişilməli ehtiyyat hissələrinin və təmir-bərpa işlərinin adları aşağıdakı kimi olmuşdur: Ön bufer s.y+alt qara hissəsinin dəyişilməsi-24 manat, ön buferin aşağı hissəsi- 229,35 manat, ön ablicovkanın s.y-8,16 manat, ön buferin rensi-96 manat, oblicovkanın təmiri-369,51 manat, yekun məbləğ 436,02 manat. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin TYP 086591 №li 11.04.2018-ci il tarixli inzibati xəta haqqında qərarın surətindən görünür ki, Cavabdeh 04.11.2018-ci il tarixdə saat 11:00da idarə etdiyi “Mercedes Benz C200” markalı, **-DX-*** dövlət nömrə nişanlı avtomaşınla S.Vurğun küçəsində manevr edərkən “Honda CR-V” markalı, ** MJ *** dövlət nömrə nişanlı avtomaşına toqquşaraq sahibinə maddi ziyan vurmuşdur. İş materiallarında olan AD seriyalı 071420 №li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mercedes Benz C200” markalı **-DX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi L.İ.Məmmədovadır. İşdə olan AZ-İ № 835863 saylı 19.03.2013-cü il tarixli “Nikah haqqında şəhadətnamə”nin surətindən müəyyən edilir ki, Cavabdeh ilə L.İ.Mürsəlova arasında olan nikah Sumqayıt şəhər qeydiyyat şöbəsində 19 mart 2013-cü il tarixdə bağlanmış və 423 nömrə qeyd olunmaqla, sonuncuya “Məmmədova” soyadı verilmişdir. Məhkəmə kollegiyası Cavabdeh iş üzrə qəzatörədən avtomobilin onun həyat yoldaşına məxsus olmasını və bununla da etibarnamənin lazım olmaması barədə gətirdiyi dəlili qəbul etmir. Belə ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında yaranır; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən Bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 936.2-ci madəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Hazırda iddiaçı cavabdehin törətdiyi mülki hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş ziyanın əvəzi kimi ödənilmiş 436,02 manat məbləğində sığorta ödənişinin əvəzinin ona ödənilməsini subroqasiya qaydasında cavabdehdən tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmədə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iddiaçı tərəf cavabdehdən görülən işlərin xərci kimi 1600 manat məbləğində pul tələb etsə də, həmin xərcin yaranmasına səbəb olan hər hansı bir sənəd məhkəməyə təqdim etmədiyi üçün məhkəmə iddia tələbini həmin hissədə təmin etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahmisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə 31 mart 2021-ci il tarixli 2(060)-1287/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-2897/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2897/2021
11.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver