Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2928/2020 13.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qasımova Vüsalə Yadigar qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin azaldılması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-4498/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-4498/2020 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin azaldılması barədə iddiası təmin edilməmişdir (hakim Ə.Ələkbərov). Qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, maddi vəziyyətinin çətin olması nəzərə alınaraq, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2015-ci il tarixli, 2(060)- 7055/2015 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin azaldılaraq hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat sabit məbləğdə alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını bununla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2015-ci il tarixli, 2(060)-7055/2015 saylı qətnaməsi ilə alimentin miqdarı dəyişdirilmiş, xx.xx.2005-ci il təvəllüdlü Aytacın və xx.xx.2006-cı il təvəllüdlü Nərminin yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün ondan Cavabdeh xeyrinə hər il üçün qəbul ediləcək yaşayış minimumu haqqında AR Qanununa uyğun olaraq uşaqlar üçün nəzərdə tutulan məbləğdə alimentin alınması qət edilmişdir. Ondan göstərilən qaydada deyil, hər ay sabit məbləğdə aliment tutulmalıdır. “Yaşayış minimumu haqqında” AR Qanununa görə uşaqlar üçün yaşayış minimumu 2015-ci il üçün 108 manat, 2016-cı il üçün 117 manat, 2017-ci il üçün 136,6 manat, 2018-ci il üçün 154 manat, 2019-cu il üçün 160 manat, 2020-ci il üçün isə 170 manat müəyyən olunmuşdur və hər il artmaqdadır. Onun isə bu illər ərzində maddi vəziyyətində hər hansı bir dəyişiklik olmamışdır. O, “xxxxxxxxxxxxxxx” MMC-də mühafizəçi vəzifəsində işləyir və ayda 374,50 manat əmək haqqı alır. Cavabdeh də “Azərkimya” İB-nin zavodunda işləyir və məvacib alır. Uşaqlar isə internat məktəbində təhsil alırlar və orada onların maddi ehtiyacları ödənilir. Onun aylıq gəliri 374,50 manat sabit məbləğdə olduğu halda, ondan tutulacaq alimentin “Yaşayış minimumu haqqında” AR Qanununa görə hər il dəyişməsi qanunsuzdur. Buna görə də iddia təmin olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İş üzrə İddiaçı qətnamədən verdiyi apelyasiya şikayətini bununla əsaslandırmışdır ki, mübahisə birinci instansiya məhkəməsi tərəfindən düzgün araşdırılmayaraq, çıxarılmış qətnamə maddi və prosessual qanunvericiliyin müddəalarının norma və prinsiplərinin ziddinə əsaslandırılmaqla qəbul edilmişdir. Onun ikinci nikaha girməsi və anasının da onun himayəsində olması məhkəmə tərəfindən nəzərə alınmamışdır. Aldığı 374,50 manat əmək haqqından 296 manat aliment tutulur, hər ay üçün isə 44 manat aliment borcu yığılır. Borcun çoxalması isə son nəticədə onun məsuliyyətə cəlb edilməsi ilə nəticələnəcəkdir. Qanunun mənasına görə uşaqların saxlanması hər iki valideynin borcudur. Uşaqlar üçün lazımi xərclərin yalnız bir valideyndən tutulması yolverilməzdir. Məhkəmə tərəfindən aliment təyin edilərkən yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti nəzərə alınmalıdır. Bu hallar məhkəmə tərəfindən nəzərə alınmadığından qətnamə ləğv edilməli, onun iddiası isə təmin olunmalıdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə kollegiyasının iclasında qətnamənin qanuni olduğunu bildirdi və apelyasiya şikayətinin rədd olunmasını xahiş etdi. O, əlavə etdi ki, hər iki uşaq xəstədir və dərmanlarına külli miqdarda vəsait tələb olunur. Bu halı nəzərə alan məhkəmə taamilə qanuni qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2015-ci il tarixli, 2(060)-7055/2015 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, həmin məhkəmənin xx xxxxxx 2013-cü il tarixli qətnaməsilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilmiş, xx.xx.2005-ci il təvəllüdlü Aytacın və xx.xx.2006-cı il təvəllüdlü Nərminin yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər il üçün qəbul ediləcək “Yaşayış minimumu haqqında” AR Qanununa uyğun olaraq uşaqlar üçün nəzərdə tutulan məbləğdə alimentin İddiaçı tutularaq, Cavabdeh verilməsi qət edilmişdir. Yenə işdə olan xx xxxx 2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdən “xxxxxxxxxxxxxxx” MMC-də mühafizəçi işləyir və aylıq əmək haqqı 374,50 manat təşkil edir. Yenə də işdə olan Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin azaldılması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(060)-1192/2019 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, həmin qətnamə dəyişdirilmədən saxlanmışdır. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-ha-ki-min məruzəsini dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən, apelyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-4498/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, daha əvvəlki məhkəmə qətnaməsi ilə tərəflərin azyaşlı övladları Aytac və Nərminin saxlanılmaları üçün İddiaçı Cavabdeh xeyrinə hər il üçün qəbul ediləcək “Yaşayış minimumu haqqında” AR Qanununa uyğun olaraq uşaqlar üçün nəzərdə tutulan məbləğdə alimentin alınması qət edilmişdir. Hazırda maddi vəziyyətində dəyişikliyin olmaması, lakin tutulacaq alimentin miqdarının hər il yaşayış minimumu haqqında Qanuna əsasən dəyişməsinin qanunsuz olduğunun əsas gətirərək İddiaçı alimentin miqdarının azaldılmasını tələb edir. İş materiallarından görünür ki, tərəflər arasında alimentin müəyyən edilməsi barədə məhkəmə qətnaməsi xx xxxx 2015-ci il tarixdə qəbul edilmişdir. Bundan sonra, İddiaçı alimentin azaldılması barədə daha əvvəllər məhkəməyə müraciət etmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(060)-1192/2019 saylı qətnaməsilə onun iddiası təmin olunmamışdır. Qətnamədən iddiaçı apelyasiya şikayəti vermiş və Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsilə apelyasiya şikayəti təmin edilməmiş, həmin qətnamə dəyişdirilmədən saxlanmışdır. Hazırkı iddia ərizəsindən isə görünür ki, qeyd edilən qətnamənin qanuni qüvvəsini almasından təqribən 1 il sonra, İddiaçı iddia ərizəsi ilə yenidən məhkəməyə müraciət edərək, maddi vəziyyətinin çətin olması, ailə vəziyyəti və aldığı əmək haqqı nəzərə alınaraq, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2015-ci il tarixli, 2(060)-7055/2015 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin azaldılaraq cəmi 300 manat sabit məbləğdə müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinini İİ-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İİİ hissəsinə görə analıq, atalıq, uşaqlıq qanunla qorunur. Həmin maddənin İV hissəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 3.0.4-cü maddəsinə əsasən ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsi və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsi ailə qanunvericiliyinin ümdə vəzifələri kimi qeyd edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, uşaqlar barəsində dövlət siyəsəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İstinad olunan normaların əsas dispozitiv şərtindən göründüyü kimi, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla müəyyən edilir. Eləcə də məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, alimentin müəyyən olunmuş miqdarının dəyişməsi üçün zəruri şərt tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmasıdır. İş materiallarından görünür ki, alimentin azaldılması barədə daha əvvəllər iddia qaldırmış İddiaçı tələbi üzrə məhkəmə qətnamə qəbul edəndən sonra onun maddi vəziyyətində heç bir dəyişiklik olmamışdır. Təkrar nikaha girməsi və anasının onun himayəsində olması barədə isə İddiaçı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Bundan başqa, qeyd edildiyi kimi, İddiaçı daha əvvəllər də bu cür iddia qaldırmış və bu iddia rədd edilmişdir. Bir ildən sonra maddi və ailə vəziyyətində heç bir dəyişiklik olmadan alimentin azaldılması barədə İddiaçı yenidən iddia qaldırması isə onun ailə qanunvericiliyində təsbit edilmiş valideynlik hüquqlarından sui-istifadə etməsi kimi qiymətləndirilməlidir. Bundan başqa, alimentin miqdarı müəyyən edilərkən, məhkəmə qarşısında duran ən vacib məsələ uşağın hüquq və mənafeyi, onun maksimal təminat səviyyəsinin təmin edilməsidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2016-cı il tarixli qərarında göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarilxi qərarında göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.Həmin Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. “Uşaq hüquqları haqqında” Konvensiyasının 27-ci maddəsinə əsasən, hər bir uşaq fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazim olan həyat şəraitini öz bacarıqları və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Göründüyü kimi istinad olunan qanunvericilik aktlarının əsas istiqaməti ona yönəlmişdir ki, heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin hər ikisinin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Hazırki halda məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apelyasiya şikayətinin əsaslarına dair dəlillərini sübut edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı iddianı rədd edərkən düzgün hüquqi nəticəyə gəlmişdir və tərəflərin hər birinə münasibətdə balanslaşdırılmış qətnamə çıxarmışdır. Valideynlərin öz uşaqları barədə aliment öhdəlikləri davam edən münasibətlər sırasına daxil olduğundan və buna görə də gələcəkdə, əmlak vəziyyətinə uyğun, cavabdehə qarşı alimentin miqdarına dair yeni iddia verilməsi imkanlarının mümkünlüyünü nəzərə alaraq məhkəmə kollegiyası hazırki halda birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikasının MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında dəyişdirilmədən saxlanması, apelyasiya şikayətinin isə təmin edilməməsi üçün əsasdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, AR MPM-nin 119-cu maddəsinin tələblərinə görə apelyasiya şikayəti təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu apelyatın özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)- 4498/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün İddiaçı ödədiyidövlət rüsumu onun özünə aid edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-2928/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2928/2020
13.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver